PARLAMAYAN MEDALLAR
Sərbəst güləşdə 4 medal, yunan-Romada isə Əzizlinin rekordu
Müəllif: Sənan NADİROĞLU
Sentyabrın 14-dən 21-dək Xorvatiyanın paytaxtı Zaqrebdə Azərbaycan yığması üçün fərqli nəticələrlə yadda qalacaq güləş üzrə dünya çempionatı keçirilib. Yunan-Roma güləşçiləri qənaətbəxş çıxış etdiyi halda, digər komandaların nəticələri sevindirici olmayıb.
Qadınlardan sensasiyasız çıxış
Azərbaycanı mundialda baş məşqçi əvəzi Toğrul Əsgərov və məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında qadınların yarışında Jalə Əliyeva (57 kq), Günay Qurbanova (59 kq) və Birgül Soltanova (62 kq) təmsil ediblər. Onların hər üçü mübarizəni mükafatsız başa vurub. Güləş dünyasının liderlərindən biri, dəfələrlə dünya və Avropa çempionu Mariya Stadnik karyerasını başa vurduqdan sonra xanımların yarışında medal qazanmaq şanslarımız azalıb. Hazırda qadın güləşində dünya səviyyəsində təmsilçimiz olmadığından böyük yarışlarda uğur qazanmaq sensasiyaya bərabər sayılır. Təəssüflə qeyd etmək lazımdır ki, böyüklərin yarışında xanım güləşçilər rəqabətə tab gətirmir və ən yaxşı halda ikinci mərhələdə turnirlə vidalaşırlar.
“Qızılsız” sərbəst güləşçilər
Böyük ümid bəslənilən sərbəst güləş üzrə milli komanda Zaqreb səfərində 1 gümüş və 3 bürünc medal qayıdıb. Olimpiadadan sonrakı ilk mundialda favorit idmançılar adətən istirahət edir və bu amil bəzi idmançılar üçün əla fürsətə çevrilir. Lakin builki dünya çempionatında favoritlərin olmamasına rəğmən, sərbəst güləş komandası qızıl medal qazana bilməyib. Əslində 4 medal qənaətbəxş nəticə sayıla bilər. Sadəcə güləş ölkəsi kimi tanınan Azərbaycanın qızıl medal qazana bilməməsi adi qarşılanmamalıdır. Qeyd edək ki, sərbəst güləşdə dünya çempionatında sonuncu dəfə qızıl medalı 2017-ci ildə Parisdə Hacı Əliyev əldə edib. Həmin yarışdan sonra sərbəst güləşçilər dünya çempionatlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxa bilmir.
Sərbəst güləşdə Nurəddin Novruzov (61 kq) və Arseniy Cioyev (86 kq) tərəfindən qazanılan bürünc medallar xüsusi diqqətə layiqdir. Gənclərin yarışında özünü sübut edən güləşçilərin dünya çempionatında ilk medalları onların gələcəkdə daha böyük uğur qazanacağına inamı artırır. Təcrübəli Osman Nurməhəmmədov (92 kq) mundialda stabil çıxışını davam etdirib. O, ardıcıl dördüncü dəfə medal qazanıb və bu, onun üçüncü bürünc olub. Yay Olimpiya Oyunlarının iştirakçısı bu dəfə çempionluq sevinci yaşamayıb. Jurnalistlərə müsahibəsində güləşçi etiraf edib ki, Zaqrebdəki çempionata tam hazır olmayıb – son təlim-məşq toplanışında xəstələnib və bərpa prosesi yarımçıq qalıb.
Sərbəst güləş yığmasında ən yüksək nəticəni 125 kq çəki dərəcəsində Giorgi Meşvildişvili qazanıb. Olimpiadanın bürünc medalçısı, Avropa çempionu finaladək məğlubiyyətsiz irəliləyib və yalnız həlledici görüşdə uduzub. Finalda iranlı Amir Hüseyn Zareyə məğlub olan Giorgi Meşvildişvili ikinci yerlə kifayətlənib. Təcrübəli Amir Zare isə üçüncü dünya çempionluğuna qovuşub.
