QANUN VƏ SEÇİM
Azərbaycanda elektron siqaretlərə qadağa qüvvəyə minib. Bu qadağa digər tüstüsüz tütün məhsullarına da aiddirmi?
Müəllif: Nurlanə BÖYÜKAĞAQIZI
Azərbaycanda alternativ tütün məhsulları bazarının tənzimlənməsi gücləndirilir: 2026-cı il aprelin 1-dən etibarən ölkədə elektron siqaretlərin idxalı, ixracı, istehsalı, satışı, saxlanılması və istifadəsinə tam qadağa tətbiq olunub. Elektron siqaretlər (“veyp”) tütün məmulatlarına bərabərləşdirilib, ictimai yerlərdə onların istifadəsinə görə isə 30 manat məbləğində cərimə nəzərdə tutulub.
Lakin bu qadağa qızdırılan tütün məhsullarınaaid deyil, çünki qanunvericiliyə əsasən onlar elektron siqaretlərdən fərqli kateqoriyaya daxildir. Bununla yanaşı, ekspertlər qeyd edirlər ki, “alternativ nikotin məhsulları” anlayışının daxilində texnologiya baxımından bir-birindən köklü şəkildə fərqlənən məhsullar mövcuddur və bu da tənzimləməyə fərqli yanaşma tələb edir. Nəticədə, bazarın strukturunun düzgün anlaşılması zərərin azaldılması və istehlak davranışının idarə olunması ilə əlaqədar daha geniş müzakirələrin bir hissəsinə çevrilir.
Müxtəlif texnologiyalar
Elektron siqaretlərlə qızdırılan tütün məhsulları arasındakı əsas fərq onların işləmə prinsipindədir. Elektron siqaretlər nikotin, aromatizatorlar və digər kimyəvi maddələrdən ibarət mayenin buxarlandırılması yolu ilə fəaliyyət göstərir. Qızdırılma zamanı istifadəçinin nəfəsinə çəkdiyi aerozol yaranır. Burada söhbət tütünün özündən deyil, tərkibinin istehsalçının dəyişdiyi nikotinli mayedən gedir. Bu tərkib çox vaxt son istehlakçı üçün tam şəffaf olmur.
Məhz tərkib müxtəlifliyi tənzimləyicilərin narahatlığının əsas səbəblərindəndir. Praktikada elektron siqaret bazarı iri beynəlxalq brendlərdən tutmuş müxtəlif dad əlavələri və nikotin konsentrasiyası təklif edən kiçik istehsalçılara qədər müxtəlif yönümlü struktur nümayiş etdirir. Bu isə keyfiyyətə nəzarəti çətinləşdirir və bəyan edilməmiş komponentlər, eləcə də qeyri-sabit tərkiblə bağlı əlavə risklər yaradır.
Qızdırılan tütün məhsulları isə əsl tütünün yanmadan qızdırılması prinsipi əsasında işləyir. Belə cihazlarda temperatur ənənəvi siqaretlə müqayisədə xeyli aşağı olur, bu da yanma prosesinin və tüstünün yaranmasının qarşısını alır. Bunun əvəzində nikotin tərkibli aerozol əmələ gəlir. Beləliklə, əsas fərq ondadır ki, cihazın əsasında dəyişkəntərkibli maye deyil, tütün xammalı dayanır.
Bu fərq təkcə texniki deyil, həm də institusional əhəmiyyət daşıyır. Bir sıra ölkələrdə qızdırılan tütün məhsulları ayrıca tütün kateqoriyası kimi təsnif edilir və onlara spesifik vergitutma, markalanma və nəzarət qaydaları tətbiq olunur. Elektron siqaretlər isə daha sərt şəkildə tənzimlənir və ya yeni istifadəçilərin cəlb olunması riski yüksək olan nikotin məhsulları ilə eyniləşdirilir. Bu kontekstdə Azərbaycanın elektron siqaretləri qadağan etməsi beynəlxalq miqyasda məhz “veypinq” seqmentinə nəzarətin sərtləşdirilməsi tendensiyasına uyğun gəlir.
