BAYRAM KİMİ “BAKU OPEN”
Azərbaycanın paytaxtında böyük Beynəlxalq Şahmat Festivalı keçirilib
Müəllif: Sənan ŞƏFİZADƏ
Azərbaycan paytaxtı Bakı növbəti dəfə şahmat bayramının mərkəzinə çevrilib. Böyük tarixə malik “Baku Open” Beynəlxalq Şahmat Festivalı bu dəfə daha böyük miqyasda baş tutub. 16 ölkədən 700-dən çox şahmatçı 9 gün ərzində 55 min ABŞ dolları mükafat fondu uğrunda mübarizə aparıb. Yeri gəlmişkən, 700-dən çox şahmatçının turnirə qatılması iştirakçı sayına görə rekord müəyyənləşdirib.
Yaxşı və heç də yaxşı olmayan nəticələr
Yekun nəticəyə əsasən, 8 yaşadək qızların yarışında Nazlı Rüstəmli, oğlanlarda isə Daniel Konovalov birinci yeri turub. Bu yaş kateqoriyasında qalib və medalçılara mükafatı Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva təqdim edib.
10 yaşlılar arasında turnirdə Yang Youpinq (Çin) və Yusif Əhədzadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 12 yaşadək iştirakçılar arasında Əsnad Baxşızadə və Əkbər Mirzəyev birincilik qazanıb.
B qrupunda qadınlarda Dinara Hüseynova, oğlanlarda isə Nikolaz Çikalidze (Gürcüstan) hamıdan çox xal toplayaraq qalib olub. U16 nominasiyasında Roman Şoqdziyev (FIDE) mükafata layiq görülüb. “Baku Open” yarışının A qrupunda təmsilçimiz Ayan Allahverdiyeva və Aleksandar İndciç (Serbiya) yarışın qalibi adını qazanıb. Turnirin qalibinə xüsusi hazırlanmış kuboku Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva təqdim edib.
“Baku Open 2025” çərçivəsində veteran şahmatçılar arasında Azərbaycan çempionatı da keçirilib. Vüqar Bayramov ölkə çempionu olub. Asəf Abdullayev ilə Mehman Abbasov müvafiq olaraq 2-3-cü yerləri bölüşdürüb. 90 yaşlı Şərail Avazova ən yaşlı iştirakçı kimi xüsusi mükafat təqdim olunub.
“Baku Open 2025”in A qrupunda Azərbaycan şahmatçılarından ən yaxşı nəticəni Xəzər Babazadə göstərib. Şəxsi reytinq əmsalını artıran X.Babazadə yekunda yarışı 4-cü sırada başa vurub.
Turnirin favoritlərindən sayılan Nicat Abasov (FIDE reytinqi 2620) və Aydın Süleymanlı (2617) ümidləri doğrultmayıb. Milli komandanın üzvü olan N.Abasov 60 şahmatçı arasında 27-ci olmaqla, hamını təəccübləndirib. Ötən ildən yığmanın şərəfini qoruyan Aydın Süleymanlı 5.5 xalla 12-ci oldu. Şəxsi reytinqindən 8 xal itirən A.Süleymanlı da imkanlarından aşağı nəticə göstərib.
Ölkə şahmatının gənc ulduzu Məhəmməd Muradlı da medalçılar sırasına düşməyib. A qrupunda Serbiya adından çıxış edən Aleksandar İndciç fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Gürcü Bahadur Jobava liderdən yarım xal geri qalmaqla ikinci yerlə kifayətlənib. Türkiyə şahmatçısı Vahap Sanal isə 6,5 xalla ilk üçlüyü qapadıb.
“Chess Tour Azerbaijan” layihəsi
Azərbaycan Şahmat Federasiyası ilk dəfə olaraq bütün ölkəni əhatə edəcək “Azərbaycan Şahmat Turu” – (“Chess Tour Azerbaijan”) layihəsini həyata keçirir. 2025-ci ildə ilk dəfə reallaşacaq “Azərbaycan Şahmat Turu” çərçivəsində ölkədə şahmat üzrə 8 beynəlxalq open yarış təşkil olunacaq. Bütün yarışlar beynəlxalq xarakter daşıyacaq və ölkə üzrə şahmatçıların təcrübəsini artırmağa imkan verəcək.
Şahmat turu paytaxt Bakıdan başlayıb. “Baku Open 2025”in ardınca 18-25 iyun tarixlərində “Sheki Open”, 26 iyun-03 iyulda “Shamakhı Open”, 06-13 iyulda “Lankaran Open”, 15-22 iyulda “Guba Open”, 11-18 noyabrda isə “Ganca Open” və 19-26 noyabrda “Shirvan Open” keçiriləcək. “Azərbaycan Şahmat Turu” çərçivəsində həm də “Vugar Gashimov Open” turniri baş tutacaq.
“Azərbaycan Şahmat Turu” ilə əlaqədar Azərbaycan Şahmat Federasiyası tərəfindən “Chess.az” saytı istifadəyə verilib. Bu saytda şahmatçılar rahat şəkildə turnirlər üçün qeydiyyatdan keçməklə yanaşı, həm də yarışla bağlı son xəbərləri izləmək imkanı əldə edəcəklər. Bütün turnirlərdə yerli şahmatçılarla yanaşı, həm də xarici iştirakçıların, o cümlədən beynəlxalq qrossmeysterlərin iştirakı planlaşdırılır.
MƏSLƏHƏT GÖR:





133

