5 Dekabr 2025

Cümə, 10:42

SƏRHƏDSİZ RƏQƏMLƏR

Beynəlxalq standartlar və rəqəmsallaşma statistikanın dilini dəyişir

Müəllif:

01.10.2025

Müasir dünyada statistika quru rəqəmlər toplusu olmaqdan çıxaraq reallığı anlamaq üçün universal alətə çevrilib. O, dövlətlərin, şirkətlərin və ayrı-ayrı şəxslərin qərarlarının əsasında dayanaraq tendensiyaları görmək, riskləri proqnozlaşdırmaq və gələcək strategiyanı formalaşdırmağa kömək edir. İqtisadiyyat xüsusilə statistikasız mövcud ola bilməz: inflyasiya və məşğulluq göstəricilərindən xarici ticarət və investisiya həcmlərinə qədər. Bütün bu məlumatlar ölkənin dayanıqlılığını və inkişafını müəyyən edir.

Bütün bunlar haqqında Asiya və Avropanın bir çox ölkələrinin nümayəndələrinin iştirak etdiyi Bakıda keçirilmiş “Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu” adlı III Beynəlxalq Statistika Forumunda danışılıb. Planlaşdırılır ki, bu forum hər il daha çox ölkəni və iştirakçını əhatə edəcək.

 

Rəqəmsal çağırışlar

Müasir dövrdə statistika cəmiyyətin tərəqqisini, dövlət siyasətinin effektivliyini və qlobal çağırışlara cavabvermə qabiliyyətini qiymətləndirmək üçün öz əhəmiyyətini daha da artıraraq mühüm vasitələrdən birinə çevrilib. Bu barədə Prezident İlham Əliyevin statistika forumu iştirakçılarına müraciətində deyilir. “Etibarlı statistik məlumatlar dayanıqlı inkişafın təmin olunmasında, əsaslandırılmış qərarların qəbulunda və şəffaf idarəetmənin qurulmasında böyük rol oynayır”, - dövlət başçısı qeyd edib.

Baş nazir Əli Əsədov isə çıxışında vurğulayıb ki, bu gün Azərbaycanda milli statistika sistemi fəal inkişaf edir və bu zaman əsas diqqət beynəlxalq standartlara uyğun və innovativ yanaşmalar tətbiq etməklə rəsmi məlumatların istehsalına yönəldilib. “Biz rəqəmsal transformasiya, müasir texnologiyalar və süni intellektə əsaslanan islahatlara xüsusi diqqət ayırırıq. Bu istiqamətdə Azərbaycan aparıcı ölkələr və beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq edir”, - Baş nazir bildirib.

MDB Beynəlxalq Statistika Komitəsinin sədri Konstantin Laykam da yeni çağırışlar və tələblər nəzərə alınmaqla metodologiyanın təkmilləşdirilməsi zərurəti ilə razıdır. Onun fikrincə, statistika orqanları üçün ikinci mühüm və çətin çağırış cəmiyyətin rəqəmsallaşmasıdır. “Məlum olduğu kimi, həm biznes, həm şəxsi həyat, həm də ictimai həyat rəqəmsallaşıb. Bu, bəzən alternativ statistika kimi çıxış edən böyük məlumat axınını formalaşdırır. Və statistika orqanları bu məlumatların nə olduğunu, bu məlumatların necə formalaşdığını, hansı metodologiyanı tətbiq etdiklərini, hansı üsullarla sorğu keçirdiklərini araşdırmalıdır”, - komitə sədri söyləyib.

 

İslahatlar və standartlar

Statistika tədqiqatlarının yenilənməsi zərurəti fonunda MDB ölkələrində iqtisadi fəaliyyət növlərinin model təsnifatının hazırlanmasına başlanılıb. Bu sənəd regional sistemi maksimum dərəcədə Avropa standartlarına yaxınlaşdırmalı və beynəlxalq səviyyədə məlumatların müqayisə edilməsini təmin etməlidir.

K.Laykamın vurğuladığı kimi, bütün statistika təsnifatlar üzərində qurulur. Burada əsas element iqtisadi fəaliyyət növlərinin təsnifatıdır ki, bu da müntəzəm olaraq yenilənir: yeni xidmətlər və mallar yaranır, köhnəlmiş mövqelər isə çıxarılır. Yaxın vaxtlarda Avropa Komissiyası “NACE 2.1” adlı yeni redaksiyanı təsdiqləyib ki, burada köhnə təsnifatdan yeniyə keçid açarları nəzərdə tutulub. MDB ölkələrində milli sistemlərin Avropa modeli ilə müqayisəsi və sənədin tam tərcüməsinin hazırlanması tapşırığı qoyulub.

Əvvəllər belə işlər bir neçə il çəkirdisə, indi prosesi bir il ərzində başa çatdırmaq planlaşdırılır. Bu işi sürətləndirmək üçün süni intellekt tətbiq ediləcək.

Gələcək model təsnifat bütün MDB ölkələri üçün vahid baza olacaq, lakin eyni zamanda milli xüsusiyyətlərə uyğunlaşdırma nəzərdə tutulur. Dördrəqəmli Avropa standartına ayrı-ayrı dövlətlərin spesifikliyini əks etdirən beşinci və altıncı rəqəmlər əlavə edilə bilər.

Paralel olaraq, MDB ölkələri bu ilin mart ayında BMT-nin Statistika Komissiyası tərəfindən qəbul edilmiş “Milli Hesablar Sistemi-2025” (MHS-2025) adlı beynəlxalq statistika standartının tətbiqi üzrə işlər aparır. Bu sənəd milli makroiqtisadi statistikanın tərtib edilməsi üçün yeni qlobal oriyentirə çevrilib. Eyni zamanda əhali və yaşayış fondunun yeni siyahıyaalma mərhələsi başladılıb və valyutaların alıcılıq qabiliyyəti pariteti əsasında beynəlxalq müqayisələrin qlobal proqramı həyata keçirilir.

MDB-nin Baş katibinin müavini Denis Trefilov qeyd edib ki, Birlik dövlətlərinin beynəlxalq statistika layihələrində iştirakı inteqrasiyanı möhkəmləndirir və iqtisadi əlaqələri gücləndirir. Vahid metodoloji yanaşmalar müqayisəli təhlil aparmağa, ümumi və spesifik tendensiyaları müəyyənləşdirməyə, həmçinin obyektiv məlumatlara əsaslanan qərarlar qəbul etməyə imkan verir.

Azərbaycan da statistikaya diqqəti artırır. 2026-2030-cu illər üçün yeni Dövlət Proqramında milli statistika sisteminin prioritetləri müəyyən edilib. Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqovun sözlərinə görə, söhbət beynəlxalq təcrübə nəzərə alınmaqla sahənin potensialının inkişafından, innovasiyaların genişləndirilməsindən və rəqəmsal texnologiyaların tətbiqindən gedir. Beynəlxalq təşkilatlar və xarici ölkələrin profil qurumları ilə fəal əməkdaşlıq da mühüm yer tutur.

 

Mərkəzi Bankın yeni sorğusu

Rəsmi məlumatların sosial-iqtisadi proseslərin tam mənzərəsini həmişə əks etdirmədiyi yerlərdə alternativ statistika mühüm alətə çevrilir. Bu, gizli tendensiyaları üzə çıxarmağa, müxtəlif məlumat mənbələrini müqayisə etməyə və bununla da təhlilin obyektivliyini artırmağa imkan verir.

Bu baxımdan qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı öz rəqəmsal platformasında ev təsərrüfatlarının maliyyə davranışı və niyyətləri haqqında sorğu başlatdığını elan edib. AMB-nin statistika departamentinin direktoru Samir Nəsirov bildirib ki, tədqiqatın məqsədi ev təsərrüfatlarının istehlak və yığım ilə bağlı davranışları və niyyətləri haqqında məlumat toplamaq, bu qərarlara təsir edən amillər barədə onların fikrini öyrənmək, həmçinin ev təsərrüfatlarının borc yükü və onların ödəmə qabiliyyəti haqqında məlumat əldə etməkdir.

Mərkəzi Bank bildirib ki, ev təsərrüfatlarının istehlak və yığımla bağlı davranışları və niyyətləri ümumi tələbatın əsasını təşkil edir və inflyasiya səviyyəsi və gözləntilərinin formalaşması amillərindən biridir. Digər tərəfdən, borc yükü və onun xidmət edilməsi ev təsərrüfatlarının maliyyə dayanıqlığına və ödəmə qabiliyyətinə təsir edir, onların istehlak və yığım qərarlarının formalaşmasında mühüm rol oynayır.

“Biz sorğuda iştirak edən vətəndaşların şəxsi məlumatlarının tam qorunmasına zəmanət veririk. Onlayn rejimdə alınan məlumatlar xüsusi texnologiyalar vasitəsilə kodlaşdırılacaq və təhlil ediləcək. Beləliklə, sorğu iştirakçılarının məlumatlarının məxfiliyi təmin olunacaq”, - S.Nəsirov vurğulayıb.

Sorğunun ildə dörd dəfə, yəni rüblük keçirilməsi planlaşdırılır.

Mərkəzi Bankda tədqiqat zamanı əldə edilən məlumatların bir sıra makroiqtisadi göstəricilərin təhlili və proqnozlaşdırılması, həmçinin pul-kredit və maliyyə sabitliyi sahəsində qərarların qəbul edilməsi üçün böyük əhəmiyyət kəsb etdiyi bildirilir.

Azərbaycanda statistika bu gün beynəlxalq standartlar, rəqəmsal texnologiyalar və milli təşəbbüslərin kəsişməsində inkişaf edir ki, bu da onu müqayisəli təhlil və proqnozlaşdırma üçün əsas alətə çevirir. Qlobal təsnifatlardan və MHS-2025-in tətbiqindən tutmuş Mərkəzi Bankın ev təsərrüfatlarının maliyyə davranışı haqqında sorğularına qədər - bütün bunlar iqtisadiyyatın obyektiv mənzərəsini təmin edən və dövlət və ictimai səviyyələrdə daha tarazlı qərarlar qəbul etməyə kömək edən bir zəncirin halqalarıdır.


MƏSLƏHƏT GÖR:

58