STARTAPLAR ÜÇÜN MALİYYƏ
Azərbaycanda vençur fondları yaradılır və müvafiq qanunvericilik formalaşdırılır
Müəllif: Ağasəf NƏCƏFOV
Azərbaycanda innovativ sahibkarlığın maliyyələşdirilməsinin yeni formaları araşdırılır. Dövlət fondları vasitəsilə güzəştli kreditləşdirmə və beynəlxalq qrant yardımı ilə yanaşı, yerli startapların, proqram təminatı və İT şirkətlərinin özəl ixtisaslaşmış vençur fondları vasitəsilə dəstəklənməsi mexanizmləri formalaşdırılır. Bu istiqamətdə zəruri qanun layihəsinin hazırlanması başa çatdırılıb.
“Baku ID 2025” forumunda səsləndirilən məlumata görə, ölkədə üç vençur fondu formalaşdırılıb və 30-dan çox startap üçün müvafiq investisiya layihələri həyata keçirilib. Startapların inkişafı üçün vençur fondlarının, inkubatorların və elektron platformaların sayının artırılması planlaşdırılır: o cümlədən Türkiyə və BƏƏ ilə yeni layihələr çərçivəsində.
Ekosistemin gücləndirilməsi
Müasir vençur investisiyalarının tarixi keçən əsrin 80-90-cı illərinin hüdudunda rəqəmsal texnologiyaların və internetin yaranması dövrünə təsadüf edir. Vençur investisiyaları (“venture” - müəssisə) inkişaf edən yüksək texnoloji biznesə və ya uğurlu perspektivləri hələ məlum olmayan startaplara yatırımlardır. Yəni bu cür investisiyalar sürətli gəlir əldə etməyə imkan verir. Lakin böyük risklər nəzərə alınaraq, vençur fondu bütün yatırımlarını itirə də bilər.
Bir neçə yüksəliş və eniş dövrünü yaşayan qlobal vençur bazarı, ümumiyyətlə, uğurla inkişaf edib, kapitallaşmasını dəfələrlə artırıb, nəzərə alsaq ki, investorların vençur layihələrində qalma müddəti, orta hesabla, beş ildən çox olmur. Və əgər biznes uğur qazanarsa, sonradan investisiya fondları, bir qayda olaraq, onlardakı paylarını böyük mənfəətlə satırlar, bəzən yatırımları min dəfələrlə üstələyən qazanc əldə edirlər. “Zoom”, “Uber”, “Slack” və “Airbnb”nin bəzi həmyatırımçıları bu şəkildə hərəkət ediblər. Məsələn, “Google”un iki investoru var idi ki, hər birinin yatırım məbləği 100 min dollar təşkil edirdi, şirkətin hazırkı kapitallaşması isə 1 trilyon dolları keçir.
“Startaplar bütün dünyada vençur kapitalının əhəmiyyətli hissəsini cəlb etmək qabiliyyətinə malikdir: belə ki, təkcə 2024-cü ildə ABŞ-də vençur investisiyalarının ümumi həcmi 209 milyard dollar təşkil edib və bunun 190 milyard dolları məhz startaplara yönəldilib”, - Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiyalar və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri Fərid Osmanov qeyd edib.
Onun sözlərinə görə, son illərdə ölkədə startap ekosisteminin gücləndirilməsi üçün sistemli addımlar atılır: “Azərbaycanda innovasiya ekosisteminin formalaşmasının bir neçə vacib elementi var və onlardan biri startaplara rahat maliyyələşdirmə alətlərinin təqdim edilməsi və müvafiq maliyyə resurslarına çıxışın asanlaşdırılmasıdır. Beynəlxalq təcrübə nəzərə alınaraq, bu istiqamətdə vençur maliyyələşdirməsi, həmçinin investisiyaların cəlb edilməsi üzrə davamlı tədbirlər həyata keçirilir”.
Hazırda Azərbaycanda üç vençur fondu fəaliyyət göstərir və 30-dan çox startap üçün investisiya layihələri həyata keçirilib. Bununla yanaşı, agentlik startapların vençur maliyyələşdirilməsinin genişləndirilməsi və ölkədə fondların sayının artırılması üçün işini davam etdirir.
Xatırladaq ki, 2022-ci ildə İRİA, PAŞA Holdinq şirkətlər qrupu və özəl investorların iştirakı ilə “Caucasus Ventures” vençur fondu, 2024-cü ildə isə “SABAH.fund” və “INMerge Ventures” yaradılıb.
Yeni layihələr
Ölkədə aparılan işin səmərəliliyini göstərən fakt odur ki, son illər ərzində Azərbaycanda vençur fondları ümumilikdə 15 milyon dollardan çox kapital formalaşdırıb, bu zaman startaplara təxminən 2,2 milyon dollar investisiya yönəldilib. Eyni zamanda 2022-2024-cü illərdə yerli startaplar müxtəlif beynəlxalq investorlar və təşkilatlardan 2,4 milyon avrodan çox vəsait cəlb ediblər.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov “Baku ID 2025” forumunda qeyd edib ki, Azərbaycanda vençur kapitalı mexanizmlərinin inkişafında mühüm mərhələ başlayıb: “Ötən ilin oktyabrında Bakıda Abşeron Vadisi İnnovasiya Klasterinin tərkibində Azərbaycan İnnovasiya Mərkəzinin rəsmi açılışı olub. Bu, ölkənin innovasiya ekosistemi üçün əlamətdar hadisədir və yalnız Bakı ilə məhdudlaşmır, bu fəaliyyət regionlarda da geniş inkişaf edir”.
İRİA-nın köməyi ilə üç il ərzində müxtəlif inkubasiya və akselerasiya proqramları, hakatonlar və ideya marafonları təşkil edilib, 600-dən çox startap dəstəklənib. Bu prosesdə yerli universitetlər və elmi mərkəzlər, yerli və xarici tərəfdaşlar fəal iştirak ediblər. Nəticədə, yerli startaplar elektron ticarət, tibbi və təhsil texnologiyaları, aqrotexnologiyalar, maliyyə və ekoloji təmiz texnologiyalar, əşyaların interneti (IoT), böyük məlumatların emalı (Big data), süni intellekt (AI) və oyun sənayesi kimi çoxşaxəli sahələri əhatə edə biliblər.
Bununla yanaşı, əsas təşəbbüslərdən biri həyata keçirilib - tənzimləyici “sandbox”un (qumqabı) işə salınması hazırlanır, bu istiqamətdə layihə artıq hazırdır. Bu təşəbbüs perspektivli şirkətlərə bazara sürətlə çıxmağa və həlləri çevik şəraitdə sınaqdan keçirməyə imkan verəcək.
“Biz dövlətlə birlikdə tənzimləmələr hazırlayırıq. Məqsəd vençur təşəbbüslərinin inkişafı üçün alətlər yaratmaq, siyasəti daha da innovasiya dostu etməkdir. Əminik ki, belə addımlar yerli bazara diqqət cəlb edəcək”, - F.Osmanov vurğulayıb.
Onun sözlərinə görə, qurum inkubasiya və akselerasiya proqramlarının təşkili üzərində fəal işləyir. Cari ildə iki mühüm akselerasiya proqramı imzalanıb. Vəzifə iqlim innovasiyalarını təşviq etmək və region ölkələrinin əməkdaşlığı üçün platforma yaratmaqdır. Nəticələr təsirlidir: 14 ölkədən 150-dən çox müraciət alınıb, 56 startap B2B formatına uyğunlaşdırılıb, 10 startap isə COP29-da Bakıda təqdim edilib.
Azərbaycan “Startup Wise Guys” akseleratoru ilə birgə həyata keçirilən beynəlxalq “SaaS” akselerasiya proqramında da iştirak edir. Bu, yerli startapların dünya bazarlarına çıxışını genişləndirməyə və rəqabət qabiliyyətini artırmağa kömək edəcək. “Roadshow” layihəsi çərçivəsində isə yerli startaplar beynəlxalq tədbirlərdə iştirak ediblər ki, bu da şəbəkələşməyə və investorlarla əlaqələrin qurulmasına kömək edib.
