29 Aprel 2026

Çərşənbə, 22:09

KONSTİTUSİON DÜZƏLİŞ

NMR Konstitusiyasına dəyişikliklər nəyi ifadə edir və Bakı ilə region arasında səlahiyyətlər balansını necə dəyişir?

Müəllif:

15.03.2026

Azərbaycan Prezidenti İlham Əliyev «Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında» Qanunun tətbiqinə dair sərəncam imzalayıb. Oraya xüsusilə Naxçıvan Ali Məclisinin və Nazirlər Kabinetinin səlahiyyətlərinə dair maddələr əlavə edilib.

 

Konstitusion düzəliş: status niyə dəyişir və bu, nə deməkdir?

Azərbaycan Prezidenti tərəfindən imzalanmış bu sərəncam ölkənin dövlət-hüquq sisteminin inkişafında mühüm mərhələdir. Söhbət radikal islahatdan və ya muxtariyyətin ləğvindən getmir. Edilən dəyişikliklər siyasi-hüquqi və rəmzi məna daşıyır. Onlar uzunmüddətli keçid dövrünün tədricən başa çatmasını, Naxçıvanın konstitusion statusunun Azərbaycanın unitar dövlət mahiyyətinə daha da uyğunlaşdırılması istəyini əks etdirir.

Praktik baxımdan qəbul edilən dəyişikliklər mərkəz üçün aşağıdakıları ifadə edir: 1) Dövlətin konstitusion birliyinin gücləndirilməsi; 2) Muxtar institutların ümumdövlət hakimiyyət sisteminə aydın şəkildə tabe edilməsi; 3) Suverenlik narrativini potensial olaraq zəiflədə biləcək tarixi-hüquqi konstruksiyaların aradan qaldırılması; 4) Muxtariyyətin formal olaraq saxlanılması ilə Naxçıvanın idarəetmə modelinin unitar dövlət məntiqinə yaxınlaşdırılması.

Muxtariyyətə gəlincə, dəyişikliklərin onun üçün öz anlamı var: 1) İnzibati funksiyaların qorunması ilə rəmzi siyasi muxtariyyətin azaldılması; 2) Mərkəzi hakimiyyət orqanları ilə koordinasiyanın gücləndirilməsi; 3) Sovet tipli «kvazi-muxtariyyət» modelindən müasir regional idarəetmə formatına keçid; 4) Azərbaycanın tərkibində muxtariyyətin hüquqi statusunun daha aydın müəyyənləşdirilməsi.

Beləliklə, muxtariyyət getdikcə xüsusi siyasi subyektdən vahid dövlət daxilində spesifik regiona çevrilir.

 

Muxtariyyətin tarixi konteksti

Mövcud NMR Konstitusiyası Naxçıvan Ali Məclisi tərəfindən 1998-ci il aprelin 28-də qəbul olunub. O, Azərbaycan parlamenti tərəfindən ratifikasiya edilərək rəsmi dərc olunduqdan sonra 8 yanvar 1999-cu ildə qüvvəyə minib. Bu, regionun tarixində dördüncü konstitusiyadır. İlk konstitusiya 1926-cı, ikincisi 1937-ci, üçüncüsü isə 1978-ci ildə qəbul edilib.

Beləliklə, muxtariyyətin mövcud konstitusion modeli əsasən Sovet İttifaqı dövründə formalaşmış hüquqi konstruksiyaların mirası idi. Zaman keçdikcə oradakı institusional və hüquqi elementlər müasir Azərbaycan dövlətçiliyinin prinsipləri ilə müəyyən ziddiyyətlər yaratmağa başlamışdı.

 

Muxtariyyət tarixi istisna kimi

Azərbaycan Konstitusiyasına əsasən, respublika unitar dövlət quruluşuna malikdir. Bu model suverenliyin, hüquq sisteminin və dövlət hakimiyyəti vertikalının vahidliyini nəzərdə tutur. Bu məntiqə görə, unitar dövlət daxilində muxtar qurumun mövcudluğu normadan çox istisna hal sayılır və xüsusi tarixi-siyasi izah tələb edir. Naxçıvan muxtariyyəti məhz belə hallara aiddir. Onun yaranması Azərbaycan dövlətçiliyinin təbii təkamülünün nəticəsi deyil. Əksinə, regionun muxtar statusu Sovet milli-ərazi siyasəti çərçivəsində formalaşıb. Həmin siyasətdə inzibati sərhədlər çox vaxt regionların tarixi inkişafı məntiqinə deyil, ittifaq mərkəzinin geosiyasi və ideoloji yanaşmasına əsaslanıb. SSRİ-nin federativ quruluşunda Naxçıvan MSSR milli əlamətə görə yaradılmayan yeganə muxtariyyət idi: Naxçıvanda dövlət qurucusu olan Azərbaycan xalqı yaşayırdı. Onun yaranmasında əsas amillərdən biri də XX əsrin əvvəllərində regionun ərazi konfiqurasiyasının dəyişməsi olub. Bu, tarixi Azərbaycan torpağı olan Zərgəzur bölgəsinnin Bakının iradəsinin əksinə olaraq, Ermənistana verilməsilə baş tutub. Nəticədə, Naxçıvan coğrafi baxımdan Azərbaycanın əsas ərazisindən ayrı düşüb. Bu şəraitdə muxtariyyətin yaradılması bir növ ərazi təcridinin kompensasiya edilməsinə yönəlmiş siyasi-inzibati mexanizmə çevrilirmişdi. Bu addımın məqsədi Azərbaycanın tarixi torpaqlarının ondan qoparılması ilə yanaşı, həm də türk dünyasını coğrafi baxımdan parçalamaq olub. Burada «kəsici xətt» rolunu isə Sovet hakimiyyəti tərəfindən Ermənistana verilən Qərbi Zəngəzur oynayıb.

 

Sovet mirası və postsovet reallığı

SSRİ-nin dağılmasından sonra Azərbaycan öz dövlət quruluşu modelini formalaşdırmağa başlayıb. Lakin bu proses obyektiv olaraq, Ermənistanın davam edən təcavüzü və Azərbaycan ərazilərinin işğalı ilə çətinləşib. Belə şəraitdə Naxçıvanın muxtar statusunun qorunması, ilk növbədə, sabitləşdirici funksiya daşıyırdı. Bu, regiona coğrafi təcrid və mürəkkəb xarici-siyasi şəraitdə zəruri olan müəyyən inzibati çeviklik imkanı da verirdi.

Lakin zamanla Sovet dövründən miras qalmış bəzi hüquqi müddəalar müasir dövlət idarəetmə sisteminin prinsipləri ilə ziddiyyət təşkil etməyə başlayıb, bu da bir sıra konstitusion normaların dəqiqləşdirilməsi, korrektə edilməsi zərurətini ortaya çıxarıb.

 

1921-ci il razılaşmaları və şərh problemi

Son dəyişikliklərdə ən rəmzi əhəmiyyətə malik qərarlardan biri NMR Konstitusiyasının preambulasından 1921-ci il Moskva və Qars müqavilələrinə istinadın çıxarılmasıdır. Tarixi baxımdan bu sənədlər yalnız Naxçıvanın Azərbaycanın tərkibində muxtar statusunu təsbit edirdi bu, XX əsrin əvvəllərində imperiya təzyiqi və geosiyasi kompromislər şəraitində baş vermişdi. Lakin konstitusiya mətnində onlara istinadın qalması tez-tez işğalçı tərəfin şərhlərinə yol açırdı. Xüsusilə beynəlxalq müzakirələrdə bu sazişlərin guya Naxçıvanın «Azərbaycana verilməsi» üçün hüquqi əsas yaratdığı kimi fikirlər səsləndirilirdi.

