YALNIZ QƏLƏBƏ İSTƏYİRDİ
Boks üzrə 19 yaşlı dünya çempionu olimpiadanı hədəfləyir
Müəllif: Sənan ŞƏFİZADƏ
2025-ci il Azərbaycan boksunda dünya çempionluğu həsrəti başa çatıb. Uzun fasilədən sonra 19 yaşlı Sübhan Məmmədov Beynəlxalq Boks Assosiasiyasının (IBA) təşkil etdiyi dünya çempionatından Vətənə qızıl medalla qayıdıb. 48 kq çəki dərəcəsində mübarizə aparan Sübhan Məmmədov Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatının finalında Rusiyanı təmsil edən erməni əsilli Edmond Xudayanı məğlub edib.
Ümumilikdə kişilərdən ibarət Azərbaycan millisi mundialı 1 qızıl və 2 bürünc medalla başa vuraraq 120 ölkə arasında komanda hesabında 4-cü yeri tutub. Elə mundialda qızıl medal qazanan ölkələrin sayı da cəmi 4-ə bərabərdir. Rusiya 1-ci (7 qızıl, 5 gümüş, 1 bürünc), Qazaxıstan 2-ci (3 qızıl, 1 gümüş, 2 bürünc), Özbəkistan isə 3-cü olub ( 2 qızıl, 4 gümüş, 3 bürünc).
Bu nailiyyət Azərbaycan boks tarixində ilk deyil. Sübhan Məmmədovun dünya çempionatında qazandığı qələbə Azərbaycan üçün mundiallarda səkkizinci “qızıl” olub. Daha əvvəl dünya çempionatlarında Ağası Məmmədov, Cavid Çələbiyev, Elvin Məmişzadə, Maqomedrəsul Məcidov (3 dəfə) və Alfonso Dominqes də qalib olublar. S.Məmmədovun çempionluğu azərbaycanlı boksçuların 10 illik qızıl medal həsrətinə son qoyub. Bu qələbənin xüsusi əhəmiyyəti ondadır ki, qızıl medalı milliləşdirilmiş idmançı deyil, həmyerlimiz qazanıb.
Qəhrəmanımız Sübhan MƏMMƏDOV ilə müsahibəni təqdim edirik.
- 2025-ci il karyeranızda yadda qalan il oldu. Bu sayda mükafat qazanacağınızı gözləyirdinizmi?
- Ötən il boksda qazandığım mükafatı bəzən illərlə əldə etmək mümkün olmur. İlin əvvəlində Dünya Kubokunda bürünc medal qazandım. Dekabrda 23 yaşlıların Avropa çempionatının qalibi oldum. Ardınca isə Dubayda təşkil edilən böyüklərin dünya çempionatında birinci yeri tutdum.
- Gəlin əvvəldən başlayaq. İdmana necə başladınız?
- Ağcabədi rayonunda anadan olmuşam. Əvvəlcə ailəm məni cüdoya yazdırıb. Bir müddət məşq etdikdən sonra özümü orada tapa bilmədim. Sonra kikboksa yazıldım və mütəmadi məşqlərdə iştirak etməyə başladım. Qısa müddət getdikdən sonra boksa keçdim. Boks məşqlərində hiss etdim ki, bu, axtardığım idman növüdür.
- Dünya çempionatında öncə qızıl medal qazanacağınızı desəydilər, inanardınız?
- Məşqçim Mehman Quliyev hər zaman məni maksimum nəticə barədə düşünməyi vadar edir. Yarışdan əvvəl ən azı finalı hədəfə almışdıq. Ardıcıl 4 qələbədən sonra finala vəsiqə qazandım. Həlledici görüşdən əvvəl məşqçi söylədi ki, uzun yolun əsas döyüşünə çıxırsan. Finaldan əvvəl həyəcanı yaxına buraxmadım. Heç ikinci yer barədə fikirləşmirdim, yalnız qələbə qazanmağı arzulayırdım.
- Bu qələbəni kimə həsr edirsiniz?
- Qələbəni Azərbaycan xalqına və qəhrəman şəhidlərimizə həsr etmişəm. Qələbədə şəxsi məşqçim Mehman Quliyev, milli komandanın məşqçiləri, federasiya rəhbərliyinin böyük əməyi var. Bizə yaradılan şəraitdə ancaq uğur qazanmağımız qalır. Çox istərdim ki, Dubaydakı qələbə davamlı olsun.
- Sonuncu dəfə Azərbaycan boks məktəbinin yetirməsi 10 il əvvəl dünya çempionu olub. Bu müddətdə milliləşdirilən boksçular qızıl medal qazanıb. Növbəti qızıl medalı gözləmək üçün nə qədər vaxt lazımdır?
- Hazırda Azərbaycan millisində yeni güclü nəsil formalaşır. Hər çəkidə iddialı boksçular var. Dünya çempionatında növbəti qələbəni o qədər uzun müddət gözləmək lazım olmayacaq.
- Boksda arzularınızdan birini reallaşdırdınız. Növbəti arzunuz nədir?
- Hər bir idman növündə iştirak edən insan dünya çempionu olmağı arzulayır. Bu məqsədə çatandan sonra hədəf olimpiadada iştirakdır. Növbəti Yay Olimpiya Oyunları 2028-ci ildə keçiriləcək. Məşqçimlə artıq planetin ən böyük yarışı barədə düşünürük. Hədəfimiz sadəcə iştirak deyil. Boksçularımız hər zaman olimpiadada medal qazanıb, hətta finalda iştirak edib. Arzum ilk dəfə olimpiadada çempionluq sevinci yaşamaqdır. Başa düşürəm ki, bu, çətin olsa da, mümkündür.
- Çəki dərəcəniz 48 kq-dır, yəni olimpiya kateqoriyasına deyil. Çəki dərəcəsini dəyişməyi planlaşdırırsınız?
- Bu ildən 50 kq-da çıxış edəcəm. Onsuz çəkini qorumaq yaş artdıqca çətinləşir. Eyni zamanda növbəti yarışlarda bu kateqoriyada mübarizə aparmağı düşünürəm. Bu çəkidə əsas rəqibim Bilalhəbaşi Nəzərov olacaq. Millidə yerimi qorumaq üçün ondan güclü olduğumu sübut etməliyəm.
- 19 yaşında dünya çempionu olan idmançı “ulduz xəstəliyi”nə tutulmamaq üçün nə etməlidir?
- Arxayınlaşmağın qəti əleyhinəyəm. Bir müddət sevindim və artıq dünya çempionluğunu unutmaq vaxtıdır. 2026-cı ildə əsas hədəfim böyüklər arasında Avropa çempionu olmaqdır. Bu nəticə böyüklərin cərgəsinə rahat qoşulmağa kömək edəcək. Qitə çempionatında məni yeni rəqiblər gözləyir. Hər birinə hazır olmalıyam. Bu mənada “ulduz xəstəliyi”nə tutulmayacağıma inanıram. İdmançının ətrafı gərək onu qorusun. Ətrafımda idmanı və məni sevən insanlar var. Dostlarım da heç vaxt dəyişməyə imkan verməz.
- Dünya çempionu olmaqla təşkilatçılar tərəfindən böyük pul mükafatı qazandınız. Bunu necə xərcləməyi planlaşdırırsınız?
- Bu barədə heç düşünməmişəm. Cəmi 19 yaşım var. Bütün fikrim boks məşqlərindədir. Hazırda Bakıda kirayə mənzildə yaşayıram. Ailəm Ağcabədidə qalır. Çox istərdim ki, valideynlərimi Bakıya gətirim. Onlarla birlikdə Bakıda yaşamaq mənim üçün böyük sevinc olardı.
MƏSLƏHƏT GÖR:





39

