5 Dekabr 2025

Cümə, 10:03

SÜRƏT VƏ REKORDLAR FORMULASI

2025-ci il Azərbaycan Qran-Prisi haqqında: trek, qaydalar və tamaşa necə dəyişəcək

Müəllif:

15.07.2025

Dünya idmanının ən bahalı və sürətli növü Formula 1 cari il növbəti dəfə Azərbaycan paytaxtının qonağı olacaq. Artıq Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi 2025-ə hazırlıq işlərinə başlanılıb.

 

Daha çox və sürətli

2025-ci ildəki Azərbaycan Qran-Prisində daha çox tamaşaçı olacağı gözlənilir. Belə ki, bu il Bakı Şəhər Halqasında iki əlavə tribunanın quraşdırılması nəzərdə tutulub. Həm yerli, həm də xarici azarkeşlər tərəfindən Azərbaycan Qran-Prisinə artan marağı nəzərə alaraq, infrastrukturun genişlənməsi nəticəsində tribunaların tutumu 1 500 yer artırılaraq 20 000-i keçəcək. Formula 1 Azərbaycan Qran-Prisi 2024-ü dörd gün ərzində tribunalardan canlı olaraq 76 000-dən çox azarkeş izləyib. Bu il izləyici sayının Azərbaycandakı yarışlar üçün rekord rəqəm qeydə alınacağı gözlənilir.

2025-ci ildə Formula 1 yarışının təşkilati işlərinə daha tez başlanılıb. Yeni tribunalar qurulduğu üçün tikinti və quraşdırma işlərinə daha erkəndən start verilib. Bakı Şəhər Halqası ilk gündən quraşdırma işləri zamanı şəhər sakinlərini narahat etməməyə çalışacaqlarını bildirib. Buna görə də işlərin böyük hissəsi gecə saatlarında aparılır.

Bakı trasının hazırlıq və söküntü mərhələsində 2 162 nəfər - mühəndis, montajçı, logist və digər texniki heyət üzvləri çalışır. Yarışdan 1 həftə əvvəl işçi heyətin sayı artırılır və ümumilikdə turnir zamanı 1 500 təşkilatçı əməkdaş, 2 000 könüllü və 1 400 marşal tədbirin uğurlu keçirilməsində iştirak edir. Formula 1 Azərbaycan Qran-Prisinin ilk illərindən fərqli olaraq 2024-cü ildən etibarən təşkilati işlər tamamilə yerli mütəxəssislər tərəfindən həyata keçirilir. Bakı Şəhər Halqasından verilən məlumata görə "Geobrugg" istehsallı yeni baryer sistemləri nəticəsində trasın hazırlanma müddəti 12 həftədən 6 həftəyə endirilib. Bu il bu müddəti daha da tezləşdirməyə çalışacaqlar.

Rəsmi "Formula-1" statistikasına əsasən, ötən il Azərbaycan Qran-Prisini mavi ekrandan 87 milyona yaxın tamaşaçı canlı izləyib. Sosial mediada yarışla bağlı paylaşımlar 3,9 milyard insana çatıb ki, bu da rekord göstəricidir. 2025-ci il Formula 1 Azərbaycan Qran-Prisində izləyici sayında yeni rekord qeydə alınacağı proqnozlaşdırılır.

Bakı Şəhər Halqası bu il də yarış azarkeşlərini əyləncə tədbirləri ilə sevindirməyi planlaşdırır. Bu il 4 günlük bileti olan azarkeşlər yarışları izləməklə yanaşı, konsert proqramlarında da iştirak edə, fan zonalarda əylənə biləcəklər. Yarış həftəsonu zamanı dünyaca məşhur elektron musiqi ulduzları - niderlandlı DJ Martin Qarrix və Londondan DJ Anima Bakıdakı səhnədə çıxış edəcəklər.

