REKORD İL
Azərbaycan idmanı ilə fəxr etmək üçün 2113 səbəb
Müəllif: Nadir XOSROVOĞLU
İdman sahəsində nailiyyətlərə nəzər yetirmək vaxtıdır. “Region plus” jurnalı 2025-ci ildə ən çox yadda qalan idman uğurlarını təqdim edir.
Qeyd etmək lazımdır ki, ötən il yerli idman növləri üçün rekord il olub: 2113 medal qazanılıb ki, bunun da təxminən 30%-i qızıl olub.
Gimnastika: “rekordlar saltosu”
2025-ci il Azərbaycan gimnastikası üçün tarixi il olub. İdmançılarımız həm yerli, həm də beynəlxalq arenada uğurla çıxış ediblər. İlin əsas hadisələri, şübhəsiz ki, Selcan Mahsudovanın Almaniyanın Kotbus şəhərində keçirilən batut gimnastikası üzrə Dünya kubokunda dünya rekordunu yeniləməsi və Tofiq Əliyevin Çinin Çendu şəhərində keçirilən dünya oyunlarında çətin element olan üçlü salto və üçlü vint kombinasiyasını uğurla icra edərək tarix yazması olub.
Bundan başqa, gimnastlarımız 2025-ci il ərzində Dünya, Avropa çempionatı və birinciliklərdə, kubok yarışlarında və beynəlxalq turnirlərdə ümumilikdə 65 qızıl, 85 gümüş və 80 bürünc medal qazanıblar. Gimnastlarımız Avropa kuboklarında – 10 medal, Avropa çempionatlarında – 9 medal, Dünya Oyunlarında – 3 medal, Dünya kuboklarında – 24 medal, 32-ci Ümumdünya Yay Oyunlarında – 3 medal, III MDB Oyunlarında isə – 14 medal əldə ediblər.
Həmçinin bu il ərzində müxtəlif gimnastika növləri üzrə Dünya kuboku seriyalarının da qalibi olmuşuq. Belə ki, kişi idman gimnastikası üzrə Nikita Simonov, akrobatika üzrə kişi cütlüyü Murad Rəfiyev və Daniel Abbasov, Tamblinq üzrə Tofiq Əliyev Dünya kuboku seriyasında qalib gəliblər.
Taekvondo “zərbə gücü” kimi
2025-ci ildə Azərbaycan taekvondoçuları bir sıra mötəbər yarışlarda iştirak ediblər. Bütün yaş qrupları üzrə milli komandalarımız Avropa və dünya çempionatları, birincilikləri, eləcə də beynəlxalq turnirlərdə ölkəmizi uğurla təmsil edərək medallar qazanıblar. Yeniyetmə idmançılarımız Serbiyada keçirilən ISF U15 Gimnaziada İdman Oyunlarında 13 qızıl, 3 gümüş və 3 bürünc medal əldə ediblər. Ölkəmizdə keçirilən III MDB Oyunlarında yığma komandamızın üzvləri 4 qızıl, 2 gümüş və 16 bürünc medal qazanıblar. Qeyd edək ki, məhz bu yarışlarda ilk qızıl medal taekvondo üzrə qazanılıb. Eyni zamanda, Avropa birinciliklərində kiçik yeniyetmələr, yeniyetmələr və gənclərdən ibarət komandamız uğurla çıxış ediblər. Taekvondoçularımız Yunanıstanın Afina şəhərində yeniyetmələr arasında keçirilən Avropa birinciliyində 1 gümüş, 1 bürünc, kiçik yeniyetmələr arasında keçirilən qitə birinciliyində isə 5 qızıl, 5 gümüş, 5 bürünc medalla ümumi hesabda birinci pillədə qərarlaşıb. İsveçrənin Eql şəhərində gənclər arasında keçirilən Avropa birinciliyində Azərbaycan millisinin üzvləri 2 qızıl, 1 gümüş, 2 bürünc medalla ümumi komanda hesabında oğlanlar arasında birinci yeri tutaraq kuboka layiq görülüb. Yeniyetmələr arasında keçirilən dünya birinciliyində və XVIII Avropa Gənclər Olimpiya Festivalında təmsilçilərimiz bürünc medallara sahib çıxıblar. Böyüklər arasında keçirilən dünya çempionatında milli komandamızın üzvü, Olimpiya Oyunlarının gümüş mükafatçısı və Avropa çempionu Qaşim Maqomedov bürünc medala yiyələnib.
Bundan başqa, ötən ilin əsas yarışlarından olan VI İslam Həmrəyliyi Oyunlarında Minayə Əkbərova gümüş, Qaşim Maqomedov isə bürünc medal qazanıblar. Ümumilikdə, bu il taekvondoçularımız 156 medal qazanıblar ki, onlardan 53-ü qızıl, 30-u gümüş və 73-ü bürünc medaldır. Uşaqlar, yeniyetmələr və gənclər arasında əldə olunan uğurlar ölkəmizdə taekvondonun davamlı inkişafını və bu idman növünə olan marağın artmasını nümayiş etdirir.
Cüdonun gücü
Cüdo üzrə Azərbaycan milli komandası 2025-ci ildə beynəlxalq arenada yüksək nəticələr qazanıb. İl ərzində müxtəlif yaş qrupları üzrə fərdi və komanda yarışlarında cüdoçularımız 76 qızıl, 61 gümüş, 116 bürünc olmaqla ümumilikdə 253 medal əldə ediblər.
2025-ci ildə ölkəmiz Bakıda Böyük Dəbilqə, Qubada isə Avropa Kubokuna ev sahibliyi edib. Bakı Böyük Dəbilqəsində idmançılarımız 1 qızıl, 1 gümüş, 3 bürünc, Quba Avropa Kubokunda 3 qızıl, 6 gümüş, 9 bürünc medal qazanıblar.
Azərbaycan Göygöldə təşkil olunan III MDB Oyunlarına ev sahibliyi edib. Cüdoçularımız fərdi yarışlarda 5 qızıl, 7 gümüş, 9 bürünc (cəmi 21 medal) qazanıb, qarışıq komanda yarışında isə çempion olublar. Şimali Makedoniyada keçirilən EYOF-da yeniyetmə cüdoçularımız fərdi yarışlarda həm medalların sayına, həm də əyarına görə birinci yeri tutublar. Bu ölkədə keçirilən yeniyetmələrin Avropa çempionatında isə komanda hesabında medalların əyarına görə ikinci, oğlanlar arasında birinci yeri tutan milli yığma 3 qızıl, 1 gümüş, 2 bürünc medal əldə edib. Bolqarıstanda yeniyetmələrin dünya çempionatında komandamız 2 bürünc medal qazanıb.
Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında cüdoçularımız fərdi yarışlarda 2 qızıl, 2 gümüş, 5 bürünc medal əldə edib, qarışıq komanda yarışında isə çempion olub. Bu nəticə böyüklər arasında qarışıq komandada Azərbaycan cüdo tarixinin ilk çempionluğudur. Moldovada keçirilən U-23 Avropa çempionatında millimiz 2 qızıl, 1 gümüş, 1 bürünc medalla həm ümumi komanda, həm də kişilər arasında birinci yeri tutub. Gənclər arasında Avropa çempionatında 2 qızıl, 1 bürünc, dünya çempionatında isə 1 bürünc medal qazanılıb. Macarıstanda böyüklər arasında dünya çempionatında Azərbaycan millisi 3 bürünc, Monteneqroda Avropa çempionatında 1 gümüş və 4 bürünc medala yiyələnib.
Cüdo tarixində ilk dəfə Macarıstanda keçirilən dünya çempionatında Azərbaycan Cüdo Federasiyasının “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev ədalət təmsilçiləri sırasında yer alıb. Çempionatın son günündə Beynəlxalq Cüdo Federasiyasının bayrağı 2026-cı ildə dünya çempionatına ev sahibliyi edəcək Azərbaycana təqdim olunub.
Ənənəvi güləş
Azərbaycan güləşçiləri 2025-ci ildə bütün kateqoriyalar üzrə Avropa çempionatlarında 22 qızıl, 21 gümüş, 30 bürünc medal qazanıb. Yeniyetmə, gənclər və böyüklərin dünya çempionatlarında isə 11 qızıl, 6 gümüş, 18 bürünc medal həmyerlilərimizə qismət olub. Ümumilikdə güləşçilər müxtəlif çempionat və turnirlərdə 65 qızıl, 75 gümüş, 112 bürünc medala layiq görülüb. 2025-ci ildə komandalarımız müxtəlif yaş qrupları üzrə 6 dəfə Avropa çempionu olub. Ümumilikdə Avropa və dünya çempionatlarında 14 dəfə komandalarımız ilk "3-lük"də yer alıb.
Effektiv boks
2025-ci il Azərbaycan boksu üçün uğurlu bir il kimi tarixdə qalacaq. Ötən il müxtəlif yaş qrupları üzrə Azərbaycan milli komandaları 231 medal qazanıblar. Yığmalarımız bu mükafatları qatıldıqları 47 beynəlxalq yarışda əldə ediblər. Onlardan 69-u qızıl, 60-ı gümüş və 102-si bürüncdür. Nəticədə, komandalarımız ötən illə müqayisədə 44 faiz irəliləyişə nail olublar.
Boksçularımız 231 mükafatdan 5-ni dünya, 55-ni Avropa çempionatlarında (hər ikisi World Boxing və IBA) əldə edib. Milli komandalarımız Gimnaziada İdman Oyunlarında 21 (9-8-4), Dünya kubokunda 3 (0-0-3), III MDB Oyunlarında 24 (6-5-13) və VI İslam Həmrəyliyi Oyunlarında 6 (1-3-2) dəfə fəxri kürsüyə qalxıblar.
Yığmamızın heyətində Bilalhəbaşi Nəzərov (50 kq) U-19 Avropa çempionatında qızıl medal qazanmaqla boks tariximizə gənclər arasında qitə birinciliyinin ikiqat qalibi kimi düşüb. Abbasəli Məmmədli (48 kq), Nurlan Müseyibli (66 kq), Zirəddin Rüstəmli (70 kq), Mehran Rəsulov (80 kq), Xumar Cəfərli (75 kq) məktəblilərin, Əminə Tağı (50 kq), Gülər Hüseynova (48 kq) və Qardaş Rəhimov (46 kq) yeniyetmələrin Avropa çempionatlarında bütün rəqiblərini məğlub edərək Azərbaycan himnini səsləndiriblər. 19 yaşlı Sübhan Mamedov (50 kq) U-23-lər arasında Avropa, böyüklər arasında dünya çempionu tituluna yiyələnib. Komandalarımız dünya və Avropa çempionatlarında 2024-cü illə müqayisədə 72 faiz yüksək nəticə göstəriblər.
Şahmat: “zəka qalib gəlir”
Kişi şahmatçılardan ibarət Azərbaycan millisi Avropa çempionatında ikinci yeri tutub. 2025-ci ildə qadın şahmatçılar tarixi nəticə göstərib. Zərif zəka sahibləri komandalar arasında dünya çempionatında gümüş medala layiq görülüb. Xaqan Əhməd 14 yaşlılar arasında Avropa çempionluğunun sevincini yaşayıb. Yeniyetmələrin qitə çempionatında Mehriban Əhmədli gümüş, Məryəm Ağaverdiyeva bürünc medal əldə edib. Ötən ilin sonunda türkdilli ölkələr arasında U16 kateqoriyasında Azərbaycan komandası birinci yeri tutub.
Futbol: “Qarabağ” darmadağın edir
Uzunmüddətli ənənəyə sadiq qalaraq, Azərbaycan milli komandası bir daha azarkeşləri məyus edib. Bahalı məşqçi Fernandu Santuş təzminatı ödənilməklə millidən ayrılıb. Yığma “Şamaxı”nın çalışdırıcısı Ayxan Abbasova tapşırılıb. Milli komanda dünya çempionatının seçmə mərhələsində 1 xal qazanmaqla sonuncu yeri tutub.
Azarkeşləri ölkə çempionu “Qarabağ” sevindirib. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda tarixində ikinci dəfə Çempionlar Liqasının Liqa mərhələsinə yüksəlib. Komanda 6 oyunda 7 xal toplamaqla pley-offa çıxmaq üçün əla şans əldə edib.
Basketbol - “3x3 hücum edir”
2025-ci ildə qızlardan ibarət 3x3 basketbol komandası Avropa Kubokunda ikinci yeri tutub. Eyni zamanda, qızlardan ibarət 3x3 basketbol komandası Azərbaycanda keçirilən 3-cü MDB Oyunlarında gümüş medalçı olub. Səudiyyə Ərəbistanında baş tutan İslam Həmrəylik Oyunlarında 3x3 basketbol üzrə qadınlardan ibarət Azərbaycan millisi çempionluq sevinci yaşayıb.
Qeyd edək ki, 2026-cı il Bakı dünyanın idman paytaxtı seçilib. Azərbaycan çox sayda beynəlxalq idman yarışına, dünya və Avropa çempionatına ev sahibliyi edəcək. Demək, bu il ölkə idmanı və idmançıları üçün yeni sınaq olacaq.
MƏSLƏHƏT GÖR:







29

