12 İyul 2025

Şənbə, 17:28

QIRMIZI XƏTLƏR QALMADI

Təl-Əviv yüzlərlə hədəfin vurulduğunu bildirir, Tehran isə sərt cavab vəd edir

Müəllif:

15.06.2025

İsrailin Hərbi Hava Qüvvələri iyunun 13-ü gecə İran ərazisinə «qabaqlayıcı zərbələr» endirib. Tehranda, həmçinin İranın digər şəhərlərində, Təbrizdə, Qəsr-əş-Şirində, Əhvazda partlayışlar baş verib. İranın dövlət televiziyası olan IRIB xəbər verir ki, daha əvvəl Nətənzdəki ən iri nüvə obyektində də partlayış səsləri eşidilib.

İsrail Müdafiə Ordusu (SAXAL) gecə hücumu nəticəsində İran ərazisində 100-dən artıq hədəfin vurulduğunu bəyan edib. Əməliyyatda 200 döyüş təyyarəsi iştirak edib. İran ərazisinə təxminən 330 mərmi atılıb.

İranın Qızıl Aypara Cəmiyyətindən ISNA agentliyinə bildiriblər ki, ölkənin şimal, qərb və cənub-qərbində yerləşən 10 vilayətdə azı 60 hədəfə hücum olub. Söhbət Tehran, Şərqi və Qərbi Azərbaycan, İsfahan, İlam, Kirmanşah, Mərkəzi, Həmədan, Xuzistan və Kürdüstan vilayətlərindən gedir.

SAXAL hücum nəticəsində İranın üç yüksək rütbəli hərbçisinin öldürüldüyünü də açıqlayıb. Bunlar İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı və Fövqəladə Hallar üzrə Komandanlığın rəhbəridir. «Tasnim» və IRNA agentliklərinin məlumatına görə, hücum nəticəsində həmçinin tanınmış nüvə fizikləri, o cümlədən İranın Atom Enerjisi Təşkilatının sabiq rəhbəri və İslam Universitetinin prezidenti də həlak olub.

 

Hədəflər və səbəblər

İsrail tərəfi bildirir ki, hədəf İranın hərbi obyektləri, o cümlədən nüvə proqramı ilə bağlı obyektlər, ballistik raket zavodları olub. SAXAL-dan verilən açıqlamaya görə Tehran 15 nüvə bombasının hazırlanmasına imkan verəcək resurslara malik imiş.

Artıq qeyd edildiyi kimi, Nətənzdəki çox əhəmiyyətli nüvə obyektində də bir neçə partlayış baş verib. Bununla əlaqədar olaraq, Tehran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə (MAQATE) bölgədə reaktiv fonun normanı aşmadığını bildirib. Agentliyin rəhbəri Rafael Qrossi İran hökumətinə istinadla deyib ki, əməliyyat zamanı Büşəhr Atom Elektrik Stansiyası, Fordoda yerləşən yanacaq zənginləşdirmə zavodu və İsfahandakı nüvə obyektinə zərər dəyməyib.

İsrailin baş naziri Binyamin Netanyahu əməliyyatda əsas hədəflərdən birinin məhz Nətənzdəki nüvə obyekti olduğunu açıqlayıb.

Xatırladaq ki, hücum İran Prezidenti Məsud Pezeşkianın uranın zənginləşdirilməsindən imtina etməyəcəklərini bəyan etməsindən bir gün sonra baş verib. «Biz yolumuzdan dönməyəcəyik. Zənginləşdirmə prosesi davam edəcək. Biz bundan vaz keçməyi düşünmürük. Zavodlarımızı bombalasalar belə, biliklər yaddaşımızdadır. Nəyi dağıtsalar, yenidən quracağıq», - deyə dövlət başçısı bombardmandan cəmi bir gün əvvəl bildirmişdi.

İranın Atom Enerjisi Təşkilatının nümayəndəsi Bəhruz Kamalvəndi isə demişdi ki, Tehran artıq üçüncü zənginləşdirmə zavodunu işə salır və avadanlıqlarını müasirləşdirərək, altıncı nəsil zənginləşdirmə sentrifuqalarına keçir.

Bunun ardından MAQATE İranın nüvə öhdəliklərinə tam əməl etmədiyini açıqlamışdı.

 

Tehranın reaksiyası

İranın ali dini lideri Əli Xamenei hücuma görə qarşı tərəfi «sərt cəza» ilə hədələyib. Az sonra Tehran İsrail istiqamətində 100-dən artıq pilotsuz uçuş aparatı göndərib. İran Silahlı Qüvvələrinin Baş Qərargahı isə Təl-Əvivi «bütün qırmızə xətləri keçməkdə» ittiham edib: «Qüdsü işğal etmiş terrorçu rejimin bütün qırmızı xətləri keçməsindən sonra cavab üçün hər hansı məhdudiyyət qalmayıb. Allahın qisas əli qəddar terrorçu rejimi və onun tərəfdarlarını yaxalayacaq».

İran hökuməti bəyan edib ki, onlar «İsraili peşman edəcək və yuxusuz qoyacaq» müdafiə, siyasi və hüquqi tədbirlərə başlayırlar. Ölkənin Atom Enerjisi Təşkilatı isə MAQATE-ni günahlandırıb. Qurumda hesab edirlər ki, bu təşkilatın İsrailin nüvə obyektlərinə hücumunu pisləməməsi MAQATE-nin özünü də münaqişə tərəfinə çevirir və onun nüfuzuna zərbə vurur: «Bu hücum MAQATE-nin fiaskosudur. Çünki onun baş direktoru Rafael Qrossi agentliyin nəzarətində olan dinc məqsədli nüvə obyektlərinin təhlükəsizliyinin təmini üçün peşəkar və qərəzsiz davranış sərgiləməyib».

Baş verənlər fonunda İran Xarici İşlər Nazirliyi MAQATE İdarə Heyətinin təcili toplantı çağırmasını tələb edib. Nazirlik BMT Təhlükəsizlik Şurasının İsraili qınamalı olduğunu da bildirib. Nazir Abbas Ərəqçi deyib ki, bu hücuma görə ABŞ da məsuliyyət daşıyır. Lakin Birləşmiş Ştatların Prezidenti Donald Tramp İsrailin planlarından məlumatlı olsa da, ölkəsinin bu əməliyyatlarda iştirak etmədiyini söyləyib. Buna baxmayaraq, İranın XİN başçısı Ərəqçi deyib: «Bu təcavüz ABŞ ilə koordinasiyasız, Vaşinqton «yaşıl işıq» yandırmadan baş tuta bilməzdi. Odur ki, sionist rejimin əsas dəstəkçisi olan ABŞ hökuməti bu təcavüzün təhlükəli nəticələrinə görə məsuliyyət daşıyacaq. BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən İran təcavüzə cavab vermək hüququna malikdir. İran Silahlı Qüvvələri ölkənin suverenliyini var qüvvəsi ilə müdafiə edəcək».

 

Dünyanın əks-sədası

Baş verənlər haqda danışan ABŞ-ın dövlət katibi Marko Rubio Trampın ölkəsinin əməliyyatlarda iştirak etmədiyinə dair fikirlərini təkrarlayıb. O, İsrailin hücumları «təkbaşına həyata keçirdiyini» söyləyərək, bu səbəbdən də qarşı tərəfi regiondakı Amerika hərbçilərini hədəf seçməməyə çağırıb.

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen isə Tehranı ümumiyyətlə, cavab zərbələrindən çəkinməyə səsləyib: «Avropa İttifaqı bütün tərəfləri təmkinli olmağa, vəziyyəti daha da gərginləşdirməməyə,

Cavab tədbirləri görməməyə çağırır». Bu mövqeni Aİ-nin xarici siyasətinə rəhbərlik edən Kaya Kallas da dəstəkləyib.

MAQATE-nin rəhbəri Rafael Qrossi də tərəfləri təmkinli olmağa dəvət edib, nüvə təhlükəsizliyinin təmini üçün regiona mümkün qədər tez bir zamanda yollanmağa hazır olduğunu deyib.

Baş verənlərə Almaniya kansleri Fridrix Merts də münasibət bildirib. Məlum olub ki, İsrailin baş naziri Netanyahu əməliyyat və əməliyyatın məqsədləri haqda kanslerə telefonla məlumat verib. Bundan sonra Almaniya hökuməti iclas da keçirib. «Almaniyada yəhudi və İsrail müəssisələrinin mühafizəsi gücləndiriləcək», - deyə Merts qeyd edib.

