5 Dekabr 2025

Cümə, 10:44

UFC: AZƏRBAYCAN DEBÜTÜ

Bütün ölkə qarşısında 14 min tamaşaçı, 12 döyüş və 3 saatlıq gərgin mübarizə

Müəllif:

01.07.2025

Aylarla gözlənilən intizardan sonra Azərbaycanın paytaxtında ölkə tarixində ilk UFC döyüş gecəsi baş tutub. “UFC Fight Night” brendi altında keçirilən turnir “Baku Crystal Hall” arenasında 14 mindən çox tamaşaçı toplayıb. Ümumilikdə 2 saat 53 dəqiqə 52 saniyə davam edən 12 döyüş baş tutub. Bu Bakı gecəsi UFC tarixində ən uzun gecələrdən biri olub və bu, ona müvafiq reytinqdə 11-ci yeri tutmağa kömək edib.

Tədbirin fəxri qonaqları arasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin direktoru Arzu Əliyeva, Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev və onların ailə üzvləri də olub.

 

Üç döyüşçü və qalib

Azərbaycanı turnirdə üç döyüşçü təmsil edib. Tarixi gecədə ikinci ən vacib döyüş reytinq cədvəlinin 11-cisi olan Rafael Fiziyevlə çilili İqnasio Baxamondes arasında keçirilib və təmilçimiz hakimlərin yekdil qərarı ilə qalibiyyət qazanıb.

Digər azərbaycanlı döyüşçü Nazim Sadıxov isə təcrübəli braziliyalı Nikolas Motta ilə qarşılaşıb və ikinci raundda texniki nokautla qalib gəlib. Bu döyüş “Gecənin performansı” kimi tanınıb və hər iki döyüşçü 100 min ABŞ dolları məbləğində mükafatlara layiq görülüb.

Təəssüf olsun ki, UFC-də debüt edən Tofiq Musayev azarkeşləri sevindirə bilməyib. O, kifayət qədər təcrübəli qırğız Mıktıbek Oralbaya ilk raudda uduzub.

 

“UFC Fight Night”ın əsas kartı

Yarım yüngül çəki: Muhammad Nayimov (12-3-0, Tacikistan) - Boqdan Qrad (15-2-0, Avstriya), Hakimlərin qərarı - 29:28, 29:28, 29:28

Yüngül çəki: Nazim Sadıxov (10-1-1, Azərbaycan) - Nikolas Motta (15-5-0, Braziliya), Texniki nokaut, 2-ci raund

Yüngül çəki: Mıktıbek Orolbay (13-2-1, Qırğızıstan) - Tofiq Musayev (debütant, Azərbaycan), Ağrıdıcı fənd, 1-ci raund

Ağır çəki: Körtis Bleyds (18-5-0, ABŞ) - Rizvan Kuniyev (12-2-1, Rusiya), Hakimlərin qərarı - 29:28, 29:28, 29:28

Yüngül çəki: Rafael Fiziyev (12-4-0, Azərbaycan) - İqnasio Baxamondes (17-5-0, Çili), Hakimlərin qərarı - 30:27, 30:27, 30:27

Yarım ağır çəki: Xalil Rauntri Jr (14-6-0, ABŞ) - Camal Hill (12-3-0, ABŞ), Hakimlərin qərarı - 49:46, 50:45, 50:45

“UFC Fight Night”in əsas döyüşü isə keçmiş yarım ağır çəki çempionu Camal Hillə sabiq kəmər iddiaçısı Xalil Rauntri arasında baş tutub. Görüş Rauntrinin qələbəsi ilə yekunlaşıb.

