UNİVERSİADADA ZƏRİFLİK PARLAYIB
Azərbaycan gimnastları zirvədə, cüdoçular “gümüş” qazanıb, yerdə qalanlar isə fəxri kürsüdən kənarda qalıblar
Müəllif: Sənan ŞƏFİZADƏ
2025-ci ilin daha bir kütləvi yarışlarından birinə yekun vurulub. Almaniyanın Reyn-Rur bölgəsində keçirilən Ümumdünya Universiadasında Azərbaycan komandası yarışı 24-cü yerdə başa vurub.
Gimnastlar ən yaxşılarıdır
Universiadanın yekun nəticələrinə əsasən, Azərbaycan idmançıları 2 qızıl və 2 gümüş medal qazanıblar. 32-ci Ümumdünya Yay Universiadasında gimnastlarımız tarixi uğura imza atıblar. Böyüklərdən ibarət qrup hərəkətləri komandası - Güllü Ağalarzadə, Ləman Əlimuradova, Yelizaveta Luzan, Darya Sorokina, Kamilla Əliyeva çoxnövçülükdə 50.500 xalla qızıl medalın sahibi olublar. Lent ilə proqramda da birinciliyi qoruyan komanda 22.850 xalla yenə kürsünün ilk pilləsində yer alaraq qızıl medala layiq görülüb. Ölkəmizin qrup hərəkətləri komandası üç top və iki halqa ilə proqramda 23.950 xalla ikinci yeri tutub. Ümumilikdə Azərbaycan gimnastları universiadada 2 qızıl və 1 gümüş medalla tarixinin ən yaxşı nəticəsinə imza atıblar.
Təəssüflə qeyd etməliyik ki, gimnastlardan başqa yalnız cüdoda medal qazanmaq imkanı olub. Cüdoçu Elcan Hacıyev (90 kq) finalda məğlub olduğuna görə tələbələrin ən böyük yarışında gümüş medal əldə edib. Digər növlərdə təmsilçilərimiz fəxri kürsüdən kənarda qalıblar.
24-cü yerdə
XXXII Ümumdünya Yay Universiadasının yekun cədvəlində Azərbaycan Kanada, Finlandiya, Portuqaliya, Gürcüstan, Belçika, İsveç, Qazaxıstan və digər ölkələri geridə qoyaraq 24-cü yeri tutub. Medalların sayında Yaponiya birinci (34-21-24), Çin ikinci (30-27-17) olub. İlk üçlüyü ABŞ (28-27-29) tamamlayıb.
Qeyd edək ki, 32-ci dəfə təşkil olunan universiada dünya üzrə tələbə idmançılar arasında təşkil olunan ən böyük beynəlxalq yarışdır. İki ildən bir keçirilən turnirdə təhsilini davam etdirən idmançılar medallar uğrunda mübarizə aparırlar. 2023-cü ildə Çinin Çendu şəhərində baş tutan oyunlarda Azərbaycan komandası 3 gümüş və 6 bürünc medalla 38-ci yeri tutub. Almaniyada 2 qızıl medal qazanan Azərbaycan komandası ötən universiadadakı nəticəsini yaxşılaşdırıb.
Universiadanın ikiqat qalibi, Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandasının üzvü Güllü Ağalarzadə yarışın nəticəsini böyük uğur kimi dəyərləndirib: “Biz çox güclü komandayıq. Bütün yarışlarda yalnız bir məqsədimiz var. O da ölkəmizi beynəlxalq arenada layiqincə təmsil etməkdir. İki qızıl və 1 gümüş medal yaxşı nəticədir. Azərbaycan gimnastikasının gücünü göstərib. Daha yaxşı çıxış edə bilərdik. Bununla belə, qazanılan nəticədən razıyıq. Yayın sonunda bizi daha bir mötəbər yarış gözləyir. Braziliyada bədii gimnastika üzrə dünya çempionatı keçiriləcək. Universiadadan sonra bütün diqqətimiz dünya çempionatına hazırlığa yönələcək”.
Revanşı gözləyərkən
Universiadada gümüş medal qazanan cüdoçu Elcan Hacıyev yarışa tam hazır olmadığına görə finalda məğlub olduğunu etiraf edib. Onun fikrincə həlledici görüşdə məğlubiyyətin səbəbi zəif hazırlığındadır: “Düzünü deyim ki, yarışa tam hazır deyildim. Son aylar cüdo üzrə bir sıra yarışlarda iştirak etdim. Bir ay öncə dünya çempionatında çıxış etdim. Daha sonra İspaniyada bir yarış keçirildi. Çox çəki saldım. Ona görə də final görüşündə yorğunluq var idi. Finaldakı rəqibim cənubi koreyalı Kim Conqhudan növbəti yarışlarda məğlubiyyətin əvəzini çıxmağa çalışacam. Düşünürəm ki, belə gərgin yarışda gümüş medal da yaxşı nəticə hesab olunmalıdır”.
İki ildən sonra növbəti yarış Asiyada təşkil ediləcək 33-cü Ümumdünya Yay Universiadasına Cənubi Koreya ev sahibliyi edəcək. 2027-ci ildə “Səninlə, ürəklə” (“With you, with heart”) şüarı altında təşkil olunacaq yarışa Cənubi Koreyanın 4 şəhəri ev sahibliyi edəcək. 2027-ci il avqustun 1-dən 12-dək Çunqçonq vilayətində keçiriləcək tələbə oyunlarında 18 idman növü (idman gimnastikası və bədii gimnastika, oxatma, avarçəkmə, cüdo, atletika, badminton, basketbol, suya tullanma, qılıncoynatma, üzgüçülük, stolüstü tennis, taekvondo, voleybol, su polosu, çimərlik voleybolu və qolf) üzrə mübarizə baş tutacaq.
MƏSLƏHƏT GÖR:




117

