11 Mart 2026

Çərşənbə, 14:19

"ANAM DEDİ: "BACARACAQSAN"

Nigar Mirzəliyeva – Bundesliqada oynayan ilk Azərbaycan qadın futbolçu

Müəllif:

15.02.2026

Bir sıra məyusedici nəticələr yaşayan Azərbaycan kişilərdən ibarət milli futbol komandasından fərqli olaraq, qadınlar komandası daha yaxşı çıxış edir. Qadın futbolçuların xarici klublardan dəvət alma ehtimalının daha yüksək olması təəccüblü deyil. Azərbaycan milli komandasında Türkiyənin "Fənərbaxça" və "Beşiktaş" kimi iddialı Super Liqa komandalarında oynayan idmançılar var.

Bu yaxınlarda daha bir neçə qadın futbolçumuz xarici kluba üz tutub. Alina Nəhmədova "Neftçi"dən Serbiyanın köklü klublarından olan "Partizan"a transfer olunub. "Neftçi"nin digər üzvü Coşqunə Əliyeva isə karyerasını Türkiyədə davam etdirərək "Qaziantep"in formasını geyinməyə qərar verib. Bundan başqa, son ayların ən çox müzakirə olunan xəbəri Nigar Mirzəliyevanın Almaniya Bundesliqasına transferi olub. Daha əvvəl Rusiyanın "Zenit" klubunda uğurla çıxış edən futbolçu bundan sonra "Hamburq"un şərəfini qoruyacaq. N.Mirzəliyeva bundesliqa təmsilçisi ilə 2,5 illik müqavilə imzalayıb.

N.Mirzəliyeva ən çox Rusiyada göstərdiyi oyunla diqqəti cəlb edib. Xanım futbolçumuz "Zenit"lə iki dəfə Rusiya Superkubokunu qazanmaqla yanaşı, 2023 və 2024-cü illər mövsümlərində ölkə çempionu tituluna da sahib çıxıb. U-17 və U-19 milli komandalarımızda çıxış etmiş futbolçu hazırda əsas milli yığmanın da aparıcı üzvlərindən sayılır. Klub karyerasına "Rubin"də başlayan, sonra "Zenit"də davam edən Nigar indi Almaniya Bundesliqasında ən önəmli mərhələyə başlayır.

Uzaq Almaniyada intensiv məşqlərə baxmayaraq, Nigar Mirzəliyeva "Region Plus"a eksklüziv müsahibə vermək üçün vaxt tapıb.

- Almaniya klubuna transfer barədə təklif nə vaxt gəlib? Bununla yanaşı sizə başqa təkliflər var idi?

- Menecerim Almaniya klubundan mənimlə maraqlandığını bildirdi. Rusiyada mövsüm bitəndən sonra bir sıra təkliflər var idi. Almaniyadan başqa İngiltərədən də təklif olduğunu söylədilər. Rusiyaya qayıdaraq “Zenit”də məşqlərimi davam etdirdim. Ailəmlə və məşqçilərimlə məsləhətləşmədən sonra “Hamburq”dan gələn təklifi qəbul etdim. Hamı məhz Almaniyadan gələn dəvəti qəbul etməyimi məsləhət edirdi. Peşman deyiləm. Almaniya Bundesliqasında çıxış edən ilk azərbaycanlı qadın futbolçu olduğuma görə fəxr edirəm.

- Bu transferdən sonra karyeranızda ən önəmli mövsüm başladı. Bu fikirlə razısınızmı?

- “Ən yaxşı mövsüm” fikri ilə tam razı deyiləm. Karyeramda önəmli mövsümlər çox olub. Azərbaycan Milli komandasıyla UEFA Millətlər Liqasında C divizionundan daha yüksək sayılan B-yə vəsiqə qazandıq. Özü də C divizionunda heç bir görüşdə uduzmadıq. B divizionunda pley-offda oynamaq şansı əldə etdik. Həmin mövsüm “Zenit”lə Superkuboku qazandıq. Almaniya Bundesliqasında çıxış edən komandaya keçməyi böyük uğur hesab edirəm. Necə mövsüm olacağını gələcək göstərəcək. Ən yaxşı olması üçün əlimdən gələni edəcəm.

- Azərbaycanlı xanım Almaniya çempionatında. Onu orada hansı çətinliklər və çağırışlar gözləyir?

- Almaniya qadın futbolunda öndə gedən ölkələrdən biridir. Çətin liqaya uyğunlaşmaq üçün bir qədər vaxt lazım olacağını düşünürəm. İlk günlərdə gərgin mübarizə adama çətinlik kimi görünə bilər. Amma istənilən çətinliyə hazır olduğumu fikirləşirəm. Bundesliqa karyeramda böyük rol oynayır. Almaniya çempionatına qitənin müxtəlif ölkələrindən böyük diqqət var. Burada uğurlu çıxış etməklə gələcəkdə daha güclü çempionatla yollanmaq şans əldə etmək mümkündür.

