15 Mart 2026

Bazar, 18:33

SÜNİ AĞIL – UŞAQLARI NECƏ QORUYAQ?

Uşaqların müstəqil düşüncələrini inkişaf etdirməsi hüququnun təmini süni intellektdən istifadəyə yaş senzinin tətbiqindən keçir

Müəllif:

01.02.2026

Son illərdə Avropa təhsilinin arxitekturası ciddi bir çağırışla üz-üzə qalıb. O, gücünə görə internetin yaranması ilə müqayisə olunsa da, insan kapitalına təsir xarakterinə görə ondan qat-qat təhlükəlidir. Söhbət süni intellektin (Sİ) uşaqların gündəlik həyatına inteqrasiyasından gedir. Texnologiya nəhənglərinin alqoritmlərin təkmilliyi uğrunda yarışdıqları bir vaxtda Fransa, İspaniya və Yunanıstan hökumətləri yetkin olmayan uşaq zehni üçün Sİ-nin köməkçi yox, əsas idrak bacarıqlarının atrofiyasına aparıb çıxara biləcək «intellektual qoltuq ağacı» olduğunu anlamağa başlayıblar. Avropa Parlamentinin 16 yaşadək şəxslərin neyron şəbəkələrə çıxışının məhdudlaşdırılması təşəbbüsləri, eləcə də bəzi ölkələrdə yaşı 10-dan az olan uşaqlar üçün bu sahədə sərt qadağaların tətbiqi tərəqqidən çəkinmək yox, uşağın öz müstəqil düşüncəsini inkişaf etdirmək kimi fundamental hüququnun qorunması zərurətindən irəli gəlir.

Bu gün UNESCO rəsmi şəkildə bütün ölkələrin hökumətlərini məktəblərdə Sİ-dən istifadə üçün 13 yaşı minimum hədd kimi müəyyənləşdirməyə çağırır və bildirir ki, bu texnologiyalarla daha erkən təmas emosional və koqnitiv inkişaf üçün risklər yaradır. Bəzi Avropa ölkələri isə daha da irəli gedərək, aşağı yaş qrupuna aid uşaqları alqoritmlərin nəzarətsiz təsirindən qorumaq üçün milli baryerlərin tətbiqi imkanını nəzərdən keçirirlər.

2025-ci ilin sonunda Avropa Parlamenti 16 yaşa çatmamış şəxslərin valideyn razılığı olmadan sosial şəbəkələrə və Sİ-yə çıxışının məhdudlaşdırılması təşəbbüsünü dəstəkləyib. Bu qaydanın lokomotivi kimi çıxış edən Fransa 2026-cı ilin sentyabrına qədər 15 yaşadək şəxslər üçün tövsiyə alqoritmlərindən və generativ Sİ-dən istifadə edən platformalara çıxışı tam məhdudlaşdırmağı düşünür. Bənzər qərarlar Avstraliyada da qəbul olunur. Burada qeyd olunan sahədə dünyanın ən sərt qanunlarından biri artıq qüvvəyə minib və o, 16 yaşadək uşaqların sosial şəbəkələrə və bir sıra Sİ xidmətlərinə çıxışını məhdudlaşdırıb. Danimarka və Yunanıstanda texnologiyanın növündən asılı olaraq, bu həddin 13-15 yaşa endirilməsi məsələsini müzakirə edirlər. Türkiyədə də 15 yaşadək uşaqların Sİ tətbiqindən istifadəsinin qadağan olunması məsələsi müzakirə mərhələsindədir. Bu, təhsil məkanının qeyd edilən risklərdən qorunması istiqamətində güclü regional trendin formalaşdığını göstərir.

 

İdrak mexanizmi

Sİ-nin ibtidai sinif şagirdlərinə əsas təhlükəsi uşağın idrak prosesi yaşamadan hazır nəticə əldə etməsidir. Psixoloqların fikrincə, 10 yaşlı uşaq məlumat axtarışını, mətn təhlilini və ya riyazi məsələnin həllini alqoritmlərə həvalə etməklə neyron əlaqələrinin formalaşmasının kritik mərhələsini ötürür. Təhsil isə ilk növbədə, çətinliklərin dəf edilməsidir. Bu proses zamanı yaddaş, səbr və reallığı tənqidi qavrama bacarığı inkişaf edir. Sİ-nin cavabları problemsiz, asanlıqla təqdim etməsi bilik illüziyası yaradır. Beynində hələ faktlar, bacarıqlar bazası formalaşmamış uşaq üçün bu cür «kömək» məhvedicidir: o, şübhə etmə, mənbələrin müqayisəsi və nəticə etibarilə müstəqil düşünmə stimulundan məhrum olur.

