26 Dekabr 2025

Cümə, 21:33

GƏNCƏNİN “QIZILI”

Azərbaycan cütlüyü Avropa titulunu qazanıb və gimnastika tarixini yenidən yazıb

Müəllif:

01.12.2025

Noyabrın 14–16-da qədim Gəncə şəhəri daha bir mötəbər yarışa ev sahibliyi edib. Aerobika gimnastikası üzrə böyüklər arasında 14-cü Avropa çempionatı uğurla başa çatıb. 3 gün davam edən yarışda 18 ölkədən 151 gimnast müxtəlif kateqoriyalar üzrə: fərdi, qarışıq cütlük, üçlük, qrup və aerodans proqramlarında öz çıxışlarını nümayiş etdiriblər.

Yarışın ikinci təsnifat gününün sonunda komanda hesabında mükafatlandırma baş tutub. Mükafatlandırmada 1-ci yerdə İtaliya, 2-ci yerdə Rumıniya, 3-cü yerdə isə İspaniya qərarlaşıb. İkinci təsnifat gününün nəticələrinə əsasən gimnastlar final mərhələsinə vəsiqə qazana biliblər. Finala vəsiqə qazananlar arasında qarışıq cütlüyümüz - Mədinə Mustafayeva və Vladimir Dolmatov da yer alıb.

Final günündə bütün kateqoriyalar üzrə finalçıların çıxışları sərgilənib və ən yaxşılar Avropa çempionu adını qazanıb. Aerobika gimnastikası üzrə favorit cütlüyümüz Mədinə Mustafayeva və Vladimir Dolmatov Avropa çempionu adını qazanaraq 1-ci yerin sahibi olublar.

 

Uğurun sirri

Aerobika gimnastika komandasının baş məşqçisi Marian Kolev duetin bacarığını yüksək qiymətləndirib və qələbələrinin əhəmiyyətini qeyd edib: “İlk növbədə, Gəncəyə və onun sakinlərinə təşəkkür etmək istərdim. Qitə çempionatından öncə Azərbaycan komandası qədim şəhərdə hazırlıq keçib. Bu müddətdə bizə ən yaxşı şərait yaradıldığını qeyd etməliyəm. Gərgin keçən çempionatın ən yüksək medalını qazanmağı böyük nailiyyət hesab edirəm. Məşqlər çox ağır keçirdi. Amma nəticə bu yorğunluğu unutdurdu. Bütün komandamız xoşbəxtdir. Avropa çempionatında ilk qızıl medalımızı Gəncədə qazandıq. Bu qələbəni heç vaxt unutmayacağıq”.

Aerobika gimnastikası üzrə Avropa çempionatında qızıl medal qazanan Vladimir Dolmatov uğurun sirrinin gərgin məşqlərdə olduğunu vurğulayıb: “Əvvəlcə Bakıda, sonra Gəncədə hazırlıqda iştirak etdik. Məqsədimiz Avropa çempionatında qızıl medal qazanmaq idi. Rəqabətin yüksək olmasına baxmayaraq, komanda olaraq çətinliyə hazır idik. Avropa çempionatındakı qızıl medal kolleksiyamda xüsusi yer tutacaq. Çünki qitədə birinci olmaq hər bir idmançının arzusudur”.

Avropa çempionatının qızıl medalçısı Mədinə Mustafayeva da öz hisslərini bölüşüb: “Sevincimin həddi-hüdudu yoxdur. Həqiqətən, çətin günlərimiz çox olub, zədələrimiz, ağrılarımız olub. Dünya çempionatında medallarımız var idi, Avropa çempionatında bu ilkdir, özü də qızıl. Bizə dəstək olan hər kəsə təşəkkür edirik”.

 

Pamplonanın “qızıl” nəticələri

Qeyd edək ki, Gəncədə Avropa çempionatı keçirildiyi günlərdə İspaniyanın Pamplona şəhəri batut gimnastikası və tamblinq üzrə dünya çempionatına ev sahibliyi edib. Mötəbər yarışda iştirak edən Azərbaycan millisi 1 qızıl və 1 bürünc medala layiq görülüb.

Milli komandamızın üzvləri - Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Bilal Qurbanov möhtəşəm çıxış nümayiş etdirərək komanda hesabında Dünya çempionu olublar. İdmançılar fərdi çıxışlarda topladıqları xalların cəminə görə 172.100 xal nəticə ilə birinci yeri tutaraq, öz titullarını yenidən qorumağı bacarıblar.

Daha bir medalı batut gimnastikasında çıxış edən idmançılar əldə edib. Belə ki, sinxron proqramda çıxış edən Selcan Mahsudova və Maqsud Mahsudov 50.070 xalla dünya çempionatını bürünc medalla başa vurub.

Həmçinin, Selcan Mahsudova fərdi proqramda dünya çempionatının beşincisi olub.



MƏSLƏHƏT GÖR:

27