12 Aprel 2026

Bazar, 19:27

SƏNAYE ÇƏRÇİVƏSİ

Sənaye parkları Azərbaycanın qeyri-neft-qaz ixracını gücləndirir

Müəllif:

01.03.2026

Azərbaycanın sənayeləşmə modeli tədricən pərakəndə təşəbbüslərin çərçivəsindən kənara çıxaraq qeyri-neft-qaz artımı üçün sistemlı platformaya çevrilir. Sənaye zonaları, xüsusilə iqtisadiyyatın struktur transformasiyasının alətinə çevrilir.

İqtisadi Zonaların İnkişafı Agentliyinin 2025-ci il üzrə fəaliyyətinə həsr olunmuş mətbuat konfransında səsləndirilən nəticələr təsdiqləyir ki, sənaye parkları və məhəllələri qeyri-neft-qaz artımının, ixracın və regional məşğulluğun əsas hərəkətverici qüvvəsinə çevrilir. İnvestisiya stimulları və infrastruktur dəstəyinə əsaslanan model davamlı dinamika nümayiş etdirir.

 

İnvestisiya bazası

2025-ci ilin yekunlarına görə, sənaye zonalarına faktiki olaraq mənimsənilmiş investisiyaların həcmi ümumi layihə portfeli 8,7 mlrd. manatdan çox olmaqla 7 milyard manata çatıb. Sənaye zonalarına təkcə keçən il 136 milyon manat sərmayə qoyulub.

İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov bildirib ki, xarici investisiyaların həcmi artmaqda davam edir: “Əgər 2016-cı ildə bu rəqəm 10,4 milyon manat idisə, bu göstərici 2025-ci ildə 87,9 milyon manata çatıb”. Onun sözlərinə görə, bu, iqtisadi zonaların beynəlxalq investorlar üçün artan cəlbediciliyindən xəbər verir. Sənaye zonalarına Çin, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Almaniya, Bolqarıstan, Rusiya və Pakistandan olan sahibkarlar investisiya yatırıb.

Hazırda sənaye zonalarında 138 rezident və 13 qeyri-rezident qeydiyyatdan keçib, yalnız 2025-ci ildə 25 rezident və 4 qeyri-rezident əlavə olunub. Bununla yanaşı, bütün dövr ərzində sənaye zonalarında 82 müəssisə fəaliyyətə başlayıb: onlardan 14-ü 2025-ci ildə. 9700-dən çox daimi iş yeri yaradılıb: onlardan 1100-ü isə keçən il.

Bundan əlavə, 2015-ci ildən 2025-ci ilə qədər sənaye zonalarında 19 milyard manatdan çox dəyərdə məhsul istehsal edilib, onlardan 6 milyard manatdan çoxu ixracın payına düşüb. “Yalnız 2025-ci ildə satışların ümumi dəyəri təxminən 4 milyard manat, o cümlədən ixracın ümumi dəyəri 1,2 milyard manat təşkil edib”, - agentliyin rəhbəri qeyd edib.

Rezidentlərin məhsulları dünyanın 70-dən çox ölkəsinə göndərilir ki, bu da xarici satış bazarlarının genişlənməsindən və qlobal əlavə dəyər zəncirlərinə inteqrasiyadan xəbər verir.

Qeyri-neft-qaz sektoruna töhfə xüsusi əhəmiyyət kəsb edir. S.Adıgözəlovun sözlərinə görə, keçən il sənaye zonalarının qeyri-neft-qaz məhsul istehsalındakı payı 19,1%, qeyri-neft-qaz ixracındakı payı isə 33,9% təşkil edib. Belə ki, neft-qaz sənayesindən kənar hər üçüncü ixrac axını məhz sənaye parklarında formalaşır. Ümumi istehsal həcminin 21,1% və ixracın 13,4% artması bu tendesiyanın davamlılığını təsdiqləyir.

Vergi və gömrük güzəştləri əlavə stimul olaraq qalır. Onların tətbiqi nəticəsində rezidentlər 547 milyon manat qənaət edib: onlardan 42 milyon manatı yalnız 2025-ci ilin payına düşür. Bu, sənaye zonalarının investisiya cəlbediciliyini artırır və yeni istehsalların işə salınması xərclərini azaldır.