 

Tamaşa üçün yeni qaydalar

Beynəlxalq Avtomobil Federasiyası Formula 1 yarışının dünyadakı populyarlığını daim yüksəkdə saxlamaq üçün bu ildən bəzi dəyişikliklərə imza atıb. 2025-ci ildəki ən böyük dəyişikliklərdən biri ən sürətli dövr üçün verilən bonus xalının ləğv edilməsidir. Bu xal 2019-cu ildən etibarən ilk onluqda yarışı tamamlayan sürücülər arasında ən sürətli dövrəni vuran pilota verilirdi. Digər xal sistemi isə dəyişməz olaraq qalırdı. Bu yenilik yarışın sonunu daha maraqlı və dinamik etmək məqsədilə tətbiq olunmuşdu. Lakin zamanla bu qaydanın müəyyən hallarda taktiki üstünlüklərə səbəb olduğu müşahidə edildi. Beynəlxalq Avtomobil Federasiyası - FİA bu qaydanı ləğv edərək xal sistemini daha da sadələşdirdi və diqqətin taktiki manevrlərdən çox, tras üzərindəki real performansa yönəlməsini təmin edib.

Monako yarışları digər ölkələrin turnirlərindən fərqli olaraq nisbətən daha sakit keçir. Bunu dəyişmək üçün 2025-ci ildən yeni qayda təsdiqlənib. Artıq həm quru, həm də yağışlı havada ən azı iki məcburi pit-stop olmalıdır. Quru havada sürücülər ən azı iki fərqli təkər növü işlətməlidir. Bu dəyişiklik 2024-cü il Monako yarışından sonra edilib. Həmin yarışda ilk dövrədəki qırmızı bayraq zamanı bir çox sürücü təkər dəyişib və sona qədər bir daha pit-stop etməlidir. Bu da yarışı çox mübarizəsiz edib. Yeni qaydanın məqsədi strategiyanı artırmaq və yarışı daha maraqlı etməkdir.

FİA təhlükəsizlik və ədalət üçün qaydalarda yenilik edib. Yarış zamanı ciddi zədəsi olan maşının çıxışı təşkilatçılar tərəfindən dərhal dayandırıla bilər. Bu, 2024-cü ildə Serxio Peresin zədəli “Red Bull”u pit-stopa sürməsindən sonra tətbiq edilib. Pit-stopdan təhlükəli çıxış qaydası sərtləşdirilib. Yarış zamanı istənilmədən başqa maşına zərər verə biləcək manevrlər qadağandır.

Ən maraqlı məqam maşınların çəkisi ilə bağlıdır. Maşının minimum çəkisi 798 kq-dan 800 kq-a qaldırılıb. Bu artım sürücünün minimum çəki limitinin 80 kq-dan 82 kq-a qaldırılmasını kompensasiya edir. Bu dəyişiklik daha hündür və ağır sürücülərin çətinliyini azaltmaq üçündür. Bu kiçik dəyişiklik F1-in sürücüləri düşündüyünü göstərir.

 

Avstraliyadan Abu-Dabiyə

Xatırladaq ki, 2025-ci ildə Formula 1 mövsümü mart ayında Avstraliyada başlayıb və dekabrda Abu-Dabidə başa çatacaq. Mövsüm 24 mərhələdən ibarət olacaq və dünyanın müxtəlif qitələrində Asiya, Avropa, Amerika və Okeaniyada keçiriləcək. Sentyabrda Monzada keçiriləcək İtaliya Qran-Prisindən sonra yarış 19–21 sentyabr tarixlərində Bakı şəhərində baş tutacaq Azərbaycan Qran-Prisi ilə davam edəcək.

Oktyabr və noyabr aylarında çempionat Sinqapur, ABŞ (Ostin), Meksika, Braziliya (San-Paulu) və Las-Veqasda təşkil olunacaq yarışlarla həlledici mərhələyə qədəm qoyacaq. Mövsümün son yarışları isə Qətərin Lusail trasında və BƏƏ-nin Yas Marina avtodromunda baş tutacaq. Final yarışı 5–7 dekabr tarixlərində Abu-Dabidə keçiriləcək və dünya çempionunun adı burada bəlli olacaq.


MƏSLƏHƏT GÖR:

150