XANKƏNDİ: DİVERSİYA KÖLGƏLƏRİ
Dövlət başçısının səfəri zamanı baş vermiş insident regionda etimad və təhlükəsizliklə bağlı suallar yaradıb
Müəllif: NURANİ
Qarabağ və Şərqi Zəngəzurda Böyük Qayıdış proqramının icrası getdikcə sürətlənir. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarından birində bildirib ki, Azərbaycanın bu istiqamətdə apardığı işin dünyada analoqu yoxdur. Bir müddət əvvələdək adları döyüş xəbərlərində çəkilən şəhər və kəndlərdən keçmiş məcburi köçkünlərin qayıdışı, məktəblərin, müəssisələrin açılışı, yolların, turizm obyektlərinin istifadəyə verilməsi ilə bağlı informasiyalar yayılır. Bəli, müharibə bitib, münaqişə səhifəsi çevrilib və artıq məhz belə xəbərlərin vaxtıdır.
Lakin baş verən bəzi hadisələr rahatlaşmağın hələ də tez olduğunu göstərir.
Terror cəhdi
2025-ci il sentyabrın 14-də Azərbaycanın Xankəndi şəhərində terror aktı törətməyə cəhd olunub. Daxili İşlər Nazirliyinin məlumatına görə, şəhər sakini, 1967-ci il təvəllüdlü Karen Albertoviç Avanesyan həmin gün meşə massivində gizlətdiyi «Kalaşnikov» avtomatı, ona məxsus 4 güllə darağı və 5 əl qumbarasını götürərək şəhərdə tədbirin keçiriləcəyi yerə yaxınlaşmağa cəhd edən zaman polis əməkdaşları tərəfindən saxlanılıb. Bu zaman o, polisə müqavimət göstərib, onlara tərəf 3 ədəd əl qumbarası atıb və avtomatdan atəş açıb. Cavab atəşi nəticəsində Avanesyan yaralanıb. Əməliyyat zamanı bir polis əməkdaşı da xəsarət alıb. Baş verənlərlə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunda cinayət işi açılıb, əməliyyat-istintaq tədbirləri aparılır.
Xatırladaq ki, sentyabrın 14-də Prezident İlham Əliyev Xankəndini ziyarət edir, şəhərdə onun iştirakı ilə tədbirlər keçirilirdi. Bunu nəzərə alsaq, Avanesyanın terror aktı cəhdini təsadüf saymaq çətindir.
Doğrudur, istintaq davam edir və hələ ki, nəticə çıxarmaq üçün tezdir. Lakin Azərbaycan ictimaiyyətində artıq tamamilə məntiqli, aktuallığını itirməyən suallar yaranıb. Bakı Qarabağın azad olunmasından sonra orada yaşayan erməniləri öz vətəndaşları hesab etdiyini, onlara Konstitusiyada nəzərdə tutulmuş bütün hüquqların, o cümlədən təhlükəsizlik zəmanətinin veriləcəyini bildirmişdi. Belə bir vəziyyətdə erməni icması üzvünün meşəyə gedərək orada gizlətdiyi avtomatı, digər sursatları götürərək silahlı aksiyaya cəhd etməsi nə deməkdir? Buna necə reaksiya verilməlidir? İndi orada qalan digər etnik ermənilərə nə dərəcədə etibar oluna bilər? Hələ neçə belə «Avanesyanlar» zərərsizləşdirilməli olacaq?
İstintaq və məhkəmə, şübhəsiz ki, suallara cavab tapacaq. Məlum olacaq ki, Karen Avanesyan təkbaşına hərəkət edib, yoxsa kimlər tərəfindənsə idarə olunub. O, xarici görünüşünə görə peşəkar diversanta bənzəmir. Lakin təhlükəsizlik xidmətləri hər zaman bildirir ki, «davranış pozuntusu» olan tək adam hər zaman daha təhlükəlidir. Belə qeyri-adekvat şəxsin nə edə biləcəyi, təhlükəsizlik tədbirlərində boşluğun olduğu halda hansı əməlləri törədə biləcəyi özünü, təəssüf ki, 2009-cu il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında göstərib. Məlum olduğu kimi, həmin kütləvi qətl hadisəsini Ermənistanın xüsusi xidmət orqanları təşkil etmişdi. Bu sırada 1984-cü il sentyabrın 8-də – Qarabağ münaqişəsindən hələ 4 il əvvəl Bakı şəhərində sərnişin avtobusunun partladılması da var. O hadisəni də «davranış pozuntusu» olan Henrix Vartanov təkbaşına törətmişdi.