- Siz klubun bazasında, yoxsa evdə qalırsınız? Yemək və ya dil ilə bağlı hər hansı bir problem varmı?

- İlk günlərdə müəyyən çətinliklərin olması normaldır. Zamanla hamısına öyrəşmək mümkündür. Etiraf edim ki, alman dilini bilmirəm və bu müəyyən çətinlik yaradır. Amma ən qısa zamanda alman dilini mənimsəməyə çalışacam. Qızlarla daha çox ingilis dilində ünsiyyət qururam. Komandada türk məşqçi və bir türk futbolçu var. Onlar da mənə kömək edirlər. Yeməklə bağlı problem yoxdur. Milli komandada müxtəlif ölkələrdə səfərdə olmuşam. Alman mətbəxini çox bəyənirəm. Bizim yeməklər kimi çox dadlıdır. Hazırda hoteldə məskunlaşmışam. Lakin ev tapmışam və martdan etibarən orada yaşayacağam.

- Almaniyada qadın futbolu çox inkişaf edib. Orada qadın futbolunun vəziyyətini necə xarakterizə edərdiniz?

- Almaniya Bundesliqası dedikdə artıq hər şey aydınlaşır. Burada hər bir xırdalıq düşünülür. Səfərdən öncə bundesliqa barədə çox məlumat topladım. Araşdırmalar özünü doğrultdu. Çox güclü çempionatları var. Almaniyada qadın futboluna böyük dəstək var. Hər matçda stadionda minlərlə azarkeş komandaları qələbəyə həvəsləndirir. Azarkeşlərin oyuna gəlməsi gözəl hissdir. Hiss olunur ki, burada qadın futbolu çox sevilir. Çox xoşbəxtəm ki, belə ölkədə legioner həyatı yaşamaq qismət olub.

- Ailə üzvlərinizin Almaniyaya getmək qərarınıza necə reaksiya verdi?

- Düzü, ailəm mənə görə bir qədər narahat idi. Düşünürdülər ki, fərqli dil, fərqli mədəniyyətdə çıxış etmək müəyyən çətinlik yarada bilər. Lakin mənə inanırdılar. Gənc yaşımdan Rusiyada legioner həyatı yaşamışam. Həmin illərdə bir çox çətinliklərə qalib gəlmişəm. Bu işdə ailəmin dəstəyi mənə əlavə kömək oldu. Ən çox anamın “sən bacaracaqsan” deməsi əlavə güc yaratdı. Anama “çox sağ ol” demək istəyirəm. İstənilən qərarımda yanımda olduğuna görə təşəkkür edirəm. Bütün gücümlə ümidləri doğrultmağa çalışacağam.

- Komandada qısa müddətdə münasibət qurduğunuz ən yaxın olan futbolçular var?

- Komandada çox yaxşı qarşılandığımı qeyd etmək istərdim. Qızlar çox mehribandır. Səmimi münasibətimiz yaranıb. Darıxmağa qoymurlar. Mənimlə eyni vaxtda 3 qız “Hamburq”a transfer olundu. Ən çox onlarla yaxın münasibətim yaranıb.

- Azərbaycanlı futbolçular xaricdə oynamağa çox da həvəs göstərmirlər. Sizin bundesliqaya keçidiniz kişi futbolçularımıza bir mesaj sayıla bilərmi?

- Elə demək istəməzdim. Biz hər zaman kişi futbolçulardan ibarət milli komandamıza dəstək olmuşuq. Hər zaman uğurlarına sevinmişik. Bizim uğurumuz həm də onların uğuru sayılır. Nə qədər çox xarici ölkədə futbolçularımız çıxış edərsə, Azərbaycan futbolu üçün uğur olar.

-  Yaxın illər üçün əsas hədəf və ya məqsədiniz nədir?

- Hazırda əsas hədəfim “Hamburq”da əsas heyətin üzvünə çevrilməkdir. Düşünürəm ki, alman klubunda ümidləri doğrultmaq üçün məşqlərdə səylə çalışmalıyam. Bundesliqada özümü göstərməyi bacaracağım halda İspaniya, Fransa, İngiltərə kimi ölkələrin komandalarına transfer olunmaq şansımın yarancağını düşünürəm. Eyni zamanda, milli komandanın heyətində də yaxşı oyun sərgiləməyi arzulayıram.

- Müsahibəyə görə təşəkkür edirəm. “Region Plus” jurnalı vasitəsi ilə azarkeşlərə nə demək istərdiniz?

- Azərkeşlərə salamlarımı çatdırın. “Hamburq”a transferim açıqlananda çoxlu dəstək mesajları aldım. Azarkeşlərin dəstəyi məni qürurlandırdı. Sadəcə onlara demək istərdim ki, imkan daxilində millimizin oyunlarına gəlsinlər. Azarkeşlər stadionda olanda biz daha böyük nəticələr qazana bilərik.



MƏSLƏHƏT GÖR:

27