29 Aprel 2026

Çərşənbə, 22:11

KUBOKUNUN 6 MEDALI

Bakı turniri Azərbaycan gimnastları üçün zəfər olub

Müəllif:

15.03.2026

Milli Gimnastika Arenasında 2026-cı ilin silsilə beynəlxalq yarışlarına start verilib. İlk beynəlxalq turnir batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku olub. İki gün davam edən mötəbər yarışda 6 ölkədən ümumilikdə 66 gimnast iştirak edib.

 

Azərbaycanlı favoritlər

Batut gimnastikası üzrə idmançılar fərdi, sinxron və qarışıq sinxron proqramlarda qüvvələrini sınayıb. Yarışın ilk günündə təsnifat mərhələsi, ikinci günündə isə final çıxışları baş tutub. Final günündə arenada coşqu daha da artıb, xüsusilə Azərbaycan gimnastlarının çıxışları tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Azərbaycanı batut gimnastikası üzrə Maqsud Mahsudov, Hüseyn Abbasov, Fərhad Vəliyev, Nicat Mirzəyev, Selcan Mahsudova, Şəfiqə Hümbətova, İbrahim Mustafazadə və Ayan Şabanova, tamblinq üzrə isə Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Bilal Qurbanov təmsil edib.

Final mərhələsinin nəticələrinə əsasən, ölkəmiz Dünya kubokunu ümumilikdə 6 medalla başa vurub. Batut gimnastikası üzrə fərdi proqramda Selcan Mahsudova gümüş medal qazanıb. Qarışıq sinxron proqramda Maqsud Mahsudov – Selcan Mahsudova cütlüyü qızıl medalın sahibi olub. Qadınların sinxron proqramında Selcan Mahsudova – Şəfiqə Hümbətova cütlüyü bürünc medal əldə edib. Kişilərin sinxron proqramında isə Hüseyn Abbasov – Maqsud Mahsudov cütlüyü bürünc medala layiq görülüb.

Tamblinq yarışlarında kürsünün ilk iki pilləsində Azərbaycan gimnastları yer alıb. Mixail Malkin qızıl, Tofiq Əliyev isə gümüş medal qazanaraq tamaşaçıları sevindiriblər. Həmçinin təsnifat mərhələsində ən yüksək icra xalı toplayan idmançılara AGF Trophy kuboku təqdim edilib. Tamblinq üzrə gimnastımız Mixail Malkin kişilər arasında AGF Trophy kubokunun qalibi olub.

Tamblinq üzrə Dünya Kuboku azərbaycanlı idmançıların möhtəşəm qələbəsi ilə başa çatıb. Fəxri kürsüdə iki azərbaycanlının yer alması tamblinqçilərin favorit olduğunu təsdiqləyir. Dünya və Avropa çempionu Mixail Malkinin qızıl, ikiqat dünya çempionu Tofiq Əliyevin isə gümüş medalı bu növün Azərbaycanda inkişafda olduğunu göstərir.

 

Baş məşqçi razı qalanda

Hər iki titullu idmançı milli komandanın baş məşqçisi Adil Hüseynzadənin yetirməsidir. “Region Plus”a açıqlamasında Adil Hüseynzadə yetirmələrindən razı qaldığını söyləyib: “Bütün yetirmələrim mənə çox əziz və doğmadır. Kimin birinci, kimin ikinci olması mənim üçün fərq etmir. Əsas odur ki, həm qızıl, həm gümüş medalı Azərbaycan idmançıları qazanıblar. Tamblinqdə milli komandanın hər bir üzvü medala iddialı sayılır. Bu dəfə mükafatçılar sırasında yer almasa da Bilal Qurbanov və Adil Hacızadənin adını çəkmək istərdim. Bizim bütün idmançılar kifayət qədər böyük təcrübəyə malikdir”.

Dünya Kubokunda qızıl medal qazanan Azərbaycan gimnastı Mixail Malkin Avropa çempionatında da yaxşı nəticə göstərməyə çalışacaq. Tamblinqçi turnirdə birinci yeri tutması ilə bağlı fikirlərini bölüşüb: “Bu, mənim cari ildəki ilk yarışım idi. Ötən ilə yaxşı başlamamışdım deyə, bu il çox yaxşı hazırlaşmışdım. Bir az mental problemlərim var idi. Hazırda bununla mübarizə aparıram. Özümü toparladım, bu gün yaxşı çıxış etdim və qızıl medal qazandım. Bir aydan sonra Avropa çempionatına qatılacağıq. Həmin yarışda da yaxşı çıxış etməyə çalışacağam”.

Tamblinq üzrə komandalar arasında dünya çempionatının qalibi Tofiq Əliyev medalsız qalmamaq üçün çox risk etməyib. Gümüş mükafat qazanan tamblinqçi son finaladək liderliyini qoruduğunu söyləyib: “Düşünürəm ki, axırıncı cəhdimdə əzələlərim yorğun idi. Bu səbəbdən risk etmədim. Çünki yerli azarkeşlər önündə medalsız qalmaq istəmirdim. Ona görə çıxışımı çətinləşdirmədim. Bacardığımı etdim və gümüş medala sahib çıxdım. Qızıl medal da qazana bilərdim. Sadəcə, hakimlərin yekun qərarına əsasən, keçid elementində ayaqlarımı bükmüşəm. Buna görə 0,6 xal silindi və ikinci yeri tutdum. Komanda yoldaşım Malkinin qızıl medal qazanması məni də sevindirdi. Onun idmanda mənim yaşım qədər təcrübəsi var. İlk dəfə fəxri kürsüdə birlikdə yer aldıq. Bunu çoxdan istəyirdik və bu gün gerçəkləşdi. Bizi qarşıda Avropa çempionatı gözləyir, orada həm komanda hesabında, həm də fərdi olaraq uğurlu çıxış etmək istəyirik”.

Batut gimnastikası üzrə Azərbaycan milli komandasının üzvü, Dünya Kubokunda 3 medal qazanan Selcan Mahsudova yeni qaydaların çıxışına təsirsiz ötüşmədiyini bildirib: “Fərdi təsnifat mərhələsi mənim üçün olduqca çətin keçdi. Düşünürəm ki, bundan da yaxşı çıxış edə bilərdim. Bu baxımdan performansımdan tam razı qalmadım. Amma əsas odur ki, 3 medal qazandım. Batut gimnastikasında müəyyən qaydaların dəyişməsi təsirsiz ötüşmür. Hər Olimpiya Oyunlarından sonra qaydalarda dəyişiklik yaranır. Dünya Gimnastikası hansı qaydaları təklif edirsə, biz də onu tətbiq edirik. Məsələn, əvvəllər əsas və fərdi hərəkətlər var idisə, indi isə hər iki çıxışımız sərbəst hərəkətlər adlanır. İstədiyimiz hərəkəti iki dəfə icra edə bilərik, amma ikisindən ən yaxşı olanı hesaba alınır”.

S.Mahsudova əsas hədəfin 2028-ci ildə keçiriləcək olimpiadada iştirak olduğunu deyib: “2 il əvvəl Parisdə iştirak etdiyim ilk Olimpiadada həyəcanlı idim. Qarşıma məqsəd qoymuşam ki, ilk növbədə, 2028-ci ildə keçiriləcək Olimpiya Oyunlarına lisenziya qazanım. Çünki bu, batut gimnastikamız üçün çox vacibdir. Paris Olimpiadasına da vəsiqə əldə edəndə bu, ölkə idmanı üçün tarixi nəticə oldu. Təbii ki, əsas hədəfim Olimpiya medalına sahib çıxmaqdır”.

Qeyd edək ki, batut gimnastikası və tamblinq üzrə milli komanda növbəti aylarda Avropa çempionatında mübarizə aparacaq.



MƏSLƏHƏT GÖR:

49