Regionda texnoloji liderliyə can atan, Sİ strategiyasını dövlət səviyyəsində tətbiq edən Azərbaycanda belə qadağaların vaxtında tətbiqi xüsusilə vacibdir. Ölkə bir yandan rəqəmsal transformasiyaya yönəlib, digər tərəfdən isə sabahın insan kapitalının keyfiyyəti bilavasitə bugünkü məktəblilərin nə qədər savadlı, müstəqil düşünmə bacarığına malik olmasından asılıdır. Azərbaycan məktəblərində 10-12 yaşadək uşaqlar üçün Sİ-dən istifadəyə yaş senzinin tətbiqi nəinki məqsədəuyğundur, həm də strateji baxımdan zəruridir.

Bu yaş həddi təsadüfən seçilməyib. Uşağın məntiqi əməliyyatlar aparmaq, informasiya ilə işləmək bacarığı məhz ibtidai tədrisin sonuna doğru formalaşır. Amma belə bir qadağanın düzgün tətbiqi cəza tədbiri və ya «rəqəmsal pərdə» formasında olmamalıdır. «Məhdudiyyətlərin təhsil standartlarına, məktəblərin etik kodeksinə inteqrasiyası vacibdir», - deyə psixoloq Afaq Babazadə bildirir. Yəni texnologiyaların total bloklanması əvəzinə, müəyyən yaşadək ənənəvi inkişafın prioritet olduğu mühit yaradılmalıdır: əl ilə yazı, kitab oxumaq, kitabxana və arxivlərdə axtarış tələb edən layihələr kimi. Babazadə hesab edir ki, dövlət tənzimləməsi təhsil platformalarının tərtibatçıları üçün yaşın ciddi verifikasiyası tələbi, həmçinin valideynlər üçün Elm və Təhsil Nazirliyi səviyyəsində metodik vəsaitlərin hazırlanması formasında ola bilər. Bu vəsaitlərdə, məsələn, «ChatGPT»yə erkən çıxışın uşaqların intellektual inkişafını niyə ləngidə biləcəyi izah edilməlidir.

10 yaşadək uşaqlar üçün süni intellektdən istifadənin qadağan olunması gələcəklə mübarizə yox, ona yatırılan sərmayədir. Sabahın məzunu Sİ-ni effektiv şəkildə idarə edə bilmək üün bu gün, ilk növbədə, öz düşüncəsini idarə etməyi öyrənməlidir. «Biz uşaqlara əvvəlcə beyinlərini biliklərlə doldurmaq, tənqidi filtri formalaşdırmaq imkanı yaratmalıyıq. Əks halda gələcəkdə onlar mükəmməl, lakin ruhsuz alqoritmin bir əlavəsinə çevrilmək riski ilə üz-üzə qala bilərlər. Ənənələrlə innovasiyaların kəsişməsində yer alan Azərbaycan tarazlaşdırılmış yanaşmanı tətbiq etmək üçün unikal fürsətə malikdir: uşaqlığı koqnitiv sadələşmədən qoruyub, eyni zamanda texnologiyalarla yaradıcı, parazit simbioz deyil, simbioz qura bilən nəsil yetişdirmək», – deyə ekspert bildirib.

 

Zəruri keçid

Qoruyucu qadağalardan texnologiyalardan şüurlu istifadəyə keçid valideynlərdən və pedaqoqlardan nəzarətdən daha çox mentorluq tələb edir. Psixoloqların bildirdikləri kimi, 10 yaşadək əsas biliklər və əl əməyi bacarığından ibarət təməl qurulursa, sonrakı dövr «nəzarətli dalma» mərhələsi olmalıdır. Azərbaycanda Sİ-nin yeniyetmənin həyatına harmonik şəkildə daxil edilməsi rəqəmsallaşmanın ona insanı əvəz etmədən xidmət göstərməsinin nümunəvi modelinə çevrilə bilər.

Yaş senzinin aradan qaldırılmasından sonrakı ilk addım isə uşağa sorğu arxitekturasının, yaxud promt mühəndisliyi öyrədilməsi olmalıdır. Amma cavab almaq üçün yox, hipotezlərin yoxlanılması üçün. Valideynlərə izah olunmalıdır ki, neyron şəbəkə həqiqətin söyləyən son instansiya yox, yanıla bilən statistik modeldir. Bu mərhələdə birgə sessiyaların keçirilməsi önəmlidir: uşaq əvvəlcə mövzu ilə bağlı öz mövqeyini formalaşdırır, daha sonra onu Sİ-nin cavabı ilə müqayisə edərək alqoritmin qeyri-dəqiqliyini, yaxud qərəzliliyini aşkar edir. Bu yanaşma texnologiyalardan istifadəni passiv istehlakdan tənqidi araşdırma müstəvisinə keçirir. Prosesdə ən mühüm etik oriyentir isə müəlliflik konsepsiyasıdır. Yeniyetmə ideyaların strukturlaşdırılması üçün Sİ-dən alət kimi istifadə ilə adi plagiat arasındakı sərhədi aydın şəkildə dərk etməlidir. İstər ev şəraitində, istərsə də məktəbdə «şəffaflıq» qaydasının tətbiqi məqsədəuyğundur. Əgər işin bir hissəsi alqoritmlərin köməyi ilə görülübsə, şagird bu yardıma niyə müraciət etdiyini, bu köməyin yekun nəticəyə töhfəsinin nədən ibarət olduğunu əsaslandıra bilməlidir. Bu yanaşma onda məsuliyyət formalaşdırır, intellektual tənbəlliyin qarşısını alır.

Nəhayət, təhlükəsizlik üçün əsas element rəqəmsal və fiziki reallıq arasında balansın qorunmasıdır. 10 yaşdan sonra bu cür mürəkkəb alqoritmlərə çıxış sosial ünsiyyəti, idmanı, bədii ədəbiyyatın oxunmasını arxa plana atmamalıdır. Ailədaxili ənənələrin güclü olduğu Azərbaycanda valideynin strategiyası oxunan və ya izlənən materialların müzakirəsinə söykənə bilər. Beləliklə, yetkinlik yaşına çatdıqda insan sadəcə neytron şəbəkələrin təcrübəli istifadəçisinə deyil, həm də düşüncəsi kifayət qədər inkişaf etmiş, onu heç bir süni intellektin əvəzləyə bilməyəcəyini, texnologiyaların yalnız ustanın əlində güclü alət olduğunu dərk edən şəxsiyyətə çevriləcək.

 

Oyna və dərk et

Məhdudiyyətlərin nəzəri əsaslarının real bacarıqlara çevrilməsi üçün 10 yaşdan sonrakı keçid dövrü alqoritmlərlə «intellektual qılıncoynatma» təcrübəsi ilə zənginləşdirilməlidir. Azərbaycan ailələrində və məktəblərində belə təcrübə qadağadan şüurlu məharətə aparan körpüyə çevrilə bilər. Psixoloqlar bildirirlər ki, bunun üçün ən effektiv məşqlərdən biri «Fakt detektivi» üsuludur. Bu zaman neyron şəbəkədən hər hansı tanınmış tarixi şəxsiyyətin bioqrafiyasını və ya elmi bir fenomenin təsvirini hazırlaması xahiş olunur, daha sonra ənənəvi ensiklopediyalar və etibarlı mənbələr vasitəsilə həmin mətndə ən azı üç səhvin tapılması tələb edilir. Bu, uşağa aydın şəkildə göstərir ki, Sİ mütləq həqiqətin ifadəçisi yox, sadəcə ehtimallara əsaslanan mexanizmdir.

Dərrakəli şəxsiyyətin formalaşdırılması üçün daha bir mühüm element «üslubun müqayisəli təhlili» məşqidir. Bu zaman yeniyetməyə sərbəst mövzuda qısa esse yazmaq təklif olunur, daha sonra eyni mövzuda Sİ-dən mətn istənilir. Valdieyn və ya müəllimlə birgə müzakirə zamanı insanın yazdığı mətndə olan, digərində isə ümumiyyətlə olmayan emosional dərinliklər, məcazların orijinallığı, şəxsi təcrübə təhlil edilir. Bu, uşağa öz «mən»inin dəyərini hiss etmək, insan baxışının unikallığının ən güclü hesablama imkanları ilə belə, təqlid oluna bilməyəcəyini anlamaq imkanı yaradır.

