İDMAN BAKISI-2026
Çempionatlar, kuboklar, Qran-Prilər və Olimpiya startları — Azərbaycanın paytaxtı rekordlar qırır
Müəllif: Nadir XOSROVOĞLU
2026-cı il Azərbaycan paytaxtı Bakı üçün çoxlu sayda idman tədbirləri ilə əlamətdar olacaq. Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası Bakı şəhərini 2026-cı il üçün dünyanın “İdman paytaxtı” seçib. Azərbaycanda əhalinin sağlamlığının möhkəmləndirilməsi, yüksək standartlara uyğun mövcud idman infrastrukturu və idmanın təbliği üçün görülən nümunəvi fəaliyyət yüksək qiymətləndirilib. Bu səbəbdən cari ildə idmanın əksər növləri üzrə beynəlxalq yarışlar şəhərimizdə olacaq.
Cari ildə paytaxt Bakı bir sıra idman növləri üzrə dünya və Avropa çempionatı, Dünya Kuboklarına ev sahibliyi edəcək. “Region Plus” jurnalı 2026-cı ilin Azərbaycanda baş tutacaq əsas beynəlxalq idman hadisələrini təqdim edir.
Gimnastika
Hər il olduğu kimi 2026-cı ildə də gimnastika həvəskarları bir sıra yarışları Milli Gimnastika Arenasında izləmək imkanı qazanacaq. 21-22 fevralda batut gimnastikası, 5-8 martda idman gimnastikası, 17-19 apreldə isə bədii gimnastika üzrə Dünya Kuboku Bakıda təşkil olunacaq. 3-5 apreldə bədii gimnastika üzrə “AGF Trophy International” turniri də ənənəvi olaraq Milli Gimnastika Arenasında keçiriləcək. 30 aprel - 3 mayda Bakıda bədii gimnastika üzrə Avropa Kubokunun qalibi müəyyənləşəcək.
5-7 iyunda Milli Gimnastika Arenasında akrobatika gimnastikası üzrə FIG Dünya Kuboku baş tutacaq. Üç gün davam edəcək mübarizə tamaşaçılara unudulmaz anlar bəxş edəcək. 27-28 iyun Milli Gimnastika Arenasında “Gimnastika hamı üçün” 4-cü beynəlxalq “Challenge” festivali keçiriləcək.
İdman Sammiti
Bakının 2026-cı ilin 24–28 may tarixlərində ev sahibliyi edəcəyi “SportAccord” Dünya İdman və Biznes Sammiti beynəlxalq idman ictimaiyyətinin ən nüfuzlu müzakirə platformalarından biri hesab olunur.
2003-cü ildə təsis edilən “SportAccord” bu gün həm Olimpiya, həm də qeyri-Olimpiya idman növlərini təmsil edən 120-dən çox beynəlxalq federasiyanı, Beynəlxalq Olimpiya Komitəsini və digər nüfuzlu idman təşkilatlarını bir araya gətirən tanınmış qurumlardan biridir. Sammit idman sahəsinin ən nüfuzlu beynəlxalq forumudur. Ənənəvi olaraq tədbirdə Beynəlxalq Olimpiya Komitəsinin Prezidenti, eləcə də rəhbər şəxsləri, beynəlxalq idman federasiyalarının rəhbərləri və dünya idman ictimaiyyətində yüksək nüfuza malik nümayəndələr iştirak edir.
Sammitin əsas məqsədləri idmanın qlobal inkişafına dəstək göstərmək, müxtəlif idman qurumları arasında əməkdaşlığı möhkəmləndirmək, eləcə də idmanın sosial, iqtisadi və mədəni dəyərlərini dünyada təşviq etməkdən ibarətdir.
Bakıda keçiriləcək sammit ölkəmizin beynəlxalq idman diplomatiyasında mövqeyini daha da gücləndirəcək və Azərbaycanı qlobal idman ailəsinin aparıcı mərkəzlərindən biri kimi tanıdacaq. Tədbir Bakı Konqres Mərkəzində olacaq. Açılış və bağlanış mərasimləri isə Heydər Əliyev Mərkəzində təşkil ediləcək.
