5 Dekabr 2025

Cümə, 10:42

BEŞ MEDAL

Bakıda bədii gimnastika üzrə Avropa kuboku uğurla keçirilib

Müəllif:

15.05.2025

Mayın 1-dən 4-dək Azərbaycanın ikinci dəfə ev sahibliyi etdiyi bədii gimnastika üzrə Avropa kuboku növbəti dəfə möhtəşəm çıxışları və maraqlı rəqabətləri ilə yadda qalacaq. 25 ölkədən gimnastlar medallar uğrunda mübarizə aparıblar. Musiqili çıxışlar, xüsusi hazırlanmış rəqs kompozisiyaları, sürpriz fləşmoblar hər yaş qrupundan olan izləyicinin zövqünü oxşayıb. Avropa kubokunun özünəməxsusluğu qrup hərəkətləri komandaları arasında da çarpaz qarşılaşmaların keçirilməsi olub.

 

“Qızıl” və dörd “bürünc”

Yarışın ilk günündə fərdi yarışlar baş tutub. Böyüklər yaş kateqoriyasında gimnastlar halqa və topla çıxışlar ediblər. Fərdi yarışda Azərbaycanı Gövhər İbrahimova və Kamilla Seyidzadə təmsil edib. Yarışın ikinci günündə böyüklər arasında fərdi proqramda halqa, top, gürzlər və lent üzrə qaliblər məlum olub. Böyüklər arasında gürzlər üzrə Ukrayna təmsilçisi Taisiya Onofriçuk qızıl medala sahib olub. İtaliyalı Tara Draqas gümüş, bolqarıstanlı Malinova Dara bürünc medal qazanıb. Lentlərlə yarışda isə Taisiya Onofriçuk “qızıl”a, Tara Draqas “gümüş”ə, rumıniyalı Amalia Lika “bürünc”ə sahib olub.

Eyni gündə böyüklərdən ibarət qrup hərəkətləri komandası 5 lent və 3 top + 2 halqa şəklində yarışıb. Böyüklər arasında qrup hərəkətlərində 3 top + 2 halqa şəklində çıxış edən Azərbaycan komandası qızıl medala layiq görülüb. Ukrayna komandası gümüş, İtaliya komandası isə bürünc medal qazanıb. Böyüklərdən ibarət qrup hərəkətləri komandaları arasında 5 lent şəklində çıxış edən İtaliya komandası qızıl, Estoniya komandası gümüş, Bolqarıstan komandası isə bürünc medala layiq görülüb.

Yarışın üçüncü günündə gənclərdən ibarət qrup hərəkətləri komandası 5 halqa, 5 cüt gürzlə çıxış edib. Çoxnövçülük üzrə çıxış edən gənclərdən ibarət qrup hərəkətləri komandalarından Bolqarıstan komandası qızıl, Ukrayna komandası gümüş, İsrail komandası isə bürünc medal əldə edib.

Çarpaz qarşılaşmalarda Azərbaycan komandası uğurlu çıxış edərək yarışın bürünc medalına layiq görülüb. Gənclərdən ibarət qrup hərəkətləri Azərbaycan komandası isə ayrı-ayrı alətlər üzrə həm 5 halqa proqramında, həm də 5 cüt gürzlə çıxışda fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Avropa Kubokunun sonuncu günündə gənclər yaş kateqoriyasında gimnastlardan fərdi proqram təsnifatı çərçivəsində lentlə çıxış edən Şəms Ağahüseynova (Azərbaycan) isə bürünc medalçı olub. Ümumilikdə bədii gimnastika üzrə Avropa kubokunu ölkəmiz 1 qızıl, 4 bürünc medalla yarışa yekun vurub.

 

Azarkeşlərə təşəkkür

Avropa Kubokunda qızıl medal qazanan Azərbaycanın qrup hərəkətləri komandasının üzvü Ləman Əlimuradova təəssüratlarını “Region plus” jurnalı ilə bölüşüb: “Milli Gimnastika Arenasında birinci olmaq və Azərbaycan himnini səsləndirmək qürurverici hissdir. Bizdə iki yeni proqram var idi. Komanda yoldaşlarımla fəxr edirəm. Xalqımızı sevindirdiyimiz üçün şadıq. Bizə dəstək olan hər kəsə təşəkkür edirəm. Eyni zamanda uğurda böyük pay sahibi olan məşqçilərə, federasiyaya minnətdarlıq hissimizi bildiririk”.

Qeyd edək ki, Ləman Əlimuradova, Darya Sorokina, Yelizaveta Luzan, Kamilla Əliyeva və Sofiya Məmmədovadan ibarət komanda üç top və iki halqa ilə hərəkətlərdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 

Tallinlə bağlı gözləntilər

Azərbaycan gimnastlarını 2 həftədən sonra yeni sınaq gözləyir. Təmsilçilərimiz Avropa Gimnastikası (EG) tərəfindən təşkil olunacaq və Estoniyanın paytaxtı Tallində keçiriləcək bədii gimnastika üzrə qitə çempionatında iştirak edəcək. Azərbaycan yarışda tam heyətlə təmsil olunacaq. Böyüklər arasında fərdi yarışlarda Kamilla Seyidzadə, Gövhər İbrahimova və Zöhrə Cəfərova çıxış edəcəklər. Qrup komandasında Ləman Əlimuradova, Darya Sorokina, Yelizaveta Luzan, Güllü Ağalarzadə, Kamilla Əliyeva və Sofiya Məmmədova yer alacaqlar. Həmçinin Nəzrin Abdullayeva, Röya Əlikişiyeva, Ayan Nəsirova, Şəms Müvəffəqi, Nilufər Oruclu və Nəzrin Salmanlıdan ibarət yeniyetmələr qrupu da Tallində çıxış edəcək. İyunun 4-8-də keçiriləcək Avropa çempionatında ümumilikdə 39 ölkədən gimnastlar mübarizə aparacaqlar.



MƏSLƏHƏT GÖR:

130