18 Mart 2026

Çərşənbə, 10:34

FƏRİD QAYIBOV: “2025-Cİ İL UĞURLU OLUB”

Gənclər və idman naziri ötən ilin nəticələri və Olimpiya dövrü üçün yeni hədəflər barədə

Müəllif:

15.01.2026

2025-ci il Azərbaycan idmanı üçün qazanılan rekord sayda medal, o cümlədən bir sıra mötəbər yarışların ilk dəfə Bakıda keçirilməsi ilə yadda qalıb. İlin idman yekunları, əldə edilən nəticələr, eləcə də 2026-cı ildən gözləntilər barədə gənclər və idman naziri Fərid Qayıbovla söhbət etmişik.

 

- 2025-ci il idmançıların rekord sayda medal qazanması ilə yadda qalacaq. Ötən ili Azərbaycan idmanı üçün uğurlu hesab edirsinizmi?

- Bəli, Azərbaycan idmanı üçün uğurlu il oldu. Ümumilikdə, olimpiya və qeyri-olimpiya növlərində idmançılarımız əvvəlki illərlə müqayisədə daha çox mükafat qazandılar. Paralimpiyaçılarımız da yaxşı nəticələr göstərdilər. 2025-ci ildə Bakı ilk dəfə olaraq mötəbər yarışlara ev sahibliyi etdi. Belə ki, Bakıda MMA idman növünün ən məşhur yarışlarından biri hesab edilən UFC turniri baş tutdu. Bu həm yerli azarkeşlərin, həm də qonşu dövlətlərin marağına səbəb oldu. Ölkəmiz III MDB Oyunlarına ev sahibliyi etdi. Oyunlar paytaxtdan kənarda, ölkəmizin müxtəlif şəhərlərində baş tutdu. Oxatma yarışları Xankəndi şəhərində oldu. Gəncə şəhər stadionu III MDB Oyunları üçün yenidən quruldu, istifadəyə verildi.

- Sirr deyil ki, regionlarda idmanın inkişafı ölkə üçün xüsusi əhəmiyyətlidir. Paytaxtdan kənardakı idman zallarının fəaliyyətindən razısınız?

- Azərbaycan Prezidenti İlham Əliyev 28 ildir ki, Milli Olimpiya Komitəsinin rəhbəridir. İlk Olimpiya Kompleksi 25 əvvəl istifadəyə verilib. Bəzilərinin əsaslı təmirə ehtiyac var. III MDB Oyunları isə bunun üçün yaxşı şans idi. Bir çoxlarını əsaslı şəkildə, müasir standartlara uyğun təmir etdik. Yenə də bəziləri qalıb. Növbəti illərdə mərhələli şəkildə təmir edəcəyik. Bütün Olimpiya komplekslərində hovuzlar işləyir. Çalışırıq ki, qışda hovuza gələnlərin sayının artmasına nail olaq. Üzgüçülüklə bağlı layihələrimiz olur. Məktəblərdə uşaqlara 4 həftəlik proqram təklif edirik. Uşaqlar düzgün üzməyi öyrənirlər. Məqsəd odur ki, bir neçə ildən sonra deyəcəyik ki, azərbaycanlı məktəblilər üzməyi bacarırlar.

- 2025-ci ildə idmançılar ümumilikdə 2113 medal qazanıblar. Mükafatlardan 30 faizi qızıl əyarlıdır. Ümumiyyətlə, medalın əyarı, yoxsa sayı önəmlidir?

- MDB Oyunlarında indiyədək üzgüçülükdə medalımız olmamışdı. Gəncədəki yarışda çox sayda mükafat əldə etdik və iki qızıl medal qazandıq. Amma bizim üçün, ilk növbədə, idmanın kütləviliyi vacibdir. Bakıda üçüncü ildir ki, buz meydançası fəaliyyət göstərir. Həftənin şənbə və bazar günləri orada növbələr olur. Bizim üçün idmanda əsas məqamlardan biri kütləvilikdir. Kütləvilik olmasa, idmançı haradan çıxacaq? Bunlar bir-birinə bağlıdır. Hansısa idman növü necə məşhurlaşır? Orada yaxşı, ulduz atlet olanda. Valideynlər istəyirlər ki, övladları həmin ulduz idmançı kimi uğurlara nail olsun.

- Tamblinqdə Tofiq Əliyev ötən il çox gündəmdə idi. Sizcə, o, bu idman növündə ulduza çevrilə bilər?

- Tofiq Əliyev hazırda məşhurdur. Bu il məlum video çox yayıldı. Orada yeni elementi icra etmişdi. Bu idman növü Skandinaviya ölkələrində çox yayılıb. Tofiq sosial şəbəkələrdə çox məşhurdur. Bu da bizi sevindirir. İstəyirik ki, belə idmançılarımızın sayı çox olsun. Sosial şəbəkə də təbliğatın bir növüdür.

- Ölkə idmanında legioner məsələsi daim müzakirə olunur. Nazirlik daim yerli idmançılara üstünlük verilməsinin tərəfdarı kimi çıxış edib. İndi yenə də federasiyalardan legioner idmançılarla bağlı müraciət var?

- Legioner idmançılar təkcə Azərbaycanda olmur. Ən böyük dövlətlərdə də çox sayda legioner idmançı görə bilərsiniz. Biz istəyirik ki, öz idmançılarımızı yetişdirək. Bəzi idman növlərində legioner sayı azalıb. Bəziləri var ki, illərdir orada dəvət olunan idmançılar çıxış edir. Bu da məni narahat edir. Təbii ki, belə olmasını istəməzdik. Federasiyalar xahiş edirlər. Daha ağır çəki dərəcələrində kifayət qədər idmançımız yoxdur. Bəzi idman növlərində komanda yarışları da var. Bu da çox vacibdir. Yeni idman növündə əcnəbi idmançını başa düşə bilərəm. İndiyədək bizi Qış Olimpiya Oyunlarında Azərbaycanda yetişmiş idmançı təmsil etməyib. Şəraitimiz yox idi. Son illər ərzində bununla bağlı şərait qurulub. İndi bir az vaxt lazımdır.

- 2026-cı ildə növbəti olimpiada üçün lisenziya xalları uğrunda mübarizə başlayır. 2028-ci ildə ABŞ-da təşkil olunacaq Yay Olimpiya Oyunları barədə fikirlərinizi bilmək istərdik.

- Artıq Yay Olimpiya Oyunlarına hazırlaşmağa başlayırıq. Yeni ulduz idmançılar görmək istəyirik. Ötən ilin sonunda boks üzrə dünya çempionumuz oldu. Sübhan Məmmədovun cəmi 19 yaşı var. Azərbaycan boks məktəbinin yetirməsi son olaraq 10 il əvvəl dünya çempionu olub. İnanıram ki, Sübhan olimpiadaya vəsiqə qazanacaq və orada da uğurlu çıxış edəcək. Təkcə bu boksçumuz yox, digər idmançılarımızdan da yaxşı nəticələr gözləyirik. Yay Olimpiya Oyunlarında komanda hesabında ən azı 30-cu pilləni qoruyub saxlamaq istəyirik. Təbii ki, daha yüksək yerdə olmaq niyyətindəyik. Qonşu ölkələrlə bizi müqayisə etsəniz, görərsiniz ki, kifayət qədər yaxşı nəticəyə nail olmuşuq. Paris-2024-də medal sıralamasında 30-cu olduq. Azərbaycan əvvəl bu nailiyyəti əldə etməmişdi. Bizim üçün rekord göstəricidir.

- Ötən il həm də Avropa Gimnastikasının prezidenti postuna növbəti seçkilər baş tutdu. Gərgin mübarizədə qalib gələrək növbəti 4 il müddətinə qitə qurumuna rəhbər seçildiniz. Növbəti 4 il üçün hədəf nə olacaq?

- İlk seçkiləri xatırlayıram. 2008-ci ildə ilk dəfə, ardınca 2012-ci ildə ikinci dəfə Beynəlxalq Gimnastika Federasiyasına Şura üzvü kimi seçildim. 2013-cü ildən Avropa Gimnastikasındayam. O vaxt Avropa Gimnastika İttifaqı adlanırdı, 2013-cü ildə həmin quruma vitse-prezident seçildim. Dörd il sonra – 2017-ci ildə ilk dəfə Avropa Gimnastikasına rəhbər olaraq təsdiqləndim. Dörd il sonra seçkilərdə yeganə namizəd idim. 2025-ci ildə üçüncü dəfə Avropa Gimnastikasına prezident seçildim. Nizamnaməyə görə bir şəxs üç dəfə bu quruma rəhbər seçilə bilər. Seçkidən öncə platformamız bütün federasiyalara göndərildi, müxtəlif görüşlərimiz oldu. Nəticədə, biz qalib gəldik. Qalib gəldik deyirəm çünki böyük bir komandanın işidir. Fürsətdən istifadə edərək mənə dəstək olan Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevaya, o cümlədən komandanın hər bir üzvünə təşəkkür edirəm. Mənim seçilməyim dövlətimizin uğurlu beynəlxalq siyasətinin nəticəsidir.

İdmanda daim rəqabət var. İdman federasiyaları da digərləri ilə yarışır. Sponsor müqavilələri, efirdə baxımlı saatlarda yayımda olmaq üçün mübarizə olur. Avropa Gimnastikasında bu idmanın 8 növü var, onlardan dördü olimpiya oyunlarına daxildir. İl ərzində təqvimdə olan dünya və Avropa çempionatlarının təşkili, yarışları keçirən tərəflərlə müqavilələrin imzalanması və digər məqamlar diqqətdə saxlanılır. Son illər Avropa Gimnastikasının strategiyası üzərində işləyirdik, artıq üzv federasiyalara təqdim olunub. Yeni yarışlar keçirməyə başlamışıq. Avropa Kuboku yeni turnirlərdəndir. Növbəti 4 il üçün yeni planlar və layihələrimiz var.


MƏSLƏHƏT GÖR:

52