SOSİAL BALANS FORMULU
Azərbaycan Gender bərabərliyi üzrə Milli Fəaliyyət Planını təsdiq edir
Müəllif: Kamilla BABAZADƏ
Prezident İlham Əliyev tərəfindən 2026-2028-ci illər üçün Gender bərabərliyi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsinə dair sərəncamın imzalanması dövlət siyasətinin inkişaf vektorunun mühüm göstəricilərindən biridir. Bu sənəd sadəcə formal inzibati akt deyil, ölkədə qadın və kişilərin hüquq və imkan bərabərliyinin hüquqi əsaslarının möhkəmləndirilməsinə, ictimai münasibətlərdə harmoniyanın təmininə yönəlmiş strateji yol xəritəsidir.
İnstitusional xətt və məsuliyyət
Sərəncamın icrasında mərkəzi rol Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə həvalə olunub. Əsas koordinator səlahiyyətləri məhz bu quruma verilib və o, müxtəlif dövlət orqanlarının səylərini vahid və səmərəli sistemdə birləşdirməlidir. Şəffaflıq və hesabatlılığın mühüm elementi kimi, planın icra vəziyyəti barədə hər il dövlət başçısına hesabat verilməlidir ki, bu da mövzunun ümummilli gündəlikdə yüksək prioritetə malik olduğunun göstəricisidir.
Gender uyğunsuzluğunun reallığı
Bu qərarın zəruriliyini anlamaq üçün mövcud vəziyyətə real yanaşmaq lazımdır. Son illərdə əldə olunmuş irəliləyişlərə baxmayaraq, Azərbaycan hələ də bir sıra struktur və mental çağırışlarla üz-üzədir. Bu mənada ən nəzərəçarpan problemlərdən biri əməkhaqqı səviyyəsindəki fərqdir. 2024-cü ilin statistik məlumatına görə ölkədə qadınların orta aylıq əməkhaqqı kişilərin gəlirlərinin 70%-dən azdır. Bu, əsasən qadınların aşağı maaşlı sahələrdə – təhsil və səhiyyə kimi sektorlarda daha çox işləməsi i+lə bağlıdır. Bununla yanaşı, yüksək texnologiyalar və sənaye sahələrində qadınlar hələ də kifayət qədər təmsil olunmurlar.
Daha bir mürəkkəb məsələ qadınların üzərindəki ənənəvi ödənişsiz ev əməyi və ailə üzvlərinə qulluq kimi yükdür. Bu, onların karyera yüksəlişinə, sahibkarlıq fəaliyyətinə məhdudiyyətlər yaradır. Bundan başqa, ölkənin regionlarında kök salmış normalar hələ də özünü göstərir və bəzən qızların ali təhsil almasına, yaxud «qadın işi sayılmayan» ixtisaslar seçməsinə maneələr yaradılır. Məişət zorakılığının qarşısının alınması və zərərçəkmişlərin müdafiə mexanizmlərinin gücləndirilməsi də ciddi ehtiyac duyulan məsələlərdir.
Dəyişikliklər strategiyası və həll yolları
Yeni Milli Fəaliyyət Planında bu problemlərin həlli yolları kompleks xarakter daşıyır. Dövlət iqtisadi stimullaşdırmaya və maarifləndirməyə üstünlük verir. Qadınların kiçik bizneslə məşğul olması üçün maliyyə resurslarına çıxışın genişləndirilməsi, onların özünüməşğulluq proqramlarına fəal cəlbi gözlənilir. Mühüm alətlərdən biri isə ali təhsil müəssisələrində gender bərabərliyi üzrə tədris proqramlarının inteqrasiyası olacaq ki, bu da gənc nəsildə peşə rollarına dair yeni baxışın formalaşmasına kömək edəcək.
Analitik nəzarət, monitorinq və perspektivlər
Təklif olunan tədbirlərin icra keyfiyyətinə nəzarət mexanizmi xüsusi diqqətəlayiqdir. Monitorinq və qiymətləndirmə prosesinə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi cəlb edilir. Analitika üzrə ixtisaslaşmış bu qurumun prosesə cəlb olunması praqmatik idarəetmə yanaşmasına keçildiyini göstərir. Dövlət gender bərabərliyini dayanıqlı inkişaf amili kimi nəzərdən keçirir və burada hər bir təşəbbüsün effektivliyi konkret göstəricilərlə təsdiqlənməlidir.
Bu planın icrası insan kapitalının inkişafı üçün yeni üfiqlər açır. Bu, cinsindən asılı olmayaraq, hər bir vətəndaşın potensialını tam şəkildə reallaşdıra biləcəyi şərait yaradır. Təşəbbüsün uzunmüddətli perspektivdə uğuru isə dövlət institutlarının əlaqəli fəaliyyətindən və cəmiyyətin sosial arxitekturasında keyfiyyət dəyişikliklərini qəbul etməyə nə qədər hazır olmasından asılıdır.
MƏSLƏHƏT GÖR:

27

