Müəllif: Nurlanə QULİYEVABakı
Artıq ardıcıl olaraq beşinci ildir ki, Azərbaycan MDB ölkələri arasında dünya iqtisadiyyatlarının rəqabətədavamlılıq reytinqində lider mövqelərdədir. Hər il Ümumdünya İqtisadi Forumu tərəfindən hazırlanan bu reytinqdə Azərbaycan mövqeyini daha da yaxşılaşdırır. 2013-2014-cü illərə aid hesabatda o, 148 ölkə arasında 39-cu pilləyə yüksəlməklə, daha rəqabətədavamlı iqtisadiyyatlar arasına düşüb. Bu, ötənilki göstərici ilə müqayisədə 7 pillə irəliləmək deməkdir. Şərqi Avropa və potsovet ölkələri arasında isə Azərbaycan bu göstəriciyə görə yalnız Estoniyadan (32-ci) geri qalır. Bu, ölkə üçün növbəti, kifayət qədər parlaq imic göstəricisidir. Azərbaycanın bu qiymətə tamamilə layiq olduğu qeyd edilməlidir: son onillikdə ölkənin makroiqtisadi göstəriciləri artıb, reytinqin əhatə etdiyi, demək olar ki, bütün sahələrdə nəzərəçarpacaq irəliləyiş var. Yeni reytinqdə ilk beşlikdə İsveçrə (5,67 bal), Sinqapur (5,61), Finlandiya (5,54), Almaniya (5,51) və ABŞ (5,48) yer alıblar. Ən pis göstərici Çad (2,85), Qvineya (2,91) və Burundidədir (2,92). Artıq qeyd edildiyi kimi, Azərbaycan MDB ölkələri arasında rəqabətədavamlılıq indeksinə görə mövqeyini yendən yaxşılaşdırıb. O, bu göstəriciyə görə Qazaxıstanı (50-ci yer), Rusiyanı (64), Gürcüstanı (72), Ermənistanı (79), Ukraynanı (84) və digər ölkələri geridə qoyur. Bununla yanaşı, maraqlıdır ki, 2005-ci ildən etibarən MDB ölkələri arasında Azərbaycandan başqa bu reytinqdə mövqeyini yaxşılaşdırmağa nail olmuş ölkələr yalnız Qazaxıstan, Rusiya, Gürcüstan və Tacikistandır. Azərbaycan 2005-ci ildə qərarlaşdığı 69-cu pillədən 30 pillə irəliləyib. Qazaxıstan və Rusiya bu dövrdə mövqelərini 11 pillə yaxşılaşdıra biliblər. Başqa sözlə, Azərbaycan reytinqdə mövqeyin yaxşılaşdırılması tempinə görə də liderdir. Azərbaycanın İqtisadi İnkişaf Nazirliyinin İqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Ədalət Muradovun sözlərinə görə, 2013-2014-cü illər üçün hesabatın hazırlanması prosesində 148 ölkədən olan biznesmenlərin rəyi soruşulub. Sənəddə hər bir ölkənin rəqabətədavamlılığının həm müsbət, həm də mənfi tərəfləri əks olunur. Bir sıra əlavə göstəricilərə görə Azərbaycan ilk onluqda təmsil olunur. "Biz inflyasiyanın illik səviyyəsinə görə birinci yerdəyik. Ümummilli gəlirin ÜDM-ə nisbətinə görə 10-cu, ümumi xarici borcun ÜDM-ə nisbətinə görə 13-cü, dövlətin öncül texnoloji məhsullar almasına görə 14-cü pilləni tuturuq", - deyə A.Muradov bildirib. Qeyd edək ki, makroiqtisadi göstəricilərinə görə Azərbaycan reytinqdə ilk onluqda yer alır (8-ci). Bu, ötənilki göstərici ilə müqayisədə 10 pillə irəliləmək deməkdir. Bu nəticəni kifayət qədər ciddi nailiyyət saymaq olar. Geridə qalan il ərzində ölkədə bazarın effektivlik səviyyəsi yaxşılaşıb və bu, xüsusilə əmək və əmtəə bazarına aiddir. Azərbaycan iqtisadiyyatı əmək bazarının effektivliyinə görə reytinqdə 30-cu sıradadır. Məsələn, ölkə işə qəbul və işdən xaricolunma təcrübəsindəki göstəricilərini yaxşılaşdırıb (8-ci). Bu, dövlət qulluqçularının işə test imtahanları vasitəsilə qəbul olunması ilə prosesin təkmilləşdirilməsi sayəsində mümkün olub. Maliyyə bazarının inkişaf göstəriciləri ötən illə müqayisədə 10 pillə irəliləyib. Buna səbəb böhran şəraitində bank sektorunun sabit inkişaf etməsi ilə yanaşı, həm də ölkədə qeyri-nağd hesablaşmaların inkişafıdır. İKT sahəsində də ciddi nailiyyətlər əldə olunub: mobil genişzolaqlı İnternet istifadəçilərinin sayında 54,8%-lik artım var. Ümumdünya İqtisadi Forumunun məlumatına görə, Azərbaycanda hər 100 nəfərdən 33,3-ü İnternet istifadəçisidir. Bu göstəriciyə görə Azərbaycan dünyanın 148 ölkəsi arasında 50-ci yerdədir. Telefonlaşdırmanın inkişafına görə isə ölkə ötənildəkindən 4 pillə irəli gedib və hazırda reytinqdə 67-ci yeri tutur. Vergilər Nazirliyinin Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin rəisi Akif Musayev hesab edir ki, Azərbaycanın sözügedən hesabatda mövqeyini yaxşılaşdırması inkişaf etmiş ölkələr də daxil olmaqla, bir sıra ölkələrin göstəricilərində geriləmənin olması fonunda xüsusilə maraqlıdır. Onun fikrincə, bu, ölkədə maliyyə sabitliyinin qorunub-saxlandığının, biznes mühitinin yaxşılaşdığının göstəricisidir. "Bu, ölkəyə xüsusilə uzunmüddətli investisiyaların cəlbi baxımından çox vacibdir. Adətən, yeni müstəqillik qazanmış və keçid dövrünü yaşayan ölkələrdə investorlar qısamüddətli kapital qoyuluşlarına üstünlük verirlər. Rəqabətədavamlılıq reytinqində mövqeyin yaxşılaşdırılması isə uzunmüddətli investisiyalar üçün imkanları ciddi şəkildə genişləndirəcək", - deyə A.Musayev qeyd edib. Bundan başqa, iqtisadiyyatın müxtəlif seqmentləri üzrə müsbət inkişaf trendi investorların qeyri-neft sektoru ilə daha ciddi maraqlanmağa başlayacaqlarına ümid yaradır. Bu isə hökumətin yaxın illər üçün qarşıya qoyduğu əsas məqsədlərə tam cavab verir. A. Musayevin sözlərinə görə, 2003-cü ildə Azərbaycana qoyulmuş investisiyaların dörddəbirindən az hissəsi qeyri-neft sektorunun payına düşürdüsə, indi iqtisadiyyatın bu sektoru investisiya qoyuluşlarının 75%-ni özündə cəmləşdirir: "Bu, Azərbaycanın beynəlxalq reytinqinin yaxşılaşmasının göstəricisidir". Bununla yanaşı, bu cür nüfuzlu reytinqdə mövqenin yaxşılaşması ölkənin ixrac sahəsindəki imicinə də müsbət təsir göstərəcək, eyni zamanda, yerli məhsul və xidmətlərin xaricdə də populyarlaşması üçün özünəməxsus "reklam" rolunu oynayır. Bir sözlə, Ümumdünya İqtisadi Forumunun reytinqindəki irəliləyişin ciddi effektinin ümumilikdə Azərbaycan iqtisadiyyatında və onun ayrı-ayrı sahələrində hiss olunacağı şübhə doğurmur.
MƏSLƏHƏT GÖR: