5 Dekabr 2025

Cümə, 10:00

EKOLOJİ TƏMİZ İSTİRAHƏT

UNWTO və Azərbaycan neytral iqlim turizmini inkişaf etdirir

Müəllif:

15.06.2025

COVID-19 pandemiyası, regional münaqişələr və bir sıra iqtisadi böhranlar səbəbindən 2022-2024-cü illərdə aşağı bazadan başlamasına baxmayaraq, Azərbaycanın turizm sektoru böhranaqədərki dövrün göstəricilərinin 80%-dən çoxunu bərpa edə bilib.

Bu nailiyyətlər dəfələrlə BMT-nin Ümumdünya Turizm Təşkilatının (UNWTO) ekspertləri tərəfindən qeyd edilib.

Avropanın ixtisaslaşmış strukturları ilə əməkdaşlığın gücləndirilməsi, həmçinin turizm sektorunda iqlimlə bağlı fəaliyyət üzrə təşəbbüslər Bakıda keçirilən BMT Turizmin Avropa üzrə Regional Komissiyasının 71-ci iclasında müzakirə edilib.

 

Böhrandan çıxış

Turizm sektoruna dair statistik göstəricilərdə, xüsusilə turizm axınının (incoming) artımı sevindirici haldır. Belə ki, 2024-cü ildə Azərbaycana 196 ölkədən təxminən 2,627 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs səfər edib ki, bu da əvvəlki illə müqayisədə 25,9% çoxdur, xarici turistlərin ölkədəki ümumi xərcləri isə 5,1 milyard dolları keçib. Ötən il, həmçinin hotellərin və mehmanxana tipli obyektlərin gəlirlərinin 42% artaraq 694,2 milyon manata çatması ilə yadda qalıb. 2024-cü ildə turistlərin hotellərdə keçirdiyi gecələrin sayı illik müqayisədə 25,1% artaraq təxminən 4,3 milyon gecələməyə çatıb ki, bunun da 61%-i paytaxtın payına düşür.

Təqdim olunan rəqəmlər göstərir ki, Azərbaycanın turizm sektoru böhran dövrünün ətalətini tamamilə aradan qaldırıb və bir sıra əsas göstəricilər üzrə dünya ortalamasını üstələyir. Müqayisə üçün: UNWTO-nun məlumatına görə, ötən il beynəlxalq turizmdə səyahətlərin 11% artımı qeydə alınıb, yəni Azərbaycandakı rəqəmlər ümumi dünya göstəricisini 2,5 dəfə üstələyib.

Qeyd edək ki, biz Köhnə Qitədə ölkənin turizm potensialını tanıtmaq üçün UNWTO strukturları, xüsusən də onun Avropa bölməsi ilə uzun müddətdir ki, uğurla əməkdaşlıq edirik. Azərbaycan 2001-ci ildən BMT Turizmin Avropa üzrə Regional Komissiyasının üzvüdür, üç dəfə onun İcraiyyə Şurasında təmsil olunub, 2017-ci ildə isə onun sədri olub.

Avropa “incoming” istiqaməti ənənəvi olaraq turizm bazarının “Premium” seqmentlərinə aiddir və ölkənin profilli qurumları artıq bir neçə ildir ki, bu potensialın açılması üzərində işləyir. Təxminən 500 milyon insanı əhatə edən Avropa bazarı Azərbaycandan nisbi yaxınlıqda yerləşir, Avropanın əksər ölkələrindən buraya maksimum beş saata uçmaq mümkündür.

Hiss edilən üstünlüklərə Avropa İttifaqı vətəndaşları üçün maksimum əlçatan olan “ASAN Viza” sisteminin mexanizmlərinin tətbiqi və beynəlxalq hava trafikini xidmət göstərə bilən doqquz hava limanının mövcudluğu daxildir: O cümlədən Cənubi Qafqaz regionunda ən müasir və böyük tutuma malik olan Heydər Əliyev Beynəlxalq Hava Limanı, həmçinin Qarabağ regionunda üç hava limanı - Füzuli, Zəngilan və yaxın vaxtlarda istifadəyə verilmiş Laçın hava limanı.

İşğaldan azad edilmiş Azərbaycan ərazilərində nəqliyyat və turizm infrastrukturlarının formalaşdırılması son dərəcə əhəmiyyətli məqamdır: perspektivdə rekreasiya sektoruna Qarabağ regionunun iqtisadi inkişafında ən mühüm rol ayrılır. Bu baxımdan Azərbaycanda turizm obyektlərinin beynəlxalq təsnifat və sertifikatlaşdırma sisteminin tətbiqində, ixtisaslı kadrların hazırlanmasında əhəmiyyətli uğurlar əldə edilib. Bu təcrübəyə əsaslanaraq, bu gün Qarabağ regionunda turizm istiqamətləri formalaşdırılır.

“Son illərdə ölkəmiz rekreasiya sektorunda əhəmiyyətli uğurlar əldə edib, turizm obyektlərinin təsnifat sistemi Azərbaycanın işğaldan azad edilmiş ərazilərində də yayılıb. 2024-cü ildə turizm sektoru ölkənin ÜDM-yə 4,5% töhfə verib, 2025-ci ildə də müsbət dinamika gözlənilir”, - Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev UNWTO-nun Avropa Regional Komissiyasının sessiyasında bildirib. Onun sözlərinə görə, birbaşa hava əlaqələrinin artması, sadələşdirilmiş elektron viza və qonaqpərvər mühit Azərbaycanın Avropa və region arasında körpü statusunu möhkəmləndirib. Turizm istiqamətlərinin Avropa bazarında təşviqi üzrə səylər çox ciddi nəticələr verib: 2024-cü ildə Avropa İttifaqı ölkələrindən Azərbaycana 112,3 min turist gəlib ki, bu da əvvəlki illə müqayisədə təxminən 35% çoxdur.

 

Turizmin dekarbonizasiyası

Sessiya çərçivəsində, həmçinin Avropa regionunda davamlı turizm təcrübələrinin təşviqi və “yaşıl keçid” üçün zəruri resursların səfərbər edilməsi, turizmdə dekarbonizasiya üzrə ilkin addımlar, emissiyaların ölçülməsi və azaldılması üçün real həllər, dəniz səviyyəsinin qalxması, ekstremal hava şəraiti və ekosistemlərin məhv olması təhlükəsi kimi iqlim risklərinin idarə edilməsi məsələləri müzakirə edilib.

“Ötən il BMT-nin COP29 iqlim konfransının Bakıda keçirilməsi ölkəmizin turizm sahəsində beynəlxalq rolunu artırıb. Azərbaycanın UNWTO ilə tərəfdaşlığı sayəsində ötən il ilk dəfə olaraq turizm məsələləri iqlim konfransının gündəliyinə daxil edilib, o cümlədən əsas təşəbbüs – “Turizm sahəsində iqlim fəaliyyətlərinin gücləndirilməsi üzrə COP29 Bəyannaməsi” Avropa dövlətləri daxil olmaqla 70-dən çox ölkə tərəfindən dəstəklənib", - F.Nağıyev qeyd edib.

Bu kontekstdə hazırda Azərbaycanın turizm sektorunda iqlim dəyişikliyinin minimuma endirilməsi üçün həyata keçirilən tədbirlər barədə məlumat verilib. Bu, “Turizm sahəsində İqlim üzrə Milli Fəaliyyət Planı”nın hazırlanması, həmçinin rekreasiya sektorunun inkişafında davamlı infrastruktur prinsiplərinin tətbiqidir.

“Bu gün BMT-nin Ümumdünya Turizm Təşkilatı Bakı Bəyannaməsinə uyğun olaraq sosial, iqtisadi və əlbəttə ki, ekoloji dayanıqlılıq məsələlərini əhatə edən çərçivə proqramının yaradılması üzərində işləyir”, - UNWTO-nun icraçı direktoru Nataliya Bayona bildirib.

Xatırladaq ki, UNWTO və Beynəlxalq Nəqliyyat Forumunun araşdırmalarına görə, 2005-2016-cı illər arasında turizm sektoru tərəfindən yaradılan CO2 emissiyaları 60% artıb. Həm də nəqliyyat daşımalarına bağlı emissiyalar 2016-cı ildə ümumi dünya göstəricisinin 5%-ni təşkil edib. Bu mənfi məqamların aradan qaldırılması üçün Qlazqo bəyannaməsinin əsas narrativlərinə diqqət yetirilib. Buna görə iştirakçı ölkələr 2030-cu ilə qədər emissiyaları iki dəfə azaltmaq və 2050-ci ilə qədər sıfır səviyyəsini təmin etmək öhdəliyini götürürlər. Bu səylərin məntiqi davamı ötən ilin noyabrında qəbul edilmiş “Turizm sektorunda iqlim fəaliyyətlərinin təkmilləşdirilməsi haqqında COP29 Bakı Bəyannaməsi” olub. Bu sənəd dövlət orqanlarını, özəl biznes və digər maraqlı tərəfləri karbon emissiyalarının azaldılması strategiyaları üzrə hədəflər qəbul etməyə və bu istiqamətdə tədbirləri dəstəkləməyə çağırır.


MƏSLƏHƏT GÖR:

103