Qətər isə tam fərqli mövqedədir. O, İsrailin hücumunu «İranın suverenliyinə və təhlükəsizliyinə kobud müdaxilə» adlandırıb, Təl-Əvivi qəti şəkildə qınayıb. Dohada hesab edirlər ki, bu cür addımlar Yaxın Şərqdə sülh üçün diplomatik səylərə mane olur.

Türkiyənin Xarici İşlər Nazirliyi də hücumu sərt şəkildə pisləyib. O, Təl-Əvivi «təcavüzə dərhal son qoymağa» çağırıb: «Beynəlxalq hüquqa açıq-aşkar zidd olan bu hücum İsrailin regionda vəziyyəti gərginləşdirməyə yönəlmiş siyasətinə xidmət edir. Bu, təxribatdır. İsrail beynəlxalq hüququ pozan bu təcavüzkar hərəkətlərini dərhal dayandırmalıdır. Əks halda baş verənlər daha böyük qarşıdurmalara yol aça bilər».

NATO-nun baş katibi Mark Rütte isə əmindir ki, baş verənlər nüvə savaşına səbəb olmayacaq. «Xeyr, xeyr, biz bu nöqtədə deyilik. NATO üzvləri vəziyyətin daha da gərginləşməməsi üçün artıq tədbirlərə başlayıblar. Bu, israilin birtərəfli addımıdır», - deyə Rütte vurğulayıb.

 

Azərbaycan XİN-i xəbərdarlıq edir

Azərbaycan Xarici İşlər Nazirliyi İsrail-İran qarşıdurması ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir: «İsrail Dövləti tərəfindən İran İslam Respublikasının ərazisinə qarşı həyata keçirilmiş hərbi əməliyyatlardan ciddi şəkildə narahatıq. Vəziyyətin gərginləşdirilməsini qəti şəkildə pisləyərək, tərəfləri mövcud fikir ayrılıqlarını yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq və diplomatik yollarla həll etməyə çağırırıq. Mülki əhalinin və obyektlərin təhlükəsizliyinin təmin edilməsinin vacibliyini xüsusi olaraq vurğulayırıq. Yaxın Şərqdə vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq məqsədilə diplomatik yollarla təmasların və müvafiq beynəlxalq mexanizmlər çərçivəsində səylərin davam etdirilməsi əhəmiyyət kəsb edir».

Bununla yanaşı, nazirlik Azərbaycan vətəndaşlarına zərurət olmadığı halda İsrailə və İrana səyahətdən çəkinmələrini tövsiyə edib. Eyni zamanda, hazırda həmin ölkələrdə olan vətəndaşlara maksimum ehtiyailı olmaları tövsiyə edilib. Nazirlik bildirir ki, hər hansı fövqəladə halda vətəndaşlar Azərbaycanın bu ölkələrdəki səfirliklərinə və ya Təbrizdəki konsulluğa müraciət edə bilərlər.

«Azərbaycan Hava Yolları» isə son hadisələr fonunda bəzi ölkələrin hava limanlarının təhlükəsizlik məqsədilə bağlandığını nəzərə alaraq, bir sıra reysləri ləğv edib – Təl-Əviv, Dubay, Tehran, Lahor, Mumbay və Dammam.

 

Nə qədər lazım gələrsə…

İsrailin baş naziri Binyamin Netanyahu bildirib ki, ölkəsinin Hərbi Hava Qüvvələri İranın nüvə proqramını «qəlbindən vurub». Bununla yanaşı, o, İranın ballistik raket proqramına da ciddi zərbə vurduqlarını söyləyib. Baş nazir «Yüksələn şir» adlandırdıqları hərbi əməliyyatın «nə qədər lazım gələrsə, o qədər» davam edəcəyini də deyib: «İranın bizə zərbə endirməsi üçün hələ də ciddi imkanları var. Odur ki, əməliyyat nə qədər lazımdırsa, o qədər davam edəcək».

İsrail baş nazirinin ofisinin müşaviri Dmitri Hedelman TASS agentliyinə açıqlamasında ölkəsinin tammiqyaslı müharibə də daxil olmaqla, istənilən ssenariyə hazır olduğunu söyləyib: «İsrail hadisələrin istənilən formada inkişafına hazırdır». O, ABŞ Prezidentinin İrana ünvanladığı xəbərdarlığa da münasibət bildirib: «İsrail bütün müttəfiqləri ilə sıx təmasdadır».



MƏSLƏHƏT GÖR:

27