29 Aprel 2026

Çərşənbə, 22:09

SERİALDAKI KİMİ

Bu gün ekranlarımız nə yayımlayır və bu, niyə narahatlıq yaradır?

Müəllif:

15.03.2026

Son illərdə seriallar nadir televiziya əyləncəsindən dövrün əsas mədəni məhsullarından birinə çevrilib. Milyonlarla insan hər gün saatlarla kran qarşısında əyləşərək uydurma qəhrəmanların taleyini izləyir, oradakı süjetlər sosial şəbəkələrdə müzakirə olunur, sitatlar internetdə sürətlə yayılır, serial personajları isə təqlid nümunəsinə çevrilirlər. Lakin serialların populyarlığının artması ilə yanaşı, ortaya sual da çıxır: onlar hansı dəyərləri ötürür? Yetkin yaşa çatmış insanlar üçün serial sadəcə, əyləncə olaraq qala bilər. Bəs yeniyetmələr və gənclər? İnsanda sevgi, ləyaqət, güc və uğur haqda təsəvvürlər məhz bu dövrlərdə formalaşır. Gənc insan davamlı olaraq davranış modelləri axtarır və çox vaxt onu… ekranda tapır. Ekran qəhrəmanlarının hərəkətləri isə təhlükəli siqnala çevrilir: demək, belə yaşamaq olar.

 

Pis pislikdən çıxdıqda

Bir zamanlar bədii əsərlər – kitablar, filmlər, teatr tamaşaları – faciəni, cinayəti və ya insanın zəifliyini göstərə bilir, lakin sonda mənəvi perspektivi qoruyub saxlayırdı. Bu zaman tamaşaçı yaxşı ilə pis arasında sərhədin haradan keçdiyini anlayırdı. Bu gün isə bu sərhəd getidikcə daha çox qarışır.

Keçmişə nəzər salsaq kütləvi ekran sənətinin xarakterinin nə qədər dəyişdiyini aydın görərik. Onillik əvvəl Leonid Qayday və Eldar Ryazanov kimi rejissorların məzəli, səviyyəli komediyalarını böyük zövqlə izləyirdilər. Onların filmləri, həqiqətən, gülməli idi, lakin yumorun arxasında hər zaman insan təbiətinə dair müşahidə, zəifliklərə incə istehza və ölçü hissi gizlənirdi. Ekranlarda Fransa, İtaliya komediyaları nümayiş olunurdu – yüngül, zərif, xarakter və situasiyaların oyununa əsaslanan əsərlər. Onda gülüş kobudluqdan, qalmaqaldan deyil, zəkadan, insan münasibətlərinin dəqiq anlaşılmasından doğurdu. Nəticədə, süjetin kulminasiyası mərhəmət və nəcibliyə aparıb çıxarırdı.

Bu, çoxdan idi. Amma televiziya ciddi əsərlər də təqdim edirdi. Məsələn, «Şerlok Holms və doktor Vatsonun macəraları» serialı qəhrəmanları ilə birlikdə insanları düşünməyə, məntiqi əlaqələr axtarmağa, detalların müşahidəsini aparmağa vadar edirdi. Çoxseriyalı «Baharın on yeddi adı» isə ümumiyyətlə, intellektual televiziya dramı nümunəsinə çevrilmişdi. O, heç də qalmaqal və ya sensasiyalar üzərində qurulmamışdı. Filmdə gərginlik düşüncə, psixologiya və personajların daxili mübarizəsi ilə yaradılırdı. Tamaşaçıya yalnız hiss etmək deyil, həm də düşünmək təklif edilirdi.

Bu gün isə ekranlarda vəziyyət çox cəhətdən dəyişib. İndi kütləvi serialların böyük hissəsi tam fərqli prinsip üzərində qurulur: minimum zaman ərzində maksimum sayda münaqişə, qalmaqal, xəyanət, dramatik dönüşlər. Əvvəllər tamaşaçının diqqətini zəka, xarakterlər və dialoqlar çəkirdisə, indi buna şok, sensasiya və emosional gərginliklə nail olmağa çalışırlar.

Bu, əlbəttə ki, müasir sənayenin istedad və dərinliyi tamamilə itirdiyi anlamına gəlmir. Yaxşı filmlər, seriallar indi də çəkilir. Lakin ümumilikdə mədəni fon nəzərəçarpacaq dərəcədə dəyişib: intellektual oyun getdikcə yerini emosional təxribata verir. Müasir seriallarda qəhrəman qohumunu döyə, evi yandıra, başqasının həyatını məhv edə bilər. Amma buna baxmayaraq o, tamaşaçıda rəğbət yaratmalı olan əsas personaj kimi qalır. Üstəlik, ətrafdakı qəhrəmanlar onu sevməyə, bağışlamağa davam edir. İnsan ağır səhvlər etsə də, ailə üçün yenə «sevimli kürəkən», yaxud «əziz gəlin»dir. Beləliklə, tamaşaçıya onun özü də hiss etmədən bir fikir təqlin olunur ki, ciddi səhvlərin mütləq şəkildə ciddi cəzası olmaya da bilər.

Daha bir nəzərəçarpan tendensiya isə cinayət aləminin estetləşdirilməsidir. Cinayətkar lider, mafia başçısı və ya nüfuzlu cinayətkar obrazı getdikcə daha xarizmatik, daha cəlbedici şəkildə təqdim olunur. O, qəddar ola bilər, lakin həm də nəcibdir; təhlükəli qatil ola bilər, amma romantikdir; sərt xarakterli olsa da, xeyriyyəçiliklə məşğuldur, dərindən sevə bilir və s. Belə personaj rəğbət, bəzən isə hətta heyranlıq doğuran qəhrəmana çevrilir. Nəticədə, güc və hakimiyyət istənilən davranışa haqq qazandıran əsas kimi qəbul olunmağa başlayır.

 

Sərhədsiz sevgi

Müasir serial hekayələri getdikcə daha çox dağıdıcı münasibətləri hisslərin təbii təzahürü kimi təqdim edir. Başqasının xanımını və ya ərini əlindən almaq adi hal kimi göstərilir. Çünki «ürəyə əmr etmək olmazmış». Şəxsi qürur, digər insanlara qarşı məsuliyyət hissi, başqasının ailəsinə hörmət kimi dəyərlər tədricən dramaturgiyadan yox olur, ön plana yalnız emosiyalar çıxır. Sevgi istənilən hərəkət üçün bəraətə çevrilir. Bütün bunlar isə yeni bir tendensiya ilə izah olunur – uşaqlıq travması. Bu, insanın istənilən dağıdıcı davranışını izah edən ayrıca mədəni trendlərdən birinə çevrilib.

Qəhrəman qəddardır? Demək ki, onun çətin uşaqlığı olub. Qəhrəman başqasının ailəsini dağıdır? Vaxtilə kifayət qədər sevgi görməyib. Aqressivdir? Nə vaxtsa onu incidiblər.

Psixoloji travmalar, şübhəsiz ki, insanın həyatına təsir göstərir. Lakin müasir dramaturgiyada bu izah getdikcə daha çox bəraətə çevrilir. Məsuliyyətdən danışmaqdansa, tamaşaçıya sadəcə qəhrəmana acımaq təklif edilir, faciə isə bir növ günahdan qurtulmaq vasitəsinə çevrilir.

 

Diqqət iqtisadiyyatı

Bu tendensiyanın səbəblərini anlamaq üçün əyləncə sənayesinin necə dəyişdiyinə diqqət yetirmək lazımdır. Biz fasiləsiz konsertlər dövründə yaşayırıq. Televiziya kanalları və rəqəmsal platformalar tamaşaçının diqqətini mümkün qədər uzun müddət özündə saxlamaq üçün irihəcmli seriallar istehsal edir. Bu sistemdə ən vacibi müəllifin mövqeyi yox, hekayənin tamaşaçının növbəti seriyanı izləməyə məcbur edilməsidir. Diqqəti isə, əlbəttə ki, daha çox kəskin emosiyalar saxlayır: qalmaqal, xəyanət, aqressiya, kriminal, qadağan olunmuş sevgi. Dramaturgiya məhz buna görə getdikcə daha sərt və təxribatçı xarakter alır.

Bununla yanaşı, daha bir mühüm amil televiziya iqtisadiyyatıdır. Müasir seriallar reklam bazarı ilə sıx bağlıdır. Seriyanın reytinqi nə qədər yüksəkdirsə, onun ətrafına yerləşdirilən reklam vaxtı da bir qədər bahalı olur. Başqa sözlə, televiziya kanalları üçün uğurlu serial əsl gəlir mənbəyinə çevrilir. Hər seriya yeni reklam blokları, brendlərlə yeni müqavilələr, yeni milyonlar deməkdir. Odur ki, layihələr çox vaxt süjet tükəndikdən sonra belə, çəkilməyə davam edir. Hekayə onlarla, hətta yüzlərlə seriyaya qədər uzadılır, çünki hər seriya reklam gəliri gətirir – məzmun köhnəlibsə, çəkiləcək ciddi material qalmayıbsa belə.

Bununla yanaşı, reklam getdikcə birbaşa süjetin içərisinə daxil edilir. Qəhrəmanlar konkret brendlərdən istifadə edir, müəyyən məhsullarla qidaların, konkret markalı avtomobillər sürür. Beləliklə, serial yalnız hekayə yox, həm də malların, həyat tərzinin təşviqi üçün platformaya çevrilir. Beləliklə, bədii əsər tədricən böyük reklam maşınının bir hissəsi olur.

 

Alternativ nədir?

Tamaşaçıların televiziyada seriallardan başqa, demək olar ki, heç nə izləmədikləri (çünki digər informasiya mənbələrini yerini smartfonlar tutub) hazırkı dövrdə seriallar cəmiyyətin əsas «tərbiyəçilər»indən birinə çevrilib. Elə vəziyyət yaranıb ki, oxu mədəniyyətinin zəiflədiyi bir vaxtda bu gün sevgi və xəyanət, güc və zəiflik, nəyin mümkün, nəyin yolverilməz olduğu haqda təsəvvürü məhz serial fenomeni formalaşdırır. Tamaşaçı unutmamalıdır ki, müasir serial getdikcə daha çox mənəvi istiqamətverici kimi yox, diqqət sənayesinin məhsulu kimi yaradılır. Burada əsas məqsəd həqiqəti çatdırmaq və ya tərbiyələndirmək deyil. Hədəf tamaşaçını reklam blokları arasında saxlaya bilməkdir.

Məhz buna görə də bu gün tamaşaçıya müqayisə aparmaq vərdişini qaytarmaq son dərəcə vacibdir. Unutmaq olmaz ki, ekran yalnız əyləndirmək yox, həm də inkişaf etdirmək – düşündürmək, şübhə yaratmaq, məna axtarmağa sövq etmək gücünə malikdir. Mədəniyyət sadəcə emosiya yaratdığı an yox, insanı düşünməyə vadar etdiyi zaman dərin olur.

Serialları qadağan etmək mümkün deyil. Yəqin ki, heç buna ehtiyac da yoxdur. Lakin cəmiyyətə dərrakəli izləmə mədəniyyəti geri qaytarılmalıdır. Valideynlər övladları ilə birlikdə ciddi, intellektual filmlər də izləməlidirlər. Ekranda gördüklərini yeniyetmələrlə müzakirə etmək, personajların motivlərinin izahını vermək, hərəkətlərin nəticələri haqda danışmaq çox önəmlidir. Mədəni mühitə kitabları, klassik kinonu, mədəni konfliktin parlaq görüntü arxasında itmədiyi əsərləri qaytarmaq vacibdir. Ən əsası isə tamaşaçıya düşünmək vərdişi qaytarılmalıdır.

Artıq başa düşmək lazımdır ki, güclü mədəniyyət qadağalardan başlamır. O, insanın daxili «süzgəc»indən başlayır – dramı manipulyasiyadan, dərinliyi ucuz şokdan, bədii həqiqəti kommersiya konstruksiyasından ayıra bilən baxışdan.

Dövrümüzün əsas çağırışı bəlkə də elə budur: öz mənəvi baxışını itirmədən yenidən baxmağı öyrənmək. Sanki ekranda yaxşı ilə pis arasındakı sərhədi müəyyən etməyi bacarmayan cəmiyyət gec ya tez real həyatda da bu sərhədi itirmək təhlükəsi ilə üz-üzə qalacaq.


MƏSLƏHƏT GÖR:

68