Narahat keçmiş
Münaqişənin başlaması ilə artıq ortaya heç də «davranış pozuntusu olan tənhalar» yox, tam fərqli qüvvələr çıxmağa başlamışdı. 1990-cı illərin əvvəllərində erməni millətçiləri Azərbaycana qarşı əsl terror hücumuna başlamışdılar. Onların əsas hədəfləri rayonlararası sərnişin avtobusları, sərnişin qatarları idi. Onlar «Sovetskaya Kalmıkiya» bərəsini belə, partlatmağa cəhd göstərmişdilər. Doxsanıncı illərin ortalarında isə Ermənistanın xüsusi xidmət orqanları «Sadval» ləzgi terror qruplaşmasının döyüşçülərini öz düşərgələrində hazırlayaraq, metroda diversiya törətmələri üçün Bakıya göndərmişdi. O zaman bu hazırlıq öz «bəhrə»sini vermiş, Bakı metrosunda iki partlayış törədilmişdi.
Rusiya vətəndaşı, Kalininqrad vilayətinin sakini İqor Xatkovski də terrorçuluq fəaliyyətinə həmin vaxt cəlb olunmuşdu. O, Bakının Dəmir Yolu Stansiyasında sərnişin qatarının partladılmasında, həmçinin yük qatarına partlayıcının quraşdırılmasında şübhəli bilinərək, növbəti terror aktını törətməyə çalışarkən saxlanılmışdı.
Baş verənlər fonunda Ermənistanın beynəlxalq terrorçuluğu dəstəkləyən dövlətlər sırasına daxil edilməsi ehtimalının yaranması ilə onun xüsusi xidmət orqanları bu qanlı əməllərdən müvəqqəti vaz keçməli olmuşdu. Amma bu imtina çox çəkməyib. 44 günlük müharibə ərəfəsində Ermənistan Müdafiə Nazirliyi «hücum qrupları» yaradılacağını bəyan etmişdi. Onların Azərbaycanın arxa cəbhəsində diversiyalar törədəcəkləri, dəmir yollarına, boru kəmərlərinə hücumlar təşkil edəcəkləri deyilirdi. Qarabağda isə işğalçı xuntanın ömrünə sayılı günlərin qaldığı məlum olduqda «partizan müharibəsi»nə hazırlıq başlamışdı. Məşhur Ruben Vardanyanın «Nemesis-2» adlı terror qruplaşmasının qurulmasına, Azərbaycan diplomatlarına qarşı hücumların təşkilinə çağırışı da yaddaşlardadır.
44 günlük savaşdan sonra isə erməni dairələri etiraf edirdilər ki, Ermənistana «kömək üçün» xaricdən gəlmiş bir çox döyüşçü geri dönməyə tələsmir? Onlar mülki geyimdə silaha sarılaraq gözləyirlərmiş. Nəyi? Diversiyaya başlanılması əmrini. İşğalçı xunta da həmin dövrdə Qarabağın «silahla dolduğunu», nəticədə, orada silahlı insidentlərin artdığını da etiraf edirdi.
Ekspertlər bir məqama xüsusi diqqət çəkirlər: Qarabağda erməni işğalçıların vaxtilə yaratdıqları silah anbarlarının aşkarlanması davam edir. Bəzən bu silah-sursat keçmiş hərbi hissələrin, polis bazalarının ərazisində tapılırsa, bir sıra hallarda isə onlara yaşayış evlərinin zirzəmilərində, mülki sosial obyektlərdə və s. rast gəlinir. Bu isə şəhərin vaxtilə partizan müharibəsinə hazırlaşdığını təsdiqləyir. Xatırladaq ki, Azərbaycanın antiterror reydlərindən sonra yuxarıda adıçəkilən Ruban Vardanyan məhz belə çağırışla çıxış etmişdi. Lakin çox keçmədən gələcək «qəhrəman partizanlar» Ermənistana qaçmağa üstünlük vermişdilər. Elə təxribatçı oliqarxın özü də.
Lakin Xankəndidə baş vermiş son hadisə göstərir ki, erməni terroru amilini nəzərə alaraq, hələ də tam rahatlaşmaq olmaz.
Terrorçular qəhrəmanlaşdırılarsa
Barəsində dəfələrlə bəhs olunmuş bir mövzunu bir daha yada salaq: erməni millətçi dairələrində siyasi terrorun kökləri ötən əsrin əvvəllərinə gedib çıxır. O vaxtlar «Daşnaksutyun» döyüşçüləri İstanbulda Osmanlı Bankında insanları girov götürmüş, Bakı qubernatorunun müavini, knyaz Naqaşidzeyə qarşı sui-qəsd törətmişdilər. Məhz həmin dövrdən ermənilər terrorçuları qəhrəmanlaşdırmağa da başlamışdılar. Ədalət naminə qeyd olunmalıdır ki, XIX əsrdə terrora əl atanlar çox olub. Lakin sonradan çoxları bu mübarizə üsulundan imtina etsə də, bu, ermənilərə aid olmayıb. Məsələn, ötən əsrin 20-ci illərində onlar «Nemesis» adlı terror qruplaşması yaratmışdılarsa, 70-ci illərdə daha bir neçə analoji təşkilat formalaşdırılmışdı. Onlardan ən təhlükəlisi ASALA idi. Bu qruplaşma Türkiyə diplomatlarına qarşı sui-qəsdlər törədirdi. Həmin vaxt təşkilatın üzvləri 40-dan çox insanın həyatına son qoymuşdular. Əvəzində isə onlar hər dəfə milli qəhrəman səviyyəsinə qaldırılırdılar. Bu gün İrəvanda XX əsrin iyirminci illərinin terrorçusu Soqomon Teyleryanın abidəsinə rast gəlmək olar, həmçinin «Yerablur» qəbiristanlığında ASALA yaraqlılarının xatirəsinə abidə də ucaldılıb. Ermənistanda «Nemesis» terrorçuları üçün də abidə qoyulub. Onun üzərində qəhrəmanların adlarının yazılmalı olduğu hissə boş saxlanılıb ki, bu da mübarizənin davam etdiyinin rəmzidir. İrəvanda beynəlxalq terrorçu Monte Melkonyanın adını daşıyan küçə və metrostansiyası da var. Yeri gəlmişkən, Melkonyan kultu özünün ən yüksək zirvəsinə bəlkə də işğal edilmiş Qarabağda çatmışdı: kabinetlərdə onun portretləri asılmış, binaların divarlarına bu terrorçunun şəkilləri çəkilmişdi.
Yetmişinci illərin bir çox terrorçusu sonradan Ermənistanda məskunlaşıb. Onların arasında Avropa və ABŞ həbsxanalarında yatmış şəxslər də var. Bütün bu ideoloji tərbiyə isə şübhəsiz ki, öz acı nəticələrini verir və ona heç də yalnız Xankəndidə rast gəlinmir. Xankəndidə terror aktına cəhdlə bağlı istintaqın getdiyi bir vaxtda Ermənistanda da dramatik xəbərlər gəlib. Məlum olub ki, Parakar qəsəbəsinin meri, 2025-ci il martın 30-da keçirilmiş seçkidə hakim «Vətəndaş müqaviləsi» partiyasından olan namizədi məğlub etmiş Volodya Qriqoryan qətlə yetirilib. Onunla birlikdə DİN əməkdaşı Karen Abramyan da güllələnib. Maraqlıdır ki, müxalifət Qriqoryanın qətlində «qanlı rejim»i günahlandırmağa tələsmir. Ermənistan müxalifətinin «Qarabağ klanı» ilə sıx bağlı olduğu, bu klanın isə terror və kriminalla əlaqələrə malik olduğu hər kəsə bəllidir.
Bir çox müxalif fəal ölkədə məsələlərin zorakılıqla həll olunmasının vərdişə çevrilməsindən narahatlığını ifadə edir ki, bu da əbəs deyil. 1999-cu il oktyabrın 27-də Nairi Unanyan adlı şəxsin başçılıq etdiyi beş terrorçudan ibarət qrupun ölkə parlamentinin binasına daxil olaraq orada kütləvi qətliam törətdiyi çoxlarına məlumdur. 2016-cı ilin yayında İrəvanda polis bazasında insanların girov götürülməsi də o qədər uzaq keçmişdə baş verməyib. Ölkədə sayı-hesabı olmayan siyasi qətllər də öz yerində. Ermənistanda, demək olar ki, bütün daxili siyasi təlatümlər belə hallarla müşayiət edilib. Bir cəmiyyətdə terror mübarizə üsuludursa, ondan, ilk növbədə, elə həmin cəmiyyətin özünə qarşı istifadə olunacaq.
MƏSLƏHƏT GÖR:


82