79 kq-da mübarizə aparan Cəbrayıl Hacıyev erkən mərhələdə uduzmaqla bürünc medal uğrunda görüşlərə qatılıb. Təmsilçimiz burada da zəif mübarizə apararaq sonda 5-ci yerlə kifayətlənib. 97 kq-da çıxış edən Maqomedxan Maqomedov favorit statusunu doğrultmayıb. Startda hindistanlı rəqibi ilə mübarizədə ağır zədə alan Maqomedov yarışla erkən vidalaşıb. Ümumi xallara görə sərbəst güləş üzrə Azərbaycan millisi dünya çempionatını 4-cü pillədə başa vurub.
Yekun nəticənin qənaətbəxş olmadığı ilə razılaşan milli komandanın baş məşqçisi Xetaq Qazyumov bildirib ki, komandanın yeni ulduz idmançı nəslinə ehtiyacı var: “Çox şey nəsildən asılıdır. Bir vaxtlar Hacı Əliyev, Toğrul Əsgərov xalçada parlayırdı. Elə bir nəsil yetişdirmək lazımdır ki, yaxın illərdə biz yenidən qalib olaq. Ümid edirik ki, gələcəkdə dünya çempionları yetişdirəcəyik və bunun üçün bütün addımları atırıq”.
Yunan-Romanın qəhrəmanları
Yunan-Roma güləşçiləri Zaqrebdə 4 medala sevinib. 1 qızıl, 1 gümüş və 2 bürünc medala layiq görülən klassiklər komanda hesabında 2-ci yeri tutub. 67 kq-da komandanın liderlərindən olan Həsrət Cəfərov finalda iranlı Səid Esmailiyə 1-2 hesabıyla uduzmaqla çempionluq şansını itirib və gümüş medalçı olub. 97 kq-da Murad Əhmədov yarışı üçüncü pillədə başa vurub.
Dördqat dünya çempionu Eldəniz Əzizli dünya çempionatlarında ən çox medal qazanaraq Azərbaycan güləşində yeni rekorda imza atıb. O, 55 kq çəki dərəcəsində bürünc medal qazanaraq dünya çempionatında yeddinci dəfə fəxri kürsüyə yüksəlib. Bununla da Azərbaycan yığmasının kapitanı dörd qızıl və üç bürünc medal qazanaraq ölkə üçün yeni rekordu müəyyənləşdirib. Bu nailiyyətlə o, altı dünya çempionatı medalı (iki qızıl, üç gümüş və bir bürünc) olan Mariya Stadniki üstələyib.
72 kq çəki dərəcəsində finalda Fransa güləşçisi İbrahim Qanemə qalib gələn (4:2) 26 yaşlı Ülvi Qənizadə növbəti dəfə dünya çempionu olub. Artıq ikiqat dünya çempionu olan Qənizadənin 2022-ci il dünya çempionatından da gümüş medalı var. Güləşçi həm də 2023-cü ilin Avropa çempionudur.
Zaqrebdə yeganə qızıl medalın sahibi, ikiqat dünya çempionu Ülvi Qənizadə (72 kq) qızıl medal qazanması ilə bağlı təəssüratlarını bölüşərkən qələbəyə inandığını deyib: “Yarışdan əvvəl qızıl medal qazanacağıma çox inanırdım. Ümid edirəm ki, üçüncü dəfə də dünya çempionu ola biləcəyəm. Turnirin əsas qarşılaşması finaldır. Bu rəqiblə 2023-cü il Avropa çempionatının həlledici görüşündə, eləcə də ötənilki dünya çempionatının finalında qarşılaşmışam. O, mənim üçün ən çətin rəqibdir. Onu üç dəfə məğlub etmişəm və ümid edirəm ki, yenə də məğlub edəcəyəm”.
Xatırladaq ki, dünya çempionatında 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan yunan-Roma güləşi üzrə millimiz 89 xal toplayıb və komanda hesabında ikinci olub. İran (180 xal) birinci, Özbəkistan (72 xal) isə üçüncü yeri tutub.
MƏSLƏHƏT GÖR:






50