Hüquqi nöqteyi-nəzərdən isə bu müqavilələrdə heç zaman Naxçıvanın «verilməsi» ilə bağlı müddəalar olmayıb. Həm tarixi, həm də hüquqi baxımdan Naxçıvan hər zaman Azərbaycanın ayrılmaz tərkib hissəsi olub.

Sözügedən müqavilələrə istinadın konstitusiya mətnindən çıxarılması tarixi faktları dəyişmir, lakin mümkün hüquqi qeyri-müəyyənliyi aradan qaldırır. Bununla da, Naxçıvan muxtariyyətinin yalnız Azərbaycan Respublikasının daxili inzibati-hüquqi institutu olması barədə hüquqi mövqe daha da möhkəmlənir.

 

Ali Məclisin səlahiyyətləri: əvvəl və indi

Dəyişikliklərədək muxtariyyətin idarəetmə sistemində səlahiyyətlərin əhəmiyyətli hissəsi Ali Məclisdə cəmləşmişdi. Bu orqan geniş siyasi və inzibati səlahiyyətlərə malik idi: muxtariyyət hökumətinin formalaşdırılması, icra hakimiyyətlərinin fəaliyyətinə nəzarət, regionan daxili siyasətinin əsas istiqamətlərinin müəyyənləşdirilməsi və s. Bu, əslində, muxtariyyətin vahid dövlət daxilində müəyyən mənada «kiçik dövlət» xüsusiyyətləri daşıması təsiri bağışlayırdı. Yeni dəyişikliklər bu balansı da korrektə edir. Orada Ali Məclis ilə Nazirlər Kabinetinin səlahiyyətləri dəqiqləşəcək, muxtariyyətin Azərbaycanın ümumdövlət hakimiyyəti sistemi ilə institusional bağlılığı gücləndiriləcək. İndi mərkəzi dövlət institutlarının rolu daha qabarıq görünəcək, Bakı ilə Naxçıvan arasında koordinasiya mexanizmi daha aydın, daha səmərəli xarakter alacaq.

 

Regionun real siyasətinə nə dəyişir?

Praktik müstəvidə qəbul edilən dəyişikliklər muxtariyyətin inzibati funksiyalarının kəskin şəkildə azalması demək deyil. Naxçıvan əvvəlki kimi öz hakimiyyət və idarəetmə orqanlarını, eləcə də inzibati quruluşunun müəyyən xüsusiyyətlərini saxlayır. Lakin regionun rəmzi və siyasi müstəqillik səviyyəsi tədricən azalır, idarəetmə sistemi getdikcə ümummilli institusion strukturlara daha sıx inteqrasiya edir.

Başqa sözlə, Naxçıvan tədricən sovet dövrünün «kvazi-muxtariyyət» modelindən vahid dövlət sistemi çərçivəsində spesifik region modelinə transformasiya edir.

 

Dövlət təkamülünün məntiqi

NMR Konstitusiyasına edilən dəyişiklikləri Azərbaycan dövlətçiliyinin postsovet təkamülünün məntiqi mərhələsi kimi şərh etmək olar. Son onilliklər ərzində ölkə milli suverenlik institutlarını ardıcıl şəkildə gücləndirir, dövlət idarəetmə mexanizmlərini təkmilləşdirir. Naxçıvanın konstitusion statusunun korrektəsi bu strateji xəttə tam uyğundur. Bu dəyişikliklər mövcud balansı pozmur və muxtariyyəti ləğv etmir, sadəcə olaraq, zamanla aktuallığını itirmiş hüquqi konstruksiyaları aradan qaldırır.

Uzunmüddətli perspektivdə bu cür dəyişikliklər mərkəzlə region arasında daha dayanıqlı münasibətlər modelinin formalaşmasına xidmət edir. Naxçıvan isə nəticə etibarilə Azərbaycanın vahid siyasi-hüquqi məkanının ayrılmaz hissəsi kimi – qeyri-müəyyən tarixi formuldur və xarici siyasi interpretasiyalar olmadan – tam şəkildə möhkəmlənir.



MƏSLƏHƏT GÖR:

75