Mövcud risklər
Sağlamlığa təsiri baxımından da bu iki kateqoriya arasında ciddi fərq vardır, lakin onların heç biri riskləri tam aradan qaldırmır. Elektron siqaretlər mayenin tərkibində çoxsaylı kimyəvi komponentlərin, o cümlədən qızdırılarkən potensial toksik birləşmələr yarada bilən aromatizatorların olması səbəbindən tənqid edilir. Əlavə risk amili kimi, xüsusilə qeyri-leqal məhsullar seqmentində vahid keyfiyyət standartlarının olmaması göstərilir və bunun əsasən gənclər üçün təhlükə yaratdığı nəzərə çatdırılr. Müxtəlif dad seçimləri və marketinq strategiyaları nəticəsində elektron məhsullar siqaretə alternativ vasitə kimi deyil, müstəqil istehlak məhsulu kimi qəbul olunmağa başlayıb. Bu isə bir sıra ölkələrdə yeniyetmələr arasında istehlakın artmasına səbəb olduğu üçün qadağaların əsas səbəblərindən birinə çevrilib.
Qızdırılan tütün məhsulları isə yanma prosesi olmasa da, nikotin tərkibini saxlayır. Bununla belə, bir sıra beynəlxalq tədqiqatlar göstərir ki, tütünün yanmaması səbəbindən zərərli maddələrin səviyyəsi ənənəvi siqaretlərlə müqayisədə azalır. Davranış aspekti də nəzərə alınmalıdır. Qızdırılan tütün məhsullarının istifadəçiləri, adətən, daha çox keçmiş siqaret çəkənlər və ya yetkin tütün istehlakçılarıdırsa, elektron siqaretlər isə əksərən yeni auditoriyaya yönəlir.
Bu fərq ictimai sağlamlıq baxımından risklərin qiymətləndirilməsinə də təsir edir: bir halda mövcud istifadəçi qrupunda zərərin azaldılması, digər halda isə istehlakçı bazasının genişlənməsindən söhbət gedir.
Diferensial yanaşma
Azərbaycan kontekstində elektron siqaretlərin qadağan olunması, ilk növbədə, gəncləri nikotin istehlakına fəal şəkildə cəlb edən məhsulların yayılmasının qarşısını almaq cəhdi kimi görünür. Parlaq dizayn, dad əlavələri və əlçatanlıq bu seqmenti sosial siyasət baxımından xüsusilə həssas edib. Eyni zamanda tüstüsüz sistemlərin tənzimlənməsi mürəkkəb məsələ olaraq qalır və texnoloji fərqlər, eləcə də beynəlxalq təcrübə nəzərə alınmaqla balanslı yanaşma tələb edir.
Nəticə etibarilə, Azərbaycanda elektron siqaretlərin qadağan olunması daha geniş bir tendensiyanı — müxtəlif nikotin məhsullarına universal deyil, diferensial tənzimləmə modelinə keçidi nümayiş etdirir. Elektron siqaretlərlə qızdırılan tütün məhsullarının fərqləndirilməsi həm texnoloji xüsusiyyətləri, həm risk fərqlərini, həm də hədəf auditoriyanı nəzərə almağa imkan verir. Bununla yanaşı, qanuni idxalçılar və istehsalçılar nikotin tərkibli məhsulların qeyri-qanuni dövriyyəsinə qarşı sərt tədbirləri, eləcə də yetkinlik yaşına çatmayanlara satış qadağasının sistemli icrasını dəstəkləyirlər. Bu isə yalnız məhdudiyyətlərə deyil, istehlak strukturunun idarə olunmasına yönəlmiş daha əsaslı tənzimləmə modelinin formalaşması üçün zəmin yaradır.
MƏSLƏHƏT GÖR:

57

