KOXALSKİ: “QURBAN QURBANOV ÇOX SƏRTDİR”
“Qarabağ”ın qapıçısı məşqçisinin tələbləri, Bakıdakı həyatı və ən sevdiyi yeməklər barədə danışıb
Müəllif: Sənan ŞƏFİZADƏ
2025-ci ildə dünya futbolunu əldə etdiyi nailiyyətlərlə təəccübləndirən Azərbaycan çempionu “Qarabağ”ın əksər üzvləri diqqət mərkəzinə düşüb. Təsadüfi deyil ki, Çempionlar Liqasındakı matçlardan sonra Ağdam klubunun futbolçuları ilə maraqlanan klubların sayı çoxalıb. Bu gün “Qarabağ”ın əksər üzvlərinə Yaponiya, BƏƏ, Almaniya, İspaniya kimi ölkələrindən təkliflər gəlir.
Gəlin onlardan biri - ötən ilin yayında Ağdam klubunun heyətinə cəlb olunan polyak qapıçı Mateuş Koxalskidən danışaq. Qapıçının həyatı Azərbaycana gələndən sonra tamamilə dəyişib.
Xatırladaq ki, 2021-ci ilin iyulunda “Legiya” ilə birlikdə UEFA Çempionlar Liqasının seçmə oyunlarında iştirak edən qapıçı klubla birlikdə 3-cü təsnifat mərhələsinə adlayıb, bundan sonra əsas komandada debüt etmədən icarə müqaviləsi əsasında "Radomyak"a qayıdıb. O, bu klubda bütün mövsümü ehtiyat oyunçular skamyasında keçirərək əsas qapıçı statusunu itirib. Onun Polşa çempionatındakı debütü 2022-ci ilin aprelində "Krakov"a qarşı matçda olub.
Koxalski 2022-ci ilin iyununda Polşanın “Legiya” futbol klubundan ayrılaraq "Stal Melets" klubu ilə üç illik müqavilə bağlayıb. Daha çox ehtiyat qapıçı olan Mateuş Koxalski 2023-2024-cü il mövsümünün başlanğıcından başlayaraq klubun əsas heyətinə keçib. Koxalski həmin mövsüm boyu iştirak etdiyi 33 oyundan doqquzunda qapını toxunulmaz saxlayıb və 111 qurtarış etməklə diqqəti cəlb edib. O, 2024-cü il avqustun 15-də açıqlanmayan ödəniş müqabilində daha bir əlavə il seçimi də daxil olmaqla üç illik müqavilə ilə Azərbaycanın "Qarabağ" klubuna transfer edilib. İspaniyada “Atletik” və Bakıda “Çelsi”yə qarşı matçlardan sonra xarici mətbuat onun böyük gələcəyə sahib olacağından yazmağa başlayıb. Mateuş Koxalski UEFA Çempionlar Liqasının Liqa mərhələsində ən çox “seyv” edən “qolkiperlər” sırasında daxil olmaqla “Qarabağ” üçün nə qədər vacib futbolçu olduğunu sübut etdi.
Azərbaycan futbolu qış istirahətinə yollandığı günlərdə Mateuş Koxalskiylə görüşdük.
- 2025-ci il başa çatır. Bu ili karyeranız üçün necə qiymətləndirirsiniz?
- Düşünürəm ki, bu il uğurlu alınıb, amma özümdən 100 faiz razı qaldığımı deyə bilmərəm. Daha yaxşı edə biləcəyim çox şey var idi. Bununla belə, qürur duyacağım kifayət qədər məqamlar da olub.
- Azərbaycanla bağlı gözləntiləriniz doğruldumu?
- Müəyyən mənada bəli. Azərbaycan çox maraqlı ölkədir. Paytaxtın nə qədər təhlükəsiz və təmiz olması məni çox yaxşı mənada təəccübləndirib.
- Hər bir futbolçu Çempionlar Liqasında iştirakı arzulayır. Bu arzu həyata keçəndən sonra Koxalskinin ən böyük arzusu nədir?
- Məqsədim hər gün daha yaxşı qapıçı olmaq, Avropanın ən yaxşı klublarında çıxış etmək və Polşa milli komandasında debüt etməkdir.
- “Qarabağ”da hansı oyunçu ilə uyğunlaşmaq sizin üçün daha asan olub?
- Komandada ən yaxşı münasibətim Aleksey Kaşukladır. İlk gündən aramızda yaxşı əlaqə yaranıb və komandada ən çox vaxt keçirdiyim futbolçu da məhz odur. Amma ümumilikdə bütün komanda yoldaşlarımla münasibətlərim yaxşıdır.
- Bakı həm böyük, həm də kiçik şəhərdir. Tanınmağınız hansısa məsələdə köməyiniz olubmu?
- Çempionlar Liqası oyunlarından sonra şəhərdə gəzərkən azarkeşlərlə foto çəkdirmədən keçmək çətinləşib və bu, çox xoş hissdir. Bir dəfə valideynlərim şəhərin mərkəzindəki mağazalardan birində pulsuz hədiyyələr almışdılar. Açığı, çox təəccüblənmişdim, çünki ucuz əşyalar deyildi.
- Azərbaycan mətbəxinin dadlı, eyni zamanda koloritli olduğunu söyləyirlər. Bizim yeməklərdən daha çox hansını bəyənirsiniz?
- Bunu demək çətindir, çünki dad zövqüm bir qədər məhduddur və seçiciyəm. Amma klubda bizə bişirilən şorbaları çox sevirəm. Paxlavanı da xüsusi qeyd etməliyəm: sevimli desertimdir və əlçatan olanda ondan uzaq durmaq çox çətindir.
- Azərbaycanda olarkən sizi daha çox nə təəccübləndirib?
- Buradakı insanların nə qədər mehriban və köməksevər olması məni çox müsbət şəkildə təəccübləndirib. Mənfi tərəflərə gəlincə, yol hərəkətini qeyd edə bilərəm. Bəzən elə hiss edirəm ki, heç bir qaydanın olmadığı avtomobil yarışında iştirak edirəm.
- Azərbaycan Premyer Liqasının səviyyəsini necə qiymətləndirirsiniz? Hansı komandaya qarşı oynamaq daha çətindir?
- Oyun baxımından ən çətin rəqiblər “Zirə” və “Sabah” komandalarıdır. Çünki çox keyfiyyətli futbolçuları var və böyük əzmkarlıqla oynayırlar. Ümumilikdə isə hər mövsüm liqanın ciddi şəkildə inkişaf etdiyini görürük və hər rəqibə qarşı maksimum motivasiya ilə oynamaq lazımdır.
- Çempionlar Liqasının hansı oyununda daha çox razı, hansında isə daha çox narazı qaldınız?
- Ən çox məmnun qaldığım oyun Çempionlar Liqasının seçmə mərhələsində “Ferentsvaroş”a qarşı cavab matçı olub. Məğlub olmağımıza baxmayaraq, komandaya turnirə vəsiqə qazanmaqda kömək edə bildiyim üçün sevinirəm. Ən az məmnun qaldığım oyun isə ötən mövsüm Avropa Liqasında “Tottenhem”ə qarşı keçirdiyimiz matç idi. Düşünürəm ki, bunun səbəbini izah etməyə ehtiyac yoxdur.
- Çoxları “Qarabağ”ın baş məşqçisinin çox sərt olduğunu deyir. Bu doğrudurmu?
- Bəli, Qurban Qurbanov çox sərt və tələbkar məşqçidir. Amma düşünürəm ki, məhz bu səbəbdən “Qarabağ” bu qədər yüksək səviyyədə çıxış edir.
- “Qarabağ” FK-nın təmsil etdiyi Ağdam şəhəri barədə məlumatınız varmı?
- Bu şəhəri komanda ilə birlikdə ziyarət etmişik, amma təəssüf ki, onun tarixi barədə dərin məlumatım yoxdur. Müharibə və bu ölkə uğrunda həyatını qurban vermiş insanlar haqqında eşitmişəm. Bu, həm çox gözəl, həm də çox kədərli bir hekayədir.
- Çempionlar Liqasındakı oyunlardan sonra xarici klubların sizinlə maraqlanması adi hala çevrilib. Gələcəkdə hansı liqada oynamaq arzusundasınız?
- Ən böyük arzum İngiltərə Premyer Liqasında oynamaqdır. Amma başa düşürəm ki, futbolçu karyerası kompüter oyunu deyil və hər zaman hər şey bizim nəzarətimizdə olmur. Ona görə də Avropanın top-5 liqalarından birində çıxış etsəm, özümü xoşbəxt sayaram.
- Qapıçı kimi kumirin varmı?
- Bəli, uşaqlıqdan bəri kumirim polşalı qapıçı Artur Boruç olub.
- Sosial şəbəkə həyatında hansı rolu oynayır?
- Çox minimal. Sosial şəbəkələrdə aktiv deyiləm, çünki buna ehtiyac duymuram. Mənim üçün ən önəmlisi yanımda olan, yaxşı və çətin anlarda məni tək qoymayan yaxın insanlardır.
- Sonda, 2026-cı ildə özünüz və yaxınlarınız üçün nə arzulayırsınız?
- İdman baxımından ən böyük arzum Polşa milli komandasında debüt etməkdir. Amma ən əsası hamının sağlam və xoşbəxt olmasıdır. Çünki bunlar olmadan məqsəd və arzulara çatmaq çox çətindir.
MƏSLƏHƏT GÖR:


32

