Müəllif: Nurlanə QULİYEVA Bakı
Azərbaycanın beynəlxalq maliyyə institutları ilə qarşılıqlı münasibətində artıq bir müddətdir ki, "pul marağı"nın olmamasına baxmayaraq, onlarla əməkdaşlıq əvvəlkitək yüksək səviyyədədir. Çünki demək olar ki, bütün beynəlxalq maliyyə təşkilatları ölkələrə "çətin anda dəstək olmaqla", kreditor kimi çıxış etməklə yanaşı, həm də regional maddi və iqtisadi inkişaf siyasətini formalaşdırır, üzv dövlətlər üçün imic katalizatoruna çevrilir.
Azərbaycan beynəlxalq maliyyə təşkilatları ilə demək olar ki, müstəqilliyini bərpa etdiyi ilk dövrlərdən əməkdaşlıq edir. Bu illər ərzində o, özünü etibarlı və vacib tərəfdaş ölkə kimi təsdiqləyib. Qəbul edilmiş qərarların düzgünlüyü isə beynəlxalq maliyyə təşkilatlarının Azərbaycana hörmətini daha da artırıb. Bu, özünü Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Suma ÇAKRABARTİNİN Azərbaycana ikigünlük səfəri zamanı bir daha göstərib.
Aşkar inkişaf
S.Çakrabartinin Bakıya səfəri çərçivəsində keçirilən mətbuat konfransında məlum olub ki, bir sıra digər beynəlxalq təşkilatlar kimi, AYİB də Azərbaycan iqtisadiyyatının son illərdəki inkişaf tempindən heyrətə gəlib. "Azərbaycan iqtisadiyyatı ciddi keçid dövrü yaşayıb və nəticədə ölkədə yoxsulluğun səviyyəsi ciddi şəkildə aşağı salınıb - 2001-ci ildəki 50%-dən bu günkü 6%-ə. Yoxsulluğun azaldılmasındakı bu böyük nəticə bəşəriyyət tarixinin nadir nümunəsidir. Mən Azərbaycan xalqını və rəhbərliyini bu uğur münasibətilə təbrik edirəm", - deyə S.Çakrabarti qeyd edib.
O, Azərbaycanın son 10 ildə əldə etdiyi iqtisadi uğurları xüsusi vurğulayıb: "Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından olan AYİB ölkədə yoxsulluğun azaldılması prosesində müəyyən rol oynaması ilə fəxr edir".
Qeyd edək ki, 20 il ərzində Avrobank Azərbaycana 6,7 milyard avro vəsait ayırıb. 2012-ci ildə 16 layihəni özündə birləşdirən özəl sektora bu qurum tərəfindən 90 milyon avro kredit verilib. "Biz bu il də müsbət nəticələr gözləyirik. İqtisadiyyatın şaxələndirilməsi məsələsində Azərbaycana yardım göstərməyə çalışırıq. Ötənilki nəticələrə əsasən, artıq bu istiqamətdə irəliləyiş müşahidə olunur. İqtisadiyyatın şaxələndirilməsi işində kiçik və orta sahibkarlığın xüsusi əhəmiyyəti var. Biz iqtisadiyyatın diqqətdən kənarda qalmış sahələrinə diqqət yönəltmək fikrindəyik. Aqrar sənaye kompleksi, qadın sahibkarların dəstəklənməsi və s. buraya aiddir. Bundan başqa, kapital bazarının inkişafına da xüsusi diqqət göstərəcəyik", - deyə AYİB prezidenti bildirib.
Çakrabartinin sözlərinə görə, təmsil etdiyi qurumun Azərbaycana iqtisadiyyatın şaxələndirilməsi sahəsində göstərdiyi yardımlar artıq öz nəticələrini verməkdədir: ötən il ölkənin qeyri-neft sektorunun inkişafı 10%-ə çatıb.
Bütün bunlarla yanaşı, əlavə stimullaşdırıcı tədbirlərə də ehtiyac var və bu işdə ən vacibi şəffaflıqdır. "Mən vətəndaş cəmiyyətinin nüma-yəndələri ilə görüşdüm. Onlarda Azərbaycan hökumətinin korrupsiya ilə mübarizə sahəsindəki nailiyyətlərini qeyd etdilər. Bununla yanaşı, korrupsiya ilə mübarizə daha ciddi şəkildə aparılmalıdır", - deyə S.Çakrabarti qeyd edib.
Avropanın aparıcı beynəlxalq maliyyə təşkilatı əlbəttə ki, bu işdə də üzərinə ciddi öhdəliklər götürmüş Azərbaycan hökumətinə kömək etməyə hazırdır. Məqsəd korrupsiya ilə mübarizə indeksində ölkənin öz mövqeyini yaxşılaşdırmasına yardım etməkdir. Bu isə ölkədə biznes mühitinin, investisiya inqliminin yaxşılaşdırılmasına bilavasitə təsirini göstərir.
