5 Dekabr 2025

Cümə, 09:02

GƏNCƏ ARENAYA ÇIXIR

III MDB Oyunları Bakıdan kənarda keçiriləcək ən böyük idman tədbiri olacaq

Müəllif:

15.09.2025

Azərbaycan növbəti mötəbər multi idman oyunlarına ev sahibliyi etməyə hazırlaşır. Bu dəfə kütləvi idman tədbiri paytaxt Bakıda deyil, regionlarda təşkil olunacaq. III Müstəqil Dövlətlər Birliyinin Oyunlarının həyəcanı Gəncə daxil olmaqla, ümumilikdə 7 şəhərdə yaşanacaq.

İlk dəfə Kazanda baş tutan MDB Oyunları iki ildən bir keçirilir və MDB-nin üzvü olan ölkələrdə təşkil olunur. Kazandan sonra Minskin qəbul etdiyi yarışlar bu il Azərbaycana həvalə edilib. Qeyd edək ki, Azərbaycan III MDB Oyunlarını açıq yarışlar səviyyəsində keçirməyi düşünür. Ona görə Təşkilat Komitəsi MDB-yə üzv olmayan ölkələr Türkiyə və Küveytin komandaları da yarışlara dəvət olunub.

 

1605 idmançı – çövkəndən taekvondoya qədər

III MDB Oyunlarında 10 ölkədən 1605 idmançının iştirakı təsdiqlənib. Oyunlarda Azərbaycandan 340, Rusiyadan 262,  Belarusdan 240, Özbəkistandan 254, Qazaxıstandan 147, Tacikistandan 144 , Qırğızıstandan 126, Türkiyədən 38, Türkmənistandan 48, Küveytdən isə 6 idmançı iştirak edəcək. Yarışlar 23 idman növü (kamandan oxatma, badminton, 3x3 basketbol, boks, kanoe, çövkən, qılıncoynatma, futbol U-16, yunan-Roma güləşi, cüdo, karate, bədii gimnastika, avarçəkmə, sambo, güllə atıcılığı, stend atıcılığı, üzgüçülük, stolüstü tennis, taekvondo, batut gimnastikası, voleybol, qadın güləşçi, sərbəst güləş) üzrə 7 müxtəlif şəhərin 12 məkanında keçiriləcək.

III MDB Oyunları 28 sentyabr – 8 oktyabr tarixlərində Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə təşkil olunacaq. Yarışın açılış mərasimi sentyabrın 28-də, bağlanış mərasimi isə oktyabrın 8-də Gəncə şəhər stadionunda baş tutacaq.

Yarışlar Qəbələdə mərkəzi stadion, atıcılıq klubu və Olimpiya İdman Kompleksində, Gəncədə İdman Sarayı, basketbol meydançası və OİK, eləcə də Göy Göl Olimpiya İdman Kompleksində, Xankəndidə şəhər stadionunda, Mingəçevirdə “Kür” Olimpiya Tədris İdman Mərkəzində, Şəkidə şəhər stadionu və Olimpiya İdman Kompleksində eləcə də Yevlaxdakı Olimpiya İdman Kompleksində təşkil olunacaq.

 

Bəbir və Leyla maskotlar kimi

III MDB Oyunlarının Təşkilat Komitəsi tərəfindən yarışın maskotları seçilib. Oyunların rəsmi maskotları Bəbir və Leyla adlandırılıb. Enerjili və mehriban maskotlar Bəbir və Leyla Qafqaz bəbirinin obrazında yaradılıb, onlar sadəcə personajlar deyil, həm də Azərbaycanın zəngin təbiətini, gücünü və qonaqpərvərliyini parlaq şəkildə təcəssüm etdirirlər.

Qafqaz bəbirinin təbii sərvətlərlə zəngin Azərbaycan üçün xüsusi əhəmiyyəti var. Bu nadir heyvan dünyanın ən iri bəbir növlərindən biridir və ölkəmizin füsunkar guşələrində qədim dövrlərdən bəri məskunlaşıb. Mehriban və ünsiyyətcil Bəbir MDB Oyunları zamanı Azərbaycan şəhərlərini qonaqlara tanıdacaq.

 

Podiumdan kənar qəhrəmanlar

Azərbaycanda ilin ən böyük idman tədbirlərindən biri olan III MDB Oyunlarında 3000 könüllü fəaliyyət göstərəcək. Ən çox könüllü, yəni 1250 nəfər Gəncədə fəaliyyət göstərəcək.

Könüllülərin qeydiyyat portalına 9700-dən çox namizəd müraciət edib. Müsahibə mərhələsində 7200 namizəd iştirak edib və seçim prosesi uğurla yekunlaşıb. Hazırda könüllülərin yarışlara tam hazır olması üçün təlimlər davam etdirilir.

Könüllülər Oyunlar zamanı idman əməliyyatları, insan resursları və işçi qüvvəsi, məkanın idarə olunması, tədbirlər və mərasimlər, media əməliyyatları kimi əsas istiqamətlərdə fəaliyyət göstərəcəklər. Onlar idmançıların, qonaqların və media nümayəndələrinin qarşılanması, yönləndirilməsi və suallarının cavablandırılması ilə məşğul olacaq.

 

Yenilənmiş Gəncə stadionunda yarışlar

Açılış və bağlanış mərasimləri Gəncədə yenidən qurulan stadionda keçiriləcək. 1959-1963-cü illərdə tikilmiş və 1964-cü ildə istifadəyə verilmiş stadion qəzalı vəziyyətdə idi və yalnız qismən istifadə edilirdi. Prezident İlham Əliyevin 2023-cü ildə imzaladığı sərəncama uyğun olaraq beynəlxalq standartlara uyğun yenidən qurulan stadionun əsaslı şəkildə yenidən qurulması işləri başa çatdırılıb.

Yeni layihəyə görə stadionun ərazisi genişləndirilərək 10,4 hektara çatdırılıb. Nəqliyyat vasitələrinin təhlükəsiz giriş-çıxışı və parklanması ilə birlikdə idman arenasının ümumi sahəsi 12 hektardan çoxdur. UEFA-nın 4-cü kateqoriya standartlarına uyğun inşa edilən stadionun tamaşaçı tutumu layihə üzrə 15 min 343 yerlikdir. Stadion UEFA tələblərinə uyğun işıqlandırma, səs, yayım, internet, havalandırma, təhlükəsizlik və digər zəruri sistemlər ilə təchiz olunur.

Gənclər və İdman Naziri Fərid Qayıbov regionlara son səfəri zamanı yerli idmançıları fəal dəstəkləməyə çağırıb. “Oyunların başlanmasına az vaxt qalıb. Bildiyiniz kimi, idman Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Ölkəmiz artıq müxtəlif multi-idman yarışlara ev sahibliyi edib. Lakin ilk dəfə belə böyük idman tədbiri regionlarda keçiriləcək. Gəncədə açılış və bağlanış mərasimləri, eləcə də bir sıra idman növləri üzrə yarışlar təşkil olunacaq. Bütün şəhərlərdə yarışların yüksək səviyyədə təşkili üçün işlər davam etdirilir. Regionlarda yaşayan həmyerlilərimizi oyunlar zamanı idmançıları dəstəkləməyə dəvət edirik”, - o vurğulayıb.



MƏSLƏHƏT GÖR:

71