ORBİTAL BİZNES
Türk Dövlətləri Təşkilatının üzvləri kosmik texnologiyalar sahəsində birgə layihələrin həyata keçirilməsinə hazırdırlar
Müəllif: Ağasəf NƏCƏFOV
Artıq 15 ildir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyi (“Azərkosmos”) xidmətlərin ixracına diqqət yetirməklə Azərbaycanın milli kosmik sənayesini uğurla inkişaf etdirir. Son illərdə Türk Dövlətləri Təşkilatının (TDT) üzvləri ilə tərəfdaşlıqda bu sahədə əməkdaşlıq ardıcıl şəkildə genişlənir, yeni texnologiyalar tətbiq olunur, regional kosmik hab yaradılır. TDT ölkələrinin bu sahədə əməkdaşlığının yeni istiqamətləri Bakıda keçirilən Kosmik Texnologiyalar Konfransında “(Space Technology Conference, STC 2025”) müzakirə edilib, konfrans çərçivəsində TDT kosmik agentliklərinin dördüncü görüşü keçirilib.
Birgə layihələrə dəstək
Son 5 ildə kosmosa əvvəlki altmış il ərzində olduğundan daha çox obyekt buraxılıb. Bu vəziyyət dünya kosmik sənayesinin sürətli inkişafına səbəb olub, bu sənayenin dövriyyəsi bu gün təxminən 600 milyard dollar həcmində qiymətləndirilir və bu göstərici növbəti 10 il ərzində 2 trilyon dollara qədər arta bilər.
2013-cü ilin fevralında qlobal kosmik kluba qoşulan Azərbaycan orbital sənayenin maliyyə və texniki əlçatanlığının üstünlüklərindən fəal şəkildə istifadə edir. İki telekommunikasiya və bir aşağı orbitli optik peyki kosmosa göndərən Azərbaycan region ölkələri ilə sıx əməkdaşlıq şəraitində kosmik sənayenin inkişafı üçün səylərini davam etdirir.
“Hazırda Azərbaycan Kosmik Agentliyi “Azerspace-1” və “Azerspace-2” telekommunikasiya peykləri vasitəsilə təxminən 50 ölkədə müxtəlif xidmətlər göstərir: buraya yatırılan 700 milyon manat sərmayənin 650 milyonu artıq gəlir şəklində əldə edilib”, - “STC 2025” konfransı çərçivəsində “Azərkosmos” İdarə Heyətinin sədrinin vəzifələrini müvəqqəti icra edən Dunay Bədirxanov bildirib.
“Biz Yerin yüksək dəqiqlikli müşahidəsi, yeni nəsil telekommunikasiya xidmətlərinin göstərilməsi və regional bağlantı sahəsində genişləndirilmiş imkanlara malik olacaq yeni nəsil peyk sistemlərinin buraxılışına hazırlaşırıq”, - o vurğulayıb.
Xatırladaq ki, hazırda “Azərkosmos” “Azersky 2” proqramını həyata keçirir, bu proqramın əsas məqsədi yeni tələblərə uyğun iki yüksək dəqiqlikli optik peykin buraxılışıdır. Bu proqram yerli mütəxəssislərə peyk istehsalçıları ilə birgə işləyərək və o cümlədən yeni sistemlərin zavod yığımı və sınağı prosesində iştirak edərək yeni biliklərə və nou-haulara çıxış əldə etməyə imkan verəcək. Bunun üçün Kosmik Aparatların İnteqrasiyası və Sınağı Mərkəzi yaradılacaq.
“Azərkosmos” rəhbərinin sözlərinə görə, kosmik sənayedə əhəmiyyətli tərəqqiyə təkbaşına nail olmaq son dərəcə çətindir: “Buna görə də biz yeni beynəlxalq missiyaların, o cümlədən Türkiyədəki və digər ölkələrdəki tərəfdaşlarımızla birgə təşəbbüslərin perspektivlərini nəzərdən keçiririk. Bizim uğurumuz ortaq baxışdan və birgə səylərdən asılıdır: “Dialoqun fəaliyyətə çevrildiyi, tərəfdaşlıqların formalaşdığı və kosmik sənayenin gələcəyinin birgə yaradıldığı STC 2025” platformasının əhəmiyyəti də məhz bundan ibarətdir", - deyə o əlavə edib.
Əslində, buna görə də Bakıda “STC 2025” konfransı iştirakçılarının görüşünün əsas məqsədi türk dövlətlərinin kosmik sahədə birgə layihələrinin dəstəklənməsi, birgə fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi, həmçinin regional innovasiya və elmi-texniki tərəfdaşlığa yardım göstərilməsi olub. Əsas diqqət ümumi texnologiyaların yaradılmasına, insan kapitalına investisiyalara və kosmosun sülh məqsədilə mənimsənilməsinə yönəldilib.
