MƏQSƏD - QIZIL MEDAL
Bena Azərbaycan güləşçilərini çoxdan gözlənilən qələbəyə aparmağa hazırdır
Müəllif: Sənan NADİROĞLU
2026-cı ilin ilk günlərdən yunan-Roma güləşi üzrə milli yeni məşqçiyə tapşırılıb. Azərbaycan Güləş Federasiyası Olimpiya Oyunlarında ümumilikdə 4 qızıl medal qazanan Məhəmməd Bəna ilə müqavilə bağlanıb. Milli komandanın böyük məşqçisi vəzifəsinə Nurəddin Rəcəbov təyin edilib. Məşqçilər korpusunda Rövşən Bayramov, Sabah Şəriəti, Bəhruz Həzrətipur və Rəsul Cazini Dorçə də yer alıb.
Yunan-Roma güləşi üzrə Azərbaycan millisi uzun illər yerli idmançılarla uğur qazanıb. Bununla belə millidə əksər hallarda əcnəbi məşqçilər işləyib. Bu dəfə də federasiya əcnəbi mütəxəssisə etibar edib.
Qeyd edək ki, İran yığması London-2012 Olimpiya Oyunlarında Bənanın rəhbərliyi altında 3 qızıl medal qazanaraq İran güləşində yeni rekorda imza atıb. Bu mütəxəssislə qonşu ölkənin komandası Tokio-2020 Olimpiadasında isə 1 qızıl və 1 bürünc medal qazanıb. 2011-ci ildə FILA (indiki UWW-Dünya Güləş Birliyi) tərəfindən dünyanın ən yaxşı məşqçisi seçilən Bəna İranda “Cəsarət” ordeni ilə təltif edilib. O, dünya yunan-Roma güləşi tarixində ən uğurlu və nüfuzlu baş məşqçilərdən biridir. Bənanın məşqçilik yanaşması sistemlilik, intizam, taktiki düşüncə və psixoloji davamlılıq prinsiplərinə əsaslanır.
“Region plus” Azərbaycan yunan-Roma güləşi komandasının məşqlərində iştirak etmiş baş məşqçi Məhəmməd Bəna ilə müsahibəni təqdim edir.
- Təyinatınız bir qədər gözlənilməz olub. Azərbaycan millisində çalışmaqla bağlı təklif sizə nə zaman verilib?
- Ötən ilin sonlarında Azərbaycan yığmasına baş məşqçilik təklifi aldım. Danışıqlarımız bu ilin əvvəlində yekunlaşdı və anlaşma əldə etdik.
- Əvvəlki məşqçi heyətinin işini necə qiymətləndirirsiniz?
- Bu sahədə olduğum gündən bəri məşqçiləri, onların fəaliyyətini həmişə yüksək qiymətləndirmişəm. Onlar mənim həmkarlarımdır. Hamısı komandanın inkişafı üçün çox əziyyət çəkiblər.
- Azərbaycan güləşdə tanınan ölkələrdən biridir. Bu növdə hansı idmançımıza rəqib olmusunuz? Azərbaycan güləşçilərindən xüsusilə kimin adını çəkə bilərsiniz?
- İranda baş məşqçi olanda azərbaycanlı güləşçilərlə dəfələrlə rəqabət aparmışıq. Amma son 20 ildə şahid olduğum ən çətin, rəqabətin güclü olduğu mübarizə Rövşən Bayramov və Həmid Suriyanın görüşü olub.
- Uzun müddət yunan-Roma güləşində qızıl medal həsrəti var. Sizcə, əsas problem nədədir?
- Yığma komandada olimpiya medalına real namizəd olan güləşçilər var. Ancaq qızıla gedən yol bununla bitmir. Doğru sistem və planlaşdırma olmalıdır ki, qızıl medalı qazanmaq mümkün olsun.
- Yəqin Azərbaycan çempionatını izləmisiniz. Ən çox diqqət çəkən məqam nə olub?
- Bəli, böyüklərin Azərbaycan çempionatına baxmışdım. Ümumiyyətlə, Azərbaycan güləşini həmişə yaxından izləmişəm. Sizin güləş texnikanızı bəyənirəm. İndi də güləşçilərə baxanda həmin potensialı görürəm. Daha əvvəl də qeyd etdiyim kimi əsas məqsədim uzun illərdir gözlənilən o qızıl medalı əldə etməkdir. Bununla da, həmin problem aradan qalxmış olacaq.
- Komandada yeni simaların gəlməsini gözləyə bilərikmi?
- Böyüklərdən ibarət heyət gənclər və yeniyetmələr kimi hər il dəyişmir. Məsələn, 55 kq-da 4 qat dünya çempionumuz Eldəniz Əzizli var. Biz istəyirik ki, o, nə vaxta özünü formada hiss etsə, güləşməyə davam etmək istəsə, onu dəyişdirmərik. Əlbəttə, fikrimiz var ki, 2-3 güləşçiyə hazırlıq keçək ki, Eldənizdən sonra başqa biri gəlib güləşsin. Beləliklə, onun gedişi ilə təşvişə düşmərik. Bu, təkcə 55 kq-da yox, digər çəkilər üçün də keçərlidir. Nə qədər rəqabət çox olsa, inkişaf da o qədər sürətli olacaq.
- Müasir güləşdə əsas problemləri nədə görürsünüz?
- Müasir güləş üçün 3 şərt lazımdır: fiziki, psixoloji və texniki-taktiki hazırlıq. Azərbaycanlı güləşçilərə texniki-taktiki hazırlıq yüksək səviyyədədir. Biz indi fiziki və psixoloji hazırlıq üzərində daha çox işləyib balans yaratmalıyıq. Biz onların üstündə işləyirik. Çünki bir güləşçinin çempion olması üçün gərək o, 100 faiz hazır olsun. Məsələn, Rövşən Bayramov Olimpiya Oyunlarında niyə ikinci yerə çıxdı? Ola bilər ki, hazırlığı 100 faizdən bir az aşağıda idi deyə qızıl ala bilmədi. İstər Həsrət Cəfərov olsun, istərsə də digər Olimpiadada iştirak edən idmançılar - hamısında müəyyən qədər səhvlər var idi. Biz çalışırıq ki, idmançılarımızı hərtərəfli hazırlaşdıraq.
- Uzun illər yunan-Roma güləşində məhz azərbaycanlı idmançılar çıxış edib və uğur qazanıb. Sizin dövrünüzdə yerlilərə üstünlük veriləcək, yoxsa müəyyən çəkilərdə milliləşdirilmələr gözlənilir?
- Biz yerli güləşçilərə üstünlük veririk. Amma bir reallıq da var ki, Azərbaycan güləşində ağır çəki dərəcəsində həmişə problemlər, çətinliklər olub. İllərlə Sabah Şəriəti ağır çəkidə güləşib, komandaya medal gətirib. Ondan sonra da Beka Kandelakı və onun kimi digər idmançıları nümunə gətirə bilərik. Ancaq bizim istəyimiz bu ağır çəkidəki çatışmazlığı yerli güləşçi ilə tamamlamaqdır. Eyni problemlə İran yığma komandasındada rastlaşmışdıq. Nəticə etibarilə düzgün proqram və məşq planı sayəsində bunu aradan qaldırdıq. İndi isə İran ağır çəki dərəcəsində ən yüksək nailiyyətləri əldə edən ölkələrdən biri olub. İranda 3 güləşçi var ki, hansı yarışa getsə, çempion olub geri qayıdacaq. Ona görə biz burda nəticəni əldə etmək üçün maksimum dərəcədə çalışırıq.
- Müsahibəyə görə təşəkkür edirik. İşinizdə sizə uğurlar arzulayırıq.
- Mən də təşəkkür edirəm. İdmanın inkişafında mətbuatın rolu danılmazdır.
MƏSLƏHƏT GÖR:


32

