«DADLI» YAY
Azərbaycanda zəhərlənmələr niyə faciəyə çevrilir?
Müəllif: Sabirə ƏLƏKBƏR
Azərbaycanda yay yalnız qızmar günəş, Xəzər dənizi və bazarlarda bolluq deyil. Bu, həm də bolluq görüntüsü altında gizlənmiş hiyləgər bir düşmənin – qida zəhərlənmələrinin dövrüdür. Hər il isti yay günləri başlar-başlamaz, həkimlər həyəcan təbili çalır, statistika isə göstərir ki, gigiyenaya, ərzaq məhsullarının keyfiyyətinə etinasız yanaşmanın nəticələri çox ağır olur. Bir gəncin həyatına son qoymuş növbəti faciə də bunun sübutudur.
Rəqəmlər «qışqıranda»
Respublika Klinik Xəstəxanasının, həmçinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin həkimləri hər il yay aylarında zəhərlənmə hallarının artdığını bildirirlər. Azərbaycan Səhiyyə Nazirliyinin məlumatına görə, 2023-cü ilin yayında qida zəhərlənməsilə bağlı müraciətlərin sayı yaz dövrü ilə müqayisədə 20-25% çox olub. Məlum olub ki, bu vəziyyətin yaranmasının əsas səbəblərindən biri yoxlanılmamış yerlərdən alınmış, yaxud düzgün şəraitdə saxlanılmayan meyvə, tərəvəz və süd məhsullarıdır.
2024-cü ildə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu və mütəxəssislər bir daha xəbərdarlıq etmişdilər ki, yaz-yay dövrlərində isti hava şəraiti və gigiyenik normalara əməl olunmaması səbəbi ilə qida zəhərlənmələrinin sayı arta bilər. Onlar belə halların, təxminən, 75%-nin məişət şəraitində baş verdiyini deyirlər. Demək, problem 2014-cü ildə də aktuallığını qoruyub və nəhayət, 2025-ci ilə keçib.
Hələlik 2023-cü illə müqayisə edilə biləcək konkret ümumiləşdirilmiş statistika yoxdur. Açıq mənbələrdə 2024-cü ilin tamamı və 2025-ci ilin ilk yarısı ilə bağlı rəqəmlərə də rast gəlinmir. Bununla belə, yay aylarının başlaması ilə qida zəhərlənmələrində artım tendensiyası müşahidə olunmaqdadır. Hər halda, ayrı-ayrı xəbərlər bunu təsdiqləyir.
Zərərçəkənlərin arasında uşaqların çox olması xüsusi narahatlıq yaradır. Məsələ ondadır ki, onların orqanizmi toksik maddələrə qarşı daha həssas olduğundan, adi zəhərlənmə belə, ciddi fəsadlara yol aça bilir. Amma unutmayaq ki, bu, sadəcə rəqəm deyil – bu, laqeydlik, elementar qaydalara əməl etməmək ucbatından yarımçıq qalan insan, yaxud sağalmaz şəkildə pozulmuş insan həyatıdır.
Dərs çıxarılmalı olan faciə: qarpızdan sonra ölüm
Bu günlərdə Azərbaycanda bir xəbər hər kəsi sarsıtdı. Həyat eşqi ilə dolu, gələcəklə bağlı öz planları olan Dərya adlı gənc qız qarpızdan zəhərlənərək dünyasını dəyişdi. Qardaşı onun son saatlarını belə xatırlayır: «Bir az qarpız yedi və yatmağa getdi. Təxminən 4-5 saat sonra anam məni oyadaraq bacımın vəziyyətinin pis olduğunu dedi. Bildirdi ki, onu təcili xəstəxanaya aparmaq lazımdır. Təcili yardım maşınında xəstəxanaya gedərkən yolda komaya düşdü. Bacım epilepsiyadan əziyyə çəkirdi. Qıcolma başlamışdı».
Bu, nə hansısa bir uydurmadır, nə də jurnalist şişirtməsi. Bu, bizi gerçəkliklə üz-üzə qoyan reallıqdır. Yayın, təravətin rəmzi sayılan sadə bir qarpız yeri dolmayacaq bir itkiyə səbəb oldu. Qızın yan xəstəliyinin olması zəhərlənmənin ən ağır nəticəyə səbəb olmasına yol açdı. Faciənin konkret detallarından asılı olmayaraq, bu hadisə problemin dərinliyini ortaya qoyub: kor-təbii təşkil olunan bazarlarda məhsullara nəzarətin zəifliyi, bəzi vətəndaşlarda gigiyena mədəniyyətinin aşağı səviyyədə olması və ən əsası, ölüm təhlükəsinin bəzən heç gözlənilmədiyi yerdən, məsələn, süfrə başında gələ bilməsi.
Mövsümi tələlər
Yay aylarında bizim bazarlarımız rəngarəngliyi ilə fərqlənir – saysız-hesabsız çeşiddə tər meyvə-tərəvəz, giləmeyvə, süd məhsulları və s. Amma bu bolluq içərisində bir təhlükə də gizlənir. Unutmaq olmaz ki, havanın hərarəti yüksək olduqda zərərli mikroorqanizmlərin sürətlə çoxalması üçün ideal şərait yaranır.
Məsələn, qarpız. Onların bal kimi şirinliyi əslində, zəhərlənmənin acı dadına çevrilə bilər. Erkən yetişdirilmiş qarpızlar çox vaxt böyümənin sürətləndirilməsi üçün nitratlarla «zənginləşdirilir», yaxud istidə kəsilmiş qarpızda mikroblar inanılmaz sürətlə artır. Məhz bu səbəbdən çatlamış, kəsilmiş qarpız almaq olmaz. Onu da unutmaq olmaz ki, babalarımızın, nənələrimizin bizə öyrətdikləri kimi, hər bir meyvə, giləmeyvə yalnız təbii yetişmə mövsümündə yeyilməlidir.
Çiyələk, moruq, albalı kimi giləmeyvələrə qarşı da xüsusi diqqətli olmaq lazımdır. Bu zərif təbiət inciləri çirk, mikrob yuvası ola bilirlər. Onların məsaməli, hətta bəzən hamar səthi belə, yaxşı yuyulmur, kiçik bir zədə isə bakteriyalar üçün «pəncərə»yə çevrilir. Odur ki, giləmeyvələr yeyilməzdən əvvəl bir neçə dəfə yuyulmalı, daha yaxşı halda isə qaynar suya çalınmalıdır.
Yay fəslində süd məhsulları xüsusilə təhlükəlidir. İstifadə müddəti bitmiş ayraq, qatıq, kəsmik, xama əsl «saatlı bomba»dır. Onların gün altında saxlanması yolverilməzdir. Çünki bu halda həmin məhsullar cəmi bir neçə saata bakteriya ocağına çevrilə bilir.
Nəhayət, şübhəli kafelərdən, yaxud küçədən alınan hazır yeməklər. İstər salat olsun, istər kabab, istərsə də plov. Bu yeməklər sanitar şəraitin olmadığı yerlərdə hazırlanıbsa, bu, insanı birbaşa xəstəxana çarpayısına aparan yola çevrilə bilər.
Sağ qalma qaydaları
Bəs bu acı statistikadan necə qaçmaq olar? Necə etməliyik ki, bu ağır xəbərlərin qəhrəmanına çevrilməyək? Cavab sadə, eyni zamanda da çətindir. Onun üç əsas aspekti var: gigiyena, diqqət, məsuliyyət.
Ondan başlayaq ki, əlləri yaxşıca yumaq çox vacibdir. Bu, təhlükəsizliyin əsasıdır. Hər yeməkdən əvvəl, tualetə getdikdən sonra əllərin sabunla yaxşı-yaxşı yuyulması vacibdir. Su yoxdursa, antiseptik maddələrdən istifadə etmək olar.
Bununla yanaşı, qida məhsulları da diqqətlə yuyulmalıdır. İtənilən meyvə, tərəvəz, giləmeyvə təmiz görünsə belə, axar suya salınmalıdır. Giləmeyvələrin və göyərtinin əvvəlcə duzlu və ya sirkəli suda saxlanılması daha yaxşı olar. Amma daha sonra onlar mütləq təmiz su ilə bir neçə dəfə yuyulmalıdır.
Bu işdə bizim ən yaxşı köməkçimiz soyuqdur. Hazır yemək, süd məhsulları və tez xarab olan meyvə-tərəvəzin süfrədə iki saatdan artıq qalmasının nə ilə nəticələnə biləcəyini söyləmək, yəqin ki, artıq olar. Odur ki, ən təhlükəsiz yer soyuducudur.
Bundan başqa, unutmayaq ki, şübhəli satıcı təhlükə mənbəyi ola bilər. Ən yaxşısı məhsulların sanitar normalara riayət olunan tanınmış mağazalardan, supermarketlərdən və ya rəsmi bazarlardan alınmasıdır. Təsadüfi küçə satıcılarından alış-veriş etmək doğru deyil.
Yay mövsümündə içməli suya da xüsusi diqqət yetirilməlidir: kran suyunun çirklənmə riski böyük olduğundan, onu qaynatmaq və ya qablaşdırılmış suları içmək daha yaxşıdır.
Nəhayət, termik emalın təhlükəsizliyə zəmanət olduğunu söyləyə bilərik. Ət, toyuq və balıq məhsulları yaxşı bişirilməli, yaxşı-yaxşı qaynadılmalıdır.
Hər kəsə çağırış
Dəryanın faciəsi sadəcə bir xəbər deyil. Bu, bütün cəmiyyət üçün həyəcan təbilidir. Anlamalıyıq ki, sağlamlıq və həyatın qiyməti yoxdur. Dövlət orqanları, əlbəttə ki, məhsulların keyfiyyətinə nəzarəti artırmağa, sanitar normalara nə qədər riayət olunduğunu nəzarətdə saxlamağa çalışırlar. Amma hər bir insanın şəxsi məsuliyyəti də var. Unutmayaq ki, hər yuyulmamış meyvə, qaydalara uyğun olmadan saxlanılan məhsul riskdir və bu risk insana həyatı bahasına başa gələ bilər. Qoy başqalarının acı təcrübəsi bizə dərs olsun. Qoy bu yay yalnız sevinclə dolu keçsin – xəstəxana çarpayıları və kədərli xəbərlər olmadan. Özünüzü və yaxınlarınızı qoruyun!
MƏSLƏHƏT GÖR:

149

