29 Aprel 2026

Çərşənbə, 23:03

ŞAHDAĞDA QARLI SINAQ

İlk dəfə Qusarda: Kontinental xizək alpinizm turniri

Müəllif:

15.03.2026

Martın 4-8-də Azərbaycan ilk dəfə xizək alpinizmi üzrə Avropa çempionatına ev sahibliyi etdi. Qitə çempionatıyla yanaşı Qusarda eyni günlərdə növbəti Dünya Kuboku da keçirildi. Yarışda bir çox ölkədən komandalar, eləcə də neytral idmançılar iştirak etdilər.

Avropa çempionatı və Dünya Kuboku Beynəlxalq Xizək Alpinizmi Federasiyası, Azərbaycan Qış İdman Növləri Federasiyası və "Şahdağ" Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutdu.

 

Təsəlliverici nəticələr

Mötəbər yarışda ölkəmizi 5 idmançı təmsil etdi: Nəzrin Qəribova, Nəbiyulla Qələbəqiyev, Anid Sultanov, Abel İsmixanov və Nurid Şəkərəliyev. Təəssüf ki, onlar fəxri kürsüyə qalxa bilmədilər.

Böyüklər arasında qadınlar üzrə Sara Dreyer (Avstriya) qızıl, Culia Murada (İtaliya) gümüş, Karaline Ulrix (İsveçrə) bürünc medala layiq görülüblər. Kişilər arasında isə Remi Bonet (İsveçrə) 1-ci, Qey Orelien (İsveçrə) 2-ci, Kristof Hoçenvarter isə (Avstriya) 3-cü yerdə qərarlaşıb.Yarışda milli komandanın üzvü Nurid Şəkərəliyev öz kateqoriyasında 5-ci yerə sahib çıxıb.

Xizək alpinizmi üzrə Azərbaycanın milli komandasının üzvü Nurid Şəkərəliyevin qitə çempionatında 18 yaşlılar arasında həm vertikal, həm də sprint növdə 5-ci yer tutmasını qənaətbəxş hesab etmək olar. İdmançı bildirib ki, o, dağ xizək idmanına yalnız bir ildir ki, həvəs göstərir: “İlk beş ay ərzində mən sadəcə xizəklə düzgün yeriməyi öyrənirdim, yalnız bundan sonra enməyi və qalxmağı məşq etməyə başladım. Ötən ay Türkiyənin Kayseri şəhərində təşkil olunan “Türkiye Open Sprint Cup” yarışında gümüş medal qazanmışam. Bu dəfə isə Şahdağda 5-ci oldum. Məqsəd medalçılar sırasında olmaq idi. Fikrimcə xizək alpinizmi üzrə daha uzun müddət məşq etməliyəm. Milli komandanın üzvü kimi məqsədim dünya və Avropa çempionatlarında yer tutmaqdır.

Bu idman növünə sevgini yığmanın baş məşqçisi Filip Qayet aşılayıb. O, mənə və rayonumuzdan olan digər uşaqlara hər şeyi sıfırdan öyrədib. İlk beş ay sadəcə xizəklə düzgün yeriməyi öyrəndim, yalnız bundan sonra eniş və yoxuşları keçməyi məşq etdik. O, əsl mentor kimidir və bizi hər sahədə dəstəkləyir: həm idmanda, həm də idmandan kənarda. Hətta qidalanma məsələlərində belə. İndi artıq hansı rasionun nəticəyə kömək etdiyini dəqiq bilirik”.

 

Qış idman növlərinin inkişafına xüsusi diqqət

Dünya standartlarına cavab verən “Şahdağ” Turizm Mərkəzində qış idman növləri üzrə yarışların keçirilməsi davam edəcək. Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov jurnalistlərə açıqlamasında Avropa çempionatının yüksək səviyyədə təşkilini xüsusi vurğulayıb: “Prezident İlham Əliyevin tapşırığı ilə qış idman növlərinin inkişafına xüsusi diqqət ayrılır. Ötən il, həmçinin Bakıda, Heydər Əliyev adına İdman-Konsert Kompleksində “Yeniyetmələr arasında fiqurlu konkisürmə” üzrə Qran-Pri yarışları baş tutdu. Ötən il olduğu kimi, bu il də təqvimimiz qış idman növləri üzrə keçirilən yarışlarla zəngindir. Bizim üçün fərəhli hal odur ki, artıq başqa ölkələrdən dəvət edilən yox, yerli idmançılarımız ölkəmizi təmsil edir və nəticələr də kifayət qədər yaxşıdır”.

Xizək alpinizmi üzrə Avropa çempionatının Şahdağda təşkili idmanın bu növünün ölkədə təbliği baxımından çox vacibdir. Eyni zamanda Azərbaycan komandasının bütövlüklə yerli idmançılardan ibarət olması xüsusi qeyd olunmalıdır. Yeniyetmə idmançılar Avropa çempionatında təcrübə toplamaqla gələcəkdə daha böyük uğurlara imza ata bilər.

 

Yarışlar təxirə salınıb

Qusarda təşkil edilməli olan növbəti beynəlxalq yarış baş tutmayacaq.  “Şahdağ” Turizm Mərkəzində keçirilməsi planlaşdırılan dağ xizəyinin moqul növü üzrə Dünya Kuboku ləğv edilib. Hazırlıq prosesi zamanı məlum olub ki, mövcud təbii və qış şəraiti bu səviyyəli tədbir üçün gözlənilən keyfiyyəti və yarış mühitini təmin etmək üçün tam uyğun deyil. Eyni zamanda məhdud səyahət seçimləri və bəzi regional hava limanlarında müvəqqəti məhdudiyyətlər daxil olmaqla müəyyən logistika amilləri idmançılar və qonaqlar üçün səyahətin rahatlığına təsir göstərə bilər. Azərbaycan tədbirə ev sahibliyi etməyə tam hazır olsa da, həm Azərbaycan, həm də FIS üçün prioritet yarışı mümkün olan ən yaxşı şəraitdə təşkil etmək, idmançılar, komandalar, tamaşaçılar üçün ən yüksək səviyyəli təcrübəni təmin etməkdir. Buna görə “Şahdağ” Turizm Mərkəzində keçiriləcək moqul üzrə Dünya Kuboku finallarının təşkilini növbəti qış mövsümünə təxirə salmaq barədə birgə qərar qəbul edilib.



MƏSLƏHƏT GÖR:

56