İKİ DƏNİZİN QOYNUNDA
Niyə Fəthiyə haqlı olaraq Türkiyə rivyerasının ən gözəl və nüfuzlu kurortlarından biri hesab olunur?
Müəllif: Elçin HÜSEYNOV, Bakı-Fəthiyə-Bakı
Türkiyə özünün çoxsaylı dəniz kurortları ilə hər zaman dəbdədir. Lakin bu dəfə biz hamımızın tanıdığı və dəfələrlə istirahət etdiyimiz Türkiyəyə deyil, başqa bir yerə gedəcəyik. Son vaxtlar getdikcə daha çox səyyah Antalya və ya Bodrum kimi izdihamlı kurortlarda ənənəvi “hər şey daxil” formatından uzaqlaşır. Bu gün bir çoxları canlı təbiəti, autentik küçələri, sakit körfəzləri və cənub sahilinin həzin ritmini seçir. Və buna görə də, bəlkə də sizin seçiminiz məhz Fəthiyə olacaq.
İki dənizin kəsişməsi
Fəthiyə sadəcə bir kurort deyil. Bu, Egey və Aralıq dənizlərinin görüşdüyü, heyrətamiz iqlim balansı yaradan bir yerdir. Burada Antalyadakı kimi boğucu rütubət yoxdur və İzmirdəki qədər küləkli deyil. Artıq mayda su isti, hava isə məxmər kimidir. Noyabr ayına qədər çimmək mümkündür və günəşli günlər hələ də çoxdur. Bununla belə, ziyarət üçün ən yaxşı vaxt hələ də may-iyun və sentyabr-oktyabr ayları hesab olunur. Bu bölgəyə ən çox turist Böyük Britaniya, Almaniya, Niderland, Polşa və s. kimi Avropa ölkələrindən gəlir.
Buraya uçmaq çox asandır: Dalamana birbaşa uçuşlar, cəmi bir saatlıq transfer və siz portağal ağacları, dağ zirvələri və mavi körfəzlər arasında olursunuz.
Fəthiyə yeni və köhnənin qəribə qarışığıdır. Köhnə şəhərin dar küçələri hələ də pişiklərlə, ədviyyat və qızardılmış balıq qoxuları ilə doludur. İddialı şefi olan kafe, elə yanında nənənin sizin gözünüzün qarşısında sıxdığı nar və ya portağal şirəsi satdığı dükanla qonşu ola bilər.
Sahil boyunca axşamlar qayıqlar səs salır və canlı musiqi səslənir. Burada turist konveyeri deyil, sanki səyahətçilər, rəssamlar, yerli sakinlərin və buraya gələrək burada qalan insanların kiçik icması var. Və təəccüblü deyil – Fəthiyəyə asanlıqla aşiq olmaq mümkündür.
Laqunlardan dağ zirvələrinə
Müasir Fəthiyə Likiya sivilizasiyasının əsas şəhəri olan qədim Telmessosun yerində yerləşir. Əsas tarixi görməli yer - e.ə. IV əsrə aid qayalarda oyulmuş likiya məzarlarıdır. Telmessosun qədim teatrı da az maraqlı deyil, burada yay aylarında açıq havada axşam tamaşaları keçirilir.
Fəthiyədən cəmi 8 kilometr məsafədə yerləşən və XX əsrin əvvəllərinin atmosferini qoruyub saxlayan “ruhlar şəhər”i - Kayaköy isə unikal tarixi abidədir. 1920-ci ildə yunan-türk müharibəsindən sonra sakinləri evlərini tərk etməyə məcbur olub və o vaxtdan şəhər tərk edilmiş vəziyyətdə qalıb. Bu gün Kayaköy açıq səma altında bir muzeydir, burada təxminən 500 dağılmış ev, mozaika və freskalarla bəzədilmiş iki yunan məbədi görmək, həmçinin keçən əsrin atmosferini hiss etmək mümkündür. Fəthiyədən buraya “dolmuş”la (yerli marşrut taksisi) getmək olar, bu taksilər avtovağzaldan hər yarım saatda bir səhər 7:00-dan 22:00-a qədər yola düşür. Həmçinin kanat yolu ilə dörd saatlıq ekskursiya da var (təxminən 40 avro).
Dəniz ekskursiyaları Fəthiyədə əsas əyləncələrdən biridir. “12 ada” turu xüsusilə populyardır, bu tura gözəl körfəzlərdə çimmək, yaxtada nahar və əfsanəyə görə kraliçanın istirahət etməyi sevdiyi Kleopatra adasına səfər daxildir. Bu populyar tur bu il əlavə dayanacaqları da əhatə edir və təxminən 35 avroya başa gəlir.
Başqa bir maraqlı marşrut su altında qalmış Kekova şəhərinə aparır - qədim zəlzələdən sonra antik Dolixistenin bir hissəsi suyun altında qalıb və indi şəffaf dəniz səthi vasitəsilə qədim küçələri, evlərin xarabalıqlarını və hətta daş pilləkənləri görmək mümkündür. Göyərtəsi şüşədən olan qayıqla Kekova xarabalıqlarına adi gündəlik ekskursiya naharlı 1500 lirəyə başa gələcək.
Kəpənəklər vadisi (“Kelebekler vadisi”) öz əsrarəngiz gözəlliyini qoruyub saxlayıb. Ziyarət hələ də pulsuzdur, qayıq keçidi isə hər iki istiqamətdə 200 lirəyə başa gələcək. Lakin siz buranı bir sıra digər dəniz ekskursiyaları çərçivəsində də ziyarət edə bilərsiniz.
Siz, həmçinin Tısbağa adasını da ziyarət edə bilərsiniz - çimərlik, palçıq vannaları və naharla. Təşkil olunmuş tur şəklində belə bir zövq orta hesabla 45 avroya başa gələcək.
Saklıkent kanyonu – Fəthiyədən cəmi 50 kilometr məsafədə yerləşən Türkiyənin ən təsirli təbiət möcüzələrindən biridir. Onun uzunluğu 18 kilometr, dərinliyi isə 300 metrə çatır ki, bu da onu Avropanın ən dərin kanyonlarından biri edir. Kanyonda Eşen çayı axır, onun suyu hətta yayın istisində belə soyuq qalır və piyada gəzintilər və raftinq üçün unikal şərait yaradır. Kanyon 1980-ci illərdə keçisini axtaran bir çoban tərəfindən kəşf edilib və o vaxtdan bəri populyar turist istiqamətinə çevrilib. Naharın daxil olduğu Saklıkent turu 35-40 avroya başa gələcək, lakin tur zamanı digər variantlar üçün əlavə ödəniş etmək lazım olacaq.
Fəthiyənin ən məşhur turizm obyekti, adətən, bu kurortun reklam lövhələrində gördüyünüz yer, əlbəttə ki, Ölü dənizdir.
Ölü dəniz - sahilin mavi ürəyi
Türkiyənin Ölü dənizi və ya Mavi laqun kimi tanınan Ölü dəniz Laqunu regionun əsas təbii cazibəsi olaraq qalır.
Onu sözlərlə təsvir etmək çətindir. Bu yer Fəthiyənin mərkəzindən 13 kilometr məsafədə yerləşir. Bəlkə də 2025-ci ildə belə, süni intellekt istənilən mürəkkəblikdə mənzərələr yaratsa da, təbiətin burada yaratdığını üstələyə bilməz.
Mavi laqun qorunan ərazidir, giriş üçün rəmzi olaraq 150 lirə ödəmək lazımdır. Şüşə kimi şəffaf su, ağappaq qum, evkalipt meşələri və güzgü kimi səthdə əks olunan dağlar. Buraya sadəcə çimərlik üçün deyil - meditasiya etmək, sevmək, evlilik təklifi etmək, dronlar uçurmaq, günəş doğuşunu “tutmaq” üçün gəlirlər. Təsadüfi deyil ki, yerli suların təmizliyi beynəlxalq sertifikatla – “Mavi bayraq”la qeyd olunub.
Buraya çatmaq asandır: Fəthiyənin mərkəzində marşruta (dolmuş) minmək lazımdır və 30 dəqiqədən sonra artıq şam meşələri arasında serpantinli yolda olacaqsınız. Yolboyu ev yeməkləri olan ev tavernaları, skuter kirayəsi, ucuz hotellər və ingilis dilində karaoke barları olan rahat Ovacık və Hisarönü kəndləri olacaq. Daha sonra isə dağ yolu ilə sahilə eniş.
Əgər çətinlik çəkmək istəmirsinizsə, turizm agentliklərində 40 avroya Ölü dəniz və məsələn, Kəpənəklər vadisi üçün kombinə edilmiş tur ala bilərsiniz. Avtobus sizi birbaşa hotelinizin qarşısından götürəcək və tur bitdikdən sonra yenə ora qaytaracaq.
Ölü dəniz həm də paraplançılar üçün Məkkədir. Bu il burada paraqlaydinq həqiqi bum yaşayır. Babadağ dağında (hündürlüyü təxminən 2000 m) yeni start meydançası tikilib, infrastruktur yenilənib, təhlükəsizlik kameraları əlavə olunub. Əgər əvvəllər paraplanla tullanmaq ekstremal idisə, indi “ilin təəssüratları” siyahısında dəbli bənddir. Uçuş zamanı laquna və hündürlükdən sonsuz görünən dənizə möhtəşəm mənzərə açılır. Aşağıda - firuzəyi səthi, yanınızda - qağayılar, içinizdə isə mütləq azadlıq hissi. Bu cür təşkil olunmuş turlar 60-120 avroya (proqramdan asılı olaraq) başa gələcək.
Harada qalmalı və nə dadmalı
Fəthiyədə hər zövqə uyğun yaşayış yeri tapmaq mümkündür: dəbli butik hotellərdən tutmuş “Airbnb”də (onlayn kirayə platforması) rahat mənzillərə qədər. Son iki-üç ildə burada yaşayış qiymətləri orta hesabla 30-40 faiz artıb, lakin yenə də onları nisbətən münasib hesab etmək olar. Ən sadə pansionatları (otaq üçün 40-50 avro) nəzərə almasaq, ümumiyyətlə, yaxşı 3 ulduzlu hoteldə otaq 70-90 avro təşkil edir. Lüks hotellərdə isə 150 avrodan başlayır.
Nəzərə alın ki, Ölü dənizdə dəniz mənzərəli şam ağaclarının kölgəsində gözəl istirahət edə biləcəyiniz eko-qlempinqlər və kempinqlər aktiv şəkildə inkişaf edir.
Fəthiyədə qida qiymətləri çox dəyişməyib, baxmayaraq ki, onlar daim artır. Ənənəvi gözləmə (qutab) indi 60-80, dönərlər - 200-250, ən sadə kafedə Fəthiyə köftəsinin porsiyası isə 250-350 lirədir. Kafedə iki nəfərlik türk səhər yeməyi 20-25 avroya, dəniz kənarında restoranda minimum şam yeməyi və ya nahar (balıq, salatlar, şərab) 60-80 avroya başa gələcək.
Liman yanındakı balıq restoranlarında qiymətlər daha çox artıb: qrildə çupra (dorado balığı) - 600 lirədən, kalmar - 450 lirə. Bir neçə yeni qastronom müəssisəsi açılıb, o cümlədən “Michelin” ulduzu almış “Mavi Fener” restoranı, burada dequstasiya menyusu 8000 (!) lirədən başlayır.
Yerli restoranlar yaradıcılıq baxımından rəqabət aparırlar: türk səhər yeməkləri qastronomiya sənətinə çevrilir, balıq isə elə buradaca, açıq odda bişirilir. Hər şeyi dadmağa dəyər: qəlyanaltı (məzə), lahmacun, sarımsaq sousunda midiyalar, püstə ilə paxlava və əlbəttə ki, ayran.
Ölü dənizin üç ritmi
Əgər Fəthiyəyə səyahət planlaşdırırsınızsa, büdcəniz istirahət tərzinizdən asılı olaraq çox fərqlənə bilər. İstiqamət götürə biləcəyiniz üç əsas istirahət modeli var.
Minimal büdcə yüngül səyahət edən, rahatlıq axtarmayan, sadə hostel və ya qonaq evində qalmağa, küçə yeməkləri ilə qidalanmağa və günlərini ictimai çimərlikdə keçirməyə hazır olanlara uyğundur. Belə səyahətçilər, bir qayda olaraq, bahalı ekskursiyalardan yan keçir, piyada gəzintiləri ilə kifayətlənir, dolmuşlardan istifadə edir və milli parka yalnız ara-sıra gedirlər. Belə bir tempdə bir həftə ərzində adam başına 400-550 avro ilə kifayətlənmək olar. Bu, dəniz mənzərəli, şam ağacları altında axşam çay içməyi və səhərlər laquna getməyi əhatə edən tələsmədən, sakit bir istirahət olacaq - heç bir artıq şey olmadan.
Əgər bir az daha çox rahatlıq istəyirsinizsə, kondisionerli geniş otaq, hoteldə səhər yeməkləri, normal kafelərdə nahar və azı bir-iki paraqlaydinq və ya qayıq gəzintisi kimi parlaq təəssürat üçün orta büdcə nəzərdə tutmalısınız. Bu halda, Fəthiyədə bir həftəlik istirahət adam başına təxminən 900-1200 avroya başa gələcək. Hovuzlu rahat bir hoteldə qala, qonşu kəndlərə getmək üçün skuter icarəyə götürə, çimərlikdə çarpayı ala və dəniz kənarında şam yeməyi sifariş edərkən hər lirəni saymaya bilərsiniz.
Əgər siz sadəcə dincəlmək deyil, özünüzə hədiyyə etmək istəyirsinizsə - laquna mənzərəli villa, canlı musiqili restoranlar, şəxsi yaxtalar, səhər paraqlaydinqindən sonra rahatlaşdırıcı masaj - onda dəb elementləri olan bir tətil seçməlisiniz. Belə bir istirahət - həftəlik 4000 avrodan başlayır və daha yuxarı. Burada təkcə harada gecələdiyiniz deyil, həm də hər gününüzü necə keçirdiyiniz vacibdir. Firuzəyi səthi seyr edərək səhər yeməyi, çimərlik transferi təlaşsız, hovuz kənarında kokteyl, şam işığında şam yeməyi - və bütün bunlar yüngül tempdə, kompromissiz.
Bu ssenarilərın hər birində Fəthiyə özü olaraq qalacaq - sakit, təmiz, günəş işığı ilə zəngin. Sual yalnız onu hansı ritmdə yaşamaq istədiyinizdir.
Dəniz kənarında əbədi şəhər
Fəthiyə 2025-ci ildə populyarlığının artmasına baxmayaraq, öz autentikliyini qoruyub saxlayıb. Bu kurort təkcə çimərlik istirahəti deyil, həm də antik xarabalıqlardan müasir spa komplekslərinə qədər həqiqi zaman səyahəti axtaranlar üçün ideal yer olacaq. Qiymətlər əvvəlki illərlə müqayisədə nəzərəçarpacaq dərəcədə artsa da, Fəthiyə hələ də, xüsusilə Aralıq dənizinin daha məşhur kurortları ilə müqayisədə, yaxşı qiymət və keyfiyyət nisbəti təklif edir.
MƏSLƏHƏT GÖR:









135