Velosiped idmanı, bilyard, basketbol
10-14 mayda şose velosipedi üzrə Bakı-Xankəndi Azərbaycan velosiped turu reallaşacaq. Yürüş Bakı, Sumqayıt, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Mingəçevir, Gəncə, Göygöl, Goranboy, Ağdərə (Suqovuşan, Talış kəndləri), Naftalan, Tərtər, Ağdam, Füzuli, Şuşa, Xankəndini əhatə edəcək.
8-12 iyulda Bakı şəhərində “Free Pyramid” növü üzrə kişilər və qadınlar arasında Avropa çempionatı keçiriləcək. Bu nüfuzlu yarış Avropanın ən güclü bilyardçılarını bir araya gətirəcək. Çempionat yüksək rəqabət, peşəkar oyun üslubu və idman etikası ilə seçiləcək. Turnir Avropa Piramida Federasiyasının rəsmi təqviminə daxil olan əsas yarışlardan biridir. Bakının bu çempionata ev sahibliyi etməsi Azərbaycanın beynəlxalq idman arenalarında artan rolunu bir daha təsdiqləyir. Yarış bilyard idmanının ölkədə tanıdılması və gənc idmançılar üçün motivasiya baxımından xüsusi əhəmiyyət kəsb edir.
Martın 2-də Bakı İdman Sarayında basketbol üzrə Azərbaycan millisi növbəti təsnifat oyununda Şimali Makedoniya ilə qarşılaşacaq. Güclü rəqibə qarşı mübarizə azarkeşlər üçün əsl basketbol həyəcanı olacaq. Komandamız evdə oynayacağı bu matçda qələbəni hədəfləyir.
Martın 17-də isə Sərhədçi İdman Mərkəzində basketbol üzrə Azərbaycanın qadın millisi Avropa çempionatının (“EuroBasket 2027”) ilkin seçmə mərhələsində Ukrayna yığmasını qəbul edəcək. Millimiz qrup oyununda qələbə uğrunda mübarizə aparacaq və azarkeşlərin dəstəyi onlar üçün böyük motivasiya olacaq.
Qış idman növləri
4-8 martda Şahdağ dağ-xizək mərkəzində həyəcan dolu yarış – xizək alpinizmi üzrə Avropa çempionatı keçiriləcək. İlk dəfə ölkəmizdə baş tutacaq Avropa çempionatı 4 növ (sprint, şaquli yarış (“vertical”), fərdi yarış (“individual”), cüt yarış (“mixed relay”) üzrə təşkil olunacaq. Qarlı zirvələrdə dözümlülük, güc və sürətin sınağa çəkiləcəyi bu möhtəşəm yarış tamaşaçılara unudulmaz anlar bəxş edəcək.
Paralel olaraq 6-8 martda Şahdağ dağ-xizək mərkəzində xizək alpinizmi üzrə Dünya Kuboku keçiriləcək. Yarış Dünya Kubokunun beşinci mərhələsi olacaq. Dünya kuboku şaquli və fərdi yarış növləri üzrə həyata keçiriləcək. 2025–2026 mövsümü üzrə Dünya Kuboku yarışlarının Solt-Leyk-Siti (ABŞ), Kurşavel (Fransa), Arinsal (Andorra), Boi Taüll (İspaniya), Şahdağ (Azərbaycan), Val Martello və Puy Saint-Vincent (İtaliya), eləcə də Villars-sur-Ollon (İsveçrə) şəhərlərində keçirilməsi nəzərdə tutulur.
14-15 martda Şahdağda – FIS Moqul üzrə Dünya Kubokunun final mərhələsi təşkil olunacaq. 2025–2026 mövsümü üzrə Dünya Kuboku yarışlarının Ruka (Finlandiya), Secret Garden (Çin), Lac- Beauport və Val St. Come (Kanada), Lake Placid və Deer Valley (ABŞ), Nanto–Toyama (Yaponiya), Almatı (Qazaxıstan) şəhərlərində keçirilməsi nəzərdə tutulur. Şahdağda ardıcıl silsilə beynəlxalq turnirlərin təşkili qış idman növlərinə olan marağı artıracaq.
Kayak, avarçəkmə və üzgüçülük
Cari ilin iyul-sentyabr aylarında Bakıda kayak və kanoe üzrə gənclər və U23 dünya çempionatı, həmçinin böyüklər arasında marafon avarçəkmə yarışı təşkil olunacaq. Bu mötəbər tədbir həm gənc idmançıların inkişafına, həm də peşəkarların öz güclərini sərgiləməsinə imkan yaradacaq.
Oktyabrda Mingəçevir şəhərində ənənəvi beynəlxalq reqata keçiriləcək. Bu yarışda müxtəlif ölkələrin idmançıları iştirak edəcək və Mingəçevir su anbarında maraqlı yürüşlər baş tutacaq. Reqata Azərbaycanın su idmanı ənənələrinin möhkəmlənməsinə mühüm töhfə verəcək.
1-3 oktyabrda Su İdman Sarayının ev sahibliyi edəcəyi üzgüçülük üzrə “Silk Road” Dünya Kuboku beynəlxalq miqyasda böyük maraq doğuracaq. Yarışın ilk mərhələsi Bakıda, ikinci mərhələsi Daşkənddə, final mərhələsi isə Astanada keçiriləcək. Dünyanın müxtəlif ölkələrindən tanınmış üzgüçülər bu mötəbər turnirdə iştirak edərək “İpək Yolu” marşrutu boyunca mübarizə aparacaqlar.
Sumo, boks və şahmat
17-18 oktyabrda Bakıda sumo üzrə dünya çempionatı keçiriləcək. Dünyanın ən güclü sumo ustaları ölkəmizə toplaşaraq öz qüdrətlərini göstərəcəklər. Bu mötəbər tədbir sumo idmanının Azərbaycanda tanıdılması və inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Qeyd edək ki, yarış regionda ilk dəfə Azərbaycanda keçiriləcək. Yarışda tarixin ən titullu peşəkar sumo ustası, dəfələrlə adı Ginnesin Rekordlar Kitabına düşmüş Hakuho Şonun iştirakı nəzərdə tutulur.
2026-cı ildə Azərbaycanda boks üzrə keçiriləcək nüfuzlu beynəlxalq yarışlardan biri Böyük İpək Yolu turniridir. Yarış 2–8 aprel tarixlərində Bakı Boks Mərkəzində təşkil olunacaq. Böyük İpək Yolu beynəlxalq turniri boks təqvimində mühüm yer tutan turnirlərdən biri hesab olunur. Bu yarış idmançılar üçün beynəlxalq təcrübə qazanmaq baxımından böyük əhəmiyyət daşıyır.
2026-cı ildə də şahmat üzrə ənənəvi “Baku Open” Beynəlxalq Festivalı baş tutacaq. 20-29 apreldə keçiriləcək festivalda 10-dan çox ölkədən ümumilikdə 1100-dən çox şahmatçı iştirak edəcək.
Futbol, voleybol və triatlon
Yanvarın 21-də Çempionlar Liqasının əsas mərhələsində Azərbaycan çempionu “Qarabağ” son ev oyununa çıxacaq. Qurban Qurbanovun komandası Bakıda Almaniyanın “Ayntraxt” klubunu qəbul edəcək.
21-28 avqust tarixlərində Bakıda qadın voleybolçular arasında Avropa çempionatının C qrupunun oyunları keçiriləcək. Avropanın ən güclü 6 milli komandaları paytaxtımızda bir araya gələrək çempionluq uğrunda mübarizə aparacaqlar. Milli Gimnastika Arenasında baş tutacaq yarış ölkəmizdə qadın idmanının inkişafına da mühüm stimul olacaq.
Bakıda keçiriləcək qrup mərhələsində ilk 4 pilləni tutan milli komandalar Avropa çempionatının növbəti mərhələsinə vəsiqə qazanacaqlar. Avropa çempionatının ev sahibləri Azərbaycan, Çexiya, İsveç, və Türkiyədir. Final oyunları Türkiyədə olacaq. Avropa çempionatı isə ümumilikdə 21 avqust-6 sentyabr tarixlərində keçiriləcək.
Sentyabrın 5-6-da ölkəmizdə ilk dəfə “IRONMAN 70.3 BAKU” beynəlxalq triatlon yarışı keçiriləcək. Proqram çərçivəsində “IRONMAN 70.3” triatlonu, “Fun Run” 5 kilometr qaçışı və “IRONKIDS” uşaq yarışı təşkil olunacaq. Triatlon yarışının mərhələləri 1,9 km üzgüçülük (Xəzər dənizində tək dövrə), 90 km velosiped (iki dövrə) və 21,1 km yarımmarafon qaçışından (üç dövrə) ibarət olacaq.
Güləş, cüdo
2026-cı ildə güləş üzrə U17 dünya çempionatı paytaxtımız Bakıda baş tutacaq. Bu barədə qərar Dünya Güləş Birliyinin (UWW) İcraiyyə Komitəsinin iclasında qəbul olunub. Sofiya (Bolqarıstan), İsgəndəriyyə (Misir), Amman (İordaniya) və Brasov (Rumıniya) şəhərlərinin də namizəd olduğu yarışın təşkilatçılığı Bakıya həvalə edilib. Dünyanın ən güclü yeniyetmə güləşçiləri 27 iyul – 2 avqust 2026-cı il tarixlərində Milli Gimnastika Arenasında mübarizə aparacaqlar.
22–23 avqust 2026-cı il tarixlərində Bakı İdman Sarayı qazaq güləşi üzrə dünya çempionatına ev sahibliyi edəcək. Bu nüfuzlu yarış Azərbaycan və Qazaxıstan arasında idman əməkdaşlığının və dostluq əlaqələrinin möhkəmlənməsinə xidmət edir. Tədbir tamaşaçılara gərgin mübarizələr, milli ruh və beynəlxalq dostluq ab-havası bəxş edəcək.
4-11 oktyabrda Bakıda cüdo üzrə dünya çempionatı keçiriləcək. Dünyanın ən titullu cüdoçuları paytaxtımıza gələrək ən güclüləri müəyyənləşdirəcək. Bu yarış Los-Anceles 2028 Yay Olimpiya Oyunlarına lisenziya xalları üçün əsas yarışlardan biridir. Yarış ölkəmizin beynəlxalq idman nüfuzunu daha da artıracaq və idman tariximizdə silinməz iz qoyacaq. Bundan əvvəl cüdo üzrə böyüklər arasında dünya çempionatı 2018-ci ildə də Bakıda keçirilib.
22–25 oktyabr tarixlərində Bakı şəhəri növbəti mötəbər beynəlxalq idman tədbirinə ev sahibliyi edəcək. Belə ki, cüdo idman növü üzrə Avropa çempionatı Bakı İdman Sarayında keçiriləcək. Yarış eşitmə qabiliyyəti məhdud olan idmançılar arasında təşkil olunacaq və Avropanın müxtəlif ölkələrindən güclü cüdoçuları bir araya gətirəcək. Çempionat Avropa Karlar İdman Təşkilatının (EDSO) təqviminə daxil olan rəsmi turnirlərdən biridir. Yarış zamanı həm fərdi, həm də komanda çıxışları üzrə maraqlı və gərgin mübarizələr gözlənilir. Çempionat cüdonun Avropada inkişafına töhfə verməklə yanaşı, inklüziv idmanın təşviqinə də xidmət edəcək.
Formula 1 və multiidman yarışları
24–26 sentyabrda Bakıda Formula 1 Azərbaycan Qran-Prisi təşkil olunacaq. Şəhər trasında baş tutacaq sürət festivalı dünyanın diqqətini növbəti dəfə ölkəmizə yönəldəcək. Minlərlə azarkeşin izləyəcəyi yarış həm də Bakının möhtəşəm atmosferini dünyaya təqdim edəcək.
Azərbaycan hər il olduğu kimi 2026-cı ildə də multiidman yarışlarında qüvvəsini sınayacaq. İdmançılarımız 6-22 fevralda XXV Qış Olimpiya Oyunlarında iştirak etmək üçün İtaliyaya yollanacaq. Ölkəmiz eyni zamanda 31 oktyabr - 13 noyabrda Seneqalın Dakar şəhərində Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında təmsil olunacaq.
MƏSLƏHƏT GÖR:





55

