5 Dekabr 2025

Cümə, 09:01

AVROPA FESTİVALININ ON ÜMİDİ

Azərbaycan komandasının Skopye 2025-dəki çıxışına “medal baxışı”

Müəllif:

01.08.2025

Şimali Makedoniyanın və Xorvatiyanın birgə ev sahibliyi etdiyi Skopye-2025 XVIII Avropa Gənclər Olimpiya Festivalı (Skopje 2025) başa çatıb. Bir həftə ərzində Avropanın 50 ölkəsindən 4 mindən çox idmançı Skopye-2025-də 15 idman növü üzrə mübarizə aparıb.

 

Ümumi komanda hesabında ilk 20-likdə

Bu yarışda Azərbaycan komandası ümumilikdə 10 idman növündə 52 (28 oğlan, 24 qız) idmançı ilə təmsil olunub. İdmançılarımız yarışları 10 (3 qızıl, 3 gümüş, 4 bürünc) medalla başa vurublar.

Komandamıza qızıl medalları cüdoçular Gülşən Hüseynova (-44 kq), Rza Xəlilli (-50 kq) və Rəsul Əlizadə (-55 kq) qazandırıb. Cüdoda Nuranə Hacızadə (-48 kq), Zeyd Ələsgərov (-60 kq) və güllə atıcılığında Leyli Əliyeva – Oleq Kerjankin dueti (10 metr pnevmatik tapança) gümüş medal əldə ediblər. Bürünc medalları isə cüdoçular Aysun Məmmədova (-52 kq), Məhəmməd Ağakişiyev (-73 kq), Sübhan Axundov (+90 kq) və taekvondoçu Yunis Hüseynov (73 kq) qazanıblar.

Azərbaycan komandası bu nəticə ilə ümumi medal sıralamasında 17-ci yeri tutub. Qeyd edək ki, 50 (19 qızıl, 19 gümüş, 12 bürünc) medal qazanan İtaliya komandası festivalın qalibi olub. Fransa 15 qızıl, 18 gümüş, 5 bürünc medalla ikinci olub. Üçüncü pillədə isə aktivində 33 (10 qızıl, 11 gümüş, 12 bürünc) medal olan İspaniya qərarlaşıb. Türkiyə 26 (10 qızıl, 7 gümüş, 9 bürünc) medalla dördüncü, Böyük Britaniya isə 22 (10 qızıl, 7 gümüş, 5 bürünc) medalla beşinci olub. Festivalda 40 ölkənin komandası müxtəlif əyarlı medallar qazanıb. Cəmi 35 ölkə isə festivalda qızıl medal sevinci yaşayıb.

 

Cüdo uğurun flaqmanı kimi

Ötən Avropa Gənclər Olimpiya Festivalında Azərbaycan komandası 9 medala sahib çıxıb. 3 qızıl, 2 gümüş və 4 bürünc medal qazanan gənc idmançıların builki çıxışını qənaətbəxş hesab etmək olar. Eyni zamanda cüdo haqlı olaraq ən müsbət qiymətlərə layiqdir. Son illər Azərbaycan cüdosu həm gənclərdə, həm də böyüklərdə diqqətəlayiq nəticələr əldə edir. Avropa Gənclər Olimpiya Festivalında da 10 medaldan 8-nin cüdoçuların adına yazılması önəmli fakt sayılır. Demək, həmişə olduğu kimi bu dəfə də cüdoçular layiqincə çıxış ediblər.

Gülşən Hüseynova, Rza Xəlilli və Rəsul Əlizadə bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Onun inamlı çıxışı məşqçilər tərəfindən yüksək qiymətləndirilib. Xanım idmançılarla bağlı yaranan problem artıq cüdoda həll olunmaq üzrədir. Digər növlərdən fərqli olaraq qızlarımız cüdodan çəkinmir, əksinə bu idman növünü öyrənməyə can atırlar. Bu mənada Gülşən Hüseynovanın qazandığı qızıl medal önəmlidir. G.Hüseynova 2025-ci ildə uğurlu çıxışını davam etdirəcəyi halda yaxın gələcəkdə özünü böyüklərin yarışlarında sınamaq imkanı qazanacaq.

Rəsul Əlizadə barədə xüsusi danışmağa ehtiyac var. İyunda Şimali Makedoniyada keçirilən gənclərin Avropa çempionatında qızıl medal qazanan R.Əlizadə ölkə cüdosunun gələcək ulduzu hesab edilir. Avropa Gənclər Olimpiya Festivalında da hamıdan güclü olan Rəsul Azərbaycan Cüdo Federasiyasının diqqətindədir. Tatamidə inamlı çıxışı, plastikası və fəndlərin ustalıqla icrası onun əsas üstünlüklərindəndir. Rəsul Əlizadə özünü zədədən qoruya biləcəyi halda gələcəkdə böyük uğurlar qazana bilər.

Eyni sözləri Zeyd Ələsgərov ilə bağlı da söyləmək olar. Yalnız finalda uduzan Zeyd Ələsgərov istedadlı idmançılardan biridir. Gənclər arasında Avropa çempionatında qızıl medal qazanması və ardınca Gənclərin Olimpiya Festivalında ikinci yeri tutması xüsusi vurğulanmalıdır.

 

Narahatlıq səbəbi 

Son illər Azərbaycan taekvondosunda geriləmə müşahidə olunur. Titullu idmançıların vaxtından əvvəl təqaüdə çıxması nəticəsində gənc idmançılar üçün şans yaransa da, onlar bundan yararlana bilmədilər. Taekvondoda qazanılan uğurlar sırf Qasım Maqomedovun “gümüş”ünün ciddi nailiyyət kimi qəbul olunduğu Paris Yay Olimpiya Oyunları ilə bağlıdır. Amma yeniyetmə və gənc taekvondoçuların mötəbər yarışlarda hazırlıqsız olması ciddi müzakirə mövzusu olmalıdır. Şimali Makedoniyada keçirilən festivalda taekvondo komandaya Yunis Hüseynovun gətirdiyi yalnız bir “bürünc”lə yadda qalıb.

Xatırladaq ki, Avropa Gənclərin Olimpiya Festivalı iki ildən bir Avropa Olimpiya Komitəsi tərəfindən təşkil olunur. 2019-cu ildə Azərbaycan təşkil olunan festivalda Avropa Olimpiya Komitəsinə üzv dövlətlər təmsil olunur. Yarışın əsas məqsədi istedadlı idmançıları gənclik dövründən olimpiya ruhunda inkişaf etməsinə dəstək olmaqdır.



MƏSLƏHƏT GÖR:

125