 

Rezonans və qiymətləndirmələr

Bakıda ilk UFC döyüş gecəsi ölkədə qarışıq təkbətək döyüş növlərinin çoxlu sayda azarkeşi olduğunu göstərib. Lakin əksər azarkeşlərin MMA qaydalarını bilmədiyi hiss olunurdu. Azərbaycana gələn UFC rəhbərliyi və idmançılar göstərilən qonaqpərvərliyi yüksək qiymətləndirməklə təşkilatçılıqdan razı qaldıqlarını söyləyiblər. Mütləq Döyüş Çempionatının (UFC) prezidenti Deyna Uayt Bakıdakı turnirlə bağlı yarışdan sonra baş tutan mətbuat konfransında fikirlərini bölüşüb: “Bakı mükəmməldir. Şəhər çox gözəldir. İnsanlar qonaqpərvərdirlər. Həyat yoldaşımla Bakı barədə danışmışam. Azərbaycandan çox gözəl hisslərlə qayıdacağam. Azərbaycan paytaxtı bizim üçün yeni məkan oldu. Fikrimcə, buradakı yarış xoş məqamlarla yadda qalacaq”. Turnirdə hakimliklə bağlı narazılığa gəlincə, UFC rəhbəri bu barədə açıqlama vermək istəməyib.

 

Döyüşçülərin rəyləri

İlk dəfə UFC gecəsində iştirak edən Tofiq Musayev məğlubiyyətinə sosial mediada yazdığı fikirlərlə şərh verib: “Bu dəfə qələbə qismət olmadı. Bəzən insan çox çalışar, çox inanar, amma həyat bizə fərqli sınaqlar təqdim edər. Bu yol tək gedilmir. Mənimlə gecə-gündüz təlim meydanlarında nəfəs-nəfəsə çalışan komanda yoldaşlarım, hər səhər motivasiya verən məşqçi heyətim - siz mənim üçün sadəcə yoldaş deyilsiniz, bu mübarizənin bir parçasısınız. Və sizin səsiniz… Arenada yüksələn o çağırışlar, adımı səsləyən minlərlə insanın səsi… Sizin dəstəyinizi eşitdim, hiss etdim. Bəzən bir döyüşü uduza bilərik, amma bu sevgini uduzmaq mümkün deyil. Bu, son deyil. Mən geri dönəcəyəm. Daha güclü, daha möhkəm, daha inamlı”.

Xatırladaq ki, Tofiq Musayevin döyüşü baş tutmamaq təhlükəsi ilə üzləşib. Rəqib Tofiq Musayevdən 5 kq ağır olduğu üçün təşkilatçılar görüşü yarışdan çıxarmaq istəyib. Döyüşün baş tutmasını istəyən T.Musayev rəqibin artıq çəkisi ilə razılaşıb və özü çəki qaldırmağa başlayıb.

Bakı turnirində qələbə qazanan Nizami Sadıxov dəstəyə görə azarkeşlərə təşəkkür edib: “Bakıda doğma şəhərdə uduzmaq barədə düşünə bilmərəm. Sizin dəstəyinizlə ancaq qələbə istəyim olub. Günlərlə ağır məşqlər bəhrəsini verdi. Çox sevinirəm ki, Azərbaycanda qələbə qazandım”.

İqnasio Bahamondesə qalib gələrək UFC reytinqində yüksələn Rafael Fiziyev də emosiyalarını bölüşüb: “Azərbaycanda döyüş növləri çox sevilir. UFC gecəsində olan azarkeşlərin dəstəyi bu fikri təsdiqləyir. Bakıdakı azarkeşlərə təşəkkürü qələbə ilə bildirmək istəyim baş tutdu. Hər zaman burada döyüşməyə hazıram”.

Bakıda keçirilən UFC döyüşlərinin ilk gecəsi ölkə və region üçün əlamətdar hadisə olub. Bir çox texniki elementləri, ağrıverici və boğucu texnikaları özündə əks etdirən, təxminən üç saatlıq döyüş marafonu tamaşaçılara həyəcanlı tamaşa bəxş edib və Azərbaycanda UFC-nin böyük potensiala malik olduğunu açıq şəkildə göstərib.



MƏSLƏHƏT GÖR:

131