UĞURSUZ ÇIXIŞ
2026 Olimpiadası: Azərbaycan idmançılarının çıxışından sonra nəticələr
Müəllif: Nadir SƏNANOĞLU
İtaliyada keçirilən 2026-cı il Milan-Kortina Qış Olimpiya Oyunları artıq geridə qalıb. Tez-tez “Ağ Olimpiada” adlandırılan nüfuzlu yarış yeni rekordlar, sensasiyalar və qalmaqallarla yadda qalacaq.
Medal ambisiyaları olmadan
Qış Olimpiya Oyunlarında Azərbaycan yığmasının heyətində iki idmançı iştirak edib: fiqurlu konkisürən Vladimir Litvintsev və dağ xizəkçisi Anastasiya Papatoma. Fiqurlu konkisürən Vladimir Litvintsev 2026-cı il İtaliyada keçirilən Qış Olimpiya Oyunlarında qısa proqram mərhələsində uğurlu olmayıb. İdmançı 63,63 bal toplayaraq 29 iştirakçı arasında sonuncu yeri tutaraq sərbəst proqram mərhələsinə vəsiqə qazana bilməyib. Qeyd edək ki, bu göstərici Litvintsevin mövsümün qısa proqramındakı ən zəif və karyerasında ən pis nəticələrdən biri olub. Eyni zamanda bu, Azərbaycan üçün Olimpiya oyunlarında fiqurlu konkisürmə üzrə bütün tarix boyu ən zəif çıxış kimi diqqəti cəlb edib.
Azərbaycanı İtaliyada dağ xizəyinin slalom növündə təmsil edən Anastasiya Papatoma yarışlarda daha yaxşı nəticə əldə edib. 18 yaşlı idmançı 64 iştirakçı arasında 1:07:34 saniyə göstərici ilə finiş xəttinə çatıb. Bununla da, Anastasiya Papatoma hər iki cəhdin yekunlarına əsasən 2:09:15 saniyə nəticə ilə XXV Qış Olimpiya Oyunlarındakı çıxışını 51-ci yerdə başa vurub. Və bu nəticə onun karyerasında ən yaxşı hesab olunur.
Etiraf etmək lazımdır ki, Qış Olimpiya Oyunlarında Azərbaycan idmançıları mükafatçılar sırasına düşməyə namizəd sayılmır. Komanda mötəbər yarışa yalnız iştirak xatirinə qatılır.
Azərbaycan 1998-ci ildən etibarən bütün Qış Olimpiadalarında fasiləsiz təmsil olunub. Hələlik Azərbaycanın aktivində qış Olimpiya medalı yoxdur. Ən yaxşı nəticə isə 2014-cü ildə keçirilən Olimpiadada buz üzərində rəqslər növündə 12-ci yer olub (Yuliya Zlobina və Aleksey Sitnikov). Azərbaycanın Qış Olimpiadalarında ən çox idmançı ilə təmsil olunduğu göstərici dörd nəfərdir və bu rəqəmə ölkə iki dəfə – 1998 və 2002-ci illərdə nail olub.
Olimpiadadan öncə idmançıların medal şansının olmadığı aydın idi. Vladimir Litvintsev üçün əsas hədəf Pekin–2022 nəticəsini yaxşılaşdırmaq və Olimpiya səviyyəsində sabitliyini təsdiqləmək idi, Anastasiya Papatoma üçün isə əsas məqsəd öz çıxışlarını maksimal keyfiyyətlə yerinə yetirmək və dördilliyin əsas turnirində təcrübə toplamaq olub.
Fasilə və qış idman strategiyası haqqında
Azərbaycanda bütün idman növlərinin inkişafı dövlət səviyyəsində dəstəklənir. Məhz bu səbəbdən olimpiadada iştirak ölkədə qış idman növlərinin təbliği baxımından vacibdir. 2026-cı ildə Şahdağda Avropa çempionatının və Dünya Kuboku mərhələsinin, 2027-ci ildə isə dünya çempionatının keçirilməsi yalnız böyük yarışların təşkili deyil, eyni zamanda, idmançıların hazırlanması üçün tamhüquqlu bazanın formalaşdırılmasına yönəlmiş uzunmüddətli strategiyanın tərkib hissəsidir. Hazırda Azərbaycan Qış Olimpiya Oyunlarında məhdud sayda idmançı ilə təmsil olunsa da, atılan addımlar gələcəkdə idman növlərinin coğrafiyasının, nümayəndə heyətinin sayının və ölkənin qış olimpiadalarındakı rəqabət qabiliyyətinin tədricən artacağına əsas verir.
İstənilən idman növündə inkişaf üçün vacib amillərdən biri nəticədir. Federasiya xaricdən idmançı dəvət edərək bu növün populyarlaşmasına çalışır. O zaman indiyə qədər “Ağ Olimpiada”da medal qazanmamağımız bir sıra suallar yaradır. Məsələn, Vladimir Litvintsev 2018-ci ildən Azərbaycanı təmsil edir, bu müddət ərzində beynəlxalq arenada əhəmiyyətli nəticə qazana bilməyib. Digər legionerlər – Samanta Ritter və Daniyel Brikalov cütlüyü – bu mövsüm, ümumiyyətlə, Olimpiya mərhələsinə vəsiqə qazana bilməyiblər.
İdmançılar ölkənin hesabına xaricdə məşq etmək və çıxış etmək imkanı əldə edirlər, lakin Azərbaycan fiqurlu konkisürməsinin inkişafında iştirak etmirlər. Bu illər ərzində Bakıda gənc idmançılarla görüşməyiblər, heç bir halda mətbuat qarşısına çıxmayıblar.
Əvvəllər Azərbaycanda lazımi infrastrukturun olmadığı bildirilirdi. 2023-cü ildə Heydər Əliyev adına İdman-Konsert Kompleksində buz arenası açılıb. Eyni zamanda Şahdağda dünya standartlarına cavab verən kompleks fəaliyyət göstərir. Uşaq və yeniyetmələrlə görüşmək onlarda böyük həvəs yarada bilər. İndiki halda milliləşdirilmiş idmançılar böyük turnirlərə iştirak xatirinə yollanır.
Azərbaycan Qış İdman Növləri Federasiyasının legioner idmançı seçiminə daha diqqətli yanaşması məqsədəuyğun olardı. Eyni zamanda, nəhayət yerli idmançıların hazırlanması əsas məqsəd hesab olunmalıdır.
MOK: Təcrübə medallardan daha vacibdir
Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə İtaliyada keçirilən Olimpiadadakı idmançıların çıxışı ilə bağlı fikirlərini bildirib: “Vladimir Litvintsev yarış öncəsi məşqlərdə özünü kifayət qədər yaxşı tərəfdən göstərmişdi və bu onun Olimpiya Oyunlarında ikinci iştirakı idi. O, daha əvvəl Pekin 2022 Qış Olimpiya Oyunlarında 18-ci yeri tutmuşdu və bu da ondan daha uğurlu nəticə gözləməyə əsas verirdi. Ola bilər ki, Olimpiya Oyunlarının psixoloji təzyiqi və həyəcanı onun çıxışına mənfi təsir göstərdi.
Digər təmsilçimiz Anastasiya Papatoma böyük idmanda ilk addımlarını atır və bu olimpiada onun üçün ilk ciddi sınaq idi. Sevindirici haldır ki, Anastasiya ilk cəhdini 96 idmançı arasında 59-cu yerdə tamamladı. Bu nəticə ilə Azərbaycan təmsilçisi ikinci mərhələdə də iştirak etmək imkanı əldə etdi. Təmsilçimiz ikinci cəhdində 64 iştirakçı arasında finiş xəttini keçərək, hər iki cəhdin yekunlarına əsasən XXV Qış Olimpiya Oyunlarının dağ xizəyi yarışlarında çıxışını 51-ci yerdə başa vurdu. Onun göstəricisi Azərbaycan üçün Qış Olimpiya Oyunlarının slalom yarışlarında tarixi nəticə hesab olunur. Buna qədər bu idman növündə belə çıxış edən idmançımız olmayıb. Milan-Kortina-2026 Qış Olimpiya Oyunları gənc idmançımız üçün böyük təcrübə oldu və gələcək karyerası baxımından mühüm əhəmiyyət daşıyır”.
Ç.Hüseynzadə əlavə edib ki, Azərbaycan idmançıları Yay Olimpiya Oyunlarında inamla medal qazanırlar. Onun sözlərinə görə, dövlət himni səslənir və ölkə bayrağı beynəlxalq arenalarda qaldırılır: “Lakin Qış Olimpiya Oyunlarında hələlik bu uğura nail ola bilməmişik. Bunun əsas səbəbi ölkəmizin coğrafi və iqlim xüsusiyyətləri ilə bağlıdır. Azərbaycan Cənubi Qafqaz ölkəsidir və burada qar örtüyü, şaxtalı qış mövsümü uzun sürmür. Bu amil qış idman növlərinin geniş inkişafına müəyyən məhdudiyyətlər yaradır. Buna baxmayaraq, bu sahənin inkişafı istiqamətində ardıcıl addımlar atılır.
Biz Qış Olimpiya Oyunlarının bir hissəsiyik. Bu səbəbdən də Azərbaycanın Qış Olimpiya Oyunlarında təmsil olunması çox vacibdir”.
MƏSLƏHƏT GÖR:




62

