5 Dekabr 2025

Cümə, 09:03

“GÜMÜŞ” OĞLANLAR

“Qızıl”ın bir addımlığında: Azərbaycanın kişilərdən ibarət komandası qitədə ikinci yeri tutub

Müəllif:

01.11.2025

Gürcüstanın Batumi şəhərində komandalar arasında Avropa çempionatı kişi şahmatçılardan ibarət Azərbaycan millisi üçün gümüş medal ilə yadda qalıb. Reytinqə görə çempionatın dördüncü komandası olan Azərbaycan kollektivi qızıl medalın bir addımlığında büdrəməklə ikinci yeri tutub.

 

“Qızıl” kimi parlayan “gümüş”

Kişi şahmatçılardan ibarət Azərbaycan komandası səkkizinci turda turnirin həmin dönəmdə lideri Ukrayna üzərində (2,5:1,5) vacib qələbə qazanmaqla liderliyə yüksəlib. Tarixində dördüncü dəfə Avropa çempionu olmaq üçün azərbaycanlı şahmatçılar son turda Serbiyanı məğlub etməklə yanaşı, Ukraynanın xal itirməsi vacib idi. Doqquzuncu turda Serbiyaya 1:3 hesabı ilə məğlub olan Azərbaycan millisi yekunda “gümüş”lə kifayətlənməli olub.

Azərbaycan millisinin çıxışında əsas xallar 6-8-ci turlarda əldə olunub. Təmsilçilərimiz ardıcıl olaraq Ermənistan, Macarıstan və Ukrayna yığmalarını məğlub etməklə “qızıl”a çox yaxınlaşdılar. Lakin son həlledici turda Serbiyaya məğlubiyyət Azərbaycan komandasını “gümüş”ə qovuşdurdu.

Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Eltac Səfərli, Aydın Süleymanlı, Məhəmməd Muradlıdan ibarət Azərbaycan yığmasının əldən verdiyi çempionluq müəyyən mənada təəssüf doğurur. Lakin qeyd etmək lazımdır ki, bu, Azərbaycanın kişi şahmatçılarının son səkkiz ildə Avropa çempionatında qazandığı ilk medaldır. Xatırladaq ki, 2017-ci ildə şahmatçılarımız üçüncü dəfə Avropa çempionu olub və həmin yarışdan sonra qitə çempionatında ilk üçlükdə yer almayıb.

 

Uğurlar, rekordlar, qələbələr və məğlubiyyətlər

Hər zaman mötəbət turnirlərin favoriti sayılan kişi şahmatçılardan ibarət Azərbaycan yığmasının qitə çempionatında ikinci yer tutması böyük uğurdur. İlk növbədə, unutmayaq ki, komandanın heyəti ciddi şəkildə dəyişib. Vüqar Həşimovun vaxtsız vəfatından sonra milli xeyli zəiflədi. Digər tərəfdən Dünya Kubokunun sahibi Teymur Rəcəbov artıq yığmada çıxış etmir və fəaliyyətini kapitan-məşqçi kimi davam etdirir. Yığmada lider Şəhriyar Məmmədyarov və son Azərbaycan çempionu Rauf Məmmədov qalıb. Məhz bu səbəbdən Azərbaycan Şahmat Federasiyası risk edərək komandada gəncləşdirmə siyasətinə başlayıb. Ölkə şahmatının gənc ulduzları Aydın Süleymanlı və Məhəmməd Muradlı komandaya cəlb olunublar. Gənclərlə təcrübəli şahmatçıların birgə formalaşdırdığı Azərbaycan komandası yekunda qitə ikinci olmaqla gələcəyə nikbin baxmağa imkan verib.

Kişi şahmatçıların Avropa çempionatında gümüş medal qazanması Teymur Rəcəbov üçün komandanın kapitanı kimi ilk uğur idi. Böyük təcrübəyə malik üçqat Avropa çempionu T.Rəcəbov kapitan kimi mehriban kollektiv yaratmaqla yanaşı, həm də lazım gələndə debüt seçimində məsləhət verməyi bacarıb. Eyni zamanda Rəcəbov hər turdan əvvəl heyəti müəyyənləşdirməklə böyük məsuliyyəti üzərinə götürüb.

Azərbaycan komandasının lideri Şəhriyar Məmmədyarov barədə isə ayrıca danışmaq lazımdır. 25 il milli komandanın şərəfini qorumaqla rekord müəyyənləşdirən Məmmədyarov bütün 9 turda heyətdə yer alıb və lider  olduğunu sübut edib. Təəssüf olsun ki, 9-cu turda bəlkə də yorğunluq səbəbindən ani diqqətsizlik onun partiyasını uduzması ilə nəticələnib.

