ARZULAR SÖNƏNDƏ HƏYAT DOĞULUR
Əgər 2026-cı ilin əsas planı özünə və ətrafdakılara qarşı daha mehriban olmaqdırsa, emosiyalarsız və «çəhrayı» optimizmsiz
Müəllif: Sabirə ƏLƏKBƏR
Yeni il sanki dünyanın bir neçə dəqiqəlik donub qaldığı andır. Süfrələr açılır, telefonlar bir kənara qoyulur, saat bir azdan ən vacib sözünü deyəcək, hava hisslərlə doludur: hər şeyə rəğmən, indi yeni nəsə başlayacaq. Maraqlı bir ənənə var: Yeni ilin gəldiyini elan edən saat zənginin sədası altında sanki həyata təmiz səhifədən başlamağa hazır olmanın nümayişi. Sanki o anadək «qaralama» üzərində yaşayırıqmış. Yorğunluq, məyusluq, xəstəliklər, itkinlər, pozulmuş planlar təcrübə yox, sistem xətası imiş. Amma bəlkə də artıq anlamaq lazımdır ki, hər Yeni il, o cümlədən 2026-cı il bizdən qəhrəmanlıq tələb etmir, o, başqa şey təklif edir: keçmişlə mübarizəni dayandırmaq, onu «səliqə ilə qatlayıb rəfə qoymaq».
Şərq təqviminə görə qarşıdan gələn il «Qırmızı alovlu at ili»dir. Bu, hərəkət, dözümlülük və daxili temp deməkdir. Söhbət ölçüb-biçmədən irəli atılmaqdan yox, məsafələri hiss etmək bacarığından gedir. O, nə vaxt asta addımlamaq, nə vaxt qaçmaq lazım olduğunu bilir.
Sağlamlıq: yeni yox, diri «mən»
Biz bədənə çox uzun müddət bir layihə kimi yanaşmışıq: arıqlamaq, əzələ yığmaq, optimallaşmaq, yaxşılaşmaq. 2026-cı ildə vacib olan başqa şeydir – əlaqə qurmaq. Sağlamlıq nə qəhrəmanlıqdır, nə də marafon. Bu, vaxtında heç bir narahatlıq olmadan yata bilməkdir, normal həzmdir, sinədə ilişib qalmayan nəfəsdir. Bu, vücudun eşidilmək üçün qışqırmağa ehtiyac duymadığı haldır.
Astroloji baxımdan 2026-cı il əsas dəyərlərə qayıdış ili sayılır: vücuda, rejimə, ritmə. İfratçılıq etmədən. Başlanğıc üçün fitnes kluba yazılmaq şərt deyil. Sadə bir sual kifayətdir: «Hazırda real gücüm nəyə çatır?» Bəzən bu on dəqiqə dartınmaq ola bilər, bəzən telefonsuz gəzinti. Bəzən illərdir təxirə salınan həkim müayinəsi. Bu özü də irəliyə doğru hərəkətdir.
Psixoloji sağlamlıq: hər zaman güclü ola bilməzsən
Bəli, tamamilə doğrudur. Sənə həmişə möhkəm olmağı öyrədiblər. Özünlə dürüst olmağı öyrətməyiblər. 2026 yorğunluqdan utanmağı kənara qoymaq üçün yaxşı ildir. Dağınıq olmaq istəyirsən, ol. Motivasiyan yoxdur, olmasın. İlin simvolikasına inansaq, bu dövr daxili gərginliyin artıq mühərrik kimi işləmədiyi dövrdür. Təzyiq hərəkəti pozur. Dayanıqlılıq isə ritmdən, özünə güvənməkdən doğur.
Psixoloji sağlamlıq heç də hər zaman pozitivlik deyil. Bu, özünü pis hiss etdiyini anlamaq, bunu «başqasının vəziyyəti daha pisdir» fikri ilə dəyərsizləşdirməmək bacarığıdır. Bəzən ən yaxşı yeni il planı məqsədlər yox, sərhədlərdir: «boş» insanlarla daha az ünsiyyət, «nəzakət xətrinə» öhdəliklərdən qaçmaq, daha çox sükut. Bu, eqoizm yox, gigiyenik normadır.
Könüllü idman
2026-cı ildə idman insanın özünə yediklərinə görə verdiyi «cəza»dan vücuda qayıtma üsuluna çevrilir. «At ili» hərəkəti dəstəkləyir, amma nümayiş üçün olmayan hərəkəti. Qaçışı sevmirsinizsə, qaçmağa məcbur deyilsiniz. Axıcılıq sizə daha yaxındırsa, ştanq qaldırmaq şərt deyil. Yoqa, plates, gəzinti, nəfəsalma təcrübələri, hətta mətbəxdə rəqs. Bunlar ilin ruhuna tam uyğundur. Əsas meyar sadədir: hərəkətdən sonra özünüzü daha yaxşı hiss etməlisiniz, «sağ qaldığınıza şükr etməli» deyilsiniz.
Ezoterikasız meditasiya
Meditasiya ideal oturuş və beyini «boşaltmaq» deyil. Bu, vasitədir. Zodiak xüsusiyyətlərə görə 2026-cı il fasilələrin xüsusilə dəyərli olacağı ildir. Reaksiyalarla hərəkət arasında pauza. Fikirlə fəlakət arasında pauza. Meditasiya bəzən beş dəfə şüurlu şəkildə nəfəs almaqdır, bəzən xəbər lentini vərəqləmədən içilən isti çaydır, pəncərədən kənara boylanmaqdır. 2026-cı il maariflənmə tələb etmir. O, sürəti azaltmağı təklif edir.
«Çəhrayı» yox, dürüst pozitivlik
Pozitiv düşüncə çoxdan köhnəlib. İndi onun yerini realist ümid tutur. Burada ilin simvolikası bizim tərəfimizdədir: hərəkət var, isterika yox. Bu, bildiyiniz haldır: həyat ideal olmayacaq, problemlər qaçılmazdır, yorğunluq mütləqdir. Lakin artıq ilk çatışmazlıqda itib-batan insan deyilsiniz. Yaxşı il çətinliklərin olmadığı il deyil, bu çətinliklər içərisində tək qalmadığınız ildir.
Və sonda
Arzu tutmaq vacib deyil. Bəzən niyyət kifayətdir: 2026-cı ildə özümə qarşı daha diqqətli olacaq, öz tempimlə hərəkət edəcəyəm. Fanatizmsiz. And içmədən. Tamamilə başqa birinə çevriləcəyinizə dair vəd vermədən. Sadəcə özünüz olaraq qalmaqla. Ətrafındakılarla. Ailəyə ideal bir şəkil kimi yox, yalnız bir məkan kimi yanaşmaqla. Hər şeyin ideal olmadığı, lakin çay süzüb kefini soruşacağın kiminsə olduğu bir məkan kimi. Daim sürət tələb edən dünyada ailə əyləc deyil. O, dayaq nöqtəsidir. O, insanın bacarıqlı olduğunu sübut etməyə ehtiyac duymadığı bir yerdir.
Qoy Yeni ildə «doğru sözlər» yox, adi axşamlar çox olsun. Nümayişkaranə nailiyyətlər daha az, iştirak və varlıq hissi daha çox olsun.
Yeni iliniz mübarək! Yalnız hara getdiyiniz yox, kiminlə getdiyinizin də vacib olduğu iliniz!
Yeni iliniz mübarək! Daha sakit, daha dürüst iliniz!
Qoy mükəmməl olmasın, sürətli olmasın. Amma həqiqi olsun!
MƏSLƏHƏT GÖR:





29