Yeni müqavilələr
“Azərkosmos” üçün forumun nəticələri çox məhsuldar olub: Xəzər regionu dövlətlərinin, Türkiyənin, Çinin, Mərkəzi Asiya ölkələrinin və s. müvafiq qurumları ilə əməkdaşlıq haqqında təxminən 12 müqavilə və anlaşma memorandumu imzalanıb.
Xüsusilə, “Azərkosmos” və Türkiyənin peyk telekommunikasiya şirkəti olan “Türksat” peyk telekommunikasiyaları sahəsində, coğrafi informasiya sistemlərinin (CİS) istifadəsi, İKT sahəsində və s. əməkdaşlığı genişləndirmək niyyəti ilə Anlaşma Memorandumu imzalayıb.
Forum çərçivəsində Azərbaycan, Türkiyə və Qazaxıstan “CubeSat” peykinin birgə hazırlanması layihəsi üzrə məsləhətləşmələr keçiriblər. Aparatın ən mühüm vəzifəsi karbon dioksid və metan emissiyalarının monitorinqi, iqlim dəyişikliyi ilə mübarizə üçün vacib məlumatların toplanması olacaq və bu da ətraf mühitin qorunması üzrə regional imkanları gücləndirəcək.
“Ötən il TDT çərçivəsində irəli sürülən “CubeSat” layihəsi regionun ekoloji məqsədlərinin həyata keçirilməsinə töhfə verir və bu təşəbbüs inkişaf edən regional əməkdaşlığın ümidverici nümunəsidir”, - D.Bədirxanov qeyd edib.
“Millətlər Birliyi ilə tərəfdaşlıqda biz, həmçinin kosmik texnologiyalar və coğrafi informasiya sistemləri əsasında məlumatların təhlili istifadə edilməklə iqlim dəyişikliklərinə davamlılığın gücləndirilməsi üzrə proqram hazırlamışıq və bununla Yerin məsafədən zondlanması və ekoloji monitorinq nəzərdə tutulur”, - o vurğulayıb.
Xatırladaq ki, daha əvvəl “Azərkosmos” Türkiyə, Qazaxıstan və Özbəkistanın kosmik agentlikləri ilə Yer səthinin müşahidəsi üzrə əməkdaşlıq memorandumları imzalayıb. TDT ölkələri birgə layihələri həyata keçirmək və kosmik ekoloji monitorinqin və CİS mərkəzlərinin işinin tətbiqi və tənzimlənməsi üzrə təcrübə mübadiləsi etmək niyyətindədir. Praktiki işlərə artıq start verilib. 2024-cü ildə “Özbəkkosmos” və “Azərkosmos” arasında Yerin məsafədən zondlanması məlumatlarından istifadə etməklə torpaqların şoranlaşmasının ilkin qiymətləndirilməsi layihəsinin həyata keçirilməsi haqqında saziş imzalanıb.
Bu arada, Azərbaycan “STC 2025” konfransında ümumi kosmik fəaliyyətin tənzimlənməsi üçün TDT-nin vahid hüquqi normalarını hazırlamaq təklifi ilə çıxış edib. Bu model BMT-nin kosmosla bağlı beynəlxalq müqavilələrinə uyğun olaraq hazırlanacaq. TDT-nin Baş katibi Kubanıçbek Ömüraliyevin sözlərinə görə, bu təklif türk dövlətlərinin kosmik fəaliyyətdə birgə təşəbbüslərinin həyata keçirilməsində hüquqi aydınlıq, şəffaflıq və beynəlxalq standartlara uyğunluğu təmin edəcək.
Forum iştirakçıları Azərbaycanın daha bir təşəbbüsünü - Virtual Kosmik Akademiyanın yaradılmasını alqışladılar. D.Bədirxanovun sözlərinə görə, aparıcı universitetlərin iştirakı ilə yaradılacaq rəqəmsal platforma regionun istedadlı gəncləri üçün təhsil imkanlarını genişləndirəcək və gələcəkdə Azərbaycanın kosmik təhsil və innovasiyalar mərkəzi kimi mövqeyini gücləndirəcək. “Bu proqramlar gəncləri və peşəkarları məzmunlu təhsilə və bacarıqların inkişafına cəlb etməyə kömək edəcək, kosmik elmlər sahəsində ictimai marağın və səriştənin artırılması kimi daha geniş məqsədimizə nail olmağa töhfə verəcək”, - K.Ömüraliyev qeyd edib.
Beləliklə, beynəlxalq əməkdaşlıq və infrastrukturun inkişafı region ölkələrinə qlobal kosmik iqtisadiyyatda fəal iştirak etmək və kosmik sənayedə mövqelərini gücləndirmək üçün yol açacaq.
MƏSLƏHƏT GÖR:

107

