BUZLAR YERİNDƏN TƏRPƏNDİ
Azərbaycan qış idman növləri üzrə ilk qitə çempionatına ev sahibliyi etmək niyyətindədir
Müəllif: Sənan ŞƏFİZADƏ
Azərbaycanda qış idman növlərinin perspektivli olmadığı dəfələrlə söylənilib. Bu da səbəbsiz deyil. Müstəqillik dönəmində daim əcnəbi idmançıları milliləşdirməklə ölkəmizi təmsil etmək imkanı vermişik. Bu vəziyyətdə qış idman növlərinə maraq hələ də azarkeş səviyyəsində mövcud olsa da, geniş yayıla bilmədi. İqlimə görə ölkəmizdə nadir hallarda qar yağdığına görə bu idman növlərinin inkişafı mütləq şəkildə problemlə üzləşib. Son illər “Şahdağ” dağ-xizək kurortunda yaradılan şərait, eləcə də Bakıda Heydər Əliyev adına İdman-Konsert Kompleksində xokkey idmanı üçün buz meydançasının istifadəyə verilməsi vəziyyəti dəyişib.
Yeni idarəetmə - yeni düşüncə
İdarəetməyə yeni yanaşmadan sonra Azərbaycan Qış İdman Növləri Federasiyası faktiki olaraq bu sektoru dirçəltməyə başlayıb. Federasiya Azərbaycanda mövcud olan xizək kurortlarının nəzdində xizək və digər qış idman məktəbi proqramlarının inkişaf etdirilməsinə start verib. Əhalinin bütün təbəqələrindən olan insanların, xüsusilə də uşaq və gənclərin həvəskar səviyyədə olsa belə qış idman növləri il məşğul olması üçün layihələr hazırlanıb. 2025-ci ildən etibarən isə federasiya beynəlxalq əlaqələri inkişaf etdirərək mötəbər yarışların ölkəmizdə təşkili üçün danışıqlarda uğur əldə edib.
İlk növbədə, Beynəlxalq Xizək və Snoubord Federasiyası (FIS) ilə əməkdaşlıq qeyd olunmalıdır. Uzun danışıqlardan sonra Beynəlxalq Xizək və Snoubord Federasiyası və Azərbaycan Dövlət Turizm Agentliyi arasında qış turizmi və qış idman növləri üzrə potensialın inkişaf etdirilməsi, Azərbaycanın qış idman növləri üzrə nüfuzlu beynəlxalq yarışlara ev sahibliyi etməsi üçün tərəfdaşlıq haqqında müqavilə imzalanıb. Müqavilədə qış turizmi sahəsində mövcud infrastrukturun artırılması və təkmilləşdirilməsi, ölkəmizin xarici turistlər üçün qış turizmi üzrə cəlbedici məkana çevrilməsi, eləcə də, beynəlxalq xizək yarışlarının “Şahdağ Turizm Mərkəzi”ndə təşkili istiqamətində birgə əməkdaşlıq nəzərdə tutulur. Layihənin əsas məqsədlərindən biri qış aylarında turistlərin Azərbaycana xüsusilə Şahdağa səfərinə dəstək olmaqdır. Beynəlxalq əməkdaşlıq çərcivəsində digər hədəf Azərbaycanı qış idman növləri üzrə dünya səviyyəli peşəkar yarışların keçirildiyi məkan kimi tanıtmaq, həmçinin ölkəmizin turizm brendi və məhsulların beynəlxalq arenada genişmiqyaslı marketinq və tanıtım kampaniyasının aparılmasını təmin etməkdir. Müqaviləyə əsasən, Beynəlxalq Xizək və Snoubord Federasiyası tərəfindən təşkil olunan qlobal yarışlarda (Dünya Kubokları və çempionatlarda) Azərbaycan təşkilatın tərəfdaşı kimi çıxış edəcək.
Belə ki, 2026-cı ilin qış mövsümündən başlayaraq “Şahdağ Turizm Mərkəzi”ndə Beynəlxalq Xizək və Snoubord Federasiyasının dünya miqyaslı yarışlarının təşkili planlaşdırılır. Azərbaycan tərəfinin Beynəlxalq Xizək Alpinizmi Federasiyasına (İSMF) ünvanladığı ilk müraciət artıq müsbət qarşılanıb. İSMF tərəfindən yarışların “Şahdağ Turizm Mərkəzi”ndə keçirilməsi ilə bağlı qərar qəbul edilib və yarışlar beynəlxalq federasiyanın yarış təqviminə salınıb. Beləliklə, Azərbaycan ilk dəfə qış idman növlərində Avropa çempionatı kimi nüfuzlu yarışa ev sahibliyi edəcək. Xizək alpinizmi üzrə Avropa Çempionatının 2026-cı ilin 4-8 mart, Dünya Kubokunun isə 6-8 mart tarixlərində “Şahdağ Turizm Mərkəzi”ndə keçirilməsi nəzərdə tutulur.
Qış Olimpiya Oyunlarına hazırlıq
Daha bir önəmli məqam gələn il baş tutacaq Qış Olimpiya Oyunlarında Azərbaycanın təmsil olunmasıdır. Ölkəmizin adından fiqurlu konkisürən Vladimir Litvintsev çıxış edəcək. Litvintsev ABŞ-nin Boston şəhərində keçirilən dünya çempionatında 15-ci yeri tutmaqla mötəbər yarışda iştirakını təmin edib. Lisenziya qazanan idmançı 2026-cı ildə İtaliyada keçiriləcək Qış Olimpiya Oyunlarına vəsiqəni rəsmiləşdirib.
Azərbaycan Qış İdman Növləri Federasiyası millidə rəqabət yaratmaq üçün iki əcnəbi idmançını milliləşdirmək qərarına gəlib. Bunlardan biri Veronika Jilinadır. 17 yaşlı idmançının Azərbaycan pasportu almasına baxmayaraq, onu idman vətəndaşlığını dəyişməsinə Rusiya tərəfindən icazə verilməlidir. Jilinanın avqustdan etibarən Azərbaycan milli komandasında təmsil olunacağı gözlənilir. Sabiq komandasının yekun razılığı əldə olunandan sonra idmançı payızda Pekində keçiriləcək 2026-cı il Olimpiya Oyunlarının seçmə turnirində yarışmaq hüququ qazanacaq.
Rusiyadan Azərbaycan pasportu alan digər idmançı əslən azərbaycanlı xizəkçi Zahir Cəfərovdur. Son illər Rusiya yığmasında çıxış edən Zahir Cəfərov federasiyadakı dəyişiklikdən sonra Vətənə qayıtmağa razılıq verib. 26 yaşlı idmançı xizəklə tullanma və xizəksürmə növlərində yeni mövsümdən Azərbaycanın adından çıxış edəcək.
MƏSLƏHƏT GÖR:





161

