35 YAŞINDA BENEFİS
Milli çempionat dünya birinciliyi üçün mükəmməl məşq olub
Müəllif: Nadir XOSROVOĞLU
Azərbaycan Cüdo Federasiyası 2025-ci ili ənənəvi olaraq ölkə çempionatı ilə başa vurub. 200-dən çox cüdoçu 2 gün fərdi, 1 gün isə komanda yarışlarında mübarizə aparıb. Azərbaycan çempionatının təşkilatçılığını beynəlxalq “Böyük Dəbilqə” turniri ilə müqayisə etmək olar.
Zədələrdən benefisə qədər
Güclü rəqabətə baxmayaraq, titullu idmançıların yoxluğu bir qədər məyusedici idi. 73 kq-da Rəşid Məmmədəliyev zədə səbəbindən, Elcan Hacıyev (90 kq) isə bərpa dövrünü tam başa vurmadığına görə yarışı kənardan izləyib. Olimpiya çempionları - Hidayət Heydərov ( 73 kq) və Zelim Kotsoyev (100 kq) il ərzində çox yükləndiyindən mübarizəyə qoşulmayıb. 66 kq-da çıxış edən Ruslan Paşayev də təqvim sıxlığına görə ilin son yarışında çıxış etməyib.
Olimpiya və dünya çempionlarının iştirak etməməsinə baxmayaraq, demək olar, əksər çəkilərdə güzəştsiz mübarizə izlədik. Azərbaycan çempionatında gərgin rəqabət növbəti illərdə milliyə vəsiqə qazanmağın asan olmayacağını göstərib. 60 kq-da Balabəy Ağayevin çempion olması təcrübəli cüdoçunun bu kateqoriyada ən güclü olduğunu sübut edib. Finalda Murad Muradlı üzərində qazanılan qələbə B.Ağayevin 2026-cı ildə də yığmada olacağını təsdiqlənib.
Azərbaycan çempionatında ən gərgin mübarizələrdən biri 66 kq-da baş tutub. Ölkə cüdosunun gənc ulduzu Rəşad Yelkiyevin bu çəkidə bürünc medal qazanması isə bu rəqabətin göstəricisidir. “Judo Club 2012”nin üzvü Nazir Talıbov finalda Hüseyn Allahyarovu məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
“Sərhədçi”nin idmançısı Kamran Süleymanov 73 kq-da birinci olub. Olimpiya çempionu Hidayət Heydərovun yoxluğunda Süleymanovun qələbəsi məşqçilər üçün müzakirə predmeti olacaq. K.Süleymanova yeni ildə bir neçə beynəlxalq yarışda şans veriləcəyi gözlənilir.
81 kq-da Vüsal Qələndərzadənin çempionluğu barədə ayrıca danışmaq lazımdır. Bütün görüşlərini yüksək səviyyədə keçirən cüdoçu fəndləri dəqiq yerinə yetirməklə yanaşı, rəqiblərə başağrısı olub. Finalda Süleyman Şükürov üzərində qələbə Vüsalı layiqli olaraq ölkə çempionu edib.
90 kq-da Azərbaycan çempionatında Məmmədrza Hacızadə və Aslan Kotsoyev finalı baş tutub. Olimpiya çempionu Zelim Kotsoyevin qardaşı Aslan finalda rəqib qarşısında ciddi müqavimət göstərə bilməyib. İlk dəqiqədən açıq mübarizəyə üstünlük verən Hacızadə sonda qızıl medal qazanıb. Aslan Kotsoyev isə ikinci yerlə kifayətlənib.
100 kq çəki dərəcəsində isə azarkeşlər 2009-cu ildə Ermənistanda gənclərin Avropa çempionatında Azərbaycana qızıl medal qazandıran Elmar Qasımovun benefisini izləyib. 35 yaşlı olimpiya mükafatçısı təcrübə sayəsində birincilik qazanıb. Finalda Əjdər Bağırovla mübarizə Elmar Qasımovda çatışmazlıqları aşkar şəkildə göstərib. Elmarın qələbəsinə baxmayaraq, belə fiziki hazırlıqla beynəlxalq yarışda uğur qazanmağın mümkünsüz olduğu hər kəsə məlumdur.
Ən ağır çəkidə uzun müddət həsrətində olduğumuz görüşlər izlədik. Adətən 100 kq-dan yuxarı kateqoriyada maksimum bir cüdoçunun favorit sayılması digər görüşlərin marağını azaldır. Cari ildə isə Kənan Nəsibov, Camal Qamzatxanov, Camal Feyziyev və Sübhan Axundovun göstərdiyi hazırlıq yaxşı mənada təəccübləndirib. Finalda Camal Qamzatxanova qalib gələn Kənan Nəsibov qızıl medal qazanıb.
Bu il Azərbaycan Cüdo Federasiyası növbəti dəfə komanda yarışları təşkil edib. Fərdi mübarizədən sonra Bakı İdman Sarayında turnirin son günündə komanda yarışları keçirilib. Qadınların mübarizəsində qalib Şuşa UGİM olub. Gümüş medala "Umbayev Sport Club", bürünc mükafata isə "Neftçi" İdman Klubunun birinci komandası sahib çıxıb. Kişilər arasında "Kanokan-TT" çempionluğu əldə edib. "Azəri-Cüdo" II, "Sərhədçi" və "Atilla" komandaları III yeri tutublar.
2026-cı il Olimpiya idmançılarının qayıdış ili olacaq
Azərbaycan çempionatının bu səviyyədə təşkili məşqçilər üçün yığmaya layiqli idmançıları seçmək şəraiti yaradır. 2026-cı ildə Bakı növbəti dəfə cüdo üzrə dünya çempionatına ev sahibliyi edəcək. Bu səbəbdən çempionatın beynəlxalq yarış səviyyəsində keçirilməsi alqışlanmalıdır. Bu fikirlə cüdo üzrə kişilər və qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Riçard Trautman da razıdır. Mütəxəssis “Region plus”a açıqlamasında çempionatın nəticələrini belə dəyərləndirib: “Məncə, format çox yüksək səviyyədədir. Bilirsiniz, bizdə təxminən eyni ab-hava, eyni təşkilatçılıq var, hər şey Qran-Pri və ya Böyük Dəbilqə səviyyəsində keçirilir. Mən bir çox milli çempionatı tanıyıram. Adətən çox az ölkə yerli yarışlarını bu səviyyədə təşkil edir. Gələn il Azərbaycan dünya çempionatına ev sahibliyi edəcək. Mundialdan əvvəl bu cür təşkilatçılıq çox yaxşıdır. Təşkilatçılıq barədə onu da deyə bilərəm ki, uzun illərdir Böyük Dəbilqə təşkil edirik və hər kəs təşkilatçılığımızdan həmişə məmnun qalır.
Bu il indiyə qədər heç vaxt qazanmadığımız qədər medal əldə etdik. Amma Paris-2024 Yay Olimpiya Oyunlarından sonra bizim üçün kifayət qədər çətin il olub. Olimpiya çempionlarının ölkədə böyük diqqətə səbəb olması karyeralarına təsirsiz ötüşmür. Hidayət Heydərovla Zelim Kotsoyev VI İslam Həmrəyliyi Oyunlarında yaxşı çıxış edib, qızıl medal qazanıb. Bununla belə 2026-cı il hər ikisi üçün qayıdış ili olacaq. Yəni ideal formanı bərpa etməlidirlər. Çempionatın nəticələrinə əsasən demək olar ki, millidə çıxış etməyə layiq yaxşı idmançılar var. Amma beynəlxalq arenada uğur qazanmaq üçün mütləq daha yüksək səviyyədə hazırlaşmalıdırlar”.
Sonda qeyd edək ki, cüdo üzrə dünya çempionatı 2026-cı il oktyabrın 4-11-i aralığında baş tutacaq və Milli Gimnastika Arenasında keçiriləcək.
MƏSLƏHƏT GÖR:





40

