DÜNYANI FƏTH EDƏN TAMBLİNQÇİ
Tofiq ƏLİYEV: “Bu hərəkəti yenidən etmək çox çətindir”
Müəllif: Xosrov NADİROĞLU
Azərbaycanın tamblinq üzrə milli komandasının üzvü Tofiq Əliyev 2025-ci ildə əsl ulduza çevrilib. O, Fransada keçirilən Dünya Kubokunu qazanaraq qızıl medal əldə edib. T.Əliyev Çinin Çenqdu şəhərində keçirilən Dünya Oyunlarından sonra özünəməxsus elementi ifa edərək gümüş medalla mükafatlandırılıb. Bu element həm də ona dünya şöhrəti qazandırıb. Tofiq Əliyev ilə onun karyerası, ən çətin elementləri və böyük arzusu haqqında danışmaq üçün görüşdük.
- Gimnastika ilə ilk dəfə necə tanış olmusan?
- İdmana gedən yolum tamblinqdən başlayıb. Evdə çox dəcəl uşaq olmuşam. 4 yaşımda anam məni məşqçi Sahib Sultanovun yanına gətirib və orada tamblinqə yazılmışam. Sonralar özümü yaxşı tərəfdən göstərmişəm, nəticələr qazanmışam və milli komandaya dəvət olunmuşam. Milli komandada bir sıra titullara sahib çıxmışam. Komandalar arasında dünya və Avropa çempionatında qızıl, fərdi yarışda isə qitə çempionatında gümüş medal qazanmışam.
- Bu yaxınlarda Dünya Kubokunun mərhələlərinin qalibi oldun. Deyəsən, Dünya Kuboku ilə bağlı bütün mükafatları qazanmısan.
- Dünya kubokunu birinciliklə başa vuraraq Dünya kuboku seriyalarının qalibi olmaq çox xoşdur. Cari mövsüm ərzində ardıcıl olaraq Bakı, Koimbra və Antibesdə keçirilən Dünya Kuboklarında sabit və yüksək nəticələr göstərərək bu nüfuzlu seriyanın qalibi olmağı bacardım. Fransanın Antibes şəhərində keçirilən son mərhələyə yüksək nəticə göstərmək çox vacib idi. Həmin yarışda qızıl medal qazanmaqla ümumi sıralamada birinci yeri təmin etdim.
- Amma tamblinqdə populyarlığı Çinin Çenqdu şəhərində keçirilən Dünya Oyunlarında əldə etdin. İnanılmaz elementlə gümüş mükafat qazandın...
- İndiyə qədər yuxuda tamblinq barədə gördüyüm hər şey reallığa çevrilib. Yarışdan haradasa 3 ay əvvəl bu etdiyim hərəkəti yuxumda gördüm. Ertəsi gün köməkçi məşqçi Rahib Əliyevlə qərara aldıq ki, bunu yoxlayaq. Baş məşqçi onda iclasda idi. Birinci cəhd uğursuz oldu. İkincidə isə ayaqüstə düşdüm. Sonradan Dünya oyunlarında finala adladıqdan sonra “niyə də yox” dedik. Mən bu barədə qərarımı məşqçiyə bildirəndə, onunla zarafat etdiyimi fikirləşdi. Sonradan danışığımız ciddiləşdi və bu hərəkəti etdim. İnanın, hətta komanda yoldaşlarıma bu hərəkəti edəcəyimi demədim. Üçlü salto və üçlü vint tamblinqdə çətin kombinasiyalardan biridir. Bu hərəkəti dünyada ilk dəfə mən etdim. Riskli olsa da, peşman deyiləm. Bu hərəkətin sayəsində yarışda gümüş medal qazandım.
- Qızıl medal qazanmadığına görə üzülmədinmi?
- Xeyr, birinci yerə xalım çatmadı. Amma gümüş medal qazansam da, qızıl medalçıdan daha çox müzakirə olundum. Hələ də bəzi TV kanalları hərəkəti efirdə yayımlayır və onun çətinliyindən danışır.
- Məhz bu hərəkətin sənə populyarlıq qazandırması ilə razısan?
- Düzü, necə cavab verəcəyimi bilmirəm. Bütün dünyada hərəkətin videoyazısı dəfələrlə göstərilib. Sosial mediada yüz minlərlə paylaşım olub. İndi hansı yarışa gedirəm həmin hərəkətə görə hamı yaxınlaşır, təbrik edir. Çox çətin hərəkətdir, inanmıram yaxın illərdə onu kimsə təkrarlasın.
- İlk dəfə bunu etdiyinə görə element sənin adını daşıya bilərmi?
- Bu barədə müzakirələr gedir. Beynəlxalq Gimnastika Federasiyasının Texniki Komitəsi hərəkətin adım ilə qeyd olunması barədə düşünür. Yəqin bu hərəkət mənim adımla adlandırılar. Gimnastikada adətən ilk dəfə yerinə yetirilən hərəkət onun müəllifinin adı ilə adlandırılır və tarixdə elə qalır.
- Tamblinqlə məşğul olmağına ilham verən idmançı varmı?
- Dünyada tanınan və sevilən idmançılar çoxdur. Həmişə müxtəlif gimnastlardan ən yaxşı keyfiyyətləri öyrənməyə çalışmışam. Uşaqlıqda məşqlərdə bu idmanı məni həvəsləndirən həm də idmançımız, dünya və Avropa çempionu Mixail Malkin olub. Sonralar Azərbaycan millisində Malkinlə birgə çıxış etmişəm. Çox istedadlı idmançıdır.
- Məşhur hərəkəti yerinə yetirəndən sonra sosial mediada hamı yazırdı ki, tamblinq olimpiadada olmalıdır. Yəqin bunu ən çox sən arzulayırsan...
- Həyatımın arzularından biridir. Çində həmin hərəkəti yerinə yetirəndən bir gün sonra hamı yazırdı ki, tamblinq olimpiadada olmalıdır. Təəssüf olsun ki, tamblinq oyunların proqramına daxil edilməyib. Batut gimnastikası ilə yarışlarımız adətən eyni turnirdə, eyni zalda olur. Batut gimnastikası olimpiadada var, amma tamblinq yoxdur. Ümidimi itirmirəm, inanıram ki, gələcəkdə Azərbaycanı olimpiadada təmsil etmək imkanım olacaq.
- Bu məşhur elementi yerinə yetirmək qərarına gəlməyinə nə kömək edib?
- Məncə, xarakter. Xarakterim imkan verməsəydi, yuxuda gördüyümü heç vaxt yerinə yetirməzdim.
- Bəs növbəti hədəfin nə olacaq?
- Bilmək olmaz, bəlkə yenə qeyri-adi yuxular gördüm (gülür). Bu hərəkətlə işimi bitmiş saymıram. Gələcəkdə ola bilər yenə sizi yaxşı mənada təəccübləndirim. Beynimdə bir neçə hərəkətlər var, ola bilər onların üzərində çalışım. Karyerama gəlincə, fərdi yarışlarda Avropa və dünya çempionatlarında qızıl medal qazanmağı arzulayıram. Sonra isə çempionluğu təkrarlamağı istərdim. Yəni adımın önündə iki, üçqat titulların olmasını hədəf seçmişəm. Ümid edirəm ki, tale mənə bu arzuları gerçəkləşdirmək üçün güc verəcək.
MƏSLƏHƏT GÖR:





51

