ÇENDU-2025: BEŞ “GÜMÜŞ” HEKAYƏ
Azərbaycan idmançıları dünyanı təəccübləndiriblər: gimnastlar, karateçilər və kikboksçular qeyri-olimpiya növlərinin əsas qəhrəmanlarına çevriliblər
Müəllif: Xosrov NADİROĞLU
Çinin Çendu şəhərində 12-ci Dünya Oyunları uğurla sona çatıb. Avqustun 7-17-də baş tutan yarışda Azərbaycan - akrobatika gimnastikası, aerobika gimnastikası, tamblinq, karate, uşu, kikboksinq, taekvondo idman növlərində 14 idmançı (11 kişi, 3 qadın) ilə təmsil olunub.
Qeyd edək ki, sayca 12-ci dəfə təşkil olunan yarışın əsas məqsədi Olimpiya Oyunlarına daxil olmayan idman növlərini təbliğ və inkişaf etdirməkdir. Olimpiya Oyunlarında olduğu kimi Dünya Oyunlarında da istənilən idmançı mübarizəyə qoşula bilməz. İdmançılar təsnifat turnirlərində özünü sübut edərək oyunlarda iştiraka lisenziya qazanmalıdır. 1981-ci ildən keçirilən Dünya Oyunları dörd ildə bir dəfə təşkil olunur. Yarış Beynəlxalq Ümumdünya Oyunlar Assosiasiyası tərəfindən Milli Olimpiya Komitəsinin dəstəyi ilə reallaşır.
Mükafatların sayına görə
Çenduda keçirilən 12-ci Dünya Oyunlarında Azərbaycan komandası 5 gümüş medal qazanıb. Karateçi İrina Zaretska ( 68 kq), kikboksçu Amin Quliyev (63,5 kq), Murad Rəfiyev-Daniyel Abbasov cütlüyü (akrobatika gimnastikası), Tofiq Əliyev (tamblinq) və Mədinə Mustafayeva-Vladimir Dolmatov dueti (aerobika gimnastikası) fəxri kürsüdə ikinci yerə yüksəlib.
Pandemiyaya görə 2022-ci ildə baş tutan ötən oyunlarda Azərbaycan komandası vətənə 2 medalla qayıtmışdı. Amma həmin turnirdə mükafatlardan biri qızıl idi. Həmin yarışda kikboksçu Bəhram Rəcəbzadə qızıl medal qazanmaqla ölkəmizin aktivinə ən yüksək mükafatı yazdırmışdı. Birmingem şəhərində keçirilən həmin oyunlarda Azərbaycan komandası 99 ölkə arasında 45-ci yeri tutmuşdu.
Çindəki yarışda Azərbaycan nümayəndə heyəti 56-cı yerdə qərarlaşıb. Bununla belə mükafat sayına görə Çendudakı yarışlar ən yaxşı nəticə kimi tarixə düşüb. İndiyə qədər heç vaxt oyunlarda 5 mükafatımız olmayıb. Çində xüsusilə fərqlənən gimnastları qeyd etmək lazımdır. Dünya və Avropa çempionu Mixail Malkinin əvəzinə son anda yarışa yollanan Tofiq Əliyev mükəmməl çıxışla dünyanın diqqətini cəlb edib. Tamblinq üzrə təmsilçimiz yarışda yeni hərəkət göstərməklə tarixi nailiyyətə imza atıb. Gimnastımız tamblinq cığırında çətin element olan üçlü salto və üçlü vint kombinasiyasını uğurla icra edərək 30.500 xal toplayıb və gümüş medala layiq görülüb. Bu çətin kompozisiya ilk dəfə Tofiq Əliyev tərəfindən nümayiş etdirildiyinə görə gələcəkdə elementin onun adı ilə adlandırılacağı gözlənilir.
Akrobatika gimnastikası üzrə kişi cütlüyümüz – Murad Rəfiyev və Daniel Abbasov qarışıq hərəkətlər proqramında 28.730 xal toplamaqla ikinci olub. Aerobika gimnastikası üzrə dünya çempionları, qarışıq cütlük Mədinə Mustafayeva və Vladimir Dolmatov da 19.750 xalla gümüş medalın sahibi olub. Hər iki növdə gimnastlara qızıl medal qazanmaq üçün cüzi xal çatmayıb. Kikboksçu Amin Quliyev finalda ukraynalı idmançı Qleb Mazura uduzaraq ikinciliklə kifayətlənib. Taekvondo yarışlarında İrina Zaretskayanın gümüş medalı müsbət nəticə kimi qəbul edilməlidir. Uzun müddət tatamidən kənarda qalan olimpiya mükafatçısı Çindəki mükafatla özünəinamı geri qaytarıb. Həlledici görüşdə üçqat dünya və Avropa çempionu İrina Zaretska İsveçrə təmsilçisi Yelena Quriçiyə uduzmaqla gümüş medalla kifayətlənib.
Hər kəsdən gizli məşqlər
“Region plus” jurnalına müsahibəsində İrina Zaretska artıq böyük idmana qayıtmasından danışıb: “Uşağım dünyaya gələndən sonra belə böyük turnirdə qazandığım ilk medaldır. Əlbəttə, keçdiyim yol və gördüyüm işlərlə bağlı böyük qürur hissi keçirirəm. Yenidən dünya reytinqində ön sıralardayam. Dünya Oyunlarındakı çıxışıma görə sevinməmək mümkün deyil. Yarışda asan döyüş yox idi, çünki bütün rəqiblər karate üzrə dünya elitasına daxildir. Ümumiyyətlə, bu yarışa düşmək üçün xüsusi lisenziya qazanmaq lazım idi. Hər çəki dərəcəsində dünyanın ən yaxşı səkkiz idmançısı iştirak edirdi. Ən çox yadda qalan iki döyüşüm olub: 10:0 hesabı ilə qalib gəldiyim indoneziyalı rəqibimlə qarşılaşma və yarımfinalda yaponiyalı karateçi ilə döyüş. Həmin qarşılaşma vaxtından əvvəl 11:3 hesabı ilə başa çatdı. Yeri gəlmişkən, həmin indoneziyalı idmançı ilə 2023-cü il dünya çempionatında da qarşılaşmışdım – onda 5:5 hesabı ilə qalib gəlmişdim (son xalı qazanmaqla), indi isə 10:0. Bu, həqiqətən də, motivasiya verir. Demək ki, düzgün yoldayam”.
Dünya Oyunlarının gümüş medalçısı Mədinə Mustafayeva da təəssüratlarını bölüşüb: “Yarışdan öncə əsas məqsəd oyunlarda medal qazanmaq idi. Dünya çempionatında gümüş medal qazanandan sonra Çində də mükafatçılar sırasında olacağımıza inanırdıq. Fikrimcə, çox yaxşı çıxış etdik. Vladimir Dolmatovla duetimiz bu dəfə də ölkəmizə medal qazandırdı. Qızıl medala bir qədər xal fərqi çatmadı. Növbəti yarışımız Azərbaycanda olacaq. Gəncədə ilk dəfə keçiriləcək Avropa çempionatında iştirak edəcəyik. Məqsədimiz çempion olmaqdır. Bunun üçün noyabra qədər bir sıra turnirlərdə iştirak etməyi planlaşdırırıq”.
30.500 xal toplayan və özünəməxsus kombinasiya ilə hakimləri heyran edən Tofiq Əliyev “Region plus”a eksklüziv müsahibəsində bu elementin necə yaranmasından danışıb: “Yarışdan əvvəl yuxuda görmüşdüm ki, belə bir çətin hərəkəti edirəm. Sonra məşqçi ilə danışaraq heç kimə demədən hazırlığa başladım. Hətta milli komandadakı yoldaşlarıma da bu barədə məlumat vermədim. Nəhayət, hərəkətin icrasından sonra zalda hamı heyran qaldı. Çətin kompozisiyanı ilk dəfə yerinə yetirdiyimə görə qürurluyam. Sonradan məlumat verildi ki, bu hərəkət gələcəkdə mənim adımla adlandırıla bilər”.
MƏSLƏHƏT GÖR:



106

