BAKI ENERJİSİ APENNİN YARIMADASINDA
SOCAR Avropanın cənubunda mövqelərini möhkəmləndirir
Müəllif: Nigar ABBASOVA
Sentyabr Azərbaycanın neft tarixində xüsusi yer tutur. 31 il əvvəl sentyabrın 20-də məşhur “Əsrin müqaviləsi”nin imzalanmasından sonra ölkənin neft-qaz sektorunun və ən iri regional layihələrin inkişafında yeni mərhələ başlayıb. Bu strateji sənəd genişmiqyaslı investisiyalara və infrastruktur transformasiyasına yol açaraq Azərbaycanı dünya enerji bazarında əhəmiyyətli oyunçuya çevirib.
Bunun parlaq təsdiqi bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) təkcə karbohidrogen ehtiyatlarının hasil edilməsində deyil, həm də neft emalı və enerjidaşıyıcıların pərakəndə satışı sektorunda qlobal oyunçu kimi çıxış edən roludur. O, 13 ölkədə nümayəndəliklərə və Avropa, Gürcüstan və Türkiyədə 600-dən çox yanacaqdoldurma məntəqəsindən ibarət şəbəkəyə malikdir. Bu, SOCAR-ın karbohidrogen ixracatçısından hasil edilməsindən son istehlakçıya qədər tam tsikli əhatə edən kompleks enerji brendinə transformasiyasını nümayiş etdirir.
Məhz sentyabrda SOCAR-ın İtaliyanın “Italiana Petroli” (IP) şirkətini əldə etməsi haqqında strateji sazişi imzalaması rəmzi xarakter daşıyır. Bu əməliyyat təkcə şirkətin iştirak coğrafiyasını genişləndirmir, həm də onun Avropa bazarında mövqelərini möhkəmləndirməklə bağlı uzunmüddətli strategiyasını təsdiqləyir.
“İtalyansayağı evlilik”
SOCAR-ın xarici fəaliyyəti tarixi 2008-ci ildə Türkiyə bazarına çıxışı və “Petkim” neft-kimya kompleksinin nəzarət paketini alması ilə başlayıb. Bu, Dövlət Neft Şirkətinin Türkiyədə iri enerji mərkəzinin formalaşması üçün əsas qoyub. Bunun kulminasiya nöqtəsi 2018-ci il oktyabrın 19-da illik 10 milyon ton gücündə olan STAR neft emalı zavodunun istismara verilməsi olub.
İndi SOCAR neft emalı, neft məhsullarının satışı və nəqliyyat xidmətləri sahəsində İtaliyanın aparıcı özəl şirkəti olan “API Holding” ilə sazişin imzalanması hesabına Avropanın cənubunda mövqelərini möhkəmləndirir (Braketti-Peretti ailəsinin holdinq şirkəti).
Söhbət SOCAR-ın “API Holding”dən IP-nin 99,82% səhmlərini əldə etməsindən gedir. Bu əməliyyat şirkətin Avropa enerji bazarında iştirakının genişləndirilməsində açar rol oynayır, Azərbaycanın İtaliya ilə iqtisadi tərəfdaşlığın möhkəmləndirilməsinə strateji diqqətini təsdiqləyir və Avropa regionunun enerji təhlükəsizliyinin artırılmasına və davamlı inkişafına töhfə verir.
Bununla bağlı sövdələşmə Bakıda I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində rəsmiləşdirilub. Onun bağlanması standart şərtlərə riayət edilməsi və tənzimləyici orqanlardan icazələrin alınması şərtilə 2026-cı ilin birinci rübündə gözlənilir.
SOCAR-ın məlumatına əsasən, saziş 2024-cü ilin dördüncü rübündən şirkətin iştirak etdiyi birləşmə və satınalmalar üzrə rəqabətli prosesin nəticəsi olub.
Bu məqamda qeyd edək ki, “Italiana Petroli” İtaliyada neft emalı üzrə ən iri inteqrasiya olunmuş platformalardan biridir. O, 4,5 mindən çox yanacaqdoldurma məntəqəsinə, ümumi illik emal gücü təxminən 10 milyon ton olan iki neft emalı zavoduna sahibdir. IP bitum, aviasiya yanacağı və sürtkü materialları kimi ixtisaslaşmış məhsullar istehsal edir, həmçinin ümummilli logistika sisteminə malikdir. Müştərilər və yerli əhali arasında yüksək nüfuza malik şirkəti təhlükəsizliyə, normativ tələblərə riayət və səmərəliliyə diqqəti ilə tanınan təcrübəli yerli menecer komandası və peşəkar kollektiv idarə edir.
Bu sövdələşmə SOCAR-a Avropa bazarına inteqrasiyanı yeni səviyyəyə çıxartmağa imkan verir. Söhbət emal və yanacağın pərakəndə satışından gedir. Bununla şirkət Avropada strateji oyunçuya çevrilir. Şirkətin məlumatına əsasən, iş yerlərini saxlayacaq və İtaliyada ekoloji cəhətdən məsul siyasətə davam edəcək.
SOCAR-ın prezidenti Rövşən Nəcəf IP-nin əldə edilməsini şirkətin beynəlxalq şaxələndirmə strategiyasının həyata keçirilməsində mühüm addım kimi qiymətləndirib: “Bu, Avropanın enerji təhlükəsizliyinə və Azərbaycanla İtaliya arasında tərəfdaşlığın daha da möhkəmləndirilməsinə töhfə verən rəqabətqabiliyyətli, innovativ və sosial məsuliyyətli biznesin inkişafına uzunmüddətli sadiqliyimizi nümayiş etdirir”.
