“QARABAĞ” AVROPA ELİTASINA QAYIDIR
8 ildən sonra yenidən Çempionlar Liqasında
Müəllif: Sənan ŞƏFİZADƏ
Azərbaycan idmanında yenidən “Qarabağ” rüzgarı əsir. Avqustun 27-də Ağdam klubunun əzmkar qələbəsi sayəsində yerli futbol tarixində yeni səhifə açılıb. Qurban Qurbanovun komandası 8 ildən sonra yenidən qitənin ən nüfuzlu klub turnirinə - Çempionlar Liqasına vəsiqə qazanıb.
Çempionlar Liqası Avropanın ən nüfuzlu klub turniri kimi tanınır. Burada aparıcı futbol ölkələrindən 4-5 komanda, reytinqi aşağı olan ölkələrdən isə yalnız çempionlar iştirak edir. “Real”, “Barselona” və “Liverpul” kimi futbol nəhəngləri turnirə nüfuz qazandırır. Bundan əlavə, Çempionlar Liqasında hər oyun iştirakçılara əhəmiyyətli pul mükafatı gətirir. Ağdam klubunun Çempionlar Liqasında təmsil olunması Azərbaycan idmanının nüfuzunu xeyli artırır: axı iştirakçı ölkələr dünya mediasının diqqət mərkəzindədir və televiziya verilişləri sayəsində Bakıdakı matçlar 100-dən çox ölkədə izləniləcək.
Uğura aparan yol
Qurban Qurbanovun komandası 2024/2025 mövsümündə Azərbaycan çempionu olmaqla Çempionlar Liqasının təsnifat mərhələsində iştirak hüququ qazanıb. Əvvəlki illərdə uğurlu çıxışa görə “Qarabağ” ilk təsnifat mərhələsindən azad olub. İlk matçını ikinci mərhələdə keçirən Ağdam klubu İrlandiyanın “Şelburn” komandasını üstələdi. Səfərdə 3-0 hesablı qələbədən sonra “Qarabağ” Bakıda 1 qolla üstün olub və adını üçüncü təsnifat mərhələsinə yazdırıb. Növbəti rəqib Şimali Makedoniyanın “Şkendiya” komandası olub. Q.Qurbanovun komandası yenə hər iki görüşdə qalib gəlib. Əvvəlcə səfərdə 1-0, ardınca Bakıda 5-1 hesabı ilə “Şkendiya”nı məğlub edən “Qarabağ” pley-offa yüksəlib. Çempionlar Liqasının Liqa mərhələsindən Azərbaycan çempionunu bir addım ayırırdı. Bunun üçün Ağdam klubu Macarıstanın “Ferentsvaroş” klubunu məğlub etməli idi. Etiraf edək ki, cari avrokubok mövsümündə “Qarabağ” üçün macarlar ilk ciddi rəqib olub. Heyətində kifayət qədər səviyyəli və bahalı futbolçular olan Budapeşt kollektivi Macarıstanın tarixi komandalarından biri olmaqla diqqəti cəlb edir.
Xatırladaq ki, iki il əvvəl “Qarabağ” “Ferensvaroş”u məğlub etməyi bacarsa da, bu il rəqib daha yaxşı heyətə malik idi. Rəqibin düzgün təhlili yekunda tarixi nəticə ilə yekunlaşıb. Budapeştdəki ilk matçda rəqibin səhvlərindən düzgün yararlanan “Qarabağ” 3-1 hesablı önəmli qələbə qazanıb. Bakıya cavab oyununa qəzəbli yollanan macarlar ilk məğlubiyyətin əvəzini çıxmağa hazır olduqlarını bildirməklə arxayınlığını nümayiş etdirdi. Amma sonda sevinən yenə Ağdam klubu oldu. Tofiq Bəhramov adına stadionda “Ferensvaroş” 3-2 hesablı qələbə qazansa da, ürəkdən sevinə bilmədi. İki oyunun yekun nəticəsinə əsasən “Qarabağ” 5-4 hesablı qələbə ilə tarixində ikinci dəfə Çempionlar Liqasının əsas mərhələsinə yüksəlib.
Təsnifat mərhələsində ən uğurlu dövr
Yayın ilk günündən media və mütəxəssislər “Qarabağ”a yeni hücumçu lazım olduğunu söyləsə də, transfer müxtəlif səbəblərə görə alınmayıb. Əvəzində Qurban Qurbanovun komandası illərlə formalaşan heyətlə əsas hədəfə nail olub. UEFA-nın rəsmi statistikasına əsasən “Qarabağ” təsnifat mərhələsində ən çox qələbə qazanan komandadır – 6 oyunda 5 qələbə. Ağdam klubu həm də bombardirlikdə liderliyə yüksəlib: 6 oyunda 15 qolla ən çox qol vuran komanda. Rəqib qapılarına ən çox zərbə endirən ikinci komanda (91 zərbə) olan “Qarabağ” topa nəzarət üzrə 3-cü yerdədir (85%).
Uğurun əsas amili sabitlikdir: klub rəhbərliyi məşqçiyə güvənib, onun işinə mane olmayıb. Qurban Qurbanov təcrübə qazandı, tanınmış mütəxəssis oldu, komandada nizam-intizam, peşəkarlıq, ədalətli əməkhaqqı sistemi hökm sürür.
