5 Dekabr 2025

Cümə, 10:00

OYUNDANKƏNAR QALAN QALİB

Təsnifat dəyişikliyi qızıl medalçını Paralimpiya cüdosundan necə kənarlaşdırıb?

Müəllif:

01.06.2025

Azərbaycan paralimpiyaçıları son illər mütəmadi olaraq mötəbər idman yarışlarında idman həvəskarlarını sevindirib. Hətta 2021-ci ildə baş tutan Tokio Paralimpiya Oyunlarında 14 qızıl, 4 gümüş və 4 bürünc medal qazanan Azərbaycan komandası həmin il rekord nəticəyə imza atıb.

2022-ci ildən etibarən beynəlxalq idman təşkilatları paralimpiya qaydalarını sərtləşdirməyə başlayıb və bunun nəticəsində paracüdoda bir sıra kateqoriyalar ləğv olunub.

 

Ömürlük qadağa

Mayın 13-15-də Qazaxıstanın paytaxtı Astanada baş tutan görmə məhdudiyyətli cüdoçuların (paracüdo) dünya çempionatında 1 idmançımız tibbi təsnifatdan keçə bilməyib. Belə ki, 2021-ci ildə Tokioda keçirilən Paralimpiya Oyunlarının qalibi olan Şəhanə Hacıyeva qismən görmə məhudiyyətli (J2 kateqoriyası, 52 kq) cüdoçuların tibbi təsnifatında uğursuzluqla üzləşib. Onun gözündə görmə ilə bağlı hər hansısa məhdudiyyət olmadığı üzə çıxıb. Sumqayıt cüdo məktəbinin 24 yaşlı idmançısının ömürlük paracüdo yarışlarına buraxılmayacağına dair qərar verilib.

Milli Paralimpiya Komitəsinin yaydığı açıqlamada qərar belə şərh olunub: “Tokio-2020 Yay Paralimpiya Oyunlarında paracüdo yarışlarının keçirildiyi B1, B2 və B3 kateqoriyaları Paris-2024 Yay Paralimpiya Oyunlarınadək olan dövrdə və Paris Paralimpiadasının özündə kateqoriya sayı azaldılaraq J1, J2 kateqoriyaları üzrə təşkil edildi. Dəyişikliklər nəticəsində J2 kateqoriyasında olan bir çox göz xəstəlikləri siyahıdan çıxarıldı.

Bu səbəbdən Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyası (IBSA) tərəfindən paracüdoçularımız yenidən tibbi təsnifata cəlb edildilər. Tokio-2020 Yay Paralimpiya Oyunlarının qızıl medalçısı Şəhanə Hacıyeva 2024-cü ilədək J2 kateqoriyası üzrə ölkəmizi paracüdo yarışlarında təmsil etsə də, müvafiq dəyişikliklər səbəbindən artıq paracüdo yarışlarında mübarizə apara bilməyəcəyi dəqiqləşib. Dəyişən tibbi təsnifat tələblərinə adaptasiya olunması üçün Komitə tərəfindən bütün addımlar atılır”.

 

Dəyişən qaydalarla bağlı problem

Şəhanə Hacıyeva 2000-ci il iyulun 6-da Sumqayıt şəhərində anadan olub. İdmançı 2015 və 2016-cı illərdə cüdoda bir sıra turnirlərin qalibi və mükafatçısı adına layiq görülüb. 2018-ci ildən paracüdoda mübarizə aparmağa başlayan Şəhanə Hacıyeva Paralimpiya Oyunlarında qızıl medal qazanmaqla böyük uğur sahibinə çevrilib. 

İdmançının özü də IBSA qərarının düzgün şərh olunmadığından narahatdır. Paralimpiya Oyunlarının qalibi Şəhanə Hacıyeva vəziyyəti belə izah edib: “Uzun müddətdir ki, paracüdo yarışlarında iştirak edirəm. 2022-ci ildə tibbi komissiyaya müraciət edərək səhhətimdə vəziyyətlə bağlı rəsmi sənəd aldım və bundan sonra 2024-cü ildə dünya çempionatında iştiraka icazə əldə etdim. 2017-ci ildən indiyə qədər iştirak etdiyim yarışlarda Avropa çempionu oldum, Ümumdünya Oyunlarında və dünya çempionatında medal qazandım. Son illər qaydalar dəyişdirildi və bu müəyyən çətinliyə səbəb oldu. B1,B2 və B3 kimi (görmə üzrə məhdudiyyəti göstərən bölgülər) kateqoriyalar ləğv olunaraq J1 və J2 dərəcələri yaradıldı. 2024-cü ilin sonunda Beynəlxalq Paralimpiya Komitəsi J2 kateqoriyasında yarışmağıma icazə verdi. Son tibbi yoxlanışda isə bu kateqoriyaya uyğun olmadığımı dedilər. Yəni gözümdəki problem yeni qaydalara görə J2 kateqoriyasında yarışmağa imkan vermir. IBSA mənə 2026-cı ildə yenidən müraciət etməyi tövsiyə etdi. Yeni qaydalara görə hər iki gözdə eyni problem olmalıdır. Yalnız bir gözdə problem aşkarlanarsa paralimpiya yarışlarına buraxılmırsan”.

Ş.Hacıyeva bildirib ki, idmançı yalnız iki dəfə İBSA-ya müraciət edə bilər. O, birinci müraciətində Astanada mənfi cavab aldığına görə son şansını 2026-cı ilə saxlamaq qərarına gəlib: “Hər iki gözümdəki vəziyyətlə bağlı tibbi sənədləri yeniləyərək gələn il beynəlxalq təşkilata müraciət edəcəm. Mənim bütün yarışlarda iştirakıma qadağa qoyulması həqiqət deyil. Bu il dünya çempionatına buraxılmadım, amma növbəti yarışda iştirak etmək şansım var”.  

İdmançı uşaqlıqdan görmə ilə bağlı problemlərinin olduğunu bildirib: “9 yaşımda görmə problemli olduğum üzə çıxdı. Təəssüf olsun ki, xəstəliyim irsidir. Valideynlərim sağalmağım üçün çox əziyyət çəksə də, mümkün olmadı. Sonradan paracüdoda özümü tapdım. İdman mənə həyat verdi və əsas məqsədimə çevrildi. Bu idman növündə yarışmaqla səhhətində problem olan gənclərə nümunə oluram. Görmə ilə bağlı problemlərinin olduğu hər bir insan idmanla maraqlanmağa başlayır. Həvəskar və ya peşəkar səviyyədə idmanla məşğul olmaq insana yaşamaq həvəsi yaradır”.

Qeyd edək ki, cüdo idman növünün Beynəlxalq Paralimpiya hərəkatında özünəməxsus yeri var. Belə ki, cüdo idman növü texniki tibbi təsnifatına görə yalnız və yalnız görmə məhdudiyyətli idmançılar üçün nəzərdə tutulub. Bu siyahıya qismən (B2, B3) və ya tamamilə (B1) görmə məhdudiyyətli idmançılar aid olunurdu. Yeni qaydalara əsasən, qismən görmə məhdudiyyəti idmançının hər iki gözünə şamil olunmalıdır.



MƏSLƏHƏT GÖR:

142