Tapşırıqların qoyuluşu və məntiqi strukturlaşdırma bacarıqlarının inkişafı üçün «əks-layihələndirmə» təcrübəsi də faydalıdır. Uşağa neyron şəbəkə tərəfindən yaradılmış mürəkkəb bir cavab təqdim olunur. Uşağın vəzifəsi oxuduğu nəticəyə gətirib çıxara biləcək dəqiqləşdirici suallar zəncirini qurmaqdır. Bu, uşağa informasiyanın strukturunu görməyi, Sİ-nin iş keyfiyyətinin birbaşa insan düşüncəsinin dərinliyi və dəqiqliyindən asılı olduğunu anlamağı öyrədir. Nəticədə, uşaq passiv informasiya istehlakçısından prosesin mexanikasını anlayan, lakin onun girovuna çevrilməyə fəal tapşırıq qurucusuna çevrilir.

Rəqəmsal yetkinliyin formalaşdırılmasının yekun mərhələsi layihələndirmə fəaliyyəti ola bilər. Bu mərhələdə Sİ-dən yalnız biblioqrafiyanın tərtibi və ya terminlərin tərcüməsi kimi rutin əməliyyatlarda, texniki köməkçi kimi istifadə edilir. Hipoteza, metodologiya və nəticə şagirdin özünə məxsus olur.

Belə təcrübələrin Azərbaycanın təhsil mühitinə tətbiqi təkcə yaş senzinin formal şəkildə qorunmasına deyil, həm də texnologiyaları intellektin gücləndirilməsi üçün köməkçi kimi qəbul edən, əvəzləyici vasitə saymayan nəslin yetişdirilməsinə imkan verərdi. Beləliklə, uşaqlıqdakı sərt məhdudiyyətlərdən böyüdükcə alətlərə yiyələnməyə aparan yol azad, müstəqil düşüncənin təbii şəkildə yetkinləşməsi dövrünə çevrilir.

Yaş məhdudiyyətlərini dəstəkləyən arqumentlər dünyanın real siyasi xəritəsində də öz əksini tapır. «Rəqəmsal yetkinlik»lə bağlı qlobal müzakirə pedaqoji nəzəriyyələr müstəvisindən sərt qanunvericilik aktları formatına keçir.

 

«Təhlükəsizlik zonası»

2025-2028-ci illər üçün Süni İntellektin İnkişafı Strategiyasını qəbul etmiş Azərbaycan unikal mövqeyə malikdir. Dövlət prioriteti ixtisaslı kadrların hazırlanmasına, süni intellektin iqtisadiyyata inteqrasiyasına verdiyi halda, təhsil sistemində artıq etik filtrlər formalaşdırılır. Dünya təcrübəsi göstərir ki, ən uğurlu ölkələr texnologiyaları sadəcə qadağan edənlər deyil, uşaqlarda erkən dövrdə təbii intellektin inkişafı üçün «təhlükəsizlik zonaları»nı yaradanlardır.

Beynəlxalq araşdırmaların nəticələrindən məlum olur ki, «qacet»lərdən və Sİ köməkçilərindən istifadənin məhdudlaşdırıldığı məktəblərdə ümumi akademik göstəricilər orta hesabla 6-10% yüksək olur və ən böyük irəliləyiş məhz əvvəllər təhsildə çətinlik çəkmiş şagirdlərdə qeydə alınır. Bu, Azərbaycanda da 10 yaşadək uşaqların Sİ-dən istifadəsinə tətbiq ediləcək qadağanın tərəqqiyə maneə yox, gələcək vətəndaşların çevik, müstəqil və güclü düşüncəyə malik olması üçün zəruri şərt ola biləcəyini təsdiqləyir. Belə senzin tətbiqi düşüncə keyfiyyəti lehinə olan şüurlu seçimdir. Bu, Azərbaycana təkcə qlobal texnologiyalardan istifadə etmək deyil, həm də gələcəyin intellektual gündəmində öz qaydalarını diktə etmək imkanı yaradacaq.


MƏSLƏHƏT GÖR:

37