NÖMRƏ 1
Futzal üzrə Azərbaycan yığması dünya çempionu olub
Müəllif: Sənan NADİROĞLU
Azərbaycanın futbol azarkeşləri böyük uğurun şahidinə çevrilib. Böyük futbolda illərlə məğlubiyyətə üzülən azarkeşlər təsəllini minifutbolda tapıb. Bakıda Milli Gimnastika Arenasında təşkil olunan minifutbol üzrə dünya çempionatı Azərbaycan millisinin qələbəsi ilə başa çatıb.
2023-cü ildə Avropa çempionatının qalibi olan Azərbaycan millisinin növbəti hədəfi mundialı qazanmaq idi. Ötən dünya çempionatında dördüncü yeri tutan minifutbolçuları Bakıdakı mundialda yalnız çempionluq razı sala bilərdi. Nəticədə, milli məqsədinə çatdı.
Tarixdə ilk qələbə
İlk oyunda Bəhreynlə 1-1 oynayan milli komanda əksər azarkeşləri həyəcanlandırdı. Bəziləri hətta Azərbaycan komandasının ən yaxşı formada olmadığını düşünməyə başladı. Lakin turnirin gedişatında millinin Bəhreynlə zəif mübarizəsi əsas gücünü pley-offa saxlamaqla, bütün oyun taktikasını rəqiblərə göstərmək istəməməsi kimi qəbul edildi. 1/8 finalda son dünya çempionu Rumıniyanı məğlub edən Elşad Quliyevin yetirmələri həm 1/4 finala adladı, həm də psixoloji güc əldə etdi. Rumıniya ilə oyunun əsas vaxtı 1-1 hesabı ilə yekunlaşdı və yalnız penaltilərdə Azərbaycan qələbəni bayram etdi.
Daha sonra İngiltərə, yarımfinalda isə Monteneqronu məğlub edən Azərbaycan finalda Macarıstana rəqib olub. Elşad Quliyevin komandası həlledici oyunu yüksək səviyyədə keçirdi və 4-2 hesablı inamlı qələbə ilə dünya çempionluğunu rəsmiləşdirdi. Bu qələbə Azərbaycan idman tarixində komanda növlərində ilk dünya çempionluğu kimi tarixə düşdü.
Yüksək qiymət
Minifutbol üzrə dünya çempionatının direktoru Nemanya Lyumoviç Azərbaycan təşkilatçılığını yüksək qiymətləndirib. Onun fikrincə, Bakıdakı təşkilatçılıq minifutbolun bütün dünyada inkişafına və populyarlaşmasına təkan olacaq.
Minifutbol üzrə millinin baş məşqçisi Elşad Quliyev dünya çempionu titulunun çox əziz olduğunu söyləyib: “Bütün xalqımızı təbrik edirəm. Çox gözəl qələbə oldu. Bunu xalqımıza ərməğan edirəm. Bu qalibiyyətdə əməyi olan hər kəsə, rəhbərliyə təşəkkür edirəm. Möhtəşəm qələbə idi. Bu hissləri yaşamaq lazımdır. Futbolda uduzmaq və qələbə qazanmaq da olur. Bütün oyunlara yüksək templə başlamaqla əsas hədəfə doğru irəlilədik. Finalda bütün istədiklərimizi həyata keçirə bildiyimiz üçün inamlı qələbə qeydə alındı”.
Minifutbola əvvəllər böyük futbolda çıxış edən Təmkin Xəlilzadə, illər öncə futzalda oynayan Xətai Bağırovla Ramiz Çovdarovun qoşulmasını da unutmayaq. Bu futbolçular minifutbolda karyeralarının ən böyük uğurunu əldə etdi.
Yalnız yerli futbolçulardan
Xüsusi qeyd olunmalı məqamlardan biri Azərbaycan millisinin yalnız yerli futbolçulardan ibarət formalaşmasıdır. Yəni heyətdə bir legioner belə yox idi. Bu amili Azərbaycan millisini qəbul edən dövlət başçısı İlham Əliyev də xüsusi vurğuladı. Prezident İlham Əliyev dünya çempionu olan Azərbaycan minifutbol yığmasının üzvləri ilə görüşdə qələbəni yüksək qiymətləndirdi: “Milli komandamızın bütün üzvləri Azərbaycanda yetişdirilmiş gənclərdir. Bunun da xüsusi önəmi var. Yığma komandamızın müxtəlif inkişaf mərhələləri var idi və bu gün biz qələbə mərhələsində görüşürük”.
“Gələcəkdə çoxlu yarışlar var. Bildiyiniz kimi, indi Azərbaycanın bölgələrində idman qurğuları inşa edilir, inşaat geniş vüsət alıb və minifutbol meydançalarının da yaradılmasında böyük fayda olacaq, həm Bakıda, həm də bölgələrdə. Əminəm ki, federasiya dövlət qurumları ilə, sponsorlarla birlikdə bu sahədə növbəti uğurlu addımlar atacaqdır”, - Azərbaycan dövlət başçısı vurğulayıb.
Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Minifutbol Federasiyasına maliyyə dəstəyi göstərilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan milli yığma komandasının 2025-ci il minifutbol üzrə Dünya çempionu olması ilə əlaqədar Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Minifutbol Federasiyasına 2 milyon manat ayrılıb.
Beləliklə azərbaycanlı futbolçulardan yığılan milli dünyada ən güclü olduğunu sübut etməklə tarixinin ən böyük uğuruna imza atıb. 2026-cı ildə minifutbol üzrə Avropa çempionatı keçiriləcək. Artıq Azərbaycan millisinə qarşı ikiqat ciddi rəqib kimi yanaşılacaq. Milli də mötəbər yarışda tituluna layiq çıxış etməyə səy göstərəcək.
MƏSLƏHƏT GÖR:





140