Perspektivli istiqamətlər
Ölkədə innovasiyalar və vençur layihələri sahəsində dəstək üçün yeni şərtlər yaradılır, innovativ şirkətlər üçün daha səmərəli və şəffaf tənzimləyici mühit üzrə daxili müzakirələr başa çatıb. “Xüsusilə, Azərbaycanda vençur maliyyələşdirməsi haqqında qanun layihəsi hazırlanıb və hökumətin razılığına təqdim edilib”, - Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib.
Bu kontekstdə İqtisadiyyat Nazirliyi yanında fəaliyyət göstərən Azərbaycanda IV Sənaye İnqilabının Təhlili və Koordinasiyası Mərkəzinin (4SIM) fəaliyyətini qeyd etmək yerinə düşər. Onun səyləri ilə 2030-cu ilədək rəqəmsal iqtisadiyyat strategiyasının hazırlanması başa çatdırılıb. Bu məqsədlərə bu ilin yanvarında Prezident İlham Əliyevin Fərmanı ilə təsdiqlənmiş “Azərbaycanın rəqəmsal inkişaf Konsepsiyası” da xidmət edir. Sənəd dövlət idarəçiliyinin rəqəmsallaşdırılması, “e-government” sisteminin və dövlətin digər informasiya resursları və sistemlərinin təkmilləşdirilməsi üzrə bir sıra istiqamətləri əhatə edir. O cümlədən ölkədə rəqəmsal texnologiyaların, xüsusilə “Smart City”, IoT, AI və s. kimi sistemlərin tətbiqinin sürətləndirilməsi üzrə. Aydındır ki, konsepsiyada nəzərdə tutulan planların həyata keçirilməsi startapların rəqəmsal layihələrə geniş cəlb edilməsi üçün məkan və vençur maliyyələşdirməsinin genişləndirilməsi üçün zəmin yaradacaq.
Azərbaycanda innovativ inkişaf siyasəti fəal şəkildə həyata keçirilir, yeni seçimlərlə tamamlanır, ölkənin regionlarını əhatə edir. İlin sonunadək Gəncə İnnovasiyalar Mərkəzinin açılması planlaşdırılır, yaxın zamanda isə müvafiq klaster Naxçıvan Dövlət Universitetində də formalaşdırılacaq. “Baku ID 2025”də Türkiyə hökumətinin ən perspektivli təşəbbüslərindən biri – “Türkiye Tech Visa” proqramı haqqında məlumat təqdim edilib. Bu, Türkiyənin dinamik ekosisteminə inteqrasiya olmaq istəyən startaplar, mühəndis-inteqratorlar, İT mütəxəssisləri və texnologiya sahibkarları üçün dövlət platformasıdır. Və Azərbaycan “Türkiye Tech Visa” ilə əməkdaşlıq üçün əsas tərəfdaşlardan biri kimi nəzərdən keçirilir.
Perspektivli təşəbbüslər arasında Birləşmiş Ərəb Əmirlikləri ilə birlikdə süni intellekt sahəsində tədqiqat və inkişaf mərkəzinin, həmçinin vençur fondunun yaradılması imkanı öyrənilir. “IT Park Uzbekistan” və Azərbaycanın “Sabah.Hub”ı birgə startapları və digər innovativ layihələri dəstəkləmək üçün platforma olacaq İT-habın hazırlanması üzrə fəal danışıqlar aparırlar. Gözlənilir ki, bu struktur iki ölkənin ekspertlərinin iştirakı ilə təlim və akselerasiya proqramlarının keçirilməsinə, perspektivli layihələrin aşkarlanması və beynəlxalq bazarlara çıxarılması üçün birgə hakatonların, startap həftəsonu tədbirlərinin və demo günlərinin təşkilinə kömək edəcək.
MƏSLƏHƏT GÖR:

118