API Holding baxımından IP-nin Azərbaycan tərəfinə satışı aktivləri davamlı reputasiyaya və institusional profilə malik beynəlxalq oyunçuya təhvil vermək istəyini əks etdirir. Bu da italyan şirkətinə qlobal miqyasda mövqelərini möhkəmləndirməyə və Aralıq dənizi hövzəsində strateji əhəmiyyətini saxlamağa imkan verəcək.
API Holding xüsusi olaraq vurğulayıb ki, diqqətli seçimdən sonra və Azərbaycan şirkətinin institusional profili və biznesdə geniş təcrübəsini nəzərə alaraq IP-də öz payının hamısını SOCAR-a satmaq qərarını qəbul edib.
“IP milli səviyyədə yanacaq sektorunda etalon olub və qalır, həmçinin İtaliyada mobillik və enerji təhlükəsizliyi sahəsində açar oyunçudur. 90 ildən çox ölkənin aparıcılarından biri olan bu şirkəti idarə edərək biz gələcək sahiblərə biliklər, müstəsna peşəkarlar, zəngin təcrübə və müstəsna innovativ potensialın möhkəm irsi buraxdığımıza görə fəxr edirik”, - İdarə Heyətinin sədri Uqo Braketti-Peretti bildirib.
Rəsmi olaraq əməliyyatın dəyəri açıqlanmır. KİV məlumatına görə isə o, təxminən 3 milyard avro qiymətləndirilir. Həmçinin bildirilir ki, SOCAR “Italiana Petroli”nin alınmasına digər iddiaçılar - İsveçrə transmilli korporasiyası Gunvor və BƏƏ-dən “Bin Butti Group” üzərində qələbə qazanıb.
Hər halda, SOCAR-ın “Italiana Petroli” ilə sövdələşməsi sadəcə İtaliya enerji bazarında iştirakın genişləndirilməsi deyil. O, həm də Azərbaycanın Avropa energetikasında uzunmüddətli prioritetlərini əks etdirir və SOCAR üçün Aralıq dənizi regionunda yeni imkanlar yaradır.
NEZ “ovu” davam edir?
Bu sövdələşmə Azərbaycanın Avropada neft emalı gücünün əldə edilməsi üzrə sonuncu olmaya bilər. Azərbaycanın “Anewz” telekanalının məlumatına görə, SOCAR və Türkiyənin “Cengiz Holding” şirkəti Rusiyanın LUKOIL şirkətinin Bolqarıstandakı neft emalı zavodunun (NEZ) əldə edilməsi haqqında danışıqlar üçün konsorsium yaradıblar.
Bildirilib ki, bu aktiv üçün həmçinin Qazaxıstanın milli neft şirkəti olan “KazMunayGas”, beynəlxalq treyder “Vitol”, Türkiyənin Pensiya Fondu - OYAK və Macarıstanın “MOL Group” şirkəti daxil olmaqla bir neçə digər iri oyunçu iddialıdır.
Telekanal qeyd edir ki, son 18 ay ərzində LUKOIL sanksiyalara görə Burqasdakı NEZ-də Rusiya neftini emal edə bilməyib. Eyni zamanda Azərbaycan və Türkiyə zavodun sabit xammal həcmi ilə təmin edilməsi üçün yaxşı mövqelərə malikdir. Bakı üçün bu sövdələşmə 2022-ci ilin yazından bəri boş dayanmış Bakı-Supsa neft kəmərinin yenidən işə salınmasına yol aça bilər ki, bu da Qara dəniz regionunda onun tranzit rolunun bir hissəsini bərpa etməyə imkan verəcək.
Yeri gəlmişkən, Burqas şəhərinin yaxınlığında yerləşən “LUKOIL Neftochim Burgas” NEZ Balkanlarda ən iri neft emalı müəssisəsidir. Onun gücləri ildə təxminən 8-10 milyon ton neft (gündə təxminən 190 min barel) emal etməyə imkan verir. Zavod benzin, dizel və aviasiya yanacağı, mazut və bitum daxil olmaqla geniş spektrli neft məhsulları buraxır. Müəssisə 2 sentyabr 1963-cü ildən işləyir.
2015-ci ildə NEZ-də dərin emal kompleksi istismara verilib ki, bu da açıq rəngli neft məhsullarının istehsalını əhəmiyyətli dərəcədə artırıb.
Lakin son 18 ay ərzində zavod çətinliklərlə üzləşib: sanksiyalara görə LUKOIL xammal kimi Rusiya neftindən istifadə edə bilməyib. Bolqarıstan, həmçinin Rusiya neftinin emalına və ondan yanacağın ixracına qadağa qoyub, müəssisəyə isə mənfəətdən 60% məbləğində vergi tətbiq edilib. KİV məlumatına görə, aktivin dəyəri təxminən 2 milyard dollar təşkil edə bilər.
SOCAR və “Cengiz Holding”in Bolqarıstan NEZ-ə marağının rəsmi təsdiqi hələ ki yoxdur, lakin mediada dərc olunanlar danışıq prosesinin həqiqətən mövcud olduğunu güman etməyə imkan verir. Və əgər bu təsdiqlənərsə, sövdələşmənin uğurla başa çatması Azərbaycan və Türkiyənin Avropanın enerji sektorunda mövqelərini möhkəmləndirəcək, Bolqarıstana Rusiya kapitalından asılılığı azaltmaq imkanı verəcək, LUKOIL-ə isə ABŞ-nin sanksiyaları ilə bağlı riskləri minimuma endirməyə və problemli aktivi monetizasiya etməyə imkan yaradacaq.
MƏSLƏHƏT GÖR:

50