İkinci lövhədə çıxış edən son ölkə çempionu Rauf Məmmədov müəyyən mənada stabil oynamayıb. Amma 8-ci turda məhz onun qələbəsi milliyə Ukrayna komandasını üstələməkdə kömək olub: həlledici xalı R.Məmmədov qazandırıb.

Bundan əlavə, Eltac Səfərli üçüncü lövhədə keçirdiyi yeddi partiyada beş xal toplayaraq fərdi göstəricilərə görə qızıl medal qazanıb. Eltac Səfərli üçün qitə çempionatı sanki böyük şahmata qayıdış olub. Uzun müddət Almaniyada kiçik turnirlərdə çıxış etməklə diqqətdən yayınan E.Səfərli milliyə layiq olduğunu göstərib və gümüş medalın qazanılmasında böyük rol oynayıb.

Milli komandanın gənc üzvü Aydın Süleymanlının çıxışını stabil adlandırmaq olar. Son turda Markuşla oyundakı məğlubiyyət onun yeganə məğlubiyyətidir. Təhlükəsiz, balanslı oyun tərzi ilə komanda üçün vacib xallar qazandıran Aydın Süleymanlı doqquz partiyada beş xalla yadda qalıb. Məhəmməd Muradlı milli komandada əvəzedici şahmatçı kimi normal mübarizə aparıb. Dörd oyunda dörd heç-heçəyə nail olan Muradlı daha yaxşı nəticələr üçün üzərində işləməyi davam etdirməlidir.

Əvvəlki iki Avropa Çempionatında bürünc və gümüş medal qazanan Azərbaycan qadın komandası bu dəfə o qədər də yaxşı çıxış etməyib. Millinin lideri Günay Məmmədzadənin ailə vəziyyəti ilə əlaqədar komandada olmaması yekun nəticəyə təsirsiz ötüşməyib. Qadın şahmatçılar Avropa çempionatını 10-cu pillədə başa vurublar. Qitə çempionatının ən yaxşılarından olan Gülnar Məmmədova dördüncü lövhədə üçüncü yeri tutub. 8 turda 6 qələbə qazanan G.Məmmədovaya bağlanış mərasimində bürünc medal təqdim olunub.

 

“Sona qədər mübarizə apardıq”

Milli komandanın lideri Şəhriyar Məmmədyarov jurnalistlərə açıqlamasında Azərbaycanın medalların sayına görə Avropada birinci olduğunu bildirib: “Ən çox titulları da biz qazanmışıq. 3 dəfə qızıl medal, dəfələrlə gümüş və bürünc mükafatçı olmuşuq. Medal sayına görə qitə çempionatında birinci yerdəyik. Son tura qədər birinci yer uğrunda mübarizə apardıq. Birinci yeri qazanmaq üçün şanslar ola bilərdi. Sadəcə, Ukrayna komandası turnirdə inanılmaz şəkildə iştirak etdi. Onlar bizdən başqa hamıya qalib gəldilər. Təkcə bizə məğlub oldular. Əslində biz çempion komandaya da qalib gəlmişik. Ona görə də özümüzü rahat hiss edirik. Möhtəşəm nəticəyə görə komanda yoldaşlarıma, federasiyaya və bizi dəstəkləyən hər kəsə təşəkkür edirəm”.

Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov şahmatçılarımızın Batumidə keçirilən Avropa çempionatındakı çıxışını dəyərləndirib: “Şahmatçılarımız son tur ərəfəsində məğlub olmayan yeganə komanda idi və təəccüblü deyil ki, birinci yerdə qərarlaşmışdılar. Təəssüf ki, IX turda istədiyimiz nəticə alınmadı. Son turda oyunlar daha tez başlayır, şahmatçılar yorğun olur və səhvlərin sayı artır. Ona görə çempionatı yüksək səviyyədə keçirən Şəhriyar son partiyada bir dəqiqəlik konsentrasiyanı itirdi. Bu, yorğunluqla bağlıdır, unutmayaq ki, Şəhriyar ardıcıl 9 turda mübarizə apardı. Bizim həm kişi, həm də qadın şahmatçılardan ibarət komandalarda 9 tur oynayan yalnız Şəhriyar oldu və əsl lider olduğunu göstərdi.

Avropa çempionatında ikinci yeri böyük uğur hesab edirəm. Əlbəttə, qızıl medal daha yaxşı nəticədir. Azərbaycan komandası üç dəfə Avropa çempionu olub və dördüncü dəfə qızıl medal qazanacağımıza böyük ümid var idi.

Son iki qitə çempionatında qadın şahmatçılarımız bürünc və gümüş medallar qazanıb. Əfsuslar olsun ki, bu dəfə mükafatçılar sırasında yer almadılar. Amma biz bundan nəticə çıxarmalı və daha çox işləməliyik”.



MƏSLƏHƏT GÖR:

30