 

Regional vektor

Cənubi Qafqazın ən böyük sənaye parkı olan Sumqayıt Sənaye Parkı isə sənayeləşmənin flaqmanı olaraq qalır. 2025-ci ildə burada 2,2 milyard manat dəyərində məhsul istehsal edilib. Bunun 1,1 milyard manatı ixracın payına düşüb. Hazırda 40 rezident qeydiyyatdan keçib, park ölkənin qeyri-neft ixracının strukturunda əsas mövqelərini qoruyub saxlayır.

“Bu göstəricilər parkın ümumi sənaye nəticələrində və qeyri-neft ixracında aparıcı rolunu aydın şəkildə nümayiş etdirir”, - S.Adıgözəlov qeyd edib.

Eyni zamanda, yeni artım mərkəzlərinin, xüsusən azad edilmiş ərazilərdəki mərkəzlərin rolu güclənir. Belə ki, Ağdam sənaye parkına artıq 145,8 milyon manat investisiya yatırılıb, 32 rezident və 5 qeyri-rezident qeydiyyatdan keçib, 13 müəssisə fəaliyyət göstərir. Bu park rezidentlərin sayına görə ölkədə ikinci yerdədir. Burada təxminən 1000 daimi iş yeri yaradılıb. İşə qəbul zamanı yerli kadrlara üstünlük verilir”, - agentliyin rəhbəri bildirib. Bununla yanaşı, parkda istehsal olunan məhsullar yalnız daxili bazarda satılmır, artıq ixrac da edilir. İndiyədək məhsul satışının həcmi 1,4 milyard manat təşkil edib. Bunun 62,3 milyon manatı ixraca yönəldilib.

Cəbrayıl rayonundakı “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkına isə 43,8 milyon manatdan çox investisiya qoyulub. Burada 19 rezident və 3 qeyri-rezident qeydiyyatdan keçib.

İnfrastrukturun genişləndirilməsi Mingəçevir, Qaradağ, Pirallahı və Hacıqabul sənaye parklarında, eləcə də Neftçala, Sabirabad və Masallı məhəllələrində davam edir. 2024-cü ilin sonunda yaradılmış Naxçıvan Sənaye Parkında infrastrukturun formalaşdırılması aparılır və bu il ilk rezidentin qeydiyyatı gözlənilir. Qərb Sənaye Parkı da təsis edilib, burada da infrastruktur işlərinə başlanılıb.

2026-cı ildə 16 yeni müəssisənin istifadəyə verilməsi və daha ikisinin təməlinin qoyulması gözlənilir. Yanvar ayında Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıt Sənaye Parkında iki müəssisənin açılış mərasimində iştirak edib və yeni istehsalın təməlini qoyub. Bu da sənaye siyasətinin strateji xarakterini vurğulayır.

Bu siyahıda ümumi sahəsi 2807 hektar olan Yevlax pilot aqroparkı xüsusi yer tutur ki, bu da ölkədə kiçik və orta təsərrüfatların fermerlərin cəlb edilməsi ilə yaradılan ilk aqropark olub.

Hazırda ona investisiyalar 59,4 milyon manata çatıb. Aqropark intensiv meyvə bağlarının salınması, heyvandarlıq və quşçuluq təsərrüfatlarının inkişafı, eləcə də emal müəssisələrinin yaradılması üçün nəzərdə tutulub. “Aqroparkın rezidenti qismində qeydiyyatdan keçmiş 35 sahibkarlıq subyekti 185 daimi və 593 mövsümi iş yeri yaradıb”, - S.Adıgözəlov vurğulayıb.

O xatırladıb ki, bütün bu klasterlərin fəaliyyətinin əsas məqsədi ölkə iqtisadiyyatının uzunmüddətli və davamlı inkişafını təmin edən strateji mərkəzlərə çevrilməkdir. Əgər mövcud dinamika davam edərsə, sənaye zonaları, nəhayət ki, Azərbaycanın qeyri-neft və qaz artım modelinin dəstəkləyici karkası kimi möhkəmlənəcək.


MƏSLƏHƏT GÖR:

68