Prioritetlər müəyyənləşdirilməlidir
Hökumət bu yardımlardan imtina etməyi düşünmür. Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev bildirib ki, Azərbaycanın beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlığında məqsəd yalnız kreditlərin alınması yox, həm də ölkəyə beynəlxalq təcrübənin cəlb olunmasıdır. "Biz yalnız kreditlərin alınmasına çalışsaydıq Azərbaycanın xarici borcunun ÜDM-ə nisbəti belə az olmazdı - 7-8%. Müqayisə üçün qeyd edim ki, Avropanın bir sıra ölkələrində, xüsusilə bir neçə il davam edən böhrandan sonra bu nisbət 80, bəzi ölkələrdə isə hətta 100% və daha çoxdur", - deyə Ş.Mustafayev qeyd edib. Nazirin sözlərinə görə, Azərbaycan hökuməti müxtəlif sahələrdə beynəlxalq təcrübənin qazanılmasında maraqlıdır: "Bu, həm şəffaflığın təmini, həm ölkəyə müasir texnologiyaların cəlbi, həm də əlbəttə ki, sahibkarlığın inkişafı, xüsusilə qadın sahibkaralara dəstək sahəsinə aiddir. Bundan başqa, bizim üçün korporativ idarəçilik sahəsindəki beynəlxalq təcrübə də maraqlıdır". Ş.Mustafayev beynəlxalq təşkilatlarla əməkdaşlığın bir çox sahələri əhatə etdiyini və artıq nəticələr verdiyini söyləyib.
AYİB prezidenti isə rəhbərlik etdiyi qurumun hələ də Azərbaycanı kapial bazarının inkişafı sahəsində prioritet ölkələrdən saydığını söyləyib. Onun sözlərinə görə, AYİB prezidentinin sözlərinə görə, Avropa Bankı Azərbaycanı kapital bazarının inkişafı üçün prioritet ölkələrdən biri sayır və vacib məqsəd kimi milli valyutada qiymətli kağızların buraxılmasını nəzərdən keçirir. Bankda hesab edirlər ki, bu, yerli kiçik və orta sahibkarlığın əlavə vəsaitlə təmin olunmasına kömək edər. Valyuta risklərindən sığortalanmış bu vəsait həmin sektor üçün prinsipial əhəmiyyət daşıyır. "Avropa Bankı artıq Rusiya, Ukrayna və Polşada yerli valyutada qiymətli kağızların buraxılması təcrübəsinə malikdir. Bizim Azərbaycanda təmin olunmamış qiymətli kağızların buraxılması ilə bağlı da məhdud təcrübəmiz var. Amma biz yerli kapital bazarının daha ciddi inkişafında maraqlıyıq. Bununla əlaqədar olaraq, sentyabr-oktyabr aylarında Bakıya EBRD missiyası gələcək. Məqsəd kapital bazarının inkişafı ilə bağlı perspektivlər və əməkdaşlıq istiqamətlərinin müzakirəsidir. Biz bondların buraxılması ilə yanaşı, müxtəlif alətlərin tətbiqinə də hazırıq. Buraya müxtəlif swap-lar da daxildir".
Məlum olub ki, Azərbaycan hökuməti artıq bank rəhbərilə gələcək əməkdaşlıq prioritetlərinə dair bir sıra məqamları razılaşdırıb. Onlardan "Azərbaycan 2020: gələcəyə baxış" konsepsiyasının əsas məqsədlərini nəzərə almaları istənilib.
Qeyd etmək lazımdır ki, AİYB hər zaman Azərbaycana aid olan və ya Bakının təşəbbüsü ilə gerçəkləşdirilən regional layihələrdə də həvəslə iştirak edib. Bu, xüsusilə bankın kommersiya uğuru əldə ediləcəyinə əmin olduğu layihələrə aiddir. İndi AYİB bu seriyanın davamı kimi, Transadriatik (TAR) və Transanadolu qaz kəmərləri (TANAP) layihələrinin maliyyələşdirilməsində iştirak imkanlarını nəzərdən keçirir.
"Bunlar həm Azərbaycan, həm də region üçün çox vacib layihələrdir. Bu layihələr vasitəsilə Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminində vacib rol oynaya bilər. Qərarları qəbul etməzdən əvvəl bir çox məsələlər müzakirə olunmalı, çoxlu iş görülməlidir", - deyə AYİB prezidenti qeyd edib.
Yeri gəlmişkən, AYİB-in Azərbaycanla bağlı planları uzunmüddətlidir. Ən başlıcası isə bank ilə dialoq tərəfdaşlıq səviyyəsində qurulub və bu, hər iki tərəfi qane edir.
Azərbaycanın inkişafının qəbul edildiyini göstərən daha bir fakt S.Çakrabartinin bankın Londonda yerləşən baş ofisində Azərbaycan günlərinin keçirilməsi təklifidir. Ş.Mustafayev isə öz növbəsində AYİB-in növbəti illərdəki növbəti ililk toplantılarından birinin Azərbaycanda təşkil olunmasını təklif edib.
MƏSLƏHƏT GÖR: