QƏLƏBƏLƏR LAZIMİ YERDƏ DEYİL
Azərbaycan medal qazanır, amma strateji üstünlüyü itirir
Müəllif: Nadir XOSROVOĞLU
Serbiyanın Zrenyanin şəhərində 23 yaşadək güləşçilər arasında Avropa çempionatı keçirilib. Qitə çempionatı Azərbaycan güləşçilərinin 16 medalı ilə yadda qalıb. Avropa çempionatında güləşçilər ümumilikdə 3 qızıl, 7 gümüş və 6 bürünc medala layiq görülüb.
Milliyə namizədlər kimi
23 yaşadək güləşçilərin Avropa çempionatı gələcəkdə əsas komandaya namizədləri sınamaq baxımından önəmlidir. Ona görə bütün ölkələr bu kateqoriyanın qitə çempionatına ciddi yanaşır. Serbiyaya optimal heyətlə yollanan sərbəst güləşçilər 5 çəkidə finala çıxıb. Təəssüf ki, yalnız bir finalda Azərbaycan təmsilçisi qələbə qazanıb. 92 kq-da çıxış edən Əli Çokayev sərbəst güləşin yeganə çempionluğunu rəsmiləşdirib.
İki il əvvəl 79 kq-da çıxış edən Çokayevin Serbiyada yüksək ustalıq göstərməsi müsbət məqamdır. Amma 92 kiloqramın olimpiya çəkisi olmadığını xatırlatmaq yerinə düşər. Bu çəki olimpiya kateqoriyası olmadığına görə güləşçinin gələcək perspektivi qeyri-müəyyən görünür. Əks halda, Əli Çokayev növbəti aylarda 86 və ya 97 kq çəki dərəcəsinə keçməlidir. Bu çəkilərdə idmançı Los-Anceles Olimpiadasına yollanmaq şansı qazana bilər.
Finala yüksələn dörd sərbəst güləşçinin məğlubiyyətinə gəlincə, idmançıların həlledici görüşlərdəki səhvləri məşqçilər heyəti tərəfindən diqqətlə təhlil edilməlidir.
Qadın güləşçilərin Avropa çempionatında çıxışını qənaətbəxş hesab etmək olar. Qitə çempionatında bütün görüşlərdə qələbə qazanan Günay Qurbanovanın qızıl medalı stabil nəticənin təzahürüdür. Ötən il həm U23, həm U20-də Avropa çempionu olan 18 yaşlı güləşçi Serbiyada da ən güclü olduğunu təsdiqlədi. 62 kq-da Ruzanna Məmmədovanın növbəti dəfə finalda məğlubiyyəti diqqətdən kənarda qala bilməz. Olimpiya çəkisində çıxış edən R.Məmmədovanın həlledici mübarizəyə hazır olmaması müəyyən suallar yaradır. Sanki o, finalda tam gücü ilə mübarizə apara bilmir.
Yunan-Roma güləşində yeganə qızıl medalı 19 yaşlı Elmin Əliyev əldə edib. Elminin fəxri kürsüdə ən yüksək pilləyə qalxması məşqçilər üçün sürpriz olub. Çempionatdan əvvəl favorit sayılmayan Elmin Əliyevin qızıl medalı növbəti yarışlarda yenidən ona şans verilməsini mümkün sayır. Lakin yenə də qeyd edək ki, Elmin Əliyevin çempion olduğu çəki olimpiya kateqoriyasına aid deyil.
Pisləşmə diaqramı
Maraqlıdır ki, 2023-cü ildən başlayaraq keçirilən son dörd U-23 qitə çempionatında Azərbaycan yığması getdikcə daha az qələbə qazanır. 2022-ci ildə Bolqarıstanın Plovdiv şəhərində keçirilən Avropa çempionatında yunan-Roma güləşçilərimiz, sərbəst güləşçilərimiz və qadın güləşçilərimiz birlikdə yeddi qızıl medal qazandıqdan sonra nəticələr geriləməyə başlayıb.
2023-cü ildə Buxarestdə keçirilən çempionatda altı qızıl medal əldə olunub. Bir il sonra Bakıda baş tutan Avropa çempionatında bu göstərici beşə enib. 2025-ci ildə Tiranada dörd qızıl medal qazanılmışdı, indi isə Zrenyanində bu rəqəm üçə düşüb. Budəfəki Avropa çempionatında qazanılan üç qızıl medaldan birini legioner sərbəst güləşçi Əli Çokayev (92 kq) əldə edib. Həmçinin qadın güləşçi Günay Qurbanova (59 kq) və yunan-Roma güləşçisi Elmin Əliyev (82 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Diqqətçəkən məqam ondan ibarətdir ki, üç çempionumuzun hamısı qeyri-olimpiya çəki dərəcələrində qalib gəlib. Bu isə həmin qələbələrin əhəmiyyətini müəyyən qədər azaldır, çünki qeyri-olimpiya çəkilərində rəqabət səviyyəsi xeyli aşağı olur.
Məşqçi: “Gənclərimizin yüksək potensialı var”
U-23 Avropa çempionatları 2015-ci ildən keçirilir. Qızıl medalların sayına görə Azərbaycan üçün ən uğurlu turnirlər 2022 və 2023-cü illər olub - müvafiq olaraq yeddi və altı birinci yer. Bu da təsadüfi deyil. Məhz həmin illərdə Rusiya idmançıları yarışlara buraxılmayıb. 2024-cü ildə rusiyalı güləşçilər neytral idmançı statusunda yarışlara qayıtdılar, bu ildən isə artıq öz bayraq və himnləri ilə çıxış edirlər. Zrenyanində Rusiya 30 qızıl medalın 11-ni qazanaraq turnirin ən uğurlu komandası olub. Azərbaycan güləşçilərində isə hər il qələbələrin sayı azalır.
2024-cü ildə Parisdə keçirilən Olimpiadada uğursuz çıxışları, eləcə də böyüklər arasında dünya çempionatlarında olimpiya çəki dərəcələrində uzun illərdir qızıl medal qazanılması problemə çevrilib.
Bununla belə, yunan-Roma güləşi üzrə Azərbaycan millisinin böyük məşqçisi Nurəddin Rəcəbov yığmanın U-23 Avropa çempionatında əldə etdiyi nəticələri qənaətbəxş hesab edib: “Yarışın gedişi şəxsən məni qane etdi. Əslində idmançılar bundan da yaxşı performanslar göstərə bilərdilər. İlk gündən bildirmişdik ki, ötənilki dünya çempionlarımızı və medalçılarımızı bu yarışa gətirmədik. İş elə gətirdi ki, onları gənclərlə əvəz etdik”.
O bildirib ki, gənc idmançıların belə turnirlərdə iştirakı onların təcrübə qazanması baxımından böyük əhəmiyyət daşıyır: “Gənclərimizin potensialı yüksəkdir. Xüsusilə ağır çəkilərdə müəyyən çətinliklər yaşansa da, güləşçilər əzmkarlıq nümayiş etdirdilər. Demək olar ki, yarış öncəsi apardığımız təhlillərin 90 faiz özünü doğrultdu. Lakin medal gözlədiyimiz bəzi idmançılar fəxri kürsüdən kənarda qaldı. İdmançılarımızın bir neçəsi yaşca özlərindən böyük və daha təcrübəli rəqiblərlə qarşılaşdılar. Məsələn, komandada Ayxan Cavadov (60 kiloqram) kimi perspektivli gənclər var ki, təcrübə azlığı səbəbindən çempionluq şansını əldən verdi və bürünc medal uğrunda görüşdə uduzaraq beşinci oldu. Bu çempionat onun üçün debüt idi. Bizim məqsədimiz məhz bu gəncləri peşəkar səviyyəyə çatdırmaqdır”.
MƏSLƏHƏT GÖR:




31

