5 Dekabr 2025

Cümə, 12:04

İQTİSADİYYATIN QƏLBİNDƏ

Sahibkarlar xarici investisiyaları daha fəal cəlb etməyə və azad edilmiş ərazilərin bərpasını dəstəkləməyə dəvət edilib

Müəllif:

01.05.2025

Bank sektoru iqtisadiyyatın qan-damar sistemi hesab edilirsə, biznes də haqlı olaraq onun qəlbi, iqtisadiyyatı lazımi resurslarla təmin edən hərəkətverici qüvvəsi adlandırmaq olar. Azərbaycanda neft hasilatının təbii azalması və yanacaq qiymətlərinin dəyişkənliyi səbəbindən qeyri-neft sektorunun gücləndirilməsi zərurəti ildən-ilə daha da aktuallaşdığı bir vaxtda, əsas diqqət məhz sahibkarlığa yönəldilir.

Bu sahədə növbəti yeniliklərlə bağlı məlumatlar ölkədə hər il aprelin 25-də qeyd olunan, Sahibkarlar Gününə həsr edilmiş “Konstitusiya və suverenlik - Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda keçirilən konfransda açıqlanıb.

 

Şəffaflıq və vergi daxilolmalarında artım

Azərbaycanın iqtisadi inkişafı növbəti mühüm mərhələyə qədəm qoyur. 44 günlük Vətən müharibəsində qələbə, ölkənin suverenliyinin bərpası, regional gündəmin formalaşması, regionda kommunikasiyaların açılması və inkişafı istiqamətində səylər Azərbaycan iqtisadiyyatı və iş adamları qarşısında yeni üfüqlər açır.

Ölkədə 1,4 milyondan çox fərdi sahibkar var. Bununla yanaşı, hüquqi şəxs statusu olan 212 mindən çox sahibkarlıq subyekti fəaliyyət göstərir və bu da əvvəlki illə müqayisədə 7,1% çoxdur. Azərbaycanda özəl sektorun əməkhaqqı fondunda payı 2024-cü ildə 51%-ə, əhalinin məşğulluğunda 79,1%-ə, yaradılan yeni iş yerlərində isə 91,6%-ə çatıb. Bu da onun iqtisadiyyatda mühüm rolunu vurğulayır.

Bu rəqəmləri səsləndirən Milli Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Konfederasiyasının prezidenti Məmməd Musayev qeyd edib ki, ölkədə biznes, xüsusilə də Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında sürətlə inkişaf edir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov da onunla həmfikirdir. “Sahibkarlar ölkənin inkişafına, azad edilmiş ərazilərin bərpasına və sosial məsələlərin həllinə töhfə verirlər. Eyni zamanda biznes və dövlətin qarşılıqlı gözləntiləri var”, - o bildirib.

2024-cü ildə özəl sektorun Azərbaycanın ÜDM-də payı 81,4% təşkil edib: qeyri-neft-qaz sahəsi - 76,1%, sənaye istehsalında - 81,4%, xidmətlər - 71,9%, kənd təsərrüfatı - 99,8%.

“Bu rəqəmlər göstərir ki, sahibkarlıq dövlətin iqtisadi şaxələndirmə, dayanıqlı iqtisadiyyat hədəflərini dəstəkləyir. İş adamları suverenliyimizin və müstəqilliyimizin iqtisadi əsaslarının möhkəmlənməsinə bundan sonra da öz töhfəsini verəcək”, - deyə komitə sədri vurğulayıb.

Bu arada, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev qeyd edib ki, Azərbaycanda son illər aparılan islahatlar nəticəsində ölkə iqtisadiyyatı xeyli dərəcədə “ağardılıb”, şəffaflıq səviyyəsi yüksəlib, əmək müqavilələrinin sayı və büdcəyə vergi daxilolmaları artıb. Təkcə bu ilin yanvar-mart aylarında qeyri-neft-qaz sektorundan 3,2 milyard manatdan çox vergi daxilolmaları olub - bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 11% artım deməkdir.

Daha bir mühüm nailiyyət sənaye zonalarının inkişafı hesab olunur, artıq 96 sahibkara ümumi investisiya portfeli 1 milyard manatdan çox olan rezident statusu verilib. Gözlənilir ki, qeydiyyata alınmış rezidentlər ümumilikdə 10 800-dən çox iş yeri yaradacaqlar.

“Ölkənin sənaye parkları arasında rezidentlərin sayına görə ikinci yeri Ağdam Sənaye Parkı tutur və onun məhsulları həm daxili bazara, həm də ixraca yönəldilir”, - nazir müavini sahibkarları azad edilmiş ərazilərdə yaradılmış imkanlardan daha fəal istifadə etməyə çağırıb. Xüsusilə də sənaye zonası olan “Araz Vadisi İqtisadi Zonası”nda.

Yeri gəlmişkən, yaxın gələcək üçün planlar arasında azad edilmiş ərazilərdən malların ixracı zamanı özəl sektor nümayəndələrinin çəkdiyi xərclərin 100% ödənilməsi də var. Bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin icraçı direktoru Yusif Abdullayev məlumat verib. Onun sözlərinə görə, ölkədə logistikanın subsidiyalaşdırılması üçün yeni mexanizm yaradılır. Bu çərçivədə nəqliyyat xərclərinin 75%-ə, azad edilmiş ərazilərdən ixrac olunan mallar üçün isə 100%-ə qədərinin ödənilməsi nəzərdə tutulur.

 

Problemlər və məqsədlər

Əldə edilmiş müsbət nəticələr biznesin bütün problemlərinin həll olunduğu anlamına gəlmir. Məsələn, bu gün iqtisadi mübahisələrin həlli məsələsi kifayət qədər kəskin dayanır. Bununla əlaqədar Azərbaycan hökuməti sahibkarlıq sahəsində mübahisələrin həlli üçün yeni ixtisaslaşmış məhkəmələrin yaradılması imkanını nəzərdən keçirir.

“Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) nəzdindəki Arbitraj Mərkəzinin mübahisələri həll etməsi ilə bağlı sənədlər hazırdır və Ədliyyə Nazirliyinə təqdim ediləcək. Bu gün sahibkarları narahat edən digər məsələ isə dövlət qurumları ilə olan çəkişmələr, fikir ayrılığı və bunun nəticəsində hansısa icraatın baş verməsidir. Xüsusilə koronavirus (COVID-19) pandemiyasından sonra inzibati orqanlarla sahibkarlar arasında mübahisələr çoxalıb və bu da inzibati məhkəmələrin iş yükünün artmasına səbəb olub”, - Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov qeyd edib.  

Onun sözlərinə görə, inzibati məhkəmələrdə olan işlərin təxminən 40%-ni vergi, sosial ödənişlər, gömrük mübahisələri təşkil edir: “Bu yükün azaldılması üçün ola bilər ki, yeni, ixtisaslaşmış vergi, sosial ödənişlər, gömrük mübahisələri ilə bağlı məhkəmələr yaradılsın. Bununla bağlı sahibkarların fikri çox vacibdir”.

Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov əlavə edib ki, gömrük sahəsində mübahisələrin məhkəmə baxışı prioritet olaraq qalmalı, çıxarılan qərarlar isə hüquqi cəhətdən əsaslandırılmış və icra edilə bilən olmalıdır.

M.Musayev isə vurğulayıb ki, sahibkarların problemlərinin operativ həlli üçün yaradılmış əsas mexanizmlərdən biri Əməkdaşlıq Şuralarıdır: “Hazırda Azərbaycan Sahibkarlar Konfederasiyası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Azərbaycan Mərkəzi Bankı və Dövlət Gömrük Komitəsi ilə birgə Əməkdaşlıq Şuraları çərçivəsində fəaliyyət göstərir. Bu mexanizm dövlət-özəl dialoqu üçün ən səmərəli platformalardan biri hesab olunur”.

G.Kərimov sahibkarları qeyri-yaşayış ərazilərində tikinti amnistiyasından daha fəal istifadə etməyə çağırıb: “Prezident İlham Əliyevin "Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanı ilə sahibkarların bu tip tikinti obyektləri üçün sadələşdirilmiş icazə proseduru nəzərdə tutulub. Fərman faktiki olaraq qeyri-yaşayış sahələrində tikinti amnistiyası elan edir. İş adamlarını bu fürsətdən daha aktiv istifadə etməyə çağırırıq”.

Onun fikrincə, biznes ölkə iqtisadiyyatına xarici investisiyaların cəlb edilməsində də daha aktiv olmalıdır: “Son illər ölkəmizdə qəbul olunmuş qanunlar xarici investorların cəlb edilməsi üçün mühüm sənədlərdir. Eyni zamanda bu sahədə sahibkarların da aktivliyinə ehtiyac var”.

Beləliklə, hökumət özəl sektorda mövcud problemlərin aradan qaldırılmasında qətiyyətini bir daha təsdiqləyib. Lakin eyni zamanda onun qarşılıqlı gözləntiləri var - biznes şəffaf işləməli, inkişaf etməli və iqtisadiyyatın qeyri-neft sektorunun güclənməsinə töhfə verməlidir.


MƏSLƏHƏT GÖR:

101