26 Aprel 2026

Bazar, 18:25

NEYROŞƏBƏKƏNİN «ƏHLİLƏŞDİRİLMƏSİ»

Azərbaycanda süni intellektlə «oyun»lara görə cərimə niyə tətbiq olunacaq?

Müəllif:

01.04.2026

Bu gün biz elə bir reallıqda yaşayırıq ki, artıq videoçarx və ya foto «dəmir sübut» yox, çox zaman mürəkkəb alqoritmlərin məhsulu olur. Azərbaycan Milli Məclisinin süni intellekt (Sİ) tərəfindən yaradılmış məzmunun xüsusi qeyd olmadan yayımlanmasına görə cərimələrin (80 manatdan 150 manatadək) tətbiqi ilə bağlı qərarı bizi yaxınlaşan «yalan dövrü»ndən qorunmaq üçün vaxtında atılmış addımdır. Kompüterdə səslərin, simaların mükəmməl şəkildə saxtalaşdırıla bildiyi dövrdə informasiya məkanında xaosun qarşısının alınmasına qanun müdaxilə etməlidir.

 

Sİ insana qarşı

Elm təsdiqləyir ki, biz keyfiyyətli saxtakarlıq qarşısında, demək olar ki, müdafiəsizik. Massaçusets Texnologiyalar İnstitutunun tədqiqatçıları sübut ediblər ki, insan beyni on haldan yeddisində peşəkar şəkildə hazırlanmış «dipfeyk»i həqiqət kimi qəbul edir. «Dipfeyk» termini iki anlayışın birləşməsidir: «deep learning» (dərindən öyrənmə) və «fake» (saxta). Söhbət neyron şəbəkələri vasitəsilə bir insanın üzünün və ya səsinin başqasınınkı ilə əvəzləndiyi realistik foto, video və audio materialların yaradılması texnologiyasından gedir. Sadə desək, «dipfeyk» Sİ-nin real videoya «taxdığı» rəqəmsal maskadır. Onun üzərində «Sİ ilə yaradılıb» kimi məcburi işarə olmazsa, adi insan keyfiyyətli saxtanı orijinaldan ayıra bilmir. Nəticədə, hər hansı xəbər və ya şəklin etibarlılığı getdikcə daha çox şübhə doğurur.

Bunun qarşısının alınmasında C2PA texnologiyası köməyə gəlir. Ekspertlər bu məzmunu «rəqəmsal pasport» adlandırırlar. «Microsoft» və «Adobe» kimi nəhənglərin yaratdığı bu beynəlxalq standart ekranda gördüyümüz məzmunun kim tərəfindən, nə vaxt və hansı vasitələrdə yaradıldığını dəqiq müəyyən etməyə imkan verir.

 

Bu, necə işləyir?

Adi istifadəçi üçün «rəqəmsal pasport» ilə təmas son dərəcə sadədir və o, xüsusi proqramlaşdırma bilikləri tələb etmir. Foto və ya videonun təsvirində xüsusi dairə içərisində «i» və ya «Cr» («Content Credentials») «düymə»si görünür. Onun üzərinə klik etdikdə brauzerdə və ya sosial şəbəkədə faylın necə yarandığına dair ətraflı detallar açıqlanır. Sistem göstərir ki, bu foto real kamera ilə çəkilib, yoxsa onun emalı zamanı Sİ-dən istifadə olunub. Həmçinin təsvirin ilkin mənasını dəyişən ciddi redaktələrin olub-olmadığını da dərhal ortaya çıxır. Fayl orijinaldırsa, o zaman bu təsdiqlənir, saxtalaşdırma və ya hansısa silinmələr olubsa, bu barədə məlumat verilir.

Bu gün artıq bu standart dünyanın ən böyük platformalarında fəal şəkildə tətbiq olunur və onları bir növ rəqəmsal detektora çevirir. «TikTok» bu sistemi tətbiq edən ilk platformalardandır. O, C2PA işarələrini avtomatik tanıyaraq, videoları onların Sİ ilə yaradıldığını göstərən işarə ilə işarələyir. Bu təşəbbüsə «Instagram» və «Facebook» da qoşulub. Onlar tanıma sistemini öz lentlərinə inteqrasiya ediblər. Eyni zamanda bu texnologiya «LinkedIn» və «Pinterest» üçün də müəlliflik və reputasiyanın qorunmasında vacib alətə çevrilib.

«Koalisiya»nın iştirakçıları arasında «Google» da var. «YouTube» hazırda reallığa bənzəyən Sİ məzmununu işarələmək üçün öz daxili mexanizmindən istifadə edir. Lakin onun C2PA ilə tam uyğunlaşdırılması prosesi gedir. Hər halda, platforma 2026-cı ildən videoların həqiqiliyini yoxlama alətlərinin fəal şəkildə tətbiqinə başlayıb.

«X» (keçmiş «Twitter») platformasına gəlincə, o, təşəbbüsün başlanğıcında iştirak etsə də, hazırda orada C2PA dəstəyi məhdud və seçicidir. Bu sosial şəbəkədə kontentin orijinallığı daha çox onun özünəməxsus sistemlə yoxlanır.

Bəs bu, niyə vacibdir? Adi istifadəçi üçün bu, o deməkdir ki, artıq tanış tətbiqlərin hər biri «rəqəmsal detektor»a çevrilir. Məsələn, «Instagram» və ya «TikTok»da «Cr» işarəsi varsa, demək, platforma həmin faylın «rəqəmsal pasport»unu yoxlayıb və onun mənbəyi barədə doğru məlumat var.

Bununla belə, yadda saxlamaq lazımdır ki, bu standartı hələ də bütün platformalar eyni şəkildə tətbiq etmir. Bəzən fotoşəkillər messencerlər (məsələn, «WhatsApp» və «Telegram») vasitəsilə göndərilərkən tətbiq belə metaməlumatları dəstəkləmirsə, bu məlumatlar «silinə» bilir. Məhz buna görə də Azərbaycanın Sİ məzmununun işarələnməsi ilə bağlı qanunun bu qədər vacibdir. O, müəllifləri bu «pasport»ları qorumağa məcbur edəcək ki, etibar zənciri qırılmasın.

 

Nəzarət necə olacaq?

Güman ki, yeni qaydaların icrasına dövlət nəzarəti iki əsas istiqamət üzrə həyata keçiriləcək. Birincisi, şəbəkə məkanının avtomatik monitorinqidir. Xüsusi proqram-detektorlar ölkənin internet resurslarını «süzgəc»dən keçirərək, rəqəmsal imzaları olmayan və ya qəsdən silinən materialları aşkarlayacaq. İkinci istiqamət isə platformaların öz məsuliyyətinə aid olacaq: iri saytlar və ya media redaksiyaları sistemlərinə C2PA yoxlama alətini inteqrasiya etməyə borclu olacaqlar. Bu, müəllifləri və blogerləri auditoriya qarşısında daha şəffaf, daha dürüst olmağa məcbur edəcək.

Uzunmüddətli perspektivdə belə rəqəmsal işarələmələr mağazalardakı məhsulların tərkibi kimi, adi və məcburi «etiket»ə çevrilməlidir.

Bu məsələdə cərimələrin tətbiqi isə yeni media savadlılığı mədəniyyətinin formalaşması üçün zəruri alətdir. Robotun asanlıqla qonşu, siyasətçi və ya xəbər aparıcısı kimi çıxış edə bildiyi bir dünyada yoxlanılmış və həqiqi informasiya almaq hüququ hər bir vətəndaşın təhlükəsizliyinin əsas elementinə çevrilir.



MƏSLƏHƏT GÖR:

37