QAYDA HAMI ÜÇÜNDÜR
Nə qədər ki sürücü ilə piyada bir-birlərinə tərəfdaş yox, opponent kimi baxacaq, statistika kədərli olacaq
Müəllif: Kamilla BABAZADƏ
2026-cı ilin əvvəlinə şəhər nəqliyyatı axınlarının dinamikası yeni yanaşmalar, birgə yaşayış qaydaları tələb edir. «Ağıllı şəhər» sistemlərinin geniş tətbiqinə baxmayaraq, yol hərəkətinin fundamental prinsipi dəyişməz qalır: piyada keçidində üstünlük insana aiddir. Bu qayda yalnız sənəd üzərindəki cümlə deyil, həm də piyadanın özündən dəfələrlə ağırçəkili avtomobil qarşısında həssaslığına əsaslanan humanist standartdır.
Lakin hüququn tətbiqi təcrübəsi və yol qəzalarının statistikası göstərir ki, «piyada həmişə haqlıdır» şüarının mütləqləşdirilməsi bəzən təhlükəli illüziyaya çevrilir, bəzən isə faciələrə yol açır.
Məsuliyyətin incə sərhədi
Yol polisinin mütəmadi apardığı profilaktik tədbirlər sürücülərin yolu keçən piyadalara etinasız yanaşması vərdişlərinin tərgidilməsinə yönəlib. Qanun sərtdir: sürücü yolayrıcını dönərkən bütün iştirakçılara, o cümlədən velosipedçilərə yol verməlidir. Lakin protokollardakı rəqəmlərin arxasında başqa reallıq da var. Çox zaman yaranan təhlükəli vəziyyətin günahkarı məhz piyada olur. O, sanki «toxunulmaz» olduğuna inanaraq, fizikanın qanunlarını və sadəcə ehtiyatlı olmağın vacibliyini unudur.
Ötən ilin statistikası narahatlığa əsas sayıla biləcək tendensiyanı ortaya qoyur: piyada keçidləri üzərində baş vermiş yol qəzalarının əksəriyyətinin səbəbi «gözlənilməzlik amili»dir. Piyadalar bir çox hallarda yolu smartfona baxaraq, yaxud gödəkçəsinin papağını gözlərinin üstünədək çəkərək ətrafa lazımi dərəcədə diqqət etmədən keçir. Belə vəziyyətdə sürücü sürət həddini aşmasa belə, əyləc məsafəsi ilə piyada arasındakı məsafə qəzanı qaçılmaz edir.
Sürücü üçün müdafiə strategiyası
İctimai rəyin apriori sürücünü günahkar görməyə meyilli olduğu şəraitdə sürücünün günahsızlığını təsdiq etməsi üçün alətlərə sahib olması çox önəmlidir. Müasir dövrdə bunun üçün əsas vasitə videoqeydiyyatdır. Keyfiyyətli 360°-lik görüntü qeydə almaq imkanına malik cihaz artıq dəbdəbə yox, günahın piyadada olduğunu sübut etməyin yeganə yoludur.
Amma istənilən halda, təhlükəsiz sürücülük preventiv düşüncə tələb edir. Təcrübəli sürücü anlayır ki, keçidə yaxınlaşarkən sadəcə sürəti azaltmaq kifayət deyil. O anda həm də fövqəladə vəziyyətə hazır olmaq lazımdır. Maksimal təhlükəsizlik həm də vizual təmasla təmin olunur: sürücü piyadanın gözlərinə baxmaqla onun maşınının gəldiyini gördüyünə əmin olursa, qəza riski qat-qat azalır. Unutmaq olmaz ki, məhkəmə işlərində çox vaxt «qəzadan qaçmaq üçün texniki imkan» anlayışı əsas götürülür. Belə imkanın olmadığını sübut etmək sürücünün özünü müdafiə edə bilməsinin yeganə yoludur.
Şüurlu piyada kodeksi
Piyada üçün təhlükəsizlik hüquqi cəhətdən haqlı çıxmaqdan daha üstün olmalıdır. Nəzəriyyədə haqlı, təcrübədə isə zərərçəkən olmaq müvəffəqiyyət sayıla bilməz. Yol hərəkətində insanın maksimum təhlükəsiz davranışı sadə bir həqiqəti anlamaqdan başlayır: avtomobil bir anda dayana bilməz!
Şüurlu piyada keçidə çıxmazdan əvvəl bir anlıq dayanmalı, yolu keçmək niyyətini göstərməli, bütün nəqliyyat vasitələrinin sürəti azaltdığına əmin olmalıdır.
Tərəflərdən birinin hər zaman günahkar sayıldığı vəziyyətdən çıxış yolu qarşılıqlı hörmət və ümumi məsuliyyətin qəbul edilməsindən keçir. Təhlükəsizlik yalnız əyləc sisteminin işi və məsafə saxlanılması deyil, həm də proqnozlaşdırıla bilən davranış mədəniyyətidir. Nə qədər ki sürücü ilə piyada bir-birlərinə tərəfdaş yox, opponent kimi baxacaq, statistika kədərli olacaq. Həqiqi təhlükəsizlik qanuni kor-koranə əzbərləməyin insanın həyatına diqqətlə yanaşmasına keçid anında başlayır.
Məsuliyyətin güzgüsü
Statistika yol təhlükəsizliyi məsələsində ən ədalətli hakimdir. Azərbaycanda 2025-ci ilin nəticələri həm ehtiyatlı nikbinlik yaradır, həm də dərin sistemi problemlərini ortaya qoyur. Dövlət Yol Polisinin rəsmi məlumatına görə, ötən il ölkədə 1252 yol-nəqliyyat hadisəsi nəticəsində 689 nəfər həlak olub. Ümumilikdə qəzaların sayı əvvəlki illərlə müqayisədə azalsa da, piyadalarla bağlı hadisələrin sayı kritik həddədir – ümumi qəzaların təxminən 40%-i! Bu qəzaların başlıca səbəbi isə piyadaların yolu müəyyən olunmamış yerdən keçməsi və təhlükəsizlik qaydalarına laqeyd münasibətidir.
Piyadaların qayda pozmasının qarşısının alınmasında hüquq-mühafizə orqanlarının işi xüsusi diqqətəlayiqdir. İctimai şüurda çox vaxt qayda pozan kimi sürücü düşünülsə də, rəqəmlər bunun əksini göstərir. Yalnız 2025-ci ilin ilk səkkiz ayında yol polisi əməkdaşları 24500-dən çox piyadanı yolu keçid üçün müəyyən olunmamış hissədən keçdiyi və ya işıqforun qadağanedici siqnalına məhəl qoymadığı üçün cərimələyib. İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsinə görə, yolu nəzərdə tutulmamış hissədən keçməyə görə 20 manat məbləğində cərimə nəzərdə tutulur. Bu tədbir, əlbəttə ki, büdcəni doldurmaq məqsədi daşımır. Burada məqsəd bir neçə dəqiqəyə qənaət etmək üçün qaydalara məhəl qoymamağa alışmış insanların həyatını intizam tənbehi ilə qorumaqdır.
Hüquqi balans və səhvin qiyməti
Müasir hüquq tətbiqi təcrübəsində məhkəmə zallarında «piyada həmişə haqlıdır» prinsipi getdikcə daha çox tənqidi şəkildə yenidən qiymətləndirilir. Belə hallarda sürücü üçün haqsız ittihamlardan xilas olmağın yolu obyektiv sübutların toplanmasından keçir. Əyləc məsafəsinin ölçülməsi üzrə ekspertizalar, reaksiya sürətinin təhlili, «Təhlükəsiz şəhər» kameralarının qeydləri getdikcə daha çox onu sübut edir ki, qaydanın piyada tərəfindən pozulması halında (məsələn, görüşü məhdudlaşdıran maneənin arxasından qəflətən yola çıxıbsa) sürücü fiziki olaraq toqquşmanın qarşısını ala bilməz. Belə hallarda inzibati və cinayət məsuliyyəti sürücünün üzərindən götürülür, çünki qanun mümkünsüz olanı tələb edilə bilməz.
2026-cı ildə yol təhlükəsizliyi artıq sadəcə texniki deyil, həm də etik məsələdir. Sürücü üçün təhlükəsizliyin ən yüksək səviyyəsi «üç saniyə qaydası»na əməl etmək, yaşayış zonalarında yol kənarlarına xüsusi diqqət yetirməkdir. Piyada üçün isə bu, yolu keçərkən smartfonlardan «qopmaq», xüsusilə hava qaralan zaman və qaraldıqdan sonra parlaq geyimdən, işıq əks etdirən elementlərdən istifadədir. Bu, piyadanı 10 metr yox, 150 metrdən görünən edəcək. Yolları yüksək risk zonasından həyat üçün təhlükəsiz zonaya yalnız bu rəqəmləri dərk etməklə, hər bir hərəkət iştirakçısının məsuliyyətli olması ilə çevirmək mümkündür.
MƏSLƏHƏT GÖR:

59