Eyni zamanda cari avrokubok mövsümündə əsas fiqura çevrilən futbolçuları qeyd etməmək mümkün deyil. Ağdam klubunda Kevin Medina, Abdullah Zubirin oyunun əsas sütunu olduğunu qeyd etməliyik. Marko Yankoviç isə sözün əsl mənasında rəqiblərin qorxulu yuxusuna çevrilib. “Qarabağ”da liderə çevrilən, pley-offda hər iki matçda əla çıxış edən qapıçı Mateuş Koxalskinin adını çəkmək mütləqdir. Tamamilə mümkündür ki, Çempionlar Liqasının qrup mərhələsində Yankoviç və Koxalski Avropa klublarının marağına səbəb olsun və komandaya sərfəli transfer təklifləri gəlsin.
Qələbənin əks-sədası
Azərbaycan Prezidenti İlham Əliyev Ağdam təmsilçisini Çempionlar Liqasının Liqa mərhələsinə yüksəlməsi münasibətilə təbrik edib. Dövlət başçısı “X” hesabındakı paylaşımında bunları yazıb: “Azərbaycanın “Qarabağ” klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanaraq futbol tariximizdə yeni bir səhifə yazdı! “Qarabağ” klubunun bütün komanda heyətini və azarkeşləri təbrik edirəm!”.
“Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov isə Prezident İlham Əliyevin təbrikinə belə reaksiya verib: “Cənab Prezident də bizi rəsmi təbrik edib. Mən də onu təbrik etmək istəyirəm. Neçə ildir bizim kimi o da Azərbaycanın “Qarabağ”ını burda, belə bir böyük turnirdə görmək istəyirdi. Başda cənab Prezident olmaqla, bütün ailəsini təbrik edirəm. Həqiqətən, bir daha göstərdi ki, gözü bizim üzərimizdədir. Məsuliyyətimiz daha da artdı”.
Təcrübəli mütəxəssis Liqa mərhələsinə yollandıqları üçün hədsiz sevincli olduqlarını söyləyib: “Gərgin oyuna şahidlik etdik. Futbolçuları böyük nailiyyət münasibətilə təbrik edirəm. Sanki çoxdandır stadionda bu cür atmosferə şahidlik etmirdim. Bu qalibiyyəti ən çox azarkeşlərimiz haqq edirdilər”.
Baş məşqçi “Qarabağ” futbolçularının oyundan öncə gərgin olduqlarını vurğulayıb: “Son 3 gün idi ki, futbolçuların yanında idim. Onların necə gərgin olduqlarını hiss edirdim. Hətta futbolçularıma soyuqqanlı olmağı tapşırmışdım. Baxmayaraq ki, mənim özümdə də gərginlik hiss olunurdu. Şükürlər olsun ki, onlar şirin məğlubiyyət aldılar. Onların hər birini bağrıma basıram. Futbolçularımız Liqa mərhələsində oynamağı tam haqq edirdilər”.
Böyük pul mükafatı
Monakoda Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimi keçirilib. 4 səbətə bölünən 36 komanda arasında "Qarabağ" ən aşağı reytinqlə dördüncü olub. Hər komanda təsadüfi olaraq səkkiz rəqibdən ibarət bir qrup təyin edildi. Ağdam klubu aşağıdakı oyunları keçirəcək:
Evdə: “Çelsi” (İngiltərə), “Ayntraxt” (Almaniya), “Ayaks” (Niderland), “Kopenhagen” (Danimarka).
Səfərdə: “Liverpul” (İngiltərə), “Benfika” (Portuqaliya), “Napoli” (İtaliya), “Atletik” (İspaniya).
İlk turun oyunları sentyabrın 16-18-də keçiriləcək.
Yeri gəlmişkən, Azərbaycan çempionu cari mövsüm rekord məbləğ qazanıb. UEFA-nın məlumatına əsasən Çempionlar Liqasının əsas mərhələsinə yüksələn “Qarabağ” 18,62 milyon avroluq (təqribən 36,85 milyon manat) gəlir əldə edəcək. Bu, Azərbaycan futbolu tarixində qazanılan ən yüksək mükafatdır. Ancaq klubun qazancı təkcə bununla bitmir. Bundan başqa Liqa mərhələsində hər oyunda qələbəyə görə 2 milyon 100 min avro, heç-heçəyə görə 700 min avroluq mükafatlar veriləcək. Əlavə olaraq komandanın televiziya yayımlarından gəlir qazanacaq. Hətta komanda bütün görüşlərində məğlub olub sonuncu yeri tutsa belə, UEFA-dan bunun üçün nəzərdə tutulan 275 min avroluq məbləği büdcəsinə daxil edəcək.
“Qarabağ”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanmasından fayda götürən təkcə Ağdam klubu olmayacaq. UEFA ÇL-in əsas mərhələsinə düşən klubların təmsil etdiyi ölkələrin yarışda iştirak edə bilməyən digər komandalarına həmrəylik məqsədilə maddi yardım ayıracaq. Konkret Azərbaycana gəlincə, Premyer Liqada yarışan 12 klubdan 11-nin (“Qarabağ” istisna olmaqla) hər birinə ümumən 800 min avronun ödəniləcəyi gözlənilir. Yardım iki mərhələdə klubların hesabına köçürüləcək: əvvəlcə 550 min, daha sonra 250 min avro (bugünkü məzənnə ilə 1 milyon 579 min manat). Lakin bu məbləğ son olmaya da bilər. Məsələ burasındadır ki, “Qarabağ” ÇL-in əsas mərhələsində uğurlu çıxış edərsə, həmin klublar üçün mükafat bir qədər də arta bilər.
MƏSLƏHƏT GÖR:





108

