SANTUŞ: “MİSSİYA UĞURSUZLUĞA DÜÇAR OLDU”
Baş məşqçinin işdən azad edilməsi və Ukrayna ilə heç-heçə: Azərbaycan millisini nə gözləyir?
Müəllif: Sənan ŞƏFİZADƏ
Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsi fiasko ilə başlayıb. Portuqaliyalı baş məşqçi Fernando Santuşun rəhbərliyi altında milli komandanın Reykyavikdə İslandiyaya 0:5 hesablı biabırçı məğlubiyyəti növbəti dəfə azarkeşlərin qəzəbinə səbəb olub.
“24 saat effekti: tərəqqi illüziyası”
Əslində, həm məğlubiyyət, həm də böyük hesab sürpriz olmayıb. Son aylar media Santuşun komandaya fayda verməyəcəyini və seçmə mərhələdə biabırçı məğlubiyyətlərin yaşanacağı barədə proqnoz verirdi. Amma ölkə futboluna cavabdeh qurum AFFA portuqal mütəxəssisə inanmaqda davam edirdi. Nəticədə ilk oyunda İslandiyaya uduzandan sonra AFFA rəhbərliyi təcili toplantı keçirməyə məcbur oldu. Müqaviləsi 2027-ci ildə başa çatan Santuşla razılaşmaya birtərəfli qaydada xitam verilərək 70 yaşlı məşqçi Vətəninə yola salındı.
Seçmə mərhələnin Ukraynayla oyununa 24 saat qalmış yığma bir oyunluq U-21 komandasının baş məşqçisi Ayxan Abbasova tapşırıldı. Millidə təcrübəsi olmayan A.Abbasov 24 saata demək olar millini bütövlüklə dəyişməyi bacardı. İlk turda Fransaya uduzan Ukrayna millisinə Bakıda qələbə çox vacib idi. Amma milli qısa müddətdə toparlanmaqla evdə əzmkar mübarizə sayəsində Ukraynayla 1-1 hesabını qoruyub. Komandanın əməyini kiçiltmədən, Ukrayna ilə matçda qazanılan xalda bəxt amilinin olduğunu söyləməliyik. Təcrübəli azarkeşlər milli komandanın hər seçmə mərhələdə 1-2 oyunda yaxşı mənada sürpriz etdiyindən xəbərdardır. Sadəcə 24 saata Azərbaycan millisinin dəyişməsinə inanmamalıyıq.
Buna baxmayaraq, bu oyunda həqiqətən də məşqçinin əməyi özünü büruzə verib: Ayxan Abbasov komandada inam yaratmağı bacarıb. Santuşun rəhbərliyi altında nizamı pozulmuş və ruhdan düşmüş komanda öz birliyini bərpa edib və sona qədər mübarizə apararaq bir xal qazanıb. Bacarıq və hazırlıq çatışmayanda azərbaycanlı oyunçular bunu əzm və fədakarlıqla tamamladılar və bunu inkar etmək olmaz. Etiraf etmək lazımdır: bu məqam onların bu seçmə mərhələdə son uğuru ola bilər. Axı, komandanın ciddi potensialı yoxdur. Azərbaycan ən yaxşı halda yalnız sonuncu yerdən yayınmaq üçün mübarizə apara bilər.
3 milyonluq fiasko
Ukrayna ilə oyun dərs olub: xaricilərə xərclənən milyonların israf olduğunu sübut edən dərs. Fernando Santuşun işə götürülməsi təkcə futbolumuzu bərbad vəziyyətə salmayıb, həm də xeyli vaxt və pul itkisi ilə nəticələnib.
Portuqaliyalı məşqçinin Azərbaycan millisindəki fəaliyyəti tarixin ən uğursuzlarından biri olub. Keçən ilin iyun ayında təyin olunan Santuş vəzifəsini doqquz məğlubiyyət və iki heç-heçə rekordu ilə tamamlayıb. Bu rəqəmlər onun “uğuru”nun tam mənzərəsini göstərir.
İslandiyaya məğlubiyyətdən sonra Santuşun istefa verməməsi təəccüblü deyil. Görünür, 70 yaşlı menecer təzminat gözləyir və bunu gizlətmirdi. Xatırladaq ki, FİFA qaydalarına əsasən, məşqçi qovulduğu halda, müqaviləsində nəzərdə tutulan təzminat almaq hüququna malikdir. Təsdiqlənməmiş xəbərlər göstərir ki, Santuşun təzminatı 2-3 milyon avro aralığındadır. Diqqət yetirin: o, 2023-cü ildə Polşa millisinə baş məşqçi təyin olunduqdan cəmi doqquz ay sonra qovulub və 1,2 milyon avro təzminat alıb. Demək, qocalmış məşqçilərin bu “özəlliyi” heç kimə sirr deyil.
Bəs Azərbaycana belə məşqçi lazım idimi? Əlbəttə yox. Ölkədə beynəlxalq standartlara cavab verə biləcək oyunçu demək olar ki, yoxdur. Azərbaycan milli komandasına təyin olunan istənilən məşqçi maksimum 10-15 futbolçu seçir – bu, son dərəcə məhdud seçimdir. Əgər komandanın geniş istedad fondu yoxdursa və dünya çempionatına və ya Avropa çempionatına vəsiqə qazanmağı qarşısına məqsəd qoymursa, niyə xarici mütəxəssislərə milyonlar xərclənməlidir?
Yerli məşqçilərin vaxtı nə vaxt gələcək?
İndiki şəraitdə millini yerli məşqçiyə həvalə etmək lazımdır. Bu, bir neçə səbəbə görə daha məntiqlidir: birincisi, onlar daha az pula işləyirlər; ikincisi, onlar komandanın həqiqi potensialından maksimumu çıxara bilirlər. Üstəlik, yerli oyunçuları daha yaxşı tanıyır və onlarla işləməkdə bacarıqlıdırlar. Ona görə də milli komandaya azərbaycanlı məşqçinin rəhbərlik etməsi məntiqlidir.
Bütövlükdə ölkədə futbola gəlincə, problemlər çoxdur, həlli yolları isə azdır. Gənclər futboluna diqqət artırılmalı, gənc futbolçularla işləyən məşqçilərin ixtisaslarına yenidən baxılmalı, onlara adekvat şərait yaradılmalıdır. Nə qədər ki, gənclər futbolunda vəziyyət ağır olaraq qalır, böyüklərdən ibarət milli komandanın irəliləyişinə ümid yoxdur. Axı, milli komanda piramidanın zirvəsidir. Əgər U-17, U-19 və U-21 komandaları müntəzəm olaraq böyük hesabla məğlub olurlarsa, böyüklərdən uğur gözləmək əbəsdir.
Növbəti seçmə oyunlar oktyabrda keçiriləcək: yığma həmin ayın 10-da Parisdə Fransa millisi, 13-də isə Krakovda Ukrayna yığması ilə qarşılaşacaq. Oyunlara az vaxt qalıb, komandanı müvəqqəti olaraq Ayxan Abbasova həvalə etmək ən məntiqli qərar olardı.
Ekspert rəyləri
Vəli Qasımov (veteran futbolçu, məşqçi): “Azərbaycan futbolu daha bir neçə il geri düşüb. Fernandu Santuşun dövründə komanda çox geriləyib. İslandiyayla oyunda komandanın hansı vəziyyətdə olduğu aşkar görünüb. Futbolçularla anlaşa bilməyən məşqçi millidə uğur qazana bilməz. Yığma birmənalı olaraq yerli məşqçiyə tapşırılmalıdır. İslandiyayla oyunda dəqiq ötürmə görmədim, hansı taktikayla oynadıq bilmədik. Təəssüf olsun ki, millinin yaxın gələcəkdə inkişaf edəcəyinə ümid azdır”.
Əfran İsmayılov (milli komandanın sabiq futbolçusu): “Azərbaycana çox əcnəbi mütəxəssis gəlib. Nə ediblər? Pul qazanaraq çıxıb gediblər. Biz də nə qədər vaxt itirdik. Ondan 10 dəfə az pulu Ayxan Abbasova verəcəklər, amma vicdanla işləyəcək, komandanı yığacaq, uşaqlarda o milli ruhu, meydanda can qoymağı geri qaytaracaq. Futbolumuzu inkişaf etdirmək istəyiriksə, indiki vaxtda hamı Ayxan müəllimə dəstək olmalıdır. O, öz fikirlərini irəli sürməlidir və buna hörmətlə yanaşılmalıdır. Tədricən inkişafa nail olmaq olar. Onsuz da neçə illərdir ki, vaxt itiririk. 5 il də belə itirək, amma heç olmasa, ortaya bir neçə futbolçu çıxaraq”.
MƏSLƏHƏT